Sosial şəbəkələr
həm də yeni ünsiyyət formasıdır
Əsas odur ki, istifadəçilər
ondan düzgün faydalansınlar
Texnologiya və yeniliklər
həyatımıza sürətlə daxil olur. Yenilikləri
göz qırpmadan izləyən azyaşlılar və gənclər
isə böyükləri xeyli qabaqlayıblar. Virtual məkan
genişləndikcə sosial şəbəkələr də
genişlənir, nəticədə dünya "kiçilərək"
az qala ovcumuzun içinə yerləşir. Məlumat
üçün bildirək ki, dünyada çox önəmli
yenilik sayılan sosial şəbəkə anlayışı
1979-cu ildə yaradılsa da, həmin illər uğur qazana
bilməmişdi. İndi isə təkcə 700 milyona yaxın
üzvü olan "feysbuk"un illik gəliri 551 milyard
dolları ötür. Mütəxəssislər deyirlər
ki, 2015-ci ildə 3,5 milyard insanın, başqa sözlə, bəşəriyyətin
tən yarısının internetə giriş imkanı olacaq.
Belə düşünmək olar ki, qapalı dünyada bir
inqilab baş verəcək.
Nə
zamandır sosial şəbəkələrdən söz
düşəndə bir qayda olaraq onun mənfi tərəflərini
qabartmağa çalışır, az qala icad edəni lənətləyirlər.
Nə edək, son hesablamalara görə dünyada 5 milyondan
çox uşaq və yeniyetmənin tərbiyəsinə pis təsir
edən pornoqrafik çat var. Məhz bu səbəblərə
görə internetə nəzarət edən dövlət
qurumunun yaradılması təklifi də gündəmdədir.
Qeyd edək ki, bir çox ölkələrdə belə nəzarət
sistemləri neçə ildir ki, yaradılıb, şərtləri
də çox sərtdir. Ancaq bir az dərindən
düşünsək, internetin, sosial şəbəkələrin
faydalı tərəflərinin də olduğunu görərik.
Əsas odur ki, bu texnologiyanın yeniliklərindən
yaxşı məqsədlər üçün istifadə edəsən,
öyrənəsən, faydalanasan.
Bu
yazının ərsəyə gəlməsinə səbəb
qohumlarımızdan birinin çox böyük fiziki qüsuru
olan oğlu Qadirin internet və sosial şəbəkələrdən
necə yararlanması oldu. Uşaq 3 yaşında ikən
güclü qızdırmadan ağır iflic
keçirmişdi. Bir neçə il hərarəti 40 dərəcədən
düşməyən Qadir sonda həm yeriməkdən məhrum
oldu, həm də əl-qolunun hərəkəti məhdudlaşdı.
Valideynləri aparmadıqları ölkə, həkim
qalmadı, bu illər ərzində uşaq nəinki
sağaldı, əksinə, xəstəliyin fəsadları
getdikcə artdı. Övladının halından
saçları ağappaq ağaran ana son illərədək
yalnız uşaq yuxuda olanda ondan ayrıla bilirdi. İndi
Qadirin vəziyyəti tamam dəyişib. Anası Esmira
xanım deyir ki, hərdən onu evdə tək qoyub
dükan-bazara da gedə bilir: "Bir neçə il öncə
yoldaşım evə kompyuter aldı, böyük oğlum da
Qadiri yazmağa öyrətdi. İndi uşaq günün bir
neçə saatını internetdə oturur, yazılar
yazır, hətta xəstəliyi ilə bağlı bəzi
xarici ölkə həkimləri ilə də
yazışır. Bir bolqar həkimlə dostluq edir, o,
uşağa hər gün müxtəlif əl-qol hərəkətləri
etməyi başa salır, mənəvi dəstək olur
oğluma. Ən birincisi odur ki, onun əhval-ruhiyyəsində
dəyişiklik baş verib, uşaq elə bil yenidən
dünyaya gəlib, özünə dostlar tapır,
bütün informasiyaları öyrənir".
