Dünya birliyi erməni terroru təhlükəsinə
daha ciddi
yanaşmalıdır
Terroru dövlət siyasətinə çevirən
Ermənistana qarşı beynəlxalq hüquq
normalarına uyğun tədbirlər
görülməlidir
Tarixən "böyük Ermənistan"
yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri
bütövlükdə bəşəriyyətə və
insanlığa qarşı yönəlmiş
soyqırımı, terror siyasəti həyata
keçirmiş, dəhşətli cinayətlərə əl
atmışlar. Faktlar göstərir
ki, bədnam qonşularımız olan ermənilər bu qeyri-hüquqi iddialarını
reallaşdırmaq naminə təcavüzkarlıq siyasətini
"milli mübarizə" yoluna çevirərək dövlət səviyyəsində
dəstəkləmişlər. Bu zaman isə onlar
müəyyən xarici qüvvələrin
maraqlarının ifadəsinə çevrilmiş,
bəzi dövlətlər Cənubi Qafqaz
və Qərbi Asiyada möhkəmlənmək
üçün daim
"erməni məsələsi"ndən öz
mənafelərinə uyğun şəkildə
istifadə etməyə çalışmışlar.
Erməni millətçilərinin
xalqımıza qarşı apardığı
soyqırımı və təcavüz siyasətinin iki yüz ildən
artıq tarixi var. Mənfur
siyasətin məqsədi azərbaycanlıları qədim tarixi torpaqlarından
sıxışdırıb çıxarmaq, bu
ərazilərdə erməni ideoloqlarının uydurduğu "böyük
Ermənistan" dövləti qurmaqdır. Bu məqsədlə mərhələlərlə
həyata keçirilən terror və
soyqırımı siyasətinin qanlı fəsadları təkcə
böyük türk
dünyasının deyil, bütün
bəşəriyyətin başı üstünü
qara kabus kimi bürüməklə əsrlər boyu bu vandalizmin
qurbanı olmuş Azərbaycan
xalqının qan yaddaşında dərin
izlər buraxmışdır.
Hər il mart ayının 31-i Azərbaycanda
dövlət səviyyəsində azərbaycanlıların
soyqırımı günü kimi qeyd edilir.
Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli
hadisələrin xalqın yaddaşındakı qanlı izlərini
özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə
öldürülməsini, repressiyalara məruz
qalmasını XX yüzilliyin ən
qanlı səhifələrindən biri hesab etmək olar. 1998-ci il martın 26-da ümummilli
lider Heydər Əliyevin
imzaladığı "Azərbaycanlıların
soyqırımı haqqında" fərman erməni millətçilərinin
hərəkətlərinə verilən ilk
dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur.
Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin
milli yaddaşının qorunması
baxımından da bir
növ proqram sənədidir.
Fərmanda deyilir ki,
"Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi
keçmişinin obyektiv
mənzərəsini yaratmaq imkanı əldə
edilmişdir. Uzun illər
gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər
açılır, təhrif olunmuş
hadisələr özünün əsl
qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə
törədilmiş və uzun illərdən
bəri öz siyasi-hüquqi
qiymətini almamış soyqırımı da
tarixin açılmamış səhifələrindən
biridir".
XIX əsrin ikinci yarısından ermənilərin azərbaycanlılara
qarşı soyqırımı siyasəti təşkilatlanmış və
planlı şəkildə aparılmışdır. Azərbaycan, Türkiyə və Gürcüstan
ərazisində "böyük Ermənistan"
dövləti qurmaq xülyasına düşmüş ermənilər "Qnçaq" (1887-ci ildə Cenevrədə qurulub), "Daşnaksütyun"
(1890, Tiflis), "Erməni Vətənpərvərləri
İttifaqı" (1895, Nyu-York) kimi siyasi-terror təşkilatlarını
bu istiqamətə yönəltmişdilər.
Sözügedən təşkilatların fəaliyyət
proqramlarında azərbaycanlılara qarşı
ardıcıl terror və
qırğın aksiyaları həyata keçirmək məramı
əsas yer tuturdu.
