Azərbaycan Prezidenti İlham Əliyevin və NATO-nun baş katibi Anders Foq Rasmussenin birgə mətbuat konfransı
Baş katib Anders Foq Rasmussenin bəyanatı
- Cənab Prezident!
Söylədiyiniz xoş sözlərə və səmimi qəbula görə sizə dərin minnətdarlığımı bildirirəm. Bakıya ilk səfərimdən olduqca
məmnunam. Bu onu göstərir ki, NATO Cənubi Qafqaz regionuna sadiqdir və belə də qalacaqdır. Azərbaycan NATO üçün
mühüm tərəfdaşdır.
Münasibətlərimiz sabit
və müsbət olaraq inkişaf edir. Biz sizin hərbçilərinizin Əfqanıstana
verdiyi qəti dəstəyi yüksək
dəyərləndiririk. Onlar
nümunəvi xidmət
göstərirlər. Siz
onlarla fəxr edə bilərsiniz.
Biz hava məkanından
istifadə və tranzit marşrutları vasitəsilə NATO-ya verdiyiniz siyasi dəstəyi də yüksək qiymətləndiririk.
Əfqanıstanın təhlükəsizlik
qüvvələrinə keçirilən
təlimlərə verdiyiniz
mühüm maliyyə
töhfəsinə görə
minnətdarıq. Biz bir
yerdə razılığa
gəldik ki,
2014-cü ildə beynəlxalq
təhlükəsizliyə yardım qüvvələrinin
əməliyyatları başa
çatdıqdan sonra
da əfqan tərəfinə dəstəyimizi
davam etdirək. Mən böyük məmnunluq hissi ilə Prezident Əliyevdən eşitdim ki, Azərbaycan həmin prosesdə iştirak edəcəkdir.
Bu, Əfqanıstanda və
regiondakı sabitlik üçün həyati
əhəmiyyət daşıyır.
NATO Azərbaycana müdafiə və təhlükəsizlik islahatları
sahəsində dəstək
göstərir. Biz istəyirik
ki, siz həmin
mühüm sahələrdəki
dinamikanı qoruyub saxlayasınız. Biz həmçinin
çoxlu sayda partlamamış mərmilərin
zərərsizləşdirilməsində
və 100 hektarlarla torpağın bundan təmizlənməsində yardım
edirik. Bu, dünyada bu cür layihələrdən
ən böyüyüdür
və insanların marağına xidmət edən layihədir. Beləliklə, dialoqumuzun
və əməkdaşlığımızın
güclü çərçivəsi
vardır. Biz uğurlarımızı
davam etdirməkdə,
illər boyu Əfqanıstanda birgə
işləyərək hərbi
qüvvələrimizin əldə
etdiyi əməli təcrübənin artırılmasında,
XXI əsrdə qloballaşan
dünyada hamının
üzləşdiyi təhlükəsizlik
çağırışlarını birgə işləyərək
aradan qaldırmaqda israrlıyıq. Bir sözlə, Azərbaycan
NATO üçün və
NATO isə Azərbaycan
üçün dəyərli
tərəfdaşlardır. Biz güclü, uzunmüddətli
tərəfdaşlığı qurmaq imkanına malikik və əminəm ki, bu fürsətdən istifadə etməyə çalışmalıyıq. Sağ olun.
* * *
Sonra Azərbaycan
dövlətinin başçısı
və Alyansın baş katibi jurnalistlərin
suallarına cavab verdilər.
"Frans Press" agentliyi: Cənab Rasmussen, Ramil Səfərovun əfv olunmasından sonra Ermənistan təhlükəsizlik şurasının
iclasında çıxış
edən prezident Serj Sarkisyan "Azərbaycan özündən
küssün" bəyanatını
vermişdir. Bundan sonra erməni terror təşkilatı "ASALA" Azərbaycan vətəndaşlarını
ölümlə hədələmişdir.
NATO-nun baş katibi olaraq Ermənistan prezidentinin terrora siqnal bəyanatlarına münasibətiniz necədir?
NATO-nun baş katibi Anders Foq RASMUSSEN: Təbii ki, NATO-nun müttəfiqləri terrorçuluğu
bütün formalarda pisləyirlər. Biz bütün
məsuliyyətli siyasi
liderlərə müraciət
edirik ki, onlar terrorçuluğun həvəsləndirilməsindən çəkinsinlər. Yerli,
regional vəziyyətə gəldikdə,
gərginliyin azaldılmasına,
əməkdaşlığın və barışığın
təşviq edilməsinə
böyük ehtiyac vardır. Mən vəziyyətlə bağlı
çox narahatam. Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllini görəcəyik. NATO Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı mövqeyini təşkilatın
Çikaqo sammitində
bildirib. NATO bu münaqişənin həllinin
tapılmasında birbaşa
iştirak edən təşkilat deyildir və Minsk prosesini dəstəkləyir. Buna əsaslanaraq,
biz münaqişənin sülh
yolu ilə həllini görməyə
ümid edirik.
Azərbaycan Prezidenti
İlham ƏLİYEV: İcazə
verin, mən də bir neçə
söz əlavə edim. Mən Ramil Səfərovun məsələsi ilə bağlı danışmaq
istərdim. Reaksiyalara
cavab olaraq qeyd edirəm ki, Ramil Səfərovla
bağlı qərar Avropa Konvensiyasına uyğun verilib və Prezidentin sərəncamı ilə
onun əfv edilməsi Azərbaycan Konstitusiyasına uyğundur.
