Bakıda MDB
iştirakçısı olan ölkələrin
Daxili İşlər Nazirləri Şurasının
növbəti iclası öz işinə
başlamışdır
Müstəqil
Dövlətlər Birliyi məkanında transmilli mütəşəkkil
cinayətkarlığa, beynəlxalq terrorizmə və bütövlükdə kriminal
hallara qarşı mübarizədə vahid cəbhənin
yaradılması Birliyə üzv ölkələrin
hamısının səylərinin birləşdirilməsini
tələb edir.
AzərTAc xəbər verir ki, bu fikirlər
Müstəqil Dövlətlər Birliyinin (MDB)
iştirakçısı olan ölkələrin Daxili
İşlər Nazirləri Şurasının (DİNŞ)
sentyabrın 7-də Bakıda keçirilən növbəti
iclasında səslənmişdir.
Azərbaycanın daxili işlər
naziri, general-polkovnik Ramil Usubov tədbiri açaraq
respublikamızda uğurla həyata keçirilən
islahatlardan, o cümlədən daxili işlər
orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi,
mütəşəkkil cinayətkarlığa, narkotiklərin
qanunsuz dövriyyəsinə və terrorizmə qarşı
mübarizə sahəsində görülən işlərdən,
əldə olunmuş uğurlardan
danışmışdır.
R.Usubov bildirmişdir ki, MDB
DİNŞ-nin formatında əməkdaşlıq daim
möhkəmlənir, iştirakçı dövlətlərin
mənafelərinə xidmət edən yeni konkret məzmun
alır. Əminəm ki, bu proses eyni dərəcədə
uğurla davam edəcəkdir. Bu formatda əməkdaşlıq
müasir çağırışlara və təhlükələrə
layiqli cavabdır. Beynəlxalq terrorizmlə və mütəşəkkil
millətlərarası cinayətkarlıqla mübarizədə
müvəffəqiyyət birlikdə, qarşılıqlı
anlaşmada və insanların dinc həyatının
müdafiəsi üçün birgə fədakar səylərin
tarazlığındadır.
MDB ərazisində mütəşəkkil
cinayətkarlıq və cinayətkarlığın başqa
təhlükəli növləri ilə mübarizə üzrə
Əlaqələndirmə Bürosunun rəhbəri Nikolay
Ovçinnikov iclasın gündəliyi, eləcə də
ötən iclasdan sonra görülmüş işlər barədə
məlumat vermişdir. Bildirilmişdir ki, iki gün davam edəcək
iclasda transmilli mütəşəkkil cinayətkarlıq və
beynəlxalq terrorizmlə mübarizədə əməkdaşlığın
prioritet istiqamətlərinə, ictimai təhlükəsizliyin
təmin olunması sahəsində birgə
razılaşdırılmış tədbirlərin səmərəliliyinin
artırılması məsələlərinə
baxılması nəzərdə tutulmuşdur.
N.Ovçinnikov MDB DİNŞ-nin sədrliyinin
Azərbaycana keçdiyini elan etmişdir.
İclasda iştirak edən Baş nazir
Artur Rasi-Zadə qonaqları öz adından və Azərbaycan
Hökuməti adından salamlamışdır.
Baş nazir demişdir ki, Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra çətinliklərə
baxmayaraq, çox böyük inkişaf yolu keçmişdir.
Son on ildə ümumi daxili məhsul istehsalı 3 dəfə,
dövlət büdcəsi 13 dəfə artmışdır. Yoxsulluğun,
işsizliyin səviyyəsi bir neçə dəfə
azalmışdır. Ölkənin valyuta ehtiyatları 44
milyard ABŞ dollarını keçmişdir. Bütün
bunlara ölkədə ictimai siyasi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi
nəticəsində nail
olmuşuq. İndi Azərbaycanda çox əlverişli
investisiya mühiti vardır.
A.Rasi-Zadə bildirmişdir ki, dövlətlərarası
əməkdaşlığın
yaxşılaşdırılması zəmanəmizin təhdid
və çağırışlarına müasir və
adekvat münasibətin, ictimai asayişin və cinayətkarlıqla
birgə mübarizənin prioritet istiqamətlərindən
biridir. Ötən illər ərzində MDB məkanında
ekstremizmin, beynəlxalq terrorizmin və transmilli mütəşəkkil
cinayətkarlığın artmasının
qarşısını almaq üçün səmərəli
iş görülmüşdür. Xüsusi əməliyyatlar
zamanı birgə səylər nəticəsində
ağır cinayətlərin üstü
açılmış, dövlətlərarası və beynəlxalq
axtarışda olan minlərlə şəxs
saxlanılmışdır. Birgə,
razılaşdırılmış səylərlə
aparılan operativ istintaq tədbirləri nəticəsində
yüzlərlə cinayətkar birlik ifşa edilmişdir.
Baş nazir vurğulamışdır ki, DİNŞ-nin fəaliyyəti
bir çox təşəbbüslərə təkan verir,
kriminal vəziyyətə nəzarəti təmin etmək
üçün müasir tədbirlər görməyə
şərait yaradır.
Tədbirdə çıxış edən
MDB İcraiyyə Komitəsinin icraçı katibi Sergey
Lebedev demişdir ki, MDB ölkələrinin milli təhlükəsizliyinin
təmin edilməsi ölkələrin müdafiə səviyyəsindən
birbaşa asılıdır. Buradan belə nəticə
çıxarmaq olar ki, Birlik ölkələrinin
hüquq-mühafizə sahəsində əməkdaşlığının
inkişaf etdirilməsi və möhkəmləndirilməsinə
birgə yanaşmaya ehtiyac vardır. Cinayətkarlıq və
terrorizm ilə mübarizənin MDB çərçivəsində
qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən
olduğunu vurğulayan S.Lebedev bildirmişdir ki, MDB Hökumət
Başçıları Şurasının sentyabrın 27-də
Yaltada keçiriləcək iclasının 19 bənddən
ibarət gündəliyinə təhlükəsizlik məsələləri
də daxil edilmişdir.
Təhlükəsizlik sahəsində əməkdaşlığa
dair bir sıra sənədlərin MDB Dövlət
Başçıları Şurasının noyabrın 1-2-də
Aşqabadda keçiriləcək iclasında qəbul ediləcəyi
gözlənilir.
İnterpolun Baş katibi Ronald Noubl
demişdir ki, Beynəlxalq Kriminal Polis Təşkilatı MDB
DİNŞ-nin fəaliyyətinə böyük önəm
verir və birgə əməkdaşlıqda maraqlıdır.
Tədbirdə Prezident
Administrasiyasının Hüquq mühafizə orqanları ilə
iş şöbəsinin müdiri Fuad Ələsgərov,
diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
Azərbaycan.-2012.-
8 sentyabr.- S. 5.