Bakıda «İpək yolunun tamı: kulinariya, mədəniyyət və turizm» mövzusunda konfrans keçirilmişdir

 

 Sentyabrın 6-da Bakıda, "Jumeirah Bilgah Beach Hotel"də Mədəniyyət və Turizm Nazirliyi, Dünya Turizm Təşkilatı (DTT) və Azərbaycan Turizm Assosiasiyası tərəfindən "İpək yolunun tamı: Kulinariya, mədəniyyət və turizm" mövzusunda beynəlxalq konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, konfransda DTT-nin baş katibi Taleb Rifai, quruma üzv dövlətlərin milli turizm təşkilatlarının yüksək vəzifəli şəxsləri, ekspertlər, həmçinin yerli və xarici hökumət və qeyri-hökumət təşkilatlarının, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə hotelin foyesində turizm və kulinariyaya aid elmi kitab, broşür və digər materiallarla tanış olmuş, əl işlərindən ibarət sərgiyə baxmış və Azərbaycanın müxtəlif bölgələrinə aid şirniyyat növlərindən dadmışlar.

Tədbir qədim İpək yolu üzərində yerləşən ölkələrin tarixi keçmişi və müasir inkişafından bəhs edən videoçarxın nümayişi ilə başlamışdır.

Konfransı giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, Azərbaycan  DTT-nin "İpək yolu" proqramının üzvüdür. Əsrlər boyu tarixi İpək yolu Şərq və Qərb arasında mədəniyyət, ideya, texnologiya və insan mübadiləsində mühüm rol oynamışdır. İyirmi səkkiz ölkənin üzv olduğu "İpək yolu" proqramının məqsədi birgə səylərlə İpək yolu boyunca turizmi davamlı inkişaf etdirməkdən ibarətdir.

Nazir vurğulamışdır ki, konfrans İpək yolu regionunun qida, kulinariya və mədəni turizm potensialının diqqət mərkəzinə çevrilməsinə imkan yaradacaqdır. Konfrans iştirakçıları kulinariya turizmi ilə yaxından tanış olacaq, İpək yolu ölkələrinin kulinariya təcrübəsinə dair fikir mübadiləsi aparmaq imkanı qazanacaqlar.

Azərbaycanda turizmin inkişafından danışan nazir bildirmişdir ki, bu sahədə hər il 10-15 faiz artım müşahidə olunur. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan dünyada ən yüksək standartlara cavab verən müasir hotellərin inşa olunduğu ölkələrdəndir. Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə bu istiqamətdə işlər uğurla davam etdirilir.

Bildirilmişdir ki, kulinariya turizminə tələbat getdikcə artmaqdadır. Aparılmış tədqiqatlara əsasən istehlakçılar bu gün daha çox özünəməxsusluğu və təbii məhsul tərkibi ilə seçilən yerli kulinariyadan istifadə etməyə üstünlük verirlər.

Azərbaycanın beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini xatırladan nazir demişdir ki, bu konfransda əldə olunacaq nəticələr və təcrübə mübadiləsi gələn ilin mayında Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işinə töhfəsini verəcəkdir.

Bildirilmişdir ki, iki gün davam edəcək konfrans çərçivəsində qonaqlar Azərbaycanın bölgələrinə səfər edəcək, orada yaşayan milli azlıqların mətbəxləri və tarixi mədəni ənənələri ilə yaxından tanış olacaqlar.

DTT-nin baş katibi Taleb Rifai belə bir konfransın Bakıda keçirilməsini yüksək qiymətləndirmiş və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə turizmin inkişafına böyük diqqət və qayğı göstərildiyini qeyd etmişdir.

Azərbaycanda üçüncü dəfədir olduğunu deyən T.Rifai hər səfərində ölkəmizdə nəzərəçarpacaq yeniliklərin və sürətli inkişafın şahidi olduğunu vurğulamışdır.

Konfransın işinə uğurlar arzulayan qonaq turizmin inkişafına dair marketinq, təbliğat, potensial quruculuq və insan qaynaqları, İpək yolu ölkələri arasında viza rejiminin sadələşdirilməsi kimi təkliflərlə çıxış etmişdir.

Taleb Rifai vurğulamışdır ki, bu il bir milyarda qədər insan turist kimi dünyanın müxtəlif yerlərinə səfər etmişdir. Ümumilikdə 2012-ci il üzrə turizm 5,2 faiz artmışdır. 2030-cu ilədək turist kimi səyahətə çıxanların sayı 1,8 milyardı keçəcəkdir. Daxili turizmin əhəmiyyətini qeyd edən qonaq bu sahənin də inkişafda olduğunu diqqətə çatdırmışdır.

Turizmin inkişafında kulinariyanın mühüm rol oynadığını söyləyən baş katib demişdir ki, bu sahənin ümumi çəkisində 30 faizədək inkişaf ərzaq və digər qida məhsullarının üzərinə düşür.

İranın vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi konfransın əhəmiyyətindən danışmış və tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirmişdir.

İran rəsmisi beynəlxalq turizmin inkişafı istiqamətində mühüm layihələrin reallaşdırılması, İpək Yolu Baş Assambleyasının yaradılması, "İpək yolu günü"nün təsis edilməsi və "İpək yolu" atlasının hazırlanması təkliflərini səsləndirmişdir.

Konfrans işini "Qida və turizm: qlobal meyillər və imkanlar", "İpək yolunun kulinariya məkanlarının aparıcı şəbəkəsi kimi qurulması" və "İnkişaf üçün qida" mövzularında sessiyalarla davam etdirmişdir.

Tədbir çərçivəsində "İpək yolu qlobal səyahət mediasında" və "Rəqəmsal dövr: sosial media və səyahət" adlı "dəyirmi masa"lar, həmçinin Azərbaycan, Türkiyə, İtaliya və İspaniya mətbəxlərinin təqdimatı və ustad dərsləri təşkil olunacaq, Azərbaycanın və Gürcüstanın istehsalı olan şərabların dequstasiyası keçiriləcəkdir.

Konfrans sentyabrın 7-də başa çatacaqdır.

 

 

Azərbaycan.-2012.- 7 sentyabr.- S. 7.