Anasının sözlərini təsdiqləyən Qadir deyir:
"Böyüdükcə daha çox fikirləşir,
çox dərd çəkirdim, indi başım
qarışır, pis şeylər düşünməyə
vaxtım qalmır. Mənim kimi yüzlərlə fiziki
çatışmazlığı olan gənclər evdən
çıxa bilmir, cəmiyyətlə təmasımız
yoxdur, təcrid olunmuşuq! Sosial şəbəkələr
bizi fəal həyata qovuşdurur! Bu yaxınlarda anamın yeni
kitabını kompyuterdə mən yazdım,
korrekturasını etdim. Virtual aləmdə çoxlu
dostlarım var. Hərdən elə olur ki, bir məsələni
müzakirə edirik, axşama qədər vaxtım gedir, yeməyi
belə unuduram. Dərdimi bölüşdüyüm
dostlarımın hamısı məni anlayışla
qarşılayır, hər biri dost olmaq istəyir, təskinlik
verir, yaşamaq həvəsimi artırırlar. Bu çox
yaxşıdır, anamdan asılılığım da
azalıb".
Gördüklərimi
tanış ekspertlərə danışdım. Onlar da etiraf
etdilər ki, sosial şəbəkələrin faydası
çoxdur, sadəcə, biz bəzən onun pis tərəfindən
"bəhrələnirik". Travmatologiya və ortopediya xəstəxanasında
müalicə alan Çiçək Hüseynova ilə də
çoxdan tanışlığımız var, ona baş
çəkməyə getdik. Özü-özünü idarə
edən əlil arabasından istifadə edən Çiçək
kimsəyə möhtac deyil, özünün dediyi kimi,
bahalı noot-buku da var. O, bizə maraqlı əhvalat
danışdı: "Bir dəfə Fransadan Piko adlı bir nəfərdən
mənə dostluq məktubu gəldi, rusca yazmışdı:
"Mən Azərbaycanı çox sevirəm,
doxsanıncı illərdə ölkənizdə BMT-nin
humanitar məsələlər üzrə təmsilçisi
işləmişəm. Uşaq ikən atamla qar üzərində
sürüşərkən mənim hər iki ayağım
dizdən aşağı üzülmüşdü,
ölümün qarşısını almaq məqsədilə
ayaqlarım dizdən amputasiya olundu. Uşaqlıqdan protezdə
gəzirəm. Ancaq bu vəziyyətdə universitet bitirdim, BMT
kimi nüfuzlu təşkilat məni işə qəbul etdi və
Azərbaycana göndərdi, münaqişə yaşayan bir
çox ölkələrdə humanitar missiya yerinə
yetirmişəm. 1993-cü ildə "Azərbaycan"
adlı dövlət qəzeti məndən böyük məqalə
yazıb, taleyimi oxuculara danışmışdı. Mən o
qəzeti arxivimdə saxlayıram. Bundan sonra azərbaycanlılar
məni daha çox sevirdilər, qayğı göstərirdilər,
mən də onları sevirdim". Mən həmin vaxtdan Piko
ilə dostam, o, ailə də qurub, övladlarından da
yazır. Sağalacağımla bağlı mənə
çoxlu ümidlər verir, Azərbaycana gəlmək istəyir.
Bu cür dostlarım çoxdur, sosial şəbəkələrin
çox faydalı tərəfləri var, bizi evin
küncündə sıxılıb qalmaqdan xilas etdi. Bir
neçə türkiyəli qüsurlu uşaqlarla da əlaqələrimiz
möhkəmdir".
Gülbəniz
xanımı çoxumuz tanıyırıq. Anadangəlmə
beli qurşaqdan aşağı işləməyən bu
qadın Ağdamdan məcburi köçkün düşəndə
18 yaşında idi. Onda əlil arabası da yox imiş,
atası qucağında çıxarıb. Neçə illərdir
buğdadan və meyvə toxumlarından misli-bərabəri
olmayan gözəl sənət əsərləri yaradır.
Böyük Yaradan ona vəfalı həyat yoldaşı və
bir gözəl oğul da bəxş edib. Nəzərbəy
bu il 11-ci sinifə keçir. Gülbəniz neçə illərdir
ki, sosial şəbəkələr vasitəsilə virtual aləmdə
bu gözəllik sənətinin məktəbini açıb.
Dünyanın bir çox ölkələrində onun əl
işlərindən ibarət sərgilər keçirilib.
Ötən il M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanasında uşaqlar üçün müxtəlif kitab
və jurnallardan ibarət sərgi keçirilərkən
Gülbənizin əl işlərindən və onların
işlənmə texnikasından bəhs edən bir neçə
jurnal da sərgiyə çıxarılmışdı.
Müəllif danışırdı ki, biz bu jurnalları
internet vasitəsilə dünyanın müxtəlif ölkələrində
yaşayan insanlara göndəririk, işləmə mexanizmini
başa salırıq ki, istəsələr öyrənsinlər.
