Azərbaycan Prezidenti İlham Əliyevin və NATO-nun baş katibi Anders Foq Rasmussenin birgə mətbuat konfransı

 

 Sentyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussen birgə mətbuat konfransı keçirmişlər.

Azərbaycan Prezidenti və NATO-nun baş katibi əvvəlcə bəyanatlarla çıxış etdilər.

 

Prezident İlham Əliyevin bəyanatı

 

- Hörmətli cənab baş katib!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Sizi bir daha ölkəmizdə salamlamaq istəyirəm. Çox şadam ki,  Azərbaycana səfər edirsiniz. Biz sizin ölkəmizə səfərinizə böyük əhəmiyyət veririk. Bu, tərəfdaşlıq və dostluğumuzun rəmzidir. Mən həmçinin bu ilin fevralında Brüsseldə keçirdiyimiz görüşümüzü xatırlayıram. Bizim qarşılıqlı maraq doğuran məsələlər ətrafında çox səmimi və açıq müzakirələrimiz oldu. NATO ilə Azərbaycan arasında bu fəal dialoq regional sabitlik və əməkdaşlıq üçün olduqca vacibdir. Azərbaycan NATO-nun çox etibarlı tərəfdaşıdır. Mən həmçinin Şimali Atlantika Şurasının üzv dövlətlərinin səfirləri ilə keçirdiyim görüşü və apardığımız müzakirələrdən sonra onların şərhlərini xatırlayıram. Bu şərhlərin hamısı ölkəmiz haqqında müsbət mövqe yaradırdı. Bu, göstərir ki, ikitərəfli səviyyədə üzv dövlətlərlə də bizim olduqca konstruktiv münasibətlərimiz vardır. Azərbaycan ilə NATO-ya üzv dövlətlər arasında olan münasibətlər çox geniş, proqnozlaşdırılan və dostluq xarakteri daşıyan münasibətlərdir. Bu isə öz növbəsində NATO ilə Azərbaycan arasında mövcud əlaqələri daha da gücləndirir.

Biz bir çox məsələlər üzərində çalışırıq. O məsələlərdən biri Əfqanıstandakı vəziyyətdir. İlk günlərdən Azərbaycan sülhməramlı əməliyyatlarda iştirak edib və beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin apardığı əməliyyatlara töhfə verib. Əfqanıstandakı hərbçilərimizin sayını 2 dəfə artırmışıq. Biz yerləşdirmə, tranzit, logistika, o cümlədən hava məkanından istifadə dəstəyi ilə töhfəmizi də veririk. Bu gün Əfqanıstana göndərilən qeyri-hərbi yüklərin 30 faizindən çox hissəsi Azərbaycan ərazisi ilə daşınır. Biz fəaliyyətimizi davam etdirməyə hazırıq. Cənab baş katibin bu gün qeyd etdiyi kimi, 2014-cü ildən sonra da bu işlər davam etdiriləcəkdir. Biz 2014-cü ildən sonra da proseslərin inkişafında iştirak etməyə hazırıq. Biz həmçinin təlim proqramlarında, qeyri-hərbi yardım proqramlarında iştirak edirik. Biz əfqan milli ordusunun qəyyumluq fonduna yardım etmişik və əlavə yardımların göstərilməsi ilə bağlı bəyanat vermişik. Başqa sözlə desək, bu əməkdaşlıq çox səmimi və açıqdır və ortaq dəyərlərə əsaslanır. Biz əlimizdən gələni edəcəyik ki, əfqan dostlarımız qarşılaşdıqları çətinlikləri aradan qaldıra bilsinlər. 

 Bu gün biz həmçinin regiondakı vəziyyəti, regional təhlükəsizliyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Azərbaycan münaqişənin tezliklə, beynəlxalq hüquq və ərazi bütövlüyü prinsipləri əsasında həllinə çalışır. Ərazi bütövlüyümüzə verdiyi dəstəyə görə NATO-ya çox minnətdarıq. Bu, Çikaqo sammitinin, o cümlədən əvvəlki Lissabon və Buxarest sammitlərinin sənədlərində əks olunub. Azərbaycan torpaqları demək olar ki, 20 ildir işğal altındadır. Biz bu ədalətsizliyə son qoymalıyıq, bu regional təhlükəni aradan qaldırmalıyıq.

Müzakirə etdiyimiz mövzulardan biri enerji təhlükəsizliyi idi. Azərbaycan bu məsələ ilə bağlı NATO-nun üzv dövlətləri ilə sıx işləyir. Biz nəhəng enerji ehtiyatları aşkar etmişik. Çox müasir daşıma infrastrukturuna, boru kəmərlərinə malikik. Biz yeni TANAP boru kəmərinin tikintisini planlaşdırırıq. Bu boru kəməri ilə resurslarımızı Avropa bazarlarına nəql edə biləcəyik. Enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan öz səylərini davam etdirməyə, tərəfdaşlığın gücləndirilməsinə hazırdır. Əminəm ki, bu tərəfdaşlıq davam edəcək, xüsusən də nəzərə alsaq ki, biz enerji təhlükəsizliyi məsələləri üzrə üzv dövlətlərlə artıq iş aparırıq, uğurlu olacaqdır. Bəzi üzv ölkələrin enerji balansında Azərbaycan neftinin payı 30 faizdən artıqdır. Əminəm ki, vaxt gələcək bizim qazımız da Avropadakı dostlarımızın və qonşularımızın qaz istehlakında mühüm yer tutacaqdır.

Cənab baş katib! Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlamaq istəyirəm. Bu, sizin ölkəmizə ilk səfərinizdir. Biz çox şadıq ki, siz bu səfəri həyata keçirirsiniz. Bu səfər bizə NATO ilə Azərbaycan arasında daha yaxşı münasibətlər və daha sıx əməkdaşlıq qurmağa imkan yaradacaqdır. Çox sağ olun.

 

 

Azərbaycan.-2012.- 8 sentyabr.- S. 1.