Ağdaşda yeni layihələrin icrasına başlanıb

 

Ölkənin sosial-iqtisadi qüdrəti artdıqca regionların hərtərəfli inkişafı daha da  sürətlənir. Həyata keçirilən layihələr bölgələrin simasını dəyişməklə yanaşı, insanların rifahının yaxşılaşmasında da əhəmiyyətli rol oynayır. Yeniləşən dünyada ölkə əhalisinin müasir standartlar səviyyəsində sosial-iqtisadi təminatı üçün dövlət bütün gərəkli tədbirləri həyata keçirir.

Paytaxt Bakı ilə yanaşı, bölgələr də dövlət qayğısından yetərincə bəhrələnir. Onu da qeyd etmək lazımdır ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə həyata keçirilən kreditləşmə bir çox layihələrin gerçəkləşməsində mühüm rol oynayır.

Son vaxtlar yeni inkişaf mərhələsinə başlayan Ağdaş rayonunda da sahibkarlığın daha əhatəli fəaliyyəti üçün mühüm işlər görülür. Rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün il başlayandan 7 milyon 207 min manat, o cümlədən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 8 sahibkara 945 min manat həcmində kredit verilmişdir. Bu ilin iyun ayında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağdaşda kredit yarmarkası keçirilmiş və 10 sahibkar 140 min manat güzəştli kredit almışdır. Hazırda sahibkarlar Ağdaş şəhərində bir çoxmərtəbəli yaşayış binası, rayonun digər yaşayış məntəqələrində isə istirahət mərkəzi və digər xidmət obyektləri inşa edirlər.

Sahibkarlığın inkişafına yaradılan şərait rayonda sənaye sahələrinin irəliləyişinə də təsir edir. Yerli xammaldan istifadə edən 3 qum-çınqıl karxanasında, Kükəl kərpic zavodunda istehsal prosesləri genişlənir. "Orelay" şirniyyat istehsalı müəssisəsinin yeni istehsal sexində tikinti-quraşdırma işləri görülüb.

İndiyədək ötən ilin eyni dövrü ilə müqayisədə Ağdaşda 2,5 faiz çox sənaye məhsulu istehsal olunub. Həyata keçirilən tədbirlər daha yüksək göstəriciyə nail olmağa zəmin yaradır.

Rayon əhalisinin elektrik enerjisi və təbii qazla təminatını yaxşılaşdırmaq istiqamətində də işlər davam etdirilir. İndiyədək 47 kilometr uzunluğunda elektrik xətti əsaslı və cari təmir olunub. Kükəl kəndi ərazisində   Ağdaş Regional Elektrik Yarımstansiyası tikilir.

Ağdaş şəhərinin və Ləki qəsəbəsinin küçələrində müxtəlif ölçülü 28342 paqometr uzunluğunda qaz xətti yenisi ilə əvəz olunub. Güvəkənd və Əmirarx kəndlərinə təbii qaz yanacağının verilməsi üçün müxtəlif ölçülü 3670 paqometr və Bəylik kəndinə müxtəlif ölçülü 1188 paqometr uzunluğunda qaz xətləri çəkilib. "Şəmsabad" Qaz Paylayıcı Stansiyadan Ağdaş şəhərinə gələn qaz xəttinin 3590 paqometr hissəsi yeni yeraltı polietilen boru xətti ilə əvəz edilib.

Rayonda rabitə xidmətinin yaxşılaşdırılması üçün Kükəl, Birinci Aral, Qarağan-Sədi, Şəmsabad və Qəsil kəndlərindəki EATS-lərə sürətli internetin ötürülməsi üçün fiber-optik kabellərin çəkilişi başa çatıb, yerdə qalan 14 kənd EATS-ə isə sürətli internet ötürülməsi üçün gərəkən 86 min metr kabelin 58 min metri çəkilib. Bu iş davam etdirilir.

"2012-2014-cü illərdə tikinti və bərpa-gücləndirmə işlərinin yerinə yetirilməsi və əlavə sinif otaqlarının tikintisi üzrə Dövlət Proqramı"na uyğun olaraq respublikanın əlaqədar təşkilatlarının mütəxəssislərinin iştirakı ilə Ağdaşın təhsil müəssisələrinin yerləşdikləri binaların ümumi vəziyyətinə baxış keçirilib. 19 məktəbdə yeni binanın tikintisi, 27 məktəbdə təmir, 13 məktəbdə əlavə sinif otaqlarının, 17 məktəbəqədər uşaq tərbiyə müəssisəsi üçün yeni binanın inşası, 10 uşaq bağçasının isə əsaslı təmiri məqsədi ilə müvafiq sənədləşmə işləri görülüb.

Qəribli, Abad və Şordəhnə kəndlərində 180, Ovçulu kəndində 80 şagirdlik yeni məktəb binaları tikilir. Ağdaş şəhərindəki S.Vurğun adına 1 nömrəli orta məktəbin və 11 nömrəli uşaq bağçasının təmiri başa çatmaq üzrədir. Üç aya yaxındır ki, Qaradağlı, Cardam, Kotanarx, Eynur kəndlərində 180, Qaroğlan kəndində isə 80 şagirdlik əsas məktəb binalarının, 1 nömrəli şəhər uşaq bağçası üçün 55 yerlik yeni binanın inşasına başlanıb. Qolqəti, Ərəbocaq və Tofiqi kəndlərindəki həkim məntəqələrinin tikintisində son tamamlama işləri görülür.

Ağdaş şəhərində yeni inzibati mərkəz yaradılır. Burada Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin, gənclər mərkəzinin, rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı üçün inzibati binaların tikintisi üçün layihələr hazırlanıb və artıq inşaat işlərinə başlanıb. Ağdaş şəhərində abadlıq və yenidənqurma işləri də davam edir.

Su-kanalizasiya xətlərinin çəkilişindən tutmuş, qaz istismar şəbəkəsinin yenidən qurulmasına, çoxmənzilli yaşayış binalarının təmirinə, küçələrin asfaltlaşdırılmasına və digər tədbirlərə qədər görüləsi işlər də çoxdur. Ən əsası odur ki, ağdaşlılar qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün böyük ruh yüksəkliyi ilə çalışırlar.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2012.- 5 sentyabr.- S.4.