Azərbaycan idman dövlətidir
London Yay
Olimpiya Oyunları bunu bir daha
təsdiqlədi
Son bir ay hər
bir azərbaycanlının
həyatında başqa
sahələrdə olduğu
kimi, idmanda da xoş, sevincli
anlarla qalmaqdadır.
Son vaxtlar hamımız
belə ümumi bir sevinc, duyğu
içindəyik. London Yay Olimpiya Oyunlarında
idmançılarımızın qələbəsi, xalqımızın
həyatında əsl
hadisəyə çevrildi
desək, - yanılmarıq. Azərbaycan Prezidenti İlham Əliyev XXX London Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşündə
bu faktı xüsusi qeyd etmişdir: "Bu gün nümayiş etdirilən bu kiçik videofilmdə Olimpiya Oyunlarının unudulmaz anları bir daha gözümüzün
önündən keçdi.
Doğrudan da, unudulmaz anlar idi və
bu qələbə sevincini bizə idmançılarımız bəxş
etdilər. Azərbaycan, sözün əsl mənasında, idman dövlətidir. London Yay Olimpiya Oyunları
bunu bir daha təsdiqlədi, bir daha sübut
etdi. Azərbaycan Olimpiya Oyunlarında
ən böyük uğuru London Olimpiya Oyunlarında qazanmışdır.
Bu Olimpiya Oyunlarında
200-dən çox ölkə
iştirak edirdi.
Azərbaycan bu yarışda
30-cu yeri tuta bilmişdir. Medalların sayına
görə 24-cü yerdəyik.
Avropa ölkələri arasında
15-ci, müsəlman ölkələri
arasında isə
3-cü yerdəyik. Azərbaycan idmançıları
10 medal qazanmışlar - ikisi
qızıl, ikisi gümüş, altısı
bürünc medaldır.
Bu, doğrudan da, böyük və tarixi nailiyyətdir. Bu, Azərbaycan idmanının,
Azərbaycan dövlətinin
təntənəsidir".
Müxtəlif illərdə Olimpiya
Oyunlarında iştirakımıza
və qazandığımız
nailiyyətlərə nəzər
saldıqda bu qələbənin təsadüf
deyil, gözlənilən
olduğu qənaətinə
gəlirsən. Hamımız idmançılarımızdan böyük
ümidlərlə qələbə
xəbərini gözləyirdik.
Azərbaycan 1992-ci ildə
müstəqil dövlət
kimi Atlantada bir medal, Sidneydə üç (2000-ci il), Afinada (2004-cü il) beş, Pekində
yeddi (2008-ci il) və nəhayət, Londonda on medal qazandı. Ölkə Prezidentinin qeyd etdiyi kimi, "Əhali və ərazi baxımından bizdən bir neçə dəfə böyük olan ölkələri arxada qoyduq.
Bir daha demək istəyirəm ki, bu, tarixi qələbədir. Bu qələbə idmançılarımızın qələbəsidir. Azərbaycan dövləti
və xalqı adından bütün idmançılara - peşəkarlığını,
Vətən sevgisini nümayiş etdirən bütün idmançılara
dərin minnətdarlığımı
bildirmək istəyirəm".
İdmançılarımızın
Olimpiya Oyunlarında çıxışı çox gərgin,
eyni zamanda, çox uğurlu oldu. İlk günlərdən
biz artıq xəzinəmizə medal daxil edə bilmişdik.
Son günlərdə iki qızıl medal qazana bilməyimiz isə
bütün xalqımızın sevincinə səbəb oldu.
Bu medallara aparan yol isə çox çətin, əziyyətli
və keşməkeşli idi. "Bu Olimpiadada qızıl
medallar qazandıq. Biz o medalları qazanmaq üçün
çox çalışdıq və azarkeşlərimizi və
xalqımızı sevindirdik". Bu sözlər Azərbaycanın
sərbəst güləş üzrə yığma
komandasının böyük məşqçisi Firdovsi
Umudova məxsusdur. Onun da sözlərinə görə, Azərbaycan
güləşçiləri London Olimpiadasında yüksək
peşəkarlıq nümayiş etdirdilər.
Azərbaycanın güclü
iqtisadiyyatı, sürətli inkişafı bu qələbələrə
təkan verdi. Çünki həyatımızın hər
sahəsində olduğu kimi, idmanda da qələbələrimiz
görülən işlərin bəhrəsidir, bu istiqamətdə
aparılan düzgün dövlət siyasətinin nəticəsidir.
Xüsusilə, idmançılarımızın peşəkarlığı
və Vətənə, yurda sevgisi bu qələbələrin
əsasını təşkil edir.
Bir vaxt bir neçə medalla kifayətlənən
ictimaiyyətimiz artıq böyük qələbələrə
çatmağa cəhd edir. Çünki xalqımız
öz gücünü, potensialını gözəl bilir.
Buna əsas verən Azərbaycan gənclərinin əzmi, iradəsidir.
"Azərbaycanda çox güclü
gənc nəsil yetişir, o cümlədən idman sahəsində.
Son 10 il ərzində 35 regional Olimpiya İdman Kompleksi
tikilmişdir ki, bizim uşaqlar, yeniyetmələr bu komplekslərdən
səmərəli şəkildə istifadə edirlər. Yəni,
idman infrastrukturunun yaradılması nəticəsində biz hər
bir bölgədə idmanla məşğul olmaq
üçün gözəl şərait
yaratmışıq. Bizdə istedadlı idmançılar
çoxdur - uşaqlar, gənclər, yeniyetmələr. Təsadüfi
deyildir ki, yeniyetmələr arasında I Olimpiya Oyunlarında
Azərbaycan 11-ci yerə çata bilmişdir", - deyə
ölkə Prezidenti qürurla bildirmişdir. Doğrudan da,
bayrağımızın 10 dəfə qaldırılması,
iki dəfə dövlət himnimizin səsləndirilməsi
tarixi qələbədir.
