Jurnalistikada
kəmiyyət və keyfiyyət dəyişiklikləri haqqında qiymətli
dərs vəsaiti
Qloballaşan
dünyanın humanitar mənzərəsi sürətlə dəyişir,
elmdə, təhsildə yeni dəyərlər, proqramlar və
metodologiyalar meydana çıxır. Postindustrial cəmiyyətdə
sivilizasiyanın arxitekturasında ənənəvilikdən
uzaq yeni paradiqma - virtual və vizual mənzərə
yaranmışdır. Bu virtuallıq və vizuallıq bilavasitə
informasiya-kommunikasiya texnologiyaları ilə bağlı
olduğu üçün jurnalistikanın tədrisində
yeni dərsliklərin, dərs vəsaitlərinin və
proqramların yaradılması zərurətə
çevrilmişdir.
Müasir inkişaf modelində hətta
milli KİV-lərin siması və statusu dəyişikliyə
uğrayaraq İKT kimi ümumbəşəri səciyyə
qazanmışdır. Artıq ənənəvi xəbərçiliyin
xüsusi ideoloji çərçivədən çıxaraq
dialoq mədəniyyətinin dünyəvi prinsiplərinə
yiyələnməsi jurnalistikada informeyşn - xəbərləşmə
yerini kommunikeyşn - ünsiyyətə vermişdir.
Bu baxımdan tanınmış jurnalist,
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın)
baş direktoru Aslan Aslanovun "Azərnəşr" tərəfindən
yenicə çapdan buraxılmış "Müasir
dünyanın informasiya şəbəkəsində AzərTAc-ın
yeri: təşəkkül tarixi və inkişaf mərhələləri"
dərs vəsaitinin jurnalistikanın tədrisi prosesində
çox böyük faydası olacaqdır.
Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsinin Elmi Şurasının, universitetin
Elmi-Metodik və Nəşriyyat şuralarının, Təhsil
Nazirliyi Elmi-Metodik Şurasının "Azərbaycan dili və
ədəbiyyat" bölməsinin tövsiyəsi, Təhsil
Nazirliyinin 2012-ci il 13 iyul tarixli 1375 nömrəli əmri ilə
ali məktəblər üçün dərs vəsaiti kimi
təsdiq edilmiş kitabın elmi redaktoru Azərbaycan Milli Elmlər
Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü professor Yaqub
Mahmudovdur. Dərs vəsaitinə "Ön söz"ü
Azərbaycan Prezidenti Administrasiyasının şöbə
müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov
yazmış, rəyləri isə tarix elmləri doktoru,
professor Adil Məmmədov, tarix üzrə fəlsəfə
doktoru Cəbi Bəhramov, əməkdar jurnalistlər Bəxtiyar
Sadıqov, Əflatun Amaşov və bu sətirlərin müəllifi
vermişlər.
Ön söz, giriş, üç fəsil,
on bölmə, nəticə, ingilis dilində xülasə və
ədəbiyyat siyahısından ibarət olan dərs vəsaitində
müasir dünyanın informasiya sistemi, informasiya şəbəkələri
və mübadilələri, onun beynəlxalq, regional və
milli xüsusiyyətləri elmi əsaslarla tədqiq və təhlil
edilir. Kitabda mətbuatın inkişafında, cəmiyyətin
həyatında informasiya vasitələrinin, o cümlədən
xəbər agentliklərinin əhəmiyyətindən, Azərbaycanda
informasiya sisteminin formalaşmasından, respublikanın siyasi və
ictimai həyatında onun rolundan geniş söhbət
açılır.
Jurnalistikada kəmiyyət və keyfiyyət
dəyişikliklərini AzərTAc-ın tarixi timsalında
araşdıran müəllif qloballaşan dünyada informasiya
axınına, müasir informasiyaların işlənmə və
yayılma prinsiplərinə, Azərbaycanın dünya
informasiya məkanına inteqrasiyasının strateji əhəmiyyətinə
aydınlıq gətirir. İnformasiya mənbələri, xəbərin
əldə edilməsi yolları, informasiyanın
hazırlanması və yayılması problemləri barədə
mülahizələrini AzərTAc-ın və dünya xəbər
agentliklərinin iş təcrübəsinə istinadən əsaslandıran
A.Aslanovun bu kitabında diqqəti çəkən əsas məqamlardan
biri intellektual hazırlıq, analitik təhlil və mühakimələrdəki
akademizmdir. Müəllif yeni dünya jurnalistikasına dair
elmi-nəzəri mənbələrə bələdliyini sadəcə
ifadə etmir, artıq təsbit olunmuş məntiqi hökm və
praqmatik yeniliklərə dair ümumiləşdirilmiş
fikirlər söyləyir, özünün aydın qənaətlərini
çatdırır, habelə müxtəliflik kontekstində
polemikalar aparır, yeni düşüncə istiqamətlərini
müəyyənləşdirməyə üstünlük
verir. Kitabın struktur mükəmməlliyi, mövzuların
yığcam və anlaşıqlı ifadəsi onun tədris
prosesində əhəmiyyətini artıran məziyyətlərindəndir.
Dərs vəsaitinin üstün cəhətlərindən
biri də burada jurnalistikaya dair beynəlxalq aləmdə birmənalı
qəbul olunan termin və anlayışlara, müxtəlif nəzəri
və fəlsəfi kateqoriyalara, sosial, siyasi təhlil və
mühakimə prinsiplərinə, müasir elmlər sisteminin
interaktivlik meyarlarına əməl edilməsi, habelə
mediologiyaya, xüsusilə mediatexnologiyaya dair zəngin lüğət
fondu və leksik vahidlərin təqdim edilməsidir. Bunlar Azərbaycanda
ənənəvi jurnalistikaya dair artıq vaxtı
keçmiş, arxaikləşmiş, jurnalistikanın janr
palitrasını əks etdirən terminologiya və s. deyil,
mediologiyanın müasir keyfiyyət göstəricilərindən
xəbər verən həqiqətlərdir.
"Müasir dünyanın informasiya
şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül
tarixi və inkişaf mərhələləri" dərs vəsaitinin
fundamentallığı onun həm də müasir jurnalistin
yaradıcılıq axtarışlarına yön və ton
verə bilmək imkanları, peşə etikasına dair
normativlərin dəqiqləşdirilməsi və s.
baxımından da ciddi maraq doğurur.
Bu dəyərli dərs vəsaitindən
təkcə ali məktəblərin jurnalistika fakültələrinin
tələbələri, aspirantları deyil, mətbuat
işçiləri, tarixçilər, jurnalistlər və
politoloqlar da faydalana bilərlər.
Şamil VƏLİYEV,
Bakı Dövlət Universiteti
jurnalistika fakültəsinin dekanı,
filologiya elmləri doktoru, professor
Azərbaycan.- 2012.- 5 sentyabr.- S.3.