Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul
tarixli 685 nömrəli Fərmanına uyğun olaraq qərara
alıram:
1. "Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin Əsasnamə"si
təsdiq edilsin (Əlavə 1).
2. "Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin Strukturu" təsdiq edilsin
(Əlavə 2).
3. "ASAN xidmət"
mərkəzlərinin fəaliyyətinin təşkili və
xidmətlərin göstərilməsi Qaydaları" təsdiq
edilsin (Əlavə 3).
4. Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin
işçilərinin say həddi 120 ştat vahidi müəyyən
edilsin.
5. "ASAN xidmət"
mərkəzlərində dövlət orqanları tərəfindən
aşağıdakı xidmətlərin həyata keçirilməsi
təmin edilsin:
5.1. vətəndaşlıq
vəziyyəti aktlarının dövlət qeydiyyatı:
5.1.1. doğumun qeydə alınması;
5.1.2. ölümün qeydə alınması;
5.1.3. nikahın
qeydə alınması;
5.1.4. nikahın
pozulmasının qeydə alınması;
5.1.5.
övladlığa götürmənin qeydə
alınması;
5.1.6.
atalığın müəyyən edilməsinin qeydə
alınması;
5.1.7. adın, ata adının və soyadın dəyişdirilməsinin
qeydə alınması;
5.1.8. vətəndaşlıq
vəziyyəti aktlarının dövlət qeydiyyatı
haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin)
verilməsi;
5.2. notariat fəaliyyəti;
5.3. şəxsiyyət
vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
5.4. ümumvətəndaş
pasportlarının verilməsi və dəyişdirilməsi;
5.5. sürücülük vəsiqələrinin
dəyişdirilməsi;
5.6. məhkumluq
barədə arayışların verilməsi;
5.7.
daşınmaz əmlakla bağlı əməliyyatların
qeydiyyatı:
5.7.1.
yaşayış evləri (mənzilləri) üzərində
mülkiyyət hüquqlarının dövlət
qeydiyyatına alınması barədə
çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
5.7.2.
daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair dövlət
reyestrindən arayışların verilməsi;
5.8. kommersiya hüquqi şəxslərin
və vergi ödəyicilərinin
qeydiyyatı;
5.9. hüquqi və fiziki şəxslərə
arxiv arayışlarının verilməsi;
5.10. gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri
üçün sənədlərin qəbulu;
5.11. Azərbaycan
Respublikasında müvəqqəti yaşamaq
üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə
bağlı sənədlərin verilməsi;
5.12. torpaq kadastrı məlumatları barədə
arayışların verilməsi;
5.13. əmək
pensiyalarının təyin edilməsi;
5.14. dövlət
orqanlarının göstərdikləri bütün
xidmətlər üzrə informasiya xidmətinin
həyata keçirilməsi.
6. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyinə, Daxili İşlər
Nazirliyinə, Vergilər Nazirliyinə, Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsinə, Dövlət Gömrük
Komitəsinə, Dövlət Miqrasiya Xidmətinə,
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinə, Dövlət Sosial
Müdafiə Fonduna və Milli Arxiv İdarəsinə
tapşırılsın ki:
6.1.
bu fərmanın 5-ci hissəsində
göstərilən xidmətlərin "ASAN xidmət" mərkəzlərində
həyata keçirilməsini təmin etmək üçün
Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin həmin
mərkəzlərdə
onlar üçün
müəyyən etdiyi yerləri zəruri
işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin etsinlər;
6.2. mərkəzlərdə
xidmət göstərəcək əməkdaşlarının
təyinatı zamanı onların nəzakətli, məsuliyyətli,
peşəkar olmaları, ünsiyyət qurmaq
və izah etmək bacarıqları nəzərə
alınsın.
7. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
və Xüsusi Dövlət Mühafizə
Xidməti Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin
"ASAN xidmət" mərkəzlərində xidmət
göstərəcək dövlət orqanlarının informasiya sistemləri arasında əlaqələndirməni
təmin etmək məqsədi ilə həmin mərkəzləri
rabitə kanalları ilə təmin etsinlər.
8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu fərmanın
7-ci hissəsində nəzərdə tutulmuş
tədbirlərin həyata keçirilməsini təmin etmək
məqsədi ilə maliyyə vəsaitinin ayrılması barədə
təkliflərini bir ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin.
9. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın
ki:
9.1. bu
fərmanın icrasına
nəzarəti həyata
keçirsin;
9.2. "ASAN xidmət"
mərkəzlərində dövlət
orqanları tərəfindən
həyata keçirilən
xidmətlərə görə
ödənilən dövlət
rüsumlarının 30 faizinin
həmin mərkəzlərin
saxlanılması, mərkəzlərdə
fəaliyyət göstərən
dövlət qulluqçularının
sosial müdafiəsinin
gücləndirilməsi məqsədi
ilə ayrılması
barədə müvafiq
təkliflərini bir
ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin.
10. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
10.1. bu fərmanın
6-cı hissəsində qeyd
edilən icra hakimiyyəti orqanları tərəfindən "ASAN xidmət"
mərkəzlərində xidmət
göstərilməsi üçün
həmin orqanlara əlavə ştat vahidlərinin ayrılması
barədə təkliflərini
bir ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
10.2. daşınmaz əmlak üzərində
hüquqların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair dövlət reyestrindən arayışların
"ASAN xidmət" mərkəzlərində
quraşdırılacaq xüsusi
terminallar vasitəsilə
real vaxt rejimində əldə edilməsinə
dair təkliflərini
iki ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
10.3. üç
ay müddətində Azərbaycan
Respublikası Prezidentinin
aktlarının bu fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini hazırlasın
və Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
10.4. üç
ay müddətində Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
10.5. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
10.6. bu
fərmandan irəli gələn digər məsələləri həll
etsin.
11. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 sentyabr 2012-ci il
Azərbaycan.-2012.-
7 sentyabr.- S. 1.