Özbəkistanın milli
bayramı şərəfinə
Sentyabrın
4-də Özbəkistanın Azərbaycandakı səfirliyi
ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin
21-ci ildönümü münasibətilə rəsmi qəbul
təşkil etmişdir.
AzərTAc
xəbər verir ki, tədbir hər iki ölkənin dövlət
himnlərinin səsləndirilməsi ilə
başlamışdır.
Səfir
Şerzod Fayziyev ölkəsinin 21 il ərzində keçdiyi
inkişaf yolundan danışmış, iqtisadi və mədəni
sahələrdə böyük tərəqqiyə nail
olunduğunu vurğulamışdır. Diplomat dost ölkələr
olan Azərbaycan ilə Özbəkistan arasında getdikcə
genişlənən əlaqələrdən məmnunluğunu
bildirərək demişdir ki, qarşılıqlı səfərlər,
yüksək səviyyəli görüşlər və
danışıqlar ikitərəfli münasibətlərin
inkişafına əlverişli zəmin yaradır.
Özbəkistanın
Azərbaycanı özünün strateji tərəfdaşı
hesab etdiyini deyən səfir ikitərəfli əlaqələrin
daha da inkişafı üçün böyük
potensialın olduğunu diqqətə
çatdırmışdır.
Azərbaycanın
dinamik inkişafını xüsusi qeyd edən diplomat ölkələrimiz
arasında siyasi, iqtisadi münasibətlərin, habelə mədəniyyət,
elm, təhsil sahəsində əməkdaşlığın
bundan sonra da dönmədən inkişaf edəcəyinə
ümidvar olduğunu söyləmişdir.
Baş
nazirin müavini Abid Şərifov əlamətdar gün
münasibətilə tədbir
iştirakçılarını təbrik etmiş, özbək
xalqına əmin-amanlıq və firavanlıq
arzulamışdır. A.Şərifov demişdir ki, Azərbaycan
ilə Özbəkistan arasında əlaqələrin dərin
tarixi kökləri vardır. Azərbaycan və Özbəkistan
arasında bütün sahələrdə əlaqələrin
inkişafından danışan Baş nazirin müavini
dövlətlərimiz arasında əməkdaşlığın
uğurla davam etdirildiyini bildirmişdir.
Özbəkistanın
bir çox məsələlərdə Azərbaycanın
yanında olduğunu vurğulayan A.Şərifov Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə
görə Özbəkistan rəhbərliyinə təşəkkürünü
bildirmişdir.
Azərbaycan.-
2012.- 5 sentyabr.- S.3.