Cıdır düzündən
dünya üzünə
Azərbaycan mədəniyyətinin
beşiyi sayılan Şuşada təkcə musiqiçilər,
xanəndələr, ifaçılar yetişməyib.
Aparılan tədqiqatlar göstərir ki, hərb tariximizdə,
elmdə, hüquq-mühafizə orqanlarında və digər
sahələrdə ad-san
qazanmış dünya şöhrətli insanların
arasında şuşalıların da öz yeri var. Məlumdur
ki, XVIII əsrin ortalarında Pənahəlixan
tərəfindən Şuşa qalası qurulduqda Qarabağ
hakiminin əhəmiyyət verdiyi iki məsələ
xüsusi diqqət çəkir. Bunun biri zərbxananın,
digəri də zorxananın tikilməsidir. Əgər birinci məkanda
xanlığın pulu kəsilirdisə, ikinci yerdə isə
güləşçilər, idmançılar yetişirdi.
Bu fakt da bəllidir ki, Azərbaycanda ilk cıdır
yarışları məhz Şuşada keçirilib. Elə
bu səbəbdən də vaxtilə "Qafur
düzü" adlanan məkan sonradan tarixə Cıdır
düzü kimi həkk edildi.
1911-ci ildə
Şuşada futbol yarışı keçirilib. Bakıdan gələn
futbolçularla şuşalılar görüşüb. Bir
maraqlı fakt da var ki, ötən əsrin 20-30-cu illərində
sonradan məşhur neftçi, neft sənayesi üzrə ilk
Sosialist Əməyi Qəhrəmanı olan şuşalı
Süleyman Vəzirov və onun xalası oğlu Əsəd
Rüstəmbəyov tərəfindən Şuşada futbol
komandası yaradılıb. Bu komanda sonradan Azərbaycanda məşhurlaşıb.
Azərbaycan idman tarixini
araşdırdıqca onun silinməz səhifələrini
naxışlayanlar arasında şuşalıların
xüsusi yer tutması sadəcə fərəh doğurmur,
eyni zamanda, qürur hissi yaradır. Çünki həmin
insanların adları təkcə Azərbaycanda deyil,
dünyada məşhur olub. Belə şərəfli
ömür yaşamış şuşalı
idmançılar haqqında qələmə
aldığımız yazıda məhz həmin şəxsləri
sizə yaxından tanıtmaq istədik.
Tofiq BƏHRAMOV
Dövlət müstəqilliyimizin bərpasından
sonra respublikamızın möhtəşəm
stadionlarından biri Tofiq Bəhramovun adını
daşıyır. O, 1925-ci ildə Şuşa şəhərində
(təəssüf ki, bəzi yazılarda, internet səhifələrində,
hətta ensiklopedik kitablarda onun doğum yeri səhv göstərilib
- F.X.) anadan olub. O, futbol üzrə Ümümittifaq və
beynəlxalq dərəcəli hakim, Azərbaycanın əməkdar
məşqçisi, bədən tərbiyəsi və idman
xadimi idi. 1974-cü ildən ömrünün sonuna kimi Mirzə
Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı
İnstitutunun bədən tərbiyəsi və idman
kafedrasının müdiri işləmişdir. Bir sıra
xarici ölkələrdə beynəlxalq futbol
yarışlarına hakimlik etmişdir.
Tofiq Bəhramov
uşaq vaxtı futbolçu olmaq arzusu ilə yaşayıb.
Bu səbəbdən də 1940-cı ildə gənclərdən
ibarət "Spartak" komandasında çıxış
edib. Sonra "Neftçi"yə dəvət olunub. O,
futbolçu kimi Azərbaycan çempionatında
çıxış edib. Komanda kapitanı kimi öz həmkarlarından
həmişə fərqlənib. Lakin futbol karyerası istədiyi
kimi olmayıb. Ayağından aldığı zədə
onun erkən oyuna son qoyması ilə nəticələnib.
Amma futbola vurğunluq, onu ürəkdən sevmək Tofiq Bəhramovu
sevimli peşəsindən ayrı salmayıb. Hakim kimi idmanda fəaliyyətini davam etdirib. 1951-ci ildə
keçmiş SSRİ çempionatının oyunlarına təyinat
alıb. 1964-cü ildə isə beynəlxalq oyunları idarə
etmək hüququ qazanıb. O, nəinki Azərbaycandan,
keçmiş SSRİ-dən olan ilk hakim idi ki, beynəlxalq
çempionatları idarə etməkdə fərqlənirdi.