Azərbaycanın idman uğurları
harada yaşamasından asılı olmayaraq, bütün
dostlarımızı, həqiqətsevər insanları
sevindirir və duyğulandırır. Onlar ölkəmizə
və onun nailiyyətlərinə çox səmimi münasibət
bəsləyirlər. "Vestnik Kavkaza" informasiya-təhlil
agentliyinin şərhçisi Aleksey Balaşov yazır:
"Azərbaycanın Olimpiya yığmasına Olimpiya
Oyunlarının ruhunu duymaq üçün xeyli vaxt lazım
gəldi. Lakin növbə güləşçilərin
yarışlarına çatanda Azərbaycan
idmançıları ardıcıl olaraq bir neçə
medal qazandılar. Hərçənd, bu sahədə ilk
addımı ağır atletlər atmışdı.
Artıq iyulun 29-da 56 kq çəki dərəcəsində
birdən 127 kq və təkanla 159 kq qaldıran Valentin Xristov
ümumi hesabda 286 kq nəticə göstərmiş və Azərbaycana
Olimpiadanın ilk medalını gətirmişdi. Akademik
avarçəkənlər də pis çıxış etmədilər,
onların medallar uğrunda mübarizə aparmaq
üçün hər cür şansı vardı, lakin hər
dəfə cüzi bir fərq fəxri kürsüyə
çatmağa mane olurdu. Qafqazda ənənəvi
güclü sayılan Azərbaycan güləş məktəbi
növbəti dəfə yaxşı nəticələr
göstərdi. Yunan-Roma güləşində
gümüş və bürünc medallar, sərbəst
güləşçilərin əla
çıxışı bütövlükdə Azərbaycan
idmanının potensialını bir daha təsdiqlədi və idmançıların xarakterini
sübut etdi. Azərbaycanlı sərbəst güləşçilərin
iki qızıl və bürünc medal qazanması çox
yaxşı nəticədir. Azərbaycan güləşdə
özünün region üzrə bütün
qonşularını geridə qoydu, hərçənd həmin
ölkələrdə də yaxşı güləş məktəbləri
var".
A.Balaşovun sözlərinə görə,
Azərbaycan gimnastı Aliyə Qarayevanın
çıxışını xüsusi qeyd etməyə dəyər.
Düzdür, Aliyə Olimpiadada medal qazanmadı, lakin o, yetərincə
yaxşı çıxış edərək fərdi
çoxnövçülük təsnifatında
üçüncü nəticə göstərdi: "Tam əminliklə
demək olar ki, Odlar yurdunun yığmasının
çıxışları möhtəşəm olub. Azərbaycan
yığması müxtəlif əyarlı 10 medal, o
cümlədən iki qızıl medal qazanmaqla region üzrə
qonşularının demək olar ki, hamısını geridə
qoyub. Məsələn, 75 milyon əhalisi olan Türkiyə ilə
müqayisədə Azərbaycanın aktivində olan
medalların sayı iki dəfə çoxdur".
Rusiyalı politoloq Yevgeni
Krıştalyov isə bunları deyib: "Ölkə rəhbərliyi
idmanın inkişafına çox böyük diqqət
yetirir, bu sahədə məqsədyönlü iş
aparır. Bunu qeyd etmək kifayətdir ki, Azərbaycan
Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinə şəxsən
özü rəhbərlik edir.
Bütün ölkədə Olimpiya mərkəzləri
yaradılıb və bu mərkəzlər real fəaliyyət
göstərir. Uşaq idmanı sistemi nizamlanıb.
Bütün bunlar yüksək nailiyyətlər
üçün də səmərəsiz qala bilməz. Son
illərdə Azərbaycan bir sıra beynəlxalq
yarışlara ev sahibliyi edib. Tezliklə ölkədə
qızlar arasında futbol üzrə dünya
çempionatı start götürəcək. Bu da gənclər
arasında idmanın populyarlaşmasına müsbət təsir
göstərir. Azərbaycan idmançılar ölkəsinə
çevrilməkdədir. Əlamətdar haldır ki, Londonda
qazanılmış medalların ümumi sayına görə
Azərbaycan komandası Cənubi Qafqaz ölkələri
arasında öz qonşularını, hətta Türkiyəni
də qabaqlayıb.
Bütün Azərbaycan xalqı, idman
ictimaiyyəti əmindirlər ki, gələcəkdə Azərbaycan
idmançıları daha yüksək nəticələr
göstərəcəklər və Rio-de-Janeyroda
medallarımızın sayı çox olacaq.
Dövlət başçısı elə
bu inamla daha çox gələcəyə baxaraq
uğurlarımızın bundan sonra da artan xətlə gedəcəyini
bildirdi: "Ümidvaram ki, bizi gələcəkdə də
medallar, qələbələr gözləyir. Bu qələbələr
bütün xalqımızı sevindirəcəkdir. Medallar
qazanmış idmançıları bu gün xüsusilə
qeyd etmək istəyirəm. Bürünc, gümüş
medallar qazanmış idmançıları və əlbəttə,
bizim çempionları - Toğrul Əsgərovu və Şərif
Şərifovu xüsusilə qeyd edirəm. Onlar, doğrudan
da, xalqımıza sevinc bəxş etdilər".
Bəxtiyar
QARACA
Azərbaycan.-2012.-
6 sentyabr.- S. 6.