Elektron sənəd
dövriyyəsinə keçid sənədlərlə
işin innovasiyalı
texnologiyalar əsasında
qurulmasıdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il
4 sentyabr tarixli fərmanı
ilə "İdarələrarası elektron
sənəd dövriyyəsi sistemi
haqqında Əsasnamə" təsdiq edilmiş
və dövlət başçısının həmin gün imzaladığı sərəncamla Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının strukturunda dəyişiklik
edilərək Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş
şöbəsinin tərkibində Elektron
sənəd dövriyyəsinin təşkili sektoru
yaradılmışdır. Dövlət idarəetmə
sistemində yeni mərhələ açan bu sənədləri
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş
şöbəsinin müdiri Süleyman İsmayılov AzərTAc-a
müsahibəsində şərh etmişdir.
Müsahibəni təqdim edirik.
- Süleyman müəllim, dövlət
başçısının imzaladığı bu yeni sənədlər
idarəetmə sisteminə hansı yeniliklər gətirəcək
və bunun səmərəsi nədən
ibarət olacaqdır?
- Bildiyiniz kimi, dövlət
başçısı İlham Əliyev
ölkə həyatının bütün
sahələrinin müasir tələblər
səviyyəsində qurulmasına xüsusi
diqqət yetirir, hər yerdə ən
yüksək və müasir
texnologiyaların tətbiq olunmasına böyük
önəm verir. Bu baxımdan
idarələrarası elektron sənəd
dövriyyəsi sisteminin yaradılması
da ölkədə idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində
zamanın tələbi ilə atılan mühüm
addımlardan biri sayıla bilər. Bu sənədlərin qəbulunu Prezidentin Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı
üçün gördüyü
böyük işlərin davamı hesab etmək olar.
Fərmanda
qeyd edildiyi kimi, belə bir sistemin yaradılması Prezidentimizin
2010-cu il 11 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında rabitə
və informasiya texnologiyalarının
inkişafı üzrə 2010-2012-ci illər üçün
Dövlət Proqramında (Elektron Azərbaycan)
nəzərdə tutulmuşdur və bu gün artıq uğurla həyata
keçirilməkdədir. Bu sistemin tətbiqi dövlət idarəetmə sisteminin tərkib hissələrindən biri olan sənədlərlə
işin tamamilə yenidən qurulması
deməkdir. Bundan məqsəd ilk növbədə, idarəetmə sistemində
operativliyi artırmaq, dövlət
qulluqçularının fəaliyyətinin daha
səmərəli olmasını təmin etmək, bu işi qabaqcıl
ölkələr səviyyəsinə qaldırmaqdır. Azərbaycan Prezidentinin fərmanında
bu işin həyata
keçirilməsi üçün konkret tədbirlər müəyyən edilmiş, yeni sənəd
dövriyyəsi sisteminin tətbiqi üçün görüləcək
işlər və onları həyata keçirəcək orqanlar, onun konkret icra müddətləri
və əhatə edəcəyi dövlət
orqanları müəyyən edilmişdir.
- Əsasnamədə
idarələrarası elektron sənəd
dövriyyəsi sisteminin təşkilatçısı
kimi Prezident
Administrasiyası göstərilmişdir və müvafiq
struktur bölməsinin şöbənizdə
yaradılması bunu deməyə əsas
verirmi ki, bu işlər bilavasitə sizin
şöbə tərəfindən tənzimlənəcəkdir?
- Əsasnamə
artıq mətbuatda dərc olunmuşdur və
orada göstərildiyi kimi,
sistemin təşkilatçısı
funksiyasını yerinə yetirmək Prezident
Administrasiyasına, sistemin operatoru
funksiyalarını yerinə yetirmək isə Azərbaycan
Respublikasının Xüsusi Dövlət
Mühafizə Xidmətinə həvalə edilmişdir.
İdarələrarası elektron sənəd dövriyyəsi sisteminin təşkilatçısı sistem çərçivəsində sənəd
dövriyyəsini və mühafizəsini təmin edən hüquqi aktların tələblərinin yerinə
yetirilməsinə, elektron sənəd
dövriyyəsinin qanunvericiliklə müəyyən edilmiş kargüzarlıq standartları və
qaydaları əsasında həyata keçirilməsinə
nəzarət edəcəkdir. Eyni zamanda, sistemin təşkilatçısına
bu tələblər pozulduqda elektron sənəd
dövriyyəsini qadağan etmək və
dayandırmaq səlahiyyəti verilmişdir.
Sistemin təşkilatçısının,
həmçinin onun təşkilati və
metodiki təminatını həyata
keçirmək funksiyaları da
vardır.
- İdarələrarası
sənəd dövriyyəsi sisteminin
iştirakçıları hansı prinsip
əsasında müəyyənləşdirilmişdir?
- Sistemin iştirakçıları olan dövlət orqanları və qurumları
"Dövlət qulluğu
haqqında" Qanunda və digər normativ hüquqi aktlarda müəyyən edilmiş
təsnifat üzrə qruplaşdırılmışdır. Bu təsnifata uyğun olaraq fərmanda göstərilən
ardıcıllıq üzrə sistemin tətbiqi
üçün konkret
müddətlər müəyyən edilmişdir.
Bu
orqanların bir qismi, o cümlədən mərkəzi icra hakimiyyəti orqanları və digər qurumlar artıq 2013-cü ilin
iyulundan, yerli icra hakimiyyəti orqanları, Əsasnaməyə
əlavə olunan siyahıya daxil edilmiş idarə və
təşkilatlar isə 2014-cü ilin əvvəlindən
idarələrarası elektron sənəd
dövriyyəsi sisteminə qoşulacaqlar.