Ermənistanın
1987-1988-ci illərdən başlayaraq
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı tutduğu mövqe və atdığı hər bir addım beynəlxalq hüquqla
qadağan edilmiş zor tətbiq etməyə, digər dövlətin
ərazisini ilhaq etməyə əsaslanır.
1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ münaqişəsinin əsasında
da məhz bu ərazinin
müəyyən bəhanələrlə Azərbaycandan
qoparılaraq Ermənistana birləşdirilməsi məqsədi
dayanır. 1988-ci il fevralın 20-də ermənilərin
Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in
tərkibinə daxil edilməsı
haqqında qeyri-konstitusion qərar verməsi,
eləcə də SSRİ rəhbərliyinin bu
vilayəti Xüsusi İdarəetmə
Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən
çıxarmağa çalışması ilə Azərbaycan
zorla hərbi münaqişəyə cəlb
edilmişdir.
Ermənistanın dövlət səviyyəsində
dəstəklədiyi terror
aktlarının başlıca hədəfi də təcavüzkar
separatçılıq vasitəsilə Azərbaycan ərazisinin
ilhaqına yönəlmişdir. Ermənistanın
soyqırımı və terror siyasəti
nəinki Qafqaz bölgəsində sabitliyi pozur, eləcə
də Azərbaycanla yanaşı, digər dövlətlərin
də milli maraqlarını təhdid edir. XX əsrdə Azərbaycan ərazilərinin
ilhaqı məqsədilə terrorizmi və
separatizmi özünə başlıca
vasitə kimi seçən və dövlət
səviyyəsində dəstəkləyən ermənilər
1988-ci ildən bəri Azərbaycanda izləri Ermənistana və
Qarabağ separatçılarına gedib çıxan 373 terror
aktı törətmişlər. Nəticədə 1600-ə
yaxın insan həlak olmuş,
1808 nəfər yaralanmışdır. Terror aktları nəticəsində
həlak olanların böyük əksəriyyətini
qadın, uşaq və qocalar
təşkil edir. 1988-ci ildən etibarən
bu mənfur siyasətin hansı faciələrlə
nəticələndiyi bir sıra dövlətlər
və beynəlxalq təşkilatlar tərəfindən etiraf olunsa da, hərbi
qarşıdurma zonasından yüz
kilometrlərlə kənarda yerləşən
yaşayış məntəqələrində erməni
separatçıları tərəfindən törədilən
və minlərlə dinc insanın -
müsəlmanın, türkün məhvi
ilə nəticələnən çoxsaylı terror aktlarına yanaşmada "ikili
standartlar"ın mövcudluğu ciddi narahatlıq doğurur.
Ötən əsrin 90-cı illərinin
əvvəllərində Ermənistanın rəsmi dairələri
"Daşnaksütyun", ASALA, MAQ, "Erməni
birliyi", "Erməni Azadlıq Cəbhəsi" və
digər "məşhur" terror təşkilatlarının
fəallarının reabilitasiyası məqsədilə
genişmiqyaslı kampaniyaya başlamış, onlara
sığınacaq vermiş, yaşayış və fəaliyyətləri
üçün şərait yaratmış, lazımi maliyyə
dəstəyi göstərmişlər. 1983-cü ilin iyun
ayında Parisdə Orli aeroportunda 8 nəfərin
ölümü və 50-dək insanın yaralanması ilə
nəticələnmiş terror aktına görə
ömürlük həbs cəzasına məhkum edilmiş
terrorçu V.Qarabedyanın azad olunması üçün
Ermənistanda dövlət səviyyəsində imzatoplama
kampaniyası keçirilmişdir. 2001-ci ilin aprelində Fransa
məhkəməsi tərəfindən azad olunan terrorçu
Ermənistanda rəsmi sığınacaq tapmışdır.