İki oyunda baş hakim, altı oyunda yan xətt hakimi kimi
çıxış edən Tofiq Bəhramovun dünya
çempionatının final oyununa düşmək
üçün iki beynəlxalq oyunu idarə etməsi kifayət
edib. Halbuki o zaman bu, çox qeyri-adi bir hadisə idi.
Müasirlərinin söylədiyinə görə, o, məşhur
futbol hakimi Nikolay Latışevdən sonra dünya kubokunun
final mərhələsində hakimlik etmiş ikinci, Avropa
kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub. Bu da
azərbaycanlı - şuşalı balası Tofiq Bəhramovun
Azərbaycan idman tarixinə yazdığı şərəfli
səhifələrdən biridir.
Tofiq Bəhramov keçmiş SSRİ-də
avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də
tarixə düşüb. 1966-cı ildə dünya
çempionatının futbol oyunları Tofiq Bəhramovun
adını idmanın bu sahəsi ilə maraqlanan hər kəsə
tanıtdı. Almaniya və İngiltərə milliləri
arasında baş tutan final oyununda mübahisəli qolu qeydə
alan Tofiq Bəhramovun qərarının doğru olduğunu
sonradan bütün dünya bildi. Həmin ərəfədə
həmyerlimiz "Qızıl fit"lə təltif olundu. Məhz
bu oyundakı dəqiq fəaliyyətinə, dürüst
hakimliyinə görə Böyük Britaniya Kraliçası
Yelizavetta tərəfindən "Qızıl ilahə"
mükafatnı alıb. Maraqlıdır ki, hər iki
mükafatı Britaniya Kraliçasının özü həmyerlimizə
təqdim edib.
Tofiq Bəhramov 1970-ci ildə də
dünya çempionatında hakimlik edib. Ən əsası isə
əfsanəvi yarış sayılan Braziliya-Uruqvay
yarımfinal yarışını da məhz o idarə edib.
Tofiq Bəhramov 1972-ci ildə qitələrarası kubokun
finalını Hollandiyada, Argentinada idarə edib.
Tofiq Bəhramovun xidmətləri
çoxdur. Elə ona görə də ölkənin bir
nömrəli idman arenası - respublika stadionu onun adını
daşıyır. Dünya futbol tarixinə "Qızıl
fit" almış yeganə laynsman kimi düşən Tofiq
Bəhramov 1993-cü ildə dünyasını dəyişib.
Dünyada ilk futbol hakimidir ki, iki dəfə onun adına abidə
ucaldılıb. Eləcə də tanınmış ingilis
yazıçısı Artur Hopkraft həmyerlimizə
özünün ən məşhur "Futbol adamı"
kitabını həsr edib. Əgər bizim üçün
Tofiq Bəhramov dünya çempionatının final oyununu
idarə edən ilk hakim hesab olunursa, ingilislər
üçün o, futbol nəhəngləri ilə bir
sırada dayanır. Məhz Artur Hopkraft adıçəkilən
kitabında yazıb: "Tofiq Bəhramov bayrağını
qaldıranda təkcə "Uembli" (stadion nəzərdə
tutulub - F.X.) deyil, bütün İngiltərə onun
ayaqları altında idi. Hamı fikirləşirdi: bu rus nə
istəyir? Ancaq üstündən on illərlə vaxt
keçəndən sonra hamı başa düşdü ki, o,
rus deyil, möcüzəli bir ölkənin, Azərbaycanın
oğludur. Sonradan futbolçular mənə etiraf etdilər
ki, onlar özlərini yan xətt hakimini qaçıb
qucaqlamaqdan zorla saxlamışdılar. Onlara verilən bu hədiyyəyə
görə yox, öz işini peşəkarcasına yerinə
yetirdiyinə görə".
...Vəfatından 20 ilə yaxın vaxt
keçsə də, Tofiq Bəhramov heç vaxt
unudulmayıb. Ən azından adını daşıyan
stadionda keçirilən beynəlxalq idman yarışları,
sevdiyi futbol oyunları dunyaya yayıldıqca onun da ismi səslənir.
Bundan başqa, unudulmaz futbol hakiminin şərəfinə
seçmə oyunlar və yarışlar keçirilir. Hətta
2006-cı ildə dünya çempionatına həsr olunan
cizgi filminin qəhrəmanı da Tofiq Bəhramov olub.
Eldar ƏZİMZADƏ
Əməkdar
məşqçi, beynəlxalq dərəcəli hakim, bədən
tərbiyəsi və idman xadimi Eldar Əzimzadə
ömrünü Azərbaycanın, eləcə də
dünyanın yaşıl meydanlarında keçirən,
hakimlik missiyasını ləyaqətlə yerinə yetirən
şəxs olub. Futbol milyonların sevimli oyunudur. Onun cazibəsinə
düşənlər adi azarkeşlər deyil. Onların
arasında görkəmli siyasi xadimlər - prezident, baş
nazir, kral, mədəniyyət xadimi, deputat və digər rəsmilər
var. Belə bir oyunda hakim olmaq da çətindir.
