“Macarıstan
hakimiyyəti bilirdi ki,
Ramil Səfərov əfv oluna
bilər»
Prezident Administrasiyasının ictimai-siyasi
məsələlər şöbəsinin müdiri
Əli HƏSƏNOVUN "Media forum" saytına müsahibəsi
- Macarıstanda həbsdə saxlanan Azərbaycan ordusunun
zabiti Ramil Səfərov
Azərbaycana verildiyinə və vətəndə əfv olunduğuna görə Ermənistan və erməni
lobbisi Azərbaycana qarşı kampaniyaya başlayıb. Beynəlxalq qurumlar, bir neçə
dövlət, o cümlədən ATƏT-in
Minsk qrupunun həmsədri
olan ölkələr bunu
pisləyən bəyanatlar verir, bu hadisəni Qarabağ
münaqişəsinin həllinə zərbə vuran addım kimi qiymətləndirir.
Sizcə, bu proses
Bakının Dağlıq Qarabağla
bağlı mövqeyinə mənfi təsir edə bilərmi?
- Ermənistan və
erməni lobbisi ciddi
şəkildə çalışır ki,
Ramil Səfərovun azad
olunması məsələsindən Azərbaycanın əleyhinə
istifadə etsinlər. Azərbaycanı sivil
danışıqlardan, Dağlıq Qarabağ
münaqişəsinin həllindən boyun
qaçıran, konstruktiv mövqedən qaçan, qəddarlığı təbliğ
edən ölkə kimi təqdim etmək
istəyirlər. Amma biz
də müvafiq olaraq
cavab veririk.
Ramil Səfərovun əfv olunması məsələsində
biz birmənalı şəkildə beynəlxalq
hüquq normalarından və Azərbaycan
qanunvericiliyindən çıxış etmişik.
Öncə onu deyim ki, Macarıstanın Ramil
Səfərovu Azərbaycana verməsi tam qanuna uyğundur. Bu proses Avropa
Şurasının qəbul etdiyi quruma üzv dövlətlər
arasında məhkumların bir-birinə verilməsi
haqqında konvensiyaya əsaslanır.
Macarıstan hakimiyyəti də bilirdi ki, Ramil Səfərov Azərbaycanda
əfv oluna bilər. Konvensiyanın şərtlərində
də bu göstərilib. Macar hakimiyyəti Ramil Səfərovu təhvil verəndə
şərt qoymuşdu ki,
məhkəmə yolu ilə onun məsələsinə yenidən
baxıla və 25 ildən tez
azadlığa buraxıla bilməz, cəzası bu müddətdən tez
bitməməlidir. Amma bununla yanaşı onlara o da bəlli idi ki, parlamentin
qəbul etdiyi amnistiya
aktı var, prezidentin əfv
institutu var, bu yolla Ramil
Səfərov əfv oluna bilər.
Xüsusən onu da
bilirdilər ki, Ramil Səfərovun
aldığı cəza onun törətdiyi
əmələ adekvat deyil.
Azərbaycanda onun əfvinə olan ciddi ictimai
maraq, fəal münasibət də Ramil Səfərovun törətdiyi əməllə
aldığı cəza arasında böyük
uyğunsuzluğun olması ilə
bağlı idi. Biz bunu dəfələrlə bəyan etmişdik.
Azərbaycan hüquq məkanında, ümumiyyətlə,
keçmiş sovet,
Şərqi Avropa və dünya
hüquq məkanında bir
şəxsi qətlə yetirən adama ömürlük həbs cəzası vermirlər.
Bundan ağır qətllər törədən,
onlarla adamı daha
amansızlıqla qətlə yetirmiş
şəxslər 20-25 il cəza
alırlar. Xüsusən də onun
əlində əsas var idi,
Ramil Səfərovla münaqişəyə
girən adam onun
xalqını, qohumlarını qətlə yetirən ordunun nümayəndəsi olub,
onun bayrağını, xalqını,
millətini, dövlət rəmzlərini təhqir edib, hissiyyatı ilə oynayıb. Bu qədər yüngülləşdirici
halı nəzərə almadan ona bu qədər
ağır cəza verilməsi Azərbaycanda Ramil
Səfərovun əfvinə ictimai
marağın yaranmasına səbəb olmuşdu.