Çünki bu sənətlə məşğul olmaq
gözəllik yaratmaqdır ki, dünyamızı da o xilas edəcək:
"Dünyanın hər yerindən "şagirdlərim"
bilmədiklərini internet vasitəsilə öyrənirlər".
Xatırladaq
ki, Gülbənizin buğdalardan ibarət üçrəngli
bayrağın fonunda yaratdığı Heydər Əliyevin rəsmi
vaxtilə ulu öndərin özünü də heyrətləndirmişdi.
Şahidi olduğumuz belə misalların sayını
artırmaq da olar, bunlar virtual dünyanın çox
faydalı, təqdir olunan tərəfləridir, ondan imtina etmək
və pisləmək insafsızlıq olar. Həkim-travmatoloq
Novruz Dünyamalıyev bizimlə söhbət edərkən
bildirdi ki, fiziki qüsuru olan insanların həyatdan, cəmiyyətdən,
dünyadan təcrid olmaması üçün onların
müalicə aldıqları sağlamlıq mərkəzlərində,
müəssisələrdə elə şərait
yaradılmalıdır ki, sosial
şəbəkələr vasitəsilə təmas qursunlar,
fikirlərini, duyğularını paylaşsınlar, özlərinin
gərəkli olduqlarını dərk etsinlər.
Düzdür,
sosial şəbəkələrdə qiymətli
vaxtını itirib faydasız işlərlə məşğul
olan insanlar, xüsusən, gənclər də çoxdur.
Ancaq bu o demək deyil ki, bir andaca dünyanı evinə gətirən
bu texniki yenilik tamamilə zərərlidir və heç bir
faydası yoxdur! Bu gün şəbəkə sisteminin
inkişafı o dərəcəyə çatıb ki,
insanlara yeni ünsiyyət sistemi təqdim olunub. İnsanlar məkanından
asılı olmayaraq, bir araya toplaşır, fikirlərini
paylaşa bilirlər. Sadəcə, bu şəbəkələrə
necə yanaşmaqdan çox şey asılıdır. Yəni,
ilk növbədə, hər kəs özünün təhlükəsizlik
sistemini təmin etməlidir, onun zərərlərindən
qorunmalıdır.
Mütəxəssislər
deyirlər ki, internetdə arzuolunmaz halların
qarşısını almaq və gəncləri bu nailiyyətdən
daha faydalı məqsədlər üçün istifadəyə
yönəltməkdən ötrü mütləq Azərbaycanda
internetlə bağlı təhlükəsizlik sistemi
yaradılmalıdır, hətta bu sahədə bəzi
uğurlu nəticələr də əldə olunub. Belə
ki ilk müzakirələrdən sonra internetdə
uşaqların əleyhinə yönələn, onlara mənfi
psixoloji təsir edən informasiyaların
qarşısını almaq qərarı verilib. Qısası,
təhsil sistemində informasiya, təhlükəsizlik sistemi
qurulub. Həmin sistemdə zərərli informasiyalar -
ekstremizm, terrorçuluğa çağırış,
pornoqrafik, erotik və başqa bu kimi mövzular avtomatik olaraq
süzgəcdən keçirilib təhsil şəbəkəsinə
verilir. Lakin burada da 100 faiz nəticə əldə etmək
mümkün olmadığına görə nazirliyin əmri
ilə müvafiq şura da yaradılıb. Təhsil müəssisələri
üçün yararlı olmayan informasiyaların oraya getməməsi
ilə bağlı müvafiq tədbirlər
görülür. Həmin şurada qanunverici baza formalaşıb
ki, hansı informasiyalar internet üzərindən təhsil
müəssisələrinə verilə bilər, hansı yox!
Başqa müəssisələrdə, məsələn, evlərdə,
internet-klublarda bu məsələlər həll
olunmamış qalıb.
Göründüyü
kimi, sosial şəbəkələr və başqa virtual əlaqələr
əslində, yaxşı məqsədlər
üçün yaradılıb, ondan arzuolunmaz məqsədlər
üçün istifadə edənlər isə müxtəlif
dünyagörüşlü insanlardır. Deməli, bircə
yol var, internetin və sosial şəbəkələrin
yalnız faydalı tərəflərindən yararlanmaq
üçün bu sistemə "süzgəc" qoyulmasını
təmin etmək!
Rəsmiyyə
RZALI
Azərbaycan.- 2012.- 5 sentyabr.-
S.5.