Azərbaycan Prezidenti
İlham Əliyev MDB-nin
iştirakçısı olan ölkələrin
Daxili İşlər Nazirləri Şurasının Bakıda
keçirilən iclasının
iştirakçılarını qəbul etmişdir
Sentyabrın 7-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Müstəqil
Dövlətlər Birliyinin (MDB) iştirakçısı
olan ölkələrin Daxili İşlər Nazirləri
Şurasının Bakıda keçirilən iclasının
iştirakçılarını qəbul etmişdir.
Prezident İlham Əliyev MDB-nin
iştirakçısı olan ölkələrin Daxili
İşlər Nazirləri Şurasının
iclasının Bakıda keçirilməsindən məmnunluğunu
ifadə edərək dedi:
- Azərbaycana xoş gəlmisiniz. Sizin
hamınızı ölkəmizdə salamlamağa şadam.
Şadam ki, Bakıda MDB ölkələrinin Daxili İşlər
Nazirləri Şurasının növbəti iclası
keçirilir. Bu, ölkəmizə münasibətin
yaxşı əlamətidir. Biz bunu belə qəbul edirik. Əminəm
ki, iclas yüksək səviyyədə keçəcək,
qarşılıqlı fəaliyyətin, əməkdaşlığın
mühüm məsələləri müzakirə
olunacaqdır.
Ölkələrimizin
hüquq-mühafizə orqanları arasında əməkdaşlıq
bütövlükdə çox dinamik və uğurla
inkişaf edir. Əlbəttə, Daxili İşlər
nazirliklərinin fəaliyyəti çərçivəsində
əməkdaşlığın xüsusi əhəmiyyəti
vardır. Azərbaycana gəldikdə isə, təmsil
etdiyiniz ölkələrlə bizim aramızda
bütövlükdə çox dost münasibətlər,
etimada söykənən qarşılıqlı səmimi dəstəkləmə
münasibətləri qurulmuşdur. Bu dəstək həm də
əməkdaşlığın mövcud olduğu səviyyədə
özünü büruzə verir.
Müasir dövrdə biz hamımız
qarşılıqlı surətdə bağlıyıq və
hüquq pozuntularının profilaktikası və aradan
qaldırılması üzrə birgə tədbirlər zəruri
olduqda əməkdaşlığın potensialını,
informasiya mübadiləsini gücləndirməyə
çalışmalıyıq. Dünyada təhdidlər
artır. Həmin təhdidlərin xarakteri dəyişməz
qalsa da, formaları dəyişir. Əlbəttə, biz yeni
çağırışlara, yeni təhdidlərə
hazır olmalıyıq. Vətəndaşlarımızın
bir çox mənada təhlükəsizliyi və həyatı
dost ölkələrin, - indiki halda MDB məkanında, -
qarşılıqlı fəaliyyətinin nə dərəcədə
səmərəli təşkil edilməsindən asılı
olacaqdır. Yəni, mən bizim və MDB ölkələrinin
daxili işlər orqanları arasında əməkdaşlığı
təşkilatımız çərçivəsində,
habelə ikitərəfli formatda çox müsbət dəyərləndirirəm
və qiymətləndirirəm. Əminəm ki, Bakıda
keçirəcəyiniz günlər inkişafın gələcək
yollarının müəyyən edilməsi, bu əməkdaşlığın
möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli
olacaqdır. Bu əməkdaşlıq həm də ümumi
müsbət meylin ayrılmaz hissəsidir. Azərbaycan
postsovet məkanında MDB-nin fəal üzvüdür, bir
çox proqramlarda, bir çox layihələrdə - həm
humanitar, həm iqtisadi sahələrdə, həm də təhlükəsizliyin
möhkəmləndirilməsi məsələlərində
iştirak edir.
Azərbaycan Prezidenti Müstəqil
Dövlətlər Birliyinin iştirakçısı olan
ölkələrin rəhbərləri ilə
görüşlərində də regional təhlükəsizlik
məsələlərinə həmişə böyük
önəm verdiklərini vurğulayaraq bildirdi:
- Sizin ölkələrinizin rəhbərləri
ilə əlaqələrim və görüşlərimdə
digər məsələlərlə yanaşı, biz həmişə
bu mövzuları müzakirə edir və həmişə bu
istiqamətdə irəliləyiş olduğunu qeyd edirik. Əlbəttə,
ilk növbədə söhbət bilavasitə qonşular
arasında əməkdaşlıqdan gedir. Bu əməkdaşlığın,
təbii ki, xüsusi formatı vardır, çünki
qonşu ölkələrdə təhlükəsizlik,
ümumiyyətlə, sənin öz təhlükəsizliyinin
bir hissəsidir. Ölkələrimiz arasında vizasız
rejim, kifayət qədər sərbəst yerdəyişmə
nəzərə alınarsa,
qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi
məsələləri çox vacibdir. Çünki ölkələrimizdə,
təəssüf ki, bəzən gözlənilməz hadisələr,
terror həmlələri baş verir. Təbii ki, biz bu
çağırışlara hazır olmalı, səyləri
birləşdirməli, informasiya mübadiləsi
aparmalıyıq. Sizin təmsil etdiyiniz ölkələrlə
Azərbaycanın qarşılıqlı fəaliyyətinin səviyyəsi
çox yüksəkdir.