"Məşhur"
terrorçu, Qərbi Avropada
"ASALA-nın inqilabi hərəkatı"
adlı qruplaşmanın rəhbəri, 1981-ci ildə
Türkiyənin Romadakı səfirinə sui-qəsd etdiyinə
görə həbs olunmuş M.Melkonyan 1990-cı ildə Fransa
həbsxanasından buraxılaraq Ermənistana gəlmiş və
terror fəaliyyətini davam
etdirmək üçün Dağlıq Qarabağa
göndərilmiş və Xocavənd döyüşlərində
məhv edilmişdir.
1992-ci
il fevralın 26-da ermənilər Azərbaycan
Respublikasının Xocalı şəhərinin əhalisinə
misli görünməyən divan tutmuş, tarixə
Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə çoxlu sayda azərbaycanlının
məhv edilməsi, əsir alınması, şəhərin
yerlə-yeksan edilməsi ilə nəticələnmişdir. 1992-ci
il fevralın 25-dən 26-na keçən
gecə xüsusi qəddarlıqla törədilmiş
Xocalı soyqırımı erməni şovinist-millətçilərinin
azərbaycanlılara qarşı iki əsrdən
artıq müddətdə həyata keçirdiyi
etnik təmizləmə və
soyqırımı siyasətinin davamı, qanlı səhifəsidir.
Xocalı faciəsi Ermənistanın Dağlıq
Qarabağı işğal etmək məqsədilə
apardığı işğalçılıq müharibəsinin
gedişində dinc azərbaycanlı əhaliyə
qarşı törədilmiş soyqırımı cinayətlərinin
miqyasca ən dəhşətlisidir.
Erməni
təcavüzkarlarının Azərbaycan xalqına
qarşı törətdikləri növbəti genosid - Xocalı soyqırımı 613 nəfərin,
o cümlədən 106 qadının, 63
azyaşlı uşağın, 70 qocanın həyatına son qoymuş, 487 nəfər
şikəst olmuş, 1275 dinc sakin girov götürülmüş,
150 nəfər itkin düşmüşdür.
Bu soyqırımı aktı nəticəsində
bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki əhali
görünməmiş qəddarlıqla qətlə yetirilmiş, girov
götürülənlərə amansız işgəncə
verilmişdir. Həmin əməllərin
əvvəlcədən düşünülmüş
qaydada, milli zəmində
insanların məhv edilməsi niyyəti ilə törədilməsi
faciənin məhz soyqırımı olduğunun
sübutudur.
BMT
Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli
96 saylı qətnaməsində qeyd olunur ki, genosid,
insan qruplarının yaşamaq
hüququnu tanımamaqla insan
mənliyini təhqir edir, bəşəriyyəti
insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan
məhrum edir. Belə bədnam əməllər
BMT-nin məqsəd və vəzifələrinə
tam ziddir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul
edilmiş və 1961-ci ildə qüvvəyə
minən "Genosid cinayətinin
qarşısının alınması və cəzalandırılması
haqqında" Konvensiyada genosid
cinayətinin hüquqi əsası təsbit
olunmuşdur. Konvensiyaya qoşulan
dövlətlər dinc və yaxud müharibə dövründə törədilməsindən
asılı olmayaraq, genosidin
beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu
təsdiq edərək onun
qarşısının alınması və səbəbkarlarının
cəzalandırılması üçün
tədbirlər görməyi öhdələrinə
götürmüşlər. Ermənistanın Azərbaycana
qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit olunmuş
genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Bu
işğalçı ölkənin yürütdüyü
soyqırımı siyasəti uzun illərdir
ki, dünya ictimaiyyətinin
gözü qarşısında baş verir, təəssüf
ki, tədbir görülmür.
Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə
yönələn əməl olmaqla ən
ağır beynəlxalq cinayət sayılır.
Soyqırımı hər hansı milli, irqi, etnik və dini əlamətlərinə görə fərqlənən
xüsusi bir qrupun tamamilə və ya
qismən məhv edilməsinə yönəlmiş hərəkətlərdir.
Bu meyarlar baxımından
1918-ci ilin mart hadisələri,
habelə Xocalı faciəsi soyqırımı cinayəti kimi qiymətləndirilməlidir.
