Gədəbəydə beş məktəb binası tikilir

 

 Bununla da son illərdə yeni inşa olunan və əsaslı şəkildə təmir edilən binaların sayı otuza çatacaqdır

 

Gədəbəy dağlıq rayonudur. Kəndlər, yaşayış məntəqələri bir-birindən xeyli aralı yerləşir. Burada 84 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Çoxu şəxsi evlərə, yaxud yöndəmsiz, qəza vəziyyətində olan binalara sığınmışdı. Nə düz-əməlli yolu vardı, nə də dərs keçməyə müvafiq yeri, təlim-tərbiyə üçün münasib şəraiti.

Ölkəmiz müstəqillik əldə edəndən sonra həyatın hər sahəsində ab-hava dəyişdi. Ən ucqar bölgələrdə belə tərəqqi, yüksəliş dövrü başlandı. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı yerlərdə məktəb binalarının inşasına da geniş meydan açdı.

Bir neçə il bundan əvvəl Slavyanka kəndində olan möhtəşəm görüşü xatırlayıram. Bu, Gədəbəyin ən iri, ən səfalı kəndlərindən biridir. Dövlət başçısı İlham Əliyevin xeyir-duası və Heydər Əliyev Fondunun dəstəyi ilə yaşıllıqlar qoynunda gözəl bir məktəb binası ucaldıldı. Gədəbəyin ən qədim təhsil ocaqlarından biri sayılan 150 yaşlı Slavyanka məktəbi hər cür şəraiti olan müasir bir bina ilə əvəz edildi.

İndi yenə Slavyanka kəndindəyik. Təbiətin səfalı guşəsində daha bir məktəb binası ucaldılır. X.İsmayılov adına 2 saylı məktəb üçün 317 yerlik işıqlı-yaraşıqlı bir bina tikilir. İşlərin çoxu demək olar, başa çatıb. İndi son tamamlama - bəzək işləri görülür.

Yaraşıqlı məktəb binasının inşası ilə hamı maraqlanır. Kənd sakini Firudin Məmmədov deyir ki, bizim məktəb qəza vəziyyətində olan bir binada yerləşirdi. Dövlət başçısının imzaladığı "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncamından sonra burada yaraşıqlı bina inşa olunur. X.İsmayılov adına məktəb Slavyanka kəndinin əsl təhsil, mədəniyyət mərkəzidir. Burada təcrübəli pedaqoji kollektiv çalışır. Valideyn komitəsinin üzvü kimi müntəzəm olaraq burada keçirilən tədbirlərdə iştirak edirəm. Böyük oğlum Vüsal bu təhsil ocağını bitirib. Yüksək bal toplayaraq ali məktəbə daxil olub. Hazırda Kiprdə Yakın Doğu Universitetində təhsil alır. Şadam ki, məktəbyaşlı balalarım - ToğrulCahangir belə işıqlı, yaraşıqlı bir binada təhsil alacaqlar. Bütün müəllimlər və valideynlər bax, beləcə sevinc, fərəh içindədir. Ucqar dağ kəndinə göstərilən tükənməz qayğı və diqqətə görə kənd sakinləri adından dövlət başçısı İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm.

"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi üzrə dağlar qoynunda geniş proqram həyata keçirilir. Şəhərin mərkəzində yerləşən 3 saylı məktəbdə əsaslı təmir işləri gedir. Ağappaq görkəmi olan bu bina elə uzaqdan diqqəti cəlb edir. Vaxtilə almanların tikdirdikləri bir təsərrüfat binasında yerləşirdi. Qapı-pəncərələrinin, fasadının və dam örtüyünün təzələnməsinə kimi hər yenidən qurulur.

Təhsil şöbəsinin müdiri Ramiz Məmmədov deyir ki, dövlət başçısı İlham Əliyevin qayğısı və köməyi ilə rayonda məktəb tikintisi və binaların əsaslı təmiri geniş vüsət alıb. Parakənd, Xarxar, Dəyə-Qaramurad, Kiçik Qaramurad, Arısu kəndlərində və başqa yerlərdə məktəb binaları inşa olunub. Hazırda Qoşabulaq, Novo-Saratovka, Samanlıq kəndlərində və başqa yerlərdə müasir quruluşlu binalar ucaldılır. Bu yaxınlarda isə Arıqdam kəndində daha bir məktəb binasının təməli qoyulub. Bu, özüçox böyükdür, 480 nəfər təhsil alacaqdır. Bununla da rayonda təzə tikilən və əsaslı şəkildə təmir edilən binaların sayı otuza çatacaq.

Həmsöhbətim R.Məmmədov deyir ki, bu, regionların hərtərəfli inkişafına xüsusi önəm verən Prezident İlham Əliyevin qayğı və köməyinin bəhrəsidir. Yeni məktəb binaları ən müasir avadanlıqla, işıq, suistilik sistemləri ilə təchiz olunur. Bir halda ki, ölkə başçısı həyatımızın hər sahəsinin çiçəklənməsinə, o cümlədən məktəblərdə vəziyyətin müasir tələblər səviyyəsinə qaldırılmasına bu qədər diqqət göstərir, təhsil işçiləri bu qayğı və köməyə öz əməli işləri ilə cavab verəcək, müstəqil ölkəmiz üçün layiqli gənc nəslin yetişdirilməsi üçün əlindən gələni edəcəklər.

Bu il ali məktəblərə qəbul olunanların və 600-dən çox bal toplayanların sayı xeyli artmışdır. Rayonun ayrı-ayrı məktəblərində 154 nəfər müxtəlif ixtisaslı müəllimə ehtiyac var idi. Məsələ qaldırdıq. Bu günlərdə məlumat gəldi ki, vakant yerlərə 73 nəfər gənc oğlan və qız təyinat almışdır.

Yeni dərs ilinin başlanmasına az qalır. Taleyüklü bu mühüm məsələ hamının diqqət mərkəzindədir. Bu günlərdə rayon üzrə yeni dərs ilinə hazırlığın vəziyyəti ətraflı araşdırılaraq geniş müzakirə olunmuşdur. İcra hakimiyyətinin başçısı Ramiz Yediyarov yerlərdəki uğurları qeyd etməklə yanaşı, əsas diqqəti həlli vacib problemlərə yönəltdi. Yekdil rəy bu oldu ki, hər yerdə və hər sahədə yeni dərs ilinə yüksək səviyyədə, mütəşəkkil surətdə başlamaq lazımdır.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.-2012.- 6 sentyabr.- S. 7.