Dünyanın gözü qarşısında ədalət
hissini itirməmək, dürüst və səlis hakimlik etmək
həqiqətən də, hər kəsin taleyinə yazılmır.
Eldar Əzimzadə üç dəfə - 1979, 1980 və
1982-ci illərdə SSRİ kimi nəhəng bir ölkənin
ən yaxşı futbol hakimi elan olunmuşdu. Halbuki o zaman
SSRİ-də onlarla tanınmış məşhur hakimlər
var idi. Azərbaycanlı hakimin yaxşıların
yaxşısı hesab olunması, adının məhəbbətlə
çəkilməsi, 90 dəqiqə ərzində verdiyi
düzgün qərarın nəticəsidir. Məhz ədalətli,
yüksək səviyyəli hakimliyinə görə, ən əsası
da prinsipial olduğu üçün ona tez-tez beynəlxalq
futbol oyunlarının meydanları etibar edilirdi. Futbol üzrə
SSRİ çempionatında 148 matçda meydanda olmuşdur.
Belçika, Yunanıstan, İsveçrə, Avstraliya,
İran, Türkiyə, Almaniya, Tunis, Meksika kimi ölkələrdə
keçirilən çempionatlarda, seçmə oyunlarda Eldar Əzimzadə
öz qabiliyyətini göstərirdi. O, çoxlarının
xatirəsində bu gün də məsuliyyətli, doğru, ədalətli
insan kimi qalmaqdadır. Tofiq Bəhramovdan sonra ölkəmizdə
futbol üzrə beynəlxalq dərəcəli hakim adı
almış ikinci hakim məhz Eldar Əzimzadədir. O, həmkarları
arasında yüksək nüfuza malik idi.
Eldar Əzimzadə 1934-cü ilin yazında
Şuşada anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət
Bədən Tərbiyəsi İnstitutunu bitirdikdən sonra elə
həmin təhsil ocağında əmək fəaliyyətinə
başlayıb. On iki il futbol kafedrasında
çalışıb. 1979-cu ildə Bakı Bədən Tərbiyəsi
Texnikumuna direktor müavini göndərilib. Sonralar Azərbaycan
Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində
futbol şöbəsinin, 1987-ci ildə Bakı Rabitə
Texnikumunda bədən tərbiyəsi şöbəsinin
müdiri vəzifələrində
çalışmışdır.
İdman fəaliyyətinə 23
yaşından başlayan Eldar Əzimzadə Bakı birinciliyində,
sonra SSRİ-nin yığma komandalarının müxtəlif
yarışlarında hakimlik edib. O, 1974-cü ildə
SSRİ-də on ən güclü hakim siyahısına daxil
edilmiş, beş ildən sonra isə ölkənin bir
nömrəli hakimi hesab olunmuşdur. Onun haqqında
oxuduğumuz bir məlumat bu unudulmaz insanın portretini bir daha
tamamladı. 1978-ci ildə Eldar Əzimzadə
Danimarka-Portuqaliya görüşünü idarə edib. Bu,
onun milli komandalar səviyyəsində idarə etdiyi ilk rəsmi
oyun idi. Matç zamanı belə
bir hadisə baş verib. Görüşün ortalarında
tribunadan meydançaya daş atılıb. Eldar Əzimzadə
oyunu dayandırıb. Matçın komissarını meydana dəvət
edərək deyib ki, qoy stadionda elan edilsin, əgər bir də
meydana daş atılsa, o, görüşü
dayandırıb yerli komandaya məğlubiyyət verəcək.
Bundan sonra azərkeşlər özlərini intizamlı
aparıblar. Dürüstlüyünə və oyunları
yüksək səviyyədə idarə etdiyinə görə
FİFA 1979-cu ildə Eldar Əzimzadəyə beynəlxalq dərəcəli
hakim adını verib. O, 1983-cü ilədək bu missiyanı
ləyaqətlə yerinə yetirib. Hakimlik həyatını
finişə çatdırdıqdan sonra gələcək
idman kadrlarının hazırlanmasında əməyini, məsləhətini
əsirgəməyib. "Məhəbbətim mənim -
futbol" adlı kitabında isə futbolda keçən həyatını
qələmə alan Eldar Əzimzadə başına gələn
maraqlı hadisələri də qələmə alıb. Beynəlxalq
dərəcəli hakimin maraqlı və ibrətamiz həyat
yolu bü gün də örnəkdir. 2003-cü ildə
dünyasını dəyişən Eldar Əzimzadənin
hakimlik estafeti indi də uğurla davam etdirilir.