Azərbaycan
Respublikası Milli Məclisinin 1996-cı il 31 may tarixli
"Genosid siyasətinin
qarşısının alınması və onun
cəzalandırılması haqqında Konvensiyaya
qoşulmaq barədə" Azərbaycan
Respublikasının Qanunu da
bu baxımdan az əhəmiyyət
daşımır. Bu qanunla
respublikamız BMT Baş
Assambleyasının 1948-ci il 9 dekabr tarixli
konvensiyasına qoşulmuşdur. Milli Məclisin Xocalı faciəsi ilə
bağlı qərarında ermənilərin
tarixən azərbaycanlılara qarşı
soyqırımı və terror siyasəti
yürütdüyü birmənalı qeyd olunmuşdur:
"Xocalı faciəsi son yüz ildən artıq dövrdə davakar erməni millətçilərinin azərbaycanlılara
qarşı həyata keçirdikləri soyqırımı və
etnik təmizləmə siyasətinin yeni bir səhifəsi olmuşdur. XIX əsrin
sonlarından etibarən çar
Rusiyasının və digər dövlətlərin gizli və açıq himayəsindən
istifadə edən erməni millətçiləri "böyük Ermənistan" yaratmaq
xülyasına düşmüş, ələ
keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək
niyyəti ilə müxtəlif dövrlərdə Şərqi
Anadoluda və Cənubi Qafqazda
soyqırımı və terror aktları
törədərək 2 milyona qədər
günahsız türkü və azərbaycanlını
vəhşicəsinə qətlə yetirmişlər".
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin zabiti
Ramil Səfərovun ölkəmizə ekstradisiya edilməsi Ermənistan rəhbərliyi,
eləcə də onların xaricdəki diaspor
təşkilatları və bəzi qüvvələr tərəfindən
böyük "narahatlıqla"
qarşılanıb.
"Məhkum edilmiş şəxslərin
verilməsi haqqında" (1983-cü il) Strasburq Konvensiyasına uyğun
olaraq, azərbaycanlı zabit
ölkəmizə təhvil verilib. Bütun bu proses
hüquqi prinsiplərə və normalara uyğun həyata
keçirilsə də, Ermənistan hakimiyyəti bu dəfə də bütün
beynəlxalq hüququ ayaq
altına ataraq terror təşkilatlarına
konkret təlimatlar verib.
ASALA terror təşkilatından ölkəmizin
Macarıstanda və bir sıra digər
ölkələrdəki səfirliklərinə daxil olmuş məktub da bir daha
ermənilərin məkrli planlarından və terrordan
əl çəkməmələrindən xəbər verir. Məktubda azərbaycanlılara
qarşı hədələr, terror qorxusu və vandal
üsulların tətbiq olunacağı ilə bağlı
fikirlərin yer alması erməni xislətini
bir daha ortaya qoyur.
Erməni
vandalları dünyanın gözü
qarşısında Dağlıq Qarabağ
müharibəsində dinc əhaliyə
qarşı məhz bu amansız
metodlarından kifayət qədər istifadə ediblər. Serj Sarkisyan həmin vandalizm aktlarının başında durub. ASALA Fighters terror təşkilatından daxil
olmuş sənəddə Azərbaycan
diplomatları, xaricdə təhsil alan azərbaycanlı
tələbələr, iş adamları,
diaspor təşkilatlarının fəalları
hədəf kimi göstərilir və
onların qətlə yetiriləcəyi bildirilir.
Müasir dövrdə beynəlxalq terrorizmə qarşı fəal
mübarizə aparan dünya
birliyi erməni terroru
təhlükəsinə daha ciddi yanaşmalı, yaxın tarixdə baş vermiş
çoxsaylı insan faciələrinin təkrarlanmasına
yol verməməlidir. Əks təqdirdə,
terror təhlükəsi bütün
bəşəriyyəti bürüyərək daha ciddi nəticələrə
gətirib çıxara bilər.
Elnur HACALIYEV
Azərbaycan.-2012.-
8 sentyabr.- S. 7.