Daha sonra Prezident İlham Əliyev
ölkəmizin İnterpol ilə uğurlu əməkdaşlıq
etdiyini diqqətə çatdıraraq bildirdi:
- Mən bu gün dostumuz cənab Noblu
görməyə çox şadam. O, artıq ilk dəfə
deyildir ki, Azərbaycana gəlir. Azərbaycan və İnterpol
arasında əməkdaşlıq ən yüksək səviyyədədir.
İnterpoldan aldığımız dəstək, texniki dəstək
və məsləhətlər bizim üçün çox
vacibdir. Mənə çox xoşdur ki, siz bu gün bu iclasda
iştirak edirsiniz. Bu da çoxtərəfli əməkdaşlığın
əlamətidir. Çünki vətəndaşlarımızın
dinc həyatını qorumaq üçün belə məsələlərdə
maksimum sayda ölkə birlikdə, necə deyərlər, bir
qayıqda olmalıdır.
Mən bir daha sizi ürəkdən
salamlamaq, bizim nazirin dəvətini qəbul edib Bakıya gəldiyinizə
görə sizə minnətdarlığımı bildirmək
istəyirəm. Əminəm ki, bu günlər əməkdaşlığımız
üçün əhəmiyyətli və şəxsi planda
isə sizin üçün yaddaqalan olacaqdır.
İclasın gündəliyində duran
məsələlərin müzakirəsi zamanı
iştirakçıların yekdil fikrə gəldiyini
vurğulayan Azərbaycanın daxili işlər naziri Ramil
Usubov transmilli cinayətkarlıqla mübarizədə
qarşılıqlı fəaliyyətin xüsusilə vacib
olduğunu vurğulayaraq dedi:
- Biz belə bir ümumi fikrə gəlmişik
ki, cənab Prezident, Sizin qeyd etdiyiniz kimi, birgə fəaliyyət
doğrudan da çox zəruridir, xüsusən transmilli cinayətkarlığa
qarşı mübarizə məsələsində. Burada təmsil
olunan bütün ölkələrlə bizim çox
yaxşı münasibətlərimiz vardır. Xüsusilə,
sizin düzgün qeyd etdiyiniz kimi, qonşu ölkələrlə.
Ələlxüsus Şimali Qafqaz, sərhədyanı
bölgələr məsələsində Rusiya Daxili
İşlər Nazirliyi ilə çox yaxşı münasibətlərimiz
vardır. Rəhbərlər tez-tez, ildə bir-iki dəfə
görüşürlər. Dünən və bu gün biz bu
birgə fəaliyyəti gələcəkdə də davam
etdirməkdən danışmışıq.
Rusiyanın daxili işlər naziri
Vladimir Kolokoltsev tədbirin Azərbaycanda keçirilməsi
üçün yaradılmış şəraitə görə
Prezident İlham Əliyevə minnətdarlığını
bildirərək söylədi:
- MDB ölkələrinin Daxili
İşlər Nazirləri Şurası həqiqətən
cinayətkarlığa qarşı mübarizə sahəsində
dövlətlərarası xarakter daşıyan bir çox məsələləri
həll etməyə imkan verir. Hətta bugünkü iclasda
biz praktiki olaraq işimizin bütün prioritet istiqamətlərini
müzakirə etdik, cinayətkarlığa qarşı
mübarizəyə dair dövlətlərarası
proqramların icrasının aralıq yekununu vurduq, gələcək
əməkdaşlığımızın
konsepsiyasını yaratmağın zəruri olduğunu müəyyənləşdirdik.
Rusiyanın daxili işlər naziri
Bakıda keçirilən iclasda müzakirə olunan məsələlər
və qəbul ediləcək qərarların MDB dövlətlərinin
cinayətkarlığa qarşı
birgə mübarizəsi baxımından önəmli
olacağını bildirdi.
AzərTAc
Azərbaycan.-2012.-
8 sentyabr.- S. 3.