Nəzərə
alsaq ki, Ramil Səfərovun əməli maksimum 15 illik həbs cəzası
ilə cəzalandırılmalıydı, bu
cəzanın da yarıdan çoxunu
çəkmişdi, həbsxanada özünü
nümunəvi şəkildə aparmışdı, deməli,
əfv olunması onun haqqı idi. Bu izahatları dünya
ictimaiyyətinin diqqətinə çatdırırıq və
izah edirik ki, Ramil Səfərovun əfvi
ermənilərin təqdim etdiyi qədər
ciddi sensasiyalı hadisə deyil. Ermənilər bundan
qat-qat ağır cinayət törətmiş
insanları dəfələrlə əfv ediblər. Hətta
Ermənistan vətəndaşı olmaya-olmaya
Fransadan ora göndərilən,
əli 11 nəfərin qanına batmış ermənini əfv
ediblər. Bu cür
hadisələr ABŞ və digər ölkələrdə də
baş verib. İndi bundan bizim əleyhimizə istifadə etmək istəkləri
var, buna
çalışırlar, amma o demək deyil ki, istifadə edə biləcəklər. Biz öz növbəmizdə
lazımi qurumlara, dünya
mətbuatına, həmin təşkilatlara müvafiq
izahatlar veririk.
Hesab edirəm ki, bu məsələ Dağlıq Qarabağ probleminin həllinə
heç bir mənfi təsir
göstərməyəcək. Onsuz da ermənilər münaqişənin həllində
qeyri-konstruktiv mövqelərindən bir addım da geri çəkilməyiblər və çəkilmək
də istəmirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri heç
bir irəliləyişə nail ola bilməyiblər,
onların fəaliyyəti nəticə verməyib. Minsk qrupunun nəticəsiz
diplomatiyası erməniləri indi
tutduqları mövqeni davam
etdirməyə ruhlandırır. Ramil Səfərov
məsələsi olsa da,
olmasa da, beləydi. Biz düşünmürük
ki, bu məsələ
Dağlıq Qarabağ probleminin
həllinə ciddi mənfi təsir
göstərəcək və beynəlxalq aləmdə antiazərbaycan
meyillərinin yaranmasına təkan verəcək.
- İndiki vəziyyət necədir, dünya hansı tərəfin dediyinə daha çox inanır?
- Dünya bu məsələni
anlayışla qarşılayır. Beynəlxalq aləmdə
yaranan səs-küyün arxasında erməni
dövləti, erməni lobbisi dayanıb.
Bəzi xarici təşkilatların
vaxtından əvvəl, emosional vəziyyətdə
verilmiş bəyanatlarının da məqsədi erməni lobbisini
sakitləşdirməkdir. Çünki
erməni lobbisi beynəlxalq qurumlara təzyiq göstərir. Düşünürəm ki, dünya dövlətləri bu
məsələdə Azərbaycanı, Prezident
İlham Əliyevin atdığı
addımı, Macarıstan-Azərbaycan hakimiyyətləri
arasında aparılan danışıqların qanuna uyğunluğunu, konvensiyaya uyğunluğunu
və digər məsələləri anlayırlar, bilirlər,
anlayışla yanaşırlar.
- Azərbaycanın
Macarıstan qarşısında hansısa öhdəliyi
vardımı və öhdəlik nədən ibarət idi?
- Söhbət
yalnız Macarıstana göstərilən təzyiqin
qarşısında bu ölkə
hökumətinin necə davranmasından, iradəsini hansı formada göstərməsindən, bu günlərdəki vəziyyətdən necə
çıxmasından gedirdi. Ramil Səfərovun
məhkəməsi olan zaman
da ermənilər, erməni diasporu və onların təsiri altında olan beynəlxalq dairələr Macarıstan
hökumətinə həddindən artıq təsir göstərdi
və Ramil Səfərova qeyri-adekvat
cəzanın verilməsinə nail oldular. Bu hadisədə
də onlar eyni metoddan istifadə etdilər, bəlkə də
daha artıq təzyiqlər göstərdilər.
Bütün bunlar
Macarıstan hökumətinin Azərbaycana qarşı nota, bəyanatlar verməsi ilə nəticələndi.
Amma Macarıstan hakimiyyəti də çox yaxşı başa
düşürdü ki,
Ramil Səfərova qeyri-adekvat
cəza verilib və Azərbaycana gələndən
sonra onun cəzasının
yüngülləşdirilməsi ətrafında müəyyən
işlər gedəcək. Yeganə öhdəlik o idi ki,
Azərbaycan hökuməti Ramil Səfərovun
cəzasına məhkəmə yolu ilə
yenidən baxmayacaq və onu
məhkəmə vasitəsilə vaxtından əvvəl
azadlığa buraxmayacaq. Öhdəlik bu idi. Amma
Macarıstan hakimiyyəti bilirdi ki, Azərbaycanda əfv institutu,
parlamentin amnistiya
aktı var, prezidentin əfv
hüququ var və Azərbaycan
qeyri-adekvat bir cəzaya
ictimaiyyətin tələbi və digər məsələləri
nəzərə alaraq baxa
bilər. Bunu bilirdilər.
- Ramil Səfərov Azərbaycana gətirilən
və əfv olunan gün
ictimaiyyət bunu alqışladı, tədbirlər,
ziyarətlər oldu. Eyni
zamanda bir yanaşma da var ki, bunu
kampaniyaya çevirməyə, reklam etməyə ehtiyac yox idi. Zaman
keçdikcə bu fikirdə olanların
sayı artır. Siz necə düşünürsünüz, bunu kampaniya formasında
etmək məsələnin daha çox böyüyüb
Azərbaycan əleyhinə çevrilməsinə təkan verən
amillərdən biri oldumu?
- Hər şeydən
əvvəl onu deyim ki, Azərbaycan Ramil Səfərovdan
qəhrəman düzəltmədi. Nə hakimiyyət
orqanları, nə də rəsmi qurumlar Ramil Səfərovun törətdiyi qətli təqdir
etdi. Buna görə ona qəhrəmanlıq vermədilər, onu qəhrəman elan etmədilər.
Azərbaycanda bu hadisə haqqında 8 il yarım idi ki, ictimai müzakirələr
gedirdi. Müzakirənin əsas şərtlərindən
biri ondan ibarət idi ki, Macarıstanın məhkəmələri,
hakimiyyəti beynəlxalq təzyiqlər, o
cümlədən erməni diasporunun təzyiqləri
altında Ramil Səfərova qeyri-adekvat cəza vermişdi.
Ona görə də Azərbaycanda əfv
olunması onun tam
haqqı idi. O, artıq 8 il
yarım cəza çəkmişdi, həbsdə nümunəvi
davranış nümayiş etdirmişdi. Sübut etmişdi ki, bundan sonra o
heç bir ictimai, eləcə də beynəlxalq təhlükə
kəsb etmir. Azərbaycanda ondan qəhrəman düzəltmək cəhdi
olmadı. Sadəcə olaraq, ictimai maraq o
qədər yüksək idi ki, həmin gün bu məsələyə bütün
ictimai-siyasi dairələr, mətbuat
orqanları, ictimaiyyət nümayəndələri, deputatlar münasibət bildirdilər. Bu münasibətlərin çoxunu
ermənilərin məsələyə həddən artıq emosional yanaşması şərtləndirdi. Ermənilər dərhal Təhlükəsizlik
Şurasının iclasını çağırdılar, az qala Azərbaycana müharibə
elan etmək, qisas almaq, digər dövlətlərə nota vermək, dünya səfirlərini
yığmaq, Macarıstan səfirliyini bağlamaq
məsələlərini qaldırdılar, Azərbaycan
hakimiyyəti, ictimaiyyəti də buna adekvat reaksiya verdi. Azərbaycanın hakimiyyət nümayəndələri
lazımi izahatı verdilər, məsələnin necə olduğunu, Ramil Səfərovun
qaytarılması və əfv edilməsinin qanuni
əsaslarını göstərdilər.
Düşünürəm ki, biz bununla bağlı emosional hallar keçirmədik,
bayram etmədik, Ramil
Səfərovu qəhrəman elan etmədik.
Sadəcə olaraq, ictimai
maraq idi və bunu tənzimləmək qeyri-mümkün
idi. Bu, mətbuata da, ictimaiyyətə də öz-özünə
çıxmağa başlamışdı.
- Azərbaycanın
xaricdə səfirlikləri, diaspor
qurumları və vətəndaşları var.
Erməni terror təşkilatı olan ASALA Azərbaycanı hədələyən
bəyanat yayıb. Azərbaycan diplomatlarının və
xaricdəki digər vətəndaşların, diaspor nümayəndələrinin təhlükəsizliyi
üçün hansı addımlar
atılır? Xaricdəki azərbaycanlılara hansısa
tapşırıqlar verilibmi?
- Heç kim terrordan sığortalanmayıb. Ən
qabaqcıl formada, müasir
texnologiyalarla mühafizə olunan, küçələrində hər yüz metrdən bir kameralar quraşdırılan ölkələrdə
də kiməsə qarşı terror
aktı həyata keçirilə bilər, keçirilib
də. Bunların çoxu da həmin o erməni terrorçu təşkilatlarının əli ilə olub. Konkret faktlar
var, biz bunları bilirik. Biz bu
məsələdə nə edə bilərik? Əlbəttə,
bütün təhlükəsizlik tədbirlərini,
önləyici tədbirləri həyata keçirə bilərik.
Xaricdə olan, terrora daha asan məruz qala biləcək azərbaycanlıları xəbərdar
etmişik, mühafizəni gücləndiririk.
Bilirsiniz ki, Ermənistan
bu terroru dövlət
səviyyəsində həyata keçirir,
onun dövlət orqanlarında
çağırışlar olub ki, qisas alınacaq, Ramil Səfərov və onun
əfvində iştirak etmiş
insanlar cəzalandırılacaq. Bu, onların
çağırışıdır. Biz
də önləyici tədbirlər həyata keçiririk.
Heç kim sui-qəsdlərdən
sığortalanmayıb, Azərbaycan vətəndaşları
da həmçinin.
Azərbaycan.-2012.- 8 sentyabr.- S. 6.