Tofiq BABANLI
1937-ci ildə
Bakıda anadan olan Tofiq Babanlı şuşalı Xanlar bəyin
oğludur. 1952-ci ildən boksla məşğul olan bu
idmançı dörd dəfə Azərbaycan çempionu,
SSRİ idman ustası (1958), əməkdar məşqçi
(1966), Ümumittifaq (1980) və beynəlxalq dərəcəli
hakim adını almışdır. O, bir müddət idman
ustalığı məktəbində məşqçi və
baş məşqçi işləmişdir. Azərbaycan
yığma boks komandasına baş məşqçi təyin
edilən Tofiq Babanlı güclü idman ustaları, SSRİ
çempionatı və birinciliklərinin qalib və
mükafatçılarını, gənclərin Avropa kuboku
yarışlarının qızıl
medalçılarını, müxtəlif beynəlxalq
yarışların qaliblərini hazırlamışdır.
Tofiq Babanlı Azərbaycan Boks Federasiyasının məsul
katibi olmuşdur.
1980-ci ildə Ümumittifaq dərəcəli
hakim adı qazanmış T.Babanlı, müsabiqə yolu ilə
Moskva Olimpiya Oyunlarının hakimlər korpusuna daxil
edilmiş, təşkilat komitəsinin fəxri fərmanı
və xatirə medalı ilə təltif olunmuşdu. 1955-ci
ildə beynəlxalq dərəcəli hakim (EABA) adına layiq
görülmüş, bir sıra mötəbər beynəlxalq
yarışların ədalət təmsilçisi olmuş və
qərəzsiz hakimliyinə görə müxtəlif
mükafatlar almışdı.
İki müxtəlif sahənin mütəxəssisi
olan Tofiq müəllim daha çox idman sahəsində fərqlənsə
də, yaradıcılıq işlərində də az
uğurlar qazanmayıb. Onun uzun illər yığma komandalarda
apardığı müşahidələrin, pedaqoji nəzarətin
və elmi-nəzəri araşdırmaların nəticələri
mütəmadi olaraq nəşr edilərək
idmançı, məşqçi və mütəxəssislərin
ixtiyarına verilib. 30-dan artıq dərslik, metodiki tövsiyələr,
dərs vəsaiti, elmi məqalə müəllifi olan Tofiq
Babanlıya 1999-cu ildə dosent adı verilib. Əmək və
idman veteranı olan Tofiq Babanlı deyir ki, şəxsi
mükafatlar kolleksiyasında ən böyüyü və əzizi
olanı 2002-ci ildə ulu öndər Heydər Əliyevin
imzası ilə layiq görüldüyü "Tərəqqi"
medalıdır.
İdmanın çoxşaxəli sahələrinin
inkişafındakı əməyinə görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı
ilə "Əməkdar bədən tərbiyəsi və
idman xadimi" fəxri adına layiq görülüb. 75
yaşının 60 ilini idmana, idmanın inkişafına və
tərəqqisinə sərf etmiş mütəxəssis bu
gün də həvəslə Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyində çalışır.
...Azərbaycan idman tarixinin şərəfli
səhifələrini yazan şuşalılar arasında beynəlxalq
dərəcəli hakim (1967), 12 dəfə qılıncoynatma
üzrə Bakı və respublika çempionu, əməkdar
bədən tərbiyəsi və idman xadimi Cavad Qurbanov, Beynəlxalq
Həndbol Kubokunun sahibi (1983), SSRİ-də ilk dəfə
olaraq həndbol üzrə namizədlik dissertasiyası
müdafiə etmiş (1968), uzun illər Olimpiya oyunlarında
dopinq mərkəzinə rəhbərlik edən Kamal Kəbirlinski,
klassik güləş üzrə SSRİ idman ustası (1964),
pedaqoq Zakir Babayev, idman təşkilatçısı,
İkinci dünya müharibəsi zamanı göstərdiyi
igidlik və qəhrəmanlığa görə 17 orden və
medala layiq görülmüş, sonralar "Dinamo"
İdman Cəmiyyətinin rəhbəri olmuş Nüsrət
Bağırov, şahmatçı, beynəlxalq qrossmeyster
Firuzə Vəlixanlı və onlarla başqaları var ki,
onların idmanın inkişafında böyük əməkləri
var.
Flora XƏLİLZADƏ
Azərbaycan.-2012.-
8 sentyabr.- S. 9.