Buna görə ümumi
nöqteyi-nəzərdən vəziyyət tam aydındır.
Azərbaycanı Konvensiyanın
pozulmasında günahlandırmağa
çalışanlar ya
reallığı bilmir,
ya da ictimai
rəyi çaşdırmaq
istəyirlər. Onu da qeyd etmək
istəyirəm ki, Ermənistan bundan Azərbaycanla sülh prosesinə xələl gətirmək üçün
fürsət kimi istifadə etməli deyildir. Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
beynəlxalq hüquq normaları əsasında
sülh yolu ilə həllinə sadiqdir. Minsk qrupunun həmsədr ölkələrinin
prezidentlərinin verdiyi
bəyanat bizi çox həvəsləndirdi.
Bu bəyanatda deyilirdi
ki, status-kvo qəbuledilməzdir. Bu status-kvo
dəyişilməlidir. Ermənistan
status-kvonu qoruyub saxlamağa çalışır.
Ötən ilin
iyul ayında Kazan şəhərində keçirilmiş
görüş məsələnin
sülh yolu ilə həllinin tapılmasında son cəhd
idi. Hazırda isə sülh prosesi durğunluq vəziyyəti alıb. Fikrimcə, beynəlxalq ictimaiyyət və ilk növbədə, Minsk qrupu
Ermənistana imkan verməməlidir ki, bunu səbəb kimi istifadə etsin və danışıqları
tamamilə dondursun.
Ramil Səfərovun
məsələsinə gəldikdə,
bir daha bildirmək istəyirəm
ki, qərar beynəlxalq hüquq norma və qaydalarına
uyğun verilib. Mən sadəcə, ermənilərə xatırlatmaq
istəyirəm. Fransanın
Orli hava limanında 2001-ci ildə Avropa və Amerika vətəndaşlarının
qətli ilə nəticələnən terror aktını
törədən şəxs
Fransadan Ermənistana ekstradisiya olunmuşdu. Baxmayaraq ki, o, Ermənistan vətəndaşı
da deyildi, Ermənistan prezidenti isə onu əfv
etdi. Mən terrorçular ilə zabitimiz arasında paralellik aparmaq istəməzdim. Lakin zabitimiz həbsdə artıq 9 il cəzasını çəkib.
O, cəzalandırıldı, onun əfvi ilə bağlı qərar hüquqi nöqteyi-nəzərdən düzgün
qərardır. Bu, Prezidentin
qəbul etdiyi qərardır və düzgün qərardır.
Azərbaycan öz zabitini vətənə qaytardı.
Azad Azərbaycan Televiziyası: Cənab baş katib, bildiyiniz kimi, Dağlıq Qarabağ da daxil olmaqla,
Azərbaycan torpaqları
təxminən 20 ildir
Ermənistanın işğalı
altındadır. Bu münaqişə
Azərbaycan kəndlərinin
və şəhərlərinin
dağıdılması ilə
nəticələnib. Bir
milyondan artıq vətəndaşımız hələ
də qaçqın və məcburi köçkün kimi yaşayır. Bununla belə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin ATƏT çərçivəsində gedən danışıqlar,
yəni, sülh yolu ilə həlli,
göründüyü kimi,
hələlik istənilən
nəticəni verməmişdir.
Münaqişənin ədalətli
həllinə NATO hansı
töhfəni verə
bilər?
Baş katib
Anders Foq RASMUSSEN: Əvvəlcə
verdiyim cavabda artıq qeyd etdiyim kimi, NATO bir təşkilat kimi Dağlıq Qarabağ münaqişəsinin
həllinin tapılmasında
birbaşa iştirak etmir. Biz bu cür
ağır münaqişəni
sülh yolu ilə həll etmək məqsədini qarşısında qoyan
Minsk qrupunun apardığı
prosesi dəstəkləyirik.
Biz Çikaqo sammitinin
bəyannaməsində mövqeyimizi
açıq şəkildə
bildirmişik. Biz regionda
gərginliyin azalmasına
və əməkdaşlığın,
barışığın təşviq edilməsinə
çalışırıq.
Prezident İlham
ƏLİYEV: Mən də
bu fürsətdən
istifadə edib NATO-nun
tutduğu mövqeyə
görə təşəkkür
etmək istəyirəm.
Bu, öncə qeyd etdiyim kimi, Çikaqo
sammitində və əvvəlki sammitlərdə
qəbul edilən sənədlərdə əksini
tapıb. Biz bu mövqeyi yüksək dəyərləndiririk. Bir
daha qeyd etmək istəyirəm ki, Ermənistan-Azərbaycan
münaqişəsinin tezliklə
həlli bütün ölkələrin marağına
xidmət edən məsələdir. Bu, Azərbaycanın
marağındadır. Çünki
bu, bizə işğaldan əziyyət
çəkən insanların
öz yurd-yuvalarına
qayıtmasına imkan
yaradacaqdır. Bu, Ermənistanın
maraqlarına uyğundur.
Çünki gərginliyin
azaldılması və
qonşular arasında
münasibətlərin normallaşması
onların marağına
xidmət edəcəkdir.
Buna görə biz ümidvarıq
ki, Ermənistanın mövqeyi dəyişəcək,
onlar münaqişənin
həllinin tapılması
məqsədilə Azərbaycan
ilə mümkün qədər tez fəal və konstruktiv danışıqlar
prosesini bərpa edəcəklər.
Azərbaycan.-2012.-
8 sentyabr.- S. 2.