Terror dilində danışmaqla Azərbaycana təzyiq etmək olmaz

 

Dövlətimizin istənilən təhdidin qarşısını almaq üçün yetərincə gücü və imkanı var

 

ASALA terror təşkilatı tərəfindən Azərbaycanın Macarıstandakı və digər ölkələrdəki diplomatik nümayəndəliklərinə daxil olmuş məktub əslində ermənilərin iç üzünü açdı və bununla onlar özləri özlərini ifşa etdilər. Çünki bu məktub tarixi Azərbaycan torpaqlarında məskunlaşan ermənilərin çirkin niyyətlərini həyata keçirmək üçün Azərbaycan və türk xalqlarına qarşı terrorçuluq yolunu tutduqlarını öz dilləri ilə təsdiqləyir.

Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Konvensiyaya uyğun olaraq Azərbaycan tərəfinə təhvil verilmişdir. Bu konvensiyaya əsasən, tərəflərin birinin ərazisində məhkum olunmuş şəxs digər dövlətə verilə bilər. Yenə də konvensiyaya uyğun olaraq hökmün icrası qəbul edən dövlətin qanunvericiliyi ilə tənzimlənir və bu dövlət bütün zəruri qərarları qəbul etməkdə səlahiyyətlidir. Macarıstan dövlətinin rəsmiləri də açıqlamalarında Ramil Səfərov məsələsində beynəlxalq hüquq normalarına uyğun hərəkət etdiklərini bildiriblər.

Bu vəziyyətdən olduqca çətin duruma düşən, diplomatik uğursuzluğunu heç cürə ört-basdır edə bilməyən Ermənistan hakimiyyətinin özünü itirdiyi göz önündədir. Ermənistan prezidenti Serj Sarkisyan müxtəlif üsullara və siyasi xilasa hesablanmış sərt bəyanatlara əl atsa da, istədiyi nəticəni reallaşdıra bilmədi. Odur ki, ənənəsinə sadiq olan Sarkisyan Ramil Səfərovu terror vasitəsi ilə aradan götürmək yolunu seçib və yayılan məlumatlara görə aidiyyəti qurumlara bununla əlaqədar öz göstərişlərini verib.

Ermənistan parlamentinin üzvü, AŞ PA-dakı erməni nümayəndə heyətinin rəhbəri, Milli Birlik Vəhdət Partiyasının sədri Artaşeş Geqamyan da erməni mətbuatında və "Regnum" informasiya agentliyinə yayılan məqaləsində Azərbaycan tərəfini terrorla hədələyib. O, Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunmasına etiraz olaraq zabitimizin və siyasətçilərimizin ünvanına təhdidlər səsləndirib.

Təbii ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə, onun maraqlarına, mənafelərinə mümkün təhdidlərin qarşısının alınması üçün ölkəmizdə bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir və əməliyyat şəraitinə nəzarət olunur. Ermənistanın istənilən alçaq məqsədinin qarşısını almaq üçün Azərbaycan kifayət qədər imkanlara və önləyici tədbirlərə malikdir. Dövlətimizin gücü hər cür təhdidin qarşısının alınmasına ən yüksək səviyyədə imkan verir. Son illərin təcrübəsində bununla bağlı kifayət qədər fakt var. Bu mənada  Azərbaycanla hədə-qorxu dilində danışmağın heç bir əhəmiyyəti yoxdur.

Bununla belə istər erməni siyasətçilərin sərsəmləmələri, istərsə də, ASALA terror təşkilatının Ermənistan hakimiyyətinin qızışdırıcı mövqeyindən çıxış edərək Azərbaycanı terrorla təhdid etməsi ermənilərin iç üzünü növbəti dəfə ortaya qoydu. İstənilən halda təsdiq olundu ki, ermənilərin əsas metodlarından olan terrorçuluq, həm də Ermənistanda dövlət siyasətinin tərkib hissəsidir. Tarix və elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. "Böyuk Ermənistan" xülyasına düşən, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı bəşəriyyətə və insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qalıblar. Erməni təşkilatları bu sərsəm planı həyata keçirmək üçün terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşlar. Azərbaycanlılar, türklər, o cümlədən yəhudilər və gürcülər dəfələrlə erməni terrorunun qurbanı olub. Lakin dünya ictimaiyyəti əsl həqiqətləri, əslində nəyin baş verdiyini etiraf etməkdən çox uzaq olub və "məzlum erməni xalqı" obrazını yaradan ermənilər guya soyqırımına məruz qalmaları barədə dünyaya hay-həşir salıblar. "Yazıq millət" pərdəsi arxasında ermənilər nəinki Qafqazda və Azərbaycanda, həmçinin dünyanın əksər ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atıblar. XX əsr boyu ermənilərin azərbaycanlılara, türklərə qarşı həyata keçirdikləri terror siyasətinin xronologiyasını xatırlayarkən törədilən vəhşilik və cinayətlərin miqyası, metodologiyası qəzəb doğurmaya bilmir. Lakin təəssüflə qeyd etməliyik ki, istər ölkəmizdə törədilən terror hadisələri, istər xarici ölkələrdə türk diplomatlarının qətlə yetirilməsi və digər bu kimi hadisələr bütün dünyanın gözü qarşısında baş versə də, beynəlxalq ictimaiyyət, xüsusən Qərb heç bir reaksiya verməmiş və ya ikili standartlardan çıxış etməklə erməniləri dəstəkləmişdilər. Son olaraq Ramil Səfərovun Azərbaycana ekstradisiyası məsələsində bəzi Qərb dairələri "narahatlıqlarını" ifadə etməklə yenə də ermənipərəsət mövqelərini ortaya qoymuşlar. Bu "narahatçılığı" keçirənlər dəfələrlə xarici ölkələrdə həbs olunmuş, lakin sonradan azadlığa buraxılmış terrorçu Monte Melkomyana abidə qoyulmasını qınamalı idilər.

ASALA terror təşkilatının Azərbaycanın Macarıstandakı və digər ölkələrdəki diplomatik nümayəndəliklərinə daxil olmuş məktubu ermənilərin vəziyyətdən çıxış yolu kimi terroru seçdiklərini təsdiqləyir. Amma ermənilər unutmamalıdırlar ki, terror dilində danışmaqla Azərbaycana hər hansı təzyiq göstərə bilməzlər. Çünki Azərbaycan dövlətinin istənilən təhdidin qarşısını almaq üçün yetərincə gücü və imkanı var.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2012.- 5 sentyabr.- S.3.