Azərbaycan Hökuməti və Çin Xalq
Respublikasının Hökuməti
arasında Sertifikat imzalanmışdır
Sentyabrın 6-da Çin Xalq
Respublikası (ÇXR) tərəfindən
ayrılmış texniki yardımlar hesabına Azərbaycana gətirilən
nəqliyyat vasitələrinin təhvil-təslim işlərinin
başa çatdırılması ilə əlaqədar
"Kommunal təyinatlı avtomobillərin qəbulu
Sertifikatı"nın imzalanması mərasimi olmuşdur.
AzərTAc xəbər verir ki, sənədi
Azərbaycan Hökuməti tərəfdən nəqliyyat
nazirinin müavini Musa Pənahov, ÇXR tərəfdən isə
həmin ölkənin respublikamızdakı səfiri Hong Jiu
Yin imzalamışlar.
Azərbaycan Respublikasının Nazirlər
Kabinetində keçirilmiş imzalanma mərasimindən əvvəl
ÇXR-in Anxuy Əyaləti Xalq Hökumətinin nümayəndə
heyəti ilə görüşmüş baş nazirin
müavini Abid Şərifov iki ölkə arasındakı
münasibətlərin sürətlə inkişafından məmnunluğunu
ifadə etmişdir. Bildirilmişdir ki, Azərbaycan
iqtisadiyyatının müxtəlif sahələrini inkişaf
etdirmək üçün ÇXR tərəfindən
ayrılan müxtəlif texniki yardım və qrantlar bu
inkişafın aydın təzahürüdür. Bu günədək
ölkələrimiz arasında ümumi məbləği 165
milyon Çin yuanı (24,5 milyon dollar) təşkil edən səkkiz
texniki yardım sazişi imzalanmışdır. Bu texniki
yardım çərçivəsində Çin istehsalı
olan 130 bərk məişət tullantılarını
daşıyan, 20 çirkab suları soran və 13 su
daşıyan nəqliyyat vasitəsinin ölkəmizə gətirilməsi
təmin olunmuşdur. Nəqliyyat vasitələrinin
düzgün istismar edilməsi üçün Çindən
dəvət olunmuş mütəxəssislər xüsusi təlimlər
keçmişlər.
Baş nazirin müavini qeyd etmişdir
ki, digər texnikaların da ölkəmizə gətirilməsi
üçün ÇXR ilə danışıqlar davam etməkdədir.
ÇXR Anxuy Əyaləti Xalq Hökumətinin
nümayəndə heyətinin rəhbəri Zanq Şikai təmsil
etdiyi əyalət barədə məlumat vermişdir.
Səfir Hong Jiu Yin Azərbaycan-Çin əlaqələrinin
20-ci ildönümündə münasibətlərin dinamik
inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini
qeyd etmişdir.
Azərbaycan.-2012.-
7 sentyabr.- S. 2.