Vətəndaşlara Xidmət və
Sosial İnnova siyalar üzrə Dövlət Agentliyinin yaradılması idarəçilik
sistemində yeni mərhələdir
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının Hüquq
mühafizə orqanları ilə iş şöbəsinin
müdiri Fuad Ələsgərovun AzərTAc-a müsahibəsi
- Azərbaycan Respublikasının
Prezidenti 2012-ci il sentyabrın 6-da "Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi"nin fəaliyyətinin təmin edilməsi ilə
bağlı fərman imzalamışdır. Yeni
yaradılmış qurumun fəaliyyətini necə
görürsünüz?
- Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əsas
ideyası vətəndaşlara xidmətlərin daha keyfiyyətli,
rahat, vahid məkandan və müasir innovasiyaları tətbiq
etməklə göstərilməsindədir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bu ideyanın təcrübədə
tətbiqini təmin etmək və dövlət qurumları tərəfindən
göstərilən xidmətləri vətəndaşlara daha
yaxın etmək məqsədilə bu fərmanı
imzalamışdır.
Dövlət Agentliyinin
yaradılmasını mühüm islahat hesab etmək olar. Bu
dövlət idarəçiliyində yeni mərhələdir
və yüksək peşə vərdişlərinə yiyələnmiş,
etik davranış qaydalarına dönmədən riayət edən
gənc nəsil dövlət qulluqçularının
yetişməsinə təkan verəcəkdir. Qurumun fəaliyyətə
başlaması insanların həyatına müəyyən dəyişikliklər
gətirəcək, onların müsbət gözləntilərini
cavablandıracaq və cəmiyyətdə vətəndaş
məmnunluğu yaradacaqdır. Əhaliyə dövlət
orqanları tərəfindən göstərilən bir
sıra xidmətlər daha operativ və keyfiyyətli olacaq,
onların ehtiyacları yüksək səviyyədə təmin
ediləcəkdir. Bununla dövlət orqanlarına etimad da
artacaqdır.
Qurumun fəaliyyəti ümumi olaraq bu
sahədə aparılan institusional islahatların səmərəliliyini
yüksəldəcəkdir.
- Siz "ASAN-Xidmət" mərkəzlərini
qeyd etdiniz, bu mərkəzlərin fəaliyyəti və rolu nədən
ibarət olacaqdır?
- "ASAN-Xidmət" mərkəzləri
dövlət orqanları tərəfindən göstərilən
xidmətlərin vahid və əlaqələndirilmiş
formada həyata keçirilməsini təmin edəcəkdir.
Bu, vətəndaşların vaxt itkisini azaldacaqdır. Belə
ki, vətəndaş mərkəzə daxil olaraq məlumat
köşkündən əldə etmək istədiyi sənəd
üçün hansı şöbəyə və hansı
sənədlərlə müraciət etməli olduğunu
öyrənir və həmin şöbənin pəncərəsində
elektron növbə əsasında gözləyir. Daha sonra
növbəsi çatdıqda xidmətin həyata
keçirilməsi üçün tələb edilən sənədləri
təqdim edə və əldə etmək istədiyi sənədi
müəyyən olunmuş müddətlərdə
götürə bilər. Mərkəzlərdə vətəndaşların
məlumat əldə etməsini asanlaşdırmaq məqsədilə
elektron lövhələr və işarələr yerləşdiriləcək
və xidmətlər qeydiyyat yerindən asılı olmayaraq
bütün vətəndaşlar üçün həyata
keçiriləcəkdir. Mərkəzlər, həmçinin
təqvimin bütün günlərində vətəndaşlara
fasiləsiz açıq olacaqdır. Mərkəzlərdə
vətəndaşların gözləməsi və
vaxtını səmərəli keçirməsi
üçün uşaq əyləncə mərkəzi,
internet-kafe, bank, poçt şöbələri və s.
olacaqdır. Mərkəzlərdə şəffaflığın
təmin edilməsi üçün və əməkdaşların
fəaliyyəti üzrə qiymətləndirmənin
aparılması məqsədilə bütün zəruri tədbirlər
görüləcəkdir.
- "ASAN-Xidmət" mərkəzlərində
hansı xidmətlər göstəriləcəkdir?
- Fərmana əsasən, "ASAN-Xidmət"
mərkəzlərində vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti,
şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş
pasportlarının verilməsi və dəyişdirilməsi,
sürücülük vəsiqələrinin dəyişdirilməsi,
məhkumluq barədə arayışların verilməsi, mənzillərin
dövlət qeydiyyatı ilə bağlı təkrar
çıxarışların və əhali arasında daha
çox "forma 1" kimi tanınan əmlakın
yüklülüyü barədə arayışların, o
cümlədən torpaq kadastrı məlumatları barədə
arayışların verilməsi, əmək
pensiyalarının təyin edilməsi, kommersiya hüquqi
şəxslərin və vergiödəyicilərinin
qeydiyyatı, hüquqi və fiziki şəxslərə arxiv
arayışlarının verilməsi kimi xidmətlər
daxildir. Buraya həmçinin gömrük bəyannamələrinin,
gömrük rəsmiləşdirilmələri
üçün sənədlərin qəbulu, Azərbaycan
Respublikasında müvəqqəti və daimi yaşamaq
üçün icazə sənədlərinin verilməsi
aiddir. Mərkəzlər həmçinin dövlət orqanlarının
göstərdikləri bütün xidmətlər üzrə
informasiya təminatını həyata keçirəcəkdir.
Qeyd edilən xidmətlər vətəndaşın
birbaşa müraciəti əsasında, özünəxidmət
və çağırış xidməti formasında
göstəriləcəkdir. Gələcəkdə isə səyyar
xidmətlərin həyata keçirilməsi nəzərdə
tutulur. Səyyar xidmətlər vasitəsilə vətəndaşların
qanunla müəyyən edilmiş məbləğdə əlavə
haqq ödəməklə öz iş və ya
yaşayış yerlərini tərk etmədən xidmətlərdən
yararlanması mümkün olacaqdır. Onu da vurğulamaq istərdim
ki, əlillər və sağlamlıq imkanları məhdud
olan uşaqlar üçün səyyar xidmətlər pulsuz
olacaqdır.
- "ASAN-Xidmət" mərkəzlərinin
fəaliyyətinin təşkili və xidmətlərin
göstərilməsi qaydalarının layihəsi
hazırlanarkən digər ölkələrin də təcrübəsi
nəzərə alınıbmı?
- Əlbəttə, bizim
üçün yeni olan belə bir sosial innovasiyanın həyata
keçirilməsi zamanı ən yaxşı beynəlxalq təcrübələr
öyrənilmiş, qaydalar isə elə tərtib
edilmişdir ki, vətəndaşlara göstərilən xidmətlər
bütün cəhətlərdən asan olsun. Bu prosesdə
Böyük Britaniya, Almaniya, Kanada, Rusiya, Avstraliya və sair
ölkələrin təcrübəsi nəzərdən
keçirilmişdir. Bizim həyata keçirməyə
hazırlaşdığımız "ASAN-Xidmət"
konsepsiyası isə daha miqyaslı və əhatəlidir,
çünki daha çox dövlət qurumunun xidmətlərini
özündə birləşdirəcəkdir. Təbii ki, tədricən
mərkəzlərin fəaliyyəti genişlənəcək
və inanıram ki, bu innovasiya özünü səmərəli
təcrübə kimi doğruldacaqdır.
AzərTAc
Azərbaycan.-2012.-
8 sentyabr.- S. 5.