- Sistemə keçid üçün
belə geniş müddətlərin
müəyyən edilməsini nə ilə izah
etmək olar?
- Bu müddətlər görülən işlərin
həcmi və real şərait nəzərə
alınmaqla müəyyən olunmuşdur
və sözsüz ki,
onların vaxtında həyata keçirilməsi təmin ediləcəkdir.
Görüləcək təşkilati və texniki
işlərin həcmi nəzərə alınarsa, bu müddətlər heç
də çox deyildir.
Bundan başqa,
Əsasnamədə idarələrarası elektron
sənəd dövriyyəsi sisteminin əhatə
etdiyi informasiya prosesləri,
onun əsas prinsipləri göstərilmişdir.
Əsasnamədə sistemin texniki-texnoloji infrastrukturu,
sistemin təşkilatçısının,
operatorunun və
iştirakçılarının əsas funksiyaları öz əksini tapmışdır. Təbiidir ki, bu işin
həyata keçirilməsi böyük maddi-texniki vəsait, ən müasir
texniki avadanlıqlar, yüksək
hazırlıqlı mütəxəssislər və informasiya mübadiləsinin təhlükəsiz
aparılmasını təmin edən rabitə sistemi tələb edir.
Biz sevinməliyik ki, bu gün Azərbaycan
dövlətinin belə imkanları var və
həmin imkanlar gündən-günə
artmaqdadır. Zaman keçdikcə bütün dövlət orqanları və bu sistemə qoşulması zəruri olan idarə və təşkilatlar elektron sənəd dövriyyəsi sistemi ilə əhatə olunacaqdır.
- Süleyman müəllim, bu
sistem vətəndaşların müraciətlərini
də əhatə edəcəkdirmi?
- Xeyr. Bu sistem
hələ yalnız idarələrarası xidməti sənədlərin
dövriyyəsini əhatə edir. Burada Azərbaycan
Respublikası Prezidentinin və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
aktlarının və tapşırıqlarının, eyni zamanda, həmin
tapşırıqlara baxılması nəticələri barədə
informasiyanın, sistem
iştirakçılarının Azərbaycan Prezidentinə və
respublika Nazirlər Kabinetinə təqdim
etdikləri hüquqi aktların layihələrinin
təqdim edilməsi, bu sənədlərin
razılaşdırma prosedurlarının həyata
keçirilməsi elektron formada
təmin ediləcəkdir. Vətəndaş müraciətlərinə
gəldikdə isə qeyd etməliyik ki, bu sahədə
artıq formalaşmış bir sistem mövcuddur. Vətəndaşlar
həm ümumi poçt,
faks, elektron poçt, həmçinin Azərbaycan Prezidentinin rəsmi saytı vasitəsilə
müraciətlərini istədikləri dövlət
orqanlarına çatdıra və onlardan
lazımi cavab ala
bilirlər. Xüsusilə Azərbaycan Prezidentinin rəsmi internet
saytında böyük təkmilləşdirmələr
aparılmış, vətəndaş müraciətləri üçün xüsusi
bölmə yaradılmış, vətəndaşların
özləri və müraciətləri haqqında zəruri
məlumatları əks etdirən müraciət forması tərtib edilmiş, saytda
vətəndaşların müraciətlərinə aid bütün qanunvericilik aktlarının mətni yerləşdirilmiş,
tətbiq olunan linklər vasitəsilə
vətəndaşlar respublikanın bütün
dövlət orqanlarına müraciət imkanı əldə etmişlər.
Elektron imzanın geniş
tətbiqindən sonra müraciətlərə
rəsmi elektron cavabların verilməsi prosesi daha da
təkmilləşdiriləcəkdir. Hazırda bu sahədə vətəndaşlar üçün heç bir məhdudiyyət yoxdur
və onlar istədikləri vaxt, istədikləri formada
həm Azərbaycan Prezidentinə, həm də müvafiq mərkəzi və yerli
icra hakimiyyəti orqanlarına müraciət
edə bilirlər.
- İdarələrarası
elektron sənəd dövriyyəsi sisteminin təşkilatçısının onun operatoru və
iştirakçıları ilə qarşılıqlı fəaliyyəti
necə təşkil olunacaqdır?
-
Təsdiq olunmuş Əsasnamədə təşkilatçının,
operatorun, iştirakçıların vəzifələri
və funksiyaları konkret göstərilmişdir.
Əslində təşkilatçı və operator
özü də bu sistemin iştirakçılarıdır.
Şübhə yoxdur ki,
dövlət başçısının qarşıya qoyduğu vəzifəni layiqincə yerinə
yetirmək üçün həm sistemin təşkilatçısı,
həm operatoru, həm də
iştirakçıları sıx işgüzar
münasibətlər şəraitində
çalışacaq, mükəmməl və işlək elektron sənəd dövriyyəsi sistemini formalaşdırmaq üçün
əllərindən gələni edəcəklər. Qeyd etmək
lazımdır ki, istər Prezident
Administrasiyasının, istərsə də Xüsusi
Dövlət Mühafizə Xidmətinin bu
sahədə kifayət qədər təcrübəsi, texniki təminatı və kadr
ehtiyatı vardır. Ümidvarıq ki,
idarələrarası elektron sənəd
dövriyyəsi sistemi fəaliyyətə
başladıqda heç bir
problem yaranmayacaq və
nəzərdə tutulmuş bütün işlər dəqiq yerinə
yetiriləcəkdir.
AzərTAc
Azərbaycan.-2012.-
6 sentyabr.- S. 5.