«Erməniləri azərbaycanlılardan
qisas almağa
çağıran Serj Sarkisyan
faktiki olaraq milli əlamətlərinə görə insanlara hücum etmək
komandası Verdi»
Azərbaycan
Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya
təminatı şöbəsinin müdiri
Elnur ASLANOVUN "Trend"ə müsahibəsi
- Son günlər Ermənistan Prezidenti
Serj Sarkisyan fəal şəkildə Azərbaycana
ünvanlanmış zorakılığa
açıq-aşkar çağırışlar etməyə
başlayıb...
- Son hadisələr lakmus
kağızı kimi Yerevanda qeyri-adekvat reaksiya doğuraraq Ermənistandakı
irimiqyaslı siyasi böhranı aşkara çıxardı.
Azərbaycanlıların simasında
düşmən obrazını kəskinləşdirən
Prezident Serj Sarkisyan bir qədər canfəşanlıq edib.
O, erməniləri azərbaycanlılardan qisas almağa
çağıraraq faktiki olaraq milli əlamətlərinə
görə insanlara hücum etmək komandası verib. Beləliklə,
o, növbəti dəfə dözülməzlik
nümayiş etdirərək ölkəni məyus edən
ictimai-iqtisadi və siyasi vəziyyətdən əhalinin diqqətini
yayındırmaq cəhdində Azərbaycanı göstərdi.
Ən maraqlısı odur ki, elə dünən Milli
Yığıncağın növbədənkənar
iclası zamanı Ermənistan parlamentinin vitse-spikeri Eduard
Şarmazanov Serj Sarkisyanın sözlərini təkrarlayaraq
"Karfagen mütləq dağıdılmalıdır"
tezisini işlətdi və Ermənistanda gündən-günə
intişar tapan ksenofobiyanın miqyasını təsdiqlədi.
- Sizcə, hakim "Qarabağ"
klanının ucbatından Ermənistan cəmiyyətinin
düşdüyü vəziyyət bu ölkə
üçün yaxın perspektivