Ucqar sərhəd kəndi müasir yaşayış məskəninə çevrilir

 

Çalxanqala kəndi uzun müddət Babək rayonunun "gözdən uzaq, könüldən iraq" ərazisi idi. 2004-cü ildə isə Kəngərli rayonu yaradılarkən bu kənd həmin rayonun ərazisinə daxil edildi. Beləliklə, kənd sakinlərinin rayon mərkəzinə getmək üçün uzaq yol qət etmək problemi aradan qaldırıldı. İndi 2200-dən çox əhalisi, 350 ev təsərrüfatı olan Çalxanqalanı rayon mərkəzindən cəmi 8 kilometr ayırır.

 

Hazırda kənddə sakinlərin həyat şəraitini yaxşılaşdırmaq üçün kompleks tikinti-quruculuq işləri həyata keçirilir. Kənd mərkəzi, sözün həqiqi mənasında, tikinti meydançasını xatırladır. Kənddə 5 bina tikilir, həmçinin Naxçıvan şəhərinə və Kəngərli rayonuna gedən yol əsaslı şəkildə yenilənir.

Qeyd edək ki, ölkə başçısının "Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2 sentyabr 2011-ci il tarixli sərəncamına əsasən, Naxçıvan-Sədərək magistralı -- Təzəkənd-Çalxanqal-Qarabağlar-Yurdçu-Qıvraq dairəvi avtomobil yolu yenidən qurulur. 39,2 kilometr uzunluğundakı yol 12 min nəfərin yaşadığı 5 kəndi əhatə edir. Artıq yolun hərəkət hissəsinin eni 7,2, yol yatağının eni 8,5 metrədək genişləndirilmişdir. İki hərəkət zolağından ibarət olacaq yolun üzərində 1 körpü, 5 su keçidi və 51 suötürücü inşa edilmiş, yolun müxtəlif hissələrində beton suaxıdıcı kanallar tikilmişdir. Hazırda yola asfalt örtük çəkilir. Eyni zamanda, kənddə məktəb, "Kənd mərkəzi", "Xidmət mərkəzi", həkim ambulatoriyası və musiqi məktəbi tikilir.

Zirzəmi qatı ilə birlikdə 4 mərtəbədən ibarət olacaq məktəb binası 378 şagirdlikdir. Məktəbin zirzəmi qatında 2 sinif otağı, kitabxana, bufet, fənn laboratoriyası, 154 kvadratmetrlik idman zalı, qarderobiki soyunub-geyinmə otağı yerləşəcək. Birinci mərtəbədə 6 sinif otağı, direktor və qəbul otaqları olacaq. İkinci mərtəbədə 7 sinif, psixoloq və müəllimlər, həmçinin  kompyuter otaqları nəzərdə tutulur. Sonuncu mərtəbədə isə kompyuter və 9 sinif otağı inşa olunur. Bu ilin aprel ayından başlayan tikinti işləri, demək olar ki, yekunlaşmaq üzrədir.

İndi əsas işçi qüvvəsi binanın arxa tərəfində tikilən yardımcı binada cəmlənib. Burada qazanxana yerləşəcək. Binanın istilik sistemi ilə təchiz olunması üçün mavi qazdan istifadə edilərək kalorifer sistemi işə salınacaq. Qeyd edək ki, hazırda Çalxanqala kənd tam orta məktəbində 236 şagird oxuyur. Bu il 15 nəfər 11-ci sinifdə təhsil alacaq, 32 şagird isə birinci sinfə yollanacaq.

İkimərtəbəli "Kənd mərkəzi" kənddəki bütün infrastrukturu bir binada cəmləməyə imkan verəcək. Belə ki, ikimərtəbəli binanın birinci mərtəbəsi poçt, ATS, qazanxana, kənd sahə baytarı, kitabxana, sahə müvəkkili və kitabxana işçiləri üçün nəzərdə tutulub. İkinci mərtəbə kənd icra nümayəndəliyi və bələdiyyəsi üçün ayrılıb. Həmçinin YAP ərazi ilk təşkilatı, klub işçiləri üçün ayrıca otaqiclas zalı da ikinci mərtəbədə yerləşəcək. Birmərtəbəli "Xidmət mərkəz"ində isə ticarət və xidmət obyektləri fəaliyyət göstərəcək.

Qeyd edilən hər 3 obyektin tikintisi Kəngərli Rayon Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilir. İdarənin müdiri Vəzir Əliyev deyir ki, bu obyektlər ucqar sərhəd kəndi olan Çalxanqalada insan amilinə verilən qiymətin təzahürüdür. Bundan sonra kənd adamı dağa-daşa düşməyəcək, onun hər kiçik üçün əziyyət çəkib rayon mərkəzinə getməsinə ehtiyac qalmayacaq.

Kənddə tikilən digər iki obyektin - həkim ambulatoriyası və musiqi məktəbinin tikintisi isə Naxçıvan Tikinti-Quraşdırma İdarəsinə həvalə olunub. İdarənin müdiri Vəli Əkbərov bildirdi ki, ikimərtəbəli həkim ambulatoriyasında və zirzəmi ilə birgə 3 mərtəbəli musiqi məktəbində çalxanqalalıların müasir tibbi xidmət və səviyyəli musiqi təhsili almaları üçün bütün şərait yaradılır.

...Geniş bir ərazidə həyata keçirilən kompleks quruculuq meydançasında yükdaşıyan ağırtonnajlı maşınların, ekskavatorların, qaldırıcı kranların səsi bir-birinə qarışmışdı. Səylə, həvəslə işləyən usta və fəhlələri və birbu  işləri öz uşaq yaddaşlarına köçürən balacaların onları qıraqdan həvəs və maraqla seyr etdiklərini lentə köçürməyə dəyərdi.

 

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan.- 2012.- 5 sentyabr.- S.4.