Bahar MURADOVA: «Həmsədr ölkələr ASALA-nın terror hədələrinə münasibət bildirməlidirlər»

 

 "ATƏT-in Minsk qrupunun fəaliyyətinin qənaətbəxş olmaması Azərbaycan ictimaiyyətini həmişə narahat edibbu gün də etməkdədir". APA-nın xəbərinə görə, bu fikri YAP-ın rəsmi saytına Milli Məclisin Sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

Minsk qrupu həmsədrlərinin son bəyanatında Ramil Səfərovun azadlığa çıxması ilə bağlı fikirlərə gəlincə, B.Muradova bildirib ki, həmsədrlərin tərəf tutması yenilik deyil: "Ümumiyyətlə, Azərbaycan cəmiyyətində həmsədrlərin məsələyə obyektiv yanaşmaması ilə əlaqədar narahatlıq var. Azərbaycanın əraziləri addım-addım işğal olunsa da, azərbaycanlılar hərbi təcavüz nəticəsində öz torpaqlarından çıxarılıb həyatları təhlükədə olanda da dünya birliyi, beynəlxalq təşkilatlar səslərini çıxarmadılar. 20 ildən artıqdır ki, torpaqlarımız işğal altındadır, günahsız insanlar həlak olur, Ermənistanın təcavüzkar siyasəti davam etməkdədir, amma buna münasibət bildirilmir. Beynəlxalq dairələr tərəfindən yalnız münaqişə haqqında Ermənistanla Azərbaycan bərabərləşdirilərək münasibət ifadə edilir. Bu yanaşma həmişə bizi narahat edir. Görünən odur ki, Ramil Səfərovun azad edilməsindən onlar dərhal narahat olduqlarını bildirməyə başlayırlar. Bununla da Ermənistana bir növ beynəlxalq aləmdə öz korlanmış imicini və ləkələnmiş vicdanını yumaq istiqamətində dəstəkçi rolunda çıxış edirlər. Mən proseslərin hazırkı gedişində onların diqqətini bir daha diplomatlarımızı öldürəcəklərini bəyan edən ASALA terror təşkilatının hədə dolu məktubuna yönəltmək istəyirəm. Bununla bağlı münasibətlərini ifadə etsinlər. 9 yaşlı Fariz Bədəlovun ermənilər tərəfindən snayperlə öldürülməsinə, ayrı-ayrı dinc sakinlərin qətlə yetirilməsinə, yüz minlərlə insanın ev-eşiyindən didərgin düşməsinə münasibət bildirmədilər. Hazırda konkret fakt ortadadır və mən də ATƏT-in Minsk qrupunun həmsədrlərinə, eləcə də ABŞ prezidentinə və digər həmsədr ölkələrin rəhbərlərinə müraciət edirəm ki, ASALA-nın bu bəyanatına münasibət bildirsinlər. Çünki terrora qarşı alyansda Azərbaycan çox önəmli yer tutur.

Azərbaycanın nəinki region, bütün dünya üçün əhəmiyyəti günbəgün artmaqdadır. Müraciət edərək onlara deyirəm ki, terrora qarşı alyansda sizin strateji tərəfdaşınız olan bir ölkənin diplomatlarına terror hədəsi ortadadır. Buna münasibət bildirmək lazımdır. Münasibət bildirmirsinizsə, onda biz sizi beynəlxalq erməniliyə, erməni maraqlarına xidmət edən insanlar kimi qəbul etmək məcburiyyətində qalacağıq. Siz bu məcburiyyəti bizə yaşatmayın".

 

 

Azərbaycan.-2012.- 8 sentyabr.- S. 7.