Bir budağın qədrini bilən insan

 

 Quba rayonunun Xucbala kəndində Qubat Həsənov adlı biologiya müəllimi var idi. Deyərdi ki, bir budaq qıranda elə bilin ki, öz qolunuzu kəsirsiniz. Qubat müəllimin həyatı çətinliklərdən keçib, İkinci Dünya müharibəsində snayper kimi Berlinədək uzun bir döyüş yolu keçib. Ancaq o qədər təbiətə, yaşıllığa bağlı insan idi ki, onun müharibədə vuruşduğuna, alman faşistlərini birər-birər dənlədiyinə adamın heç inanmağı gəlmirdi. O, müharibədən qayıdandan sonra ömrünün sonuna kimi biologiya müəllimi işlədi. Neçə ildir ki, dünyasını dəyişib. Ancaq bu gün də kənddə hamı onun adını hörmətlə çəkir və hətta kəndin yuxarı hissəsinə, Qubat müəllimin uşaqlarına ev tikdiyi yerlərə Qubatoba deyirlər.

O, həm ləyaqətinə, həm biliyinə, həm də təbiətə sonsuz məhəbbətinə görə unudulmur, yaddan çıxmır.  Oğlu Fazil artıq yaşlaşıb, baba olsa da, atasının onlara necə təbiəti sevdirdiyini unutmadığını deyir:

- Qəribə insan idi atam, ömrü boyu, ağac əkdi, bağ saldı. O, kəndin bütün uşaqlarına məktəbin təcrübə sahəsində qələm vurmağı öyrətmişdi. Hamını məcbur edirdi ki, evinin yanında, çəpərlər, arxlar boyu ağac əkib becərsin: "Yaş kəsən, baş kəsər", - deyərdi. İndi kəndimizə qaz çəkilib. Ancaq bu kənddə əsrlər boyu meşəni qırıb yandırıblar. Bizodun yandırırdıq. Meşədən bir maşın alardıq, təxminən 6 kubmetr, bütün qışı görərdi. Bilirsinizmi, o vaxt evləri böyük tikməzdilər. Otaqlar da balaca olardı, cəmi 15-20 kvadratmetr. Qışda yığışıb bir otaqda yatardıq. Bir ocaq qalanardı. 9 uşaq idik, ikibir, üçbir bir yorğanın altına doluşub yatar, bir qələmə ocaqla səhərə qədər isinərdik.

Fazil gülümsəyib əlavə edir ki, indi balaca nəvəm də özünə ayrı otaq istəyir, televizorum, şəxsi kompyuterim olsun deyir.  Adamlar "yoxdur" deməyə alışsalar da, əvvəlkindən çox imkanlıdırlar. İkimərtəbəli evlər tikirlər. Uşaqlar ayrı, böyüklər ayrı yatır, bir neçə otaqda soba yanır, odun da əvvəlkindən qat-qat artıq işlənir.

Qubat müəllimin qənaətdən xoşu gələr, israfçılardan zəhləsi gedərdi. "Ən böyük sərvətin də tükənən vaxtı olur", - deyərdi. Meşəni, təbiəti uşaqlarından az istəməzdi. Təzə evə köçəndə Fazilə  tapşırdı ki, ay oğul, sən bir şey fikirləş ki, biz əvvəlkindən artıq odun yandırmayaq, bir soba ilə qızınaq. Fazil sobanın sxemini işlədi, borular aldı, bütün evə istilik sistemini çəkdi, elə həmin sobada da xörək hazırlamağa, çay qoymağa yer düzəltdi. İkimərtəbəli ev də qızırdı, xörəyi də hazırlamaq mümkün idi. Amma o boyda kənddə uzun illər boyunca tək bircə Qubat müəllimin evi bir piltədən isindi. Başqaları üçün meşə var idi, odunu da meşəbəyidən almaq su içmək kimi bir şey idi. Gedirdin meşə idarəsinə, ərizəni yazırdın, pulunu keçirirdin, maşın tutub odunu gətirib tökürdün qapına və qış boyu yandırırdın.

Kənddə evlərin sayı artdıqca Qubat müəllim deyinər, seyrələn meşələrin, ceyranları, çöltoyuqları, turacları qeybə çəkilən ovlaqların, quruyan bulaqların dərdini çəkərdi. Fazil danışır ki,  atası meşələrin seyrəlib, əhalinin  də artmasından gileylənərdi: "Ay oğul, belə getsə, bu adamlar özləri meşələrə qənim kəsiləcəklər, bəlkə odunun yerinə başqa şey yandıraq? Mən müharibədə UkraynadaAlmaniyada daşkömür yandıran sobalar görmüşdüm".

Fazil yenə onun sözünü yerə salmır, daşkömür sobası da hazırlayır. Atası baxıb sevinərdi ki, gör, bir ocaq neçə ağaca ömür verir! Amma ağlım kəsmir ki, rayonda Qubat  müəllimdən başqa o vaxtı daşkömür yandıran oldu.

Ötən il kəndə qaz çəkildi. Meşələr də dərindən nəfəs aldı. Ancaq indi biz, Qubat müəllimin şagirdləri yaxşı başa düşürük ki, 10 ilə qırılan meşə 20 ilə də ayağa qalxmır. Ötən əsrin 60-cı illəri ilə müqayisədə seyrələn meşələrin, qeyb olan əsrlik ağacların, xəstəliklərin və təbii fəlakətlərin artması biologiya müəllimimizin nə qədər haqlı olduğunu bir daha yadımıza salır. İki ildir ki, kəndimizə qaz çəkilib, iki ildir ki, meşələrə sakitlik çöküb və əvvəlki kimi balta səsi gəlmir.  Bircə Qubat müəllimin ürək yanğısı ilə dediyi sözlər qalıb yadımızda: "Bir budaq qıranda sanki qolunuzu sındırırsınız".

 

 

Sənan İMANQULİYEV,

Quba rayonu, Xucbala kəndi

 

Azərbaycan.-2012.- 8 sentyabr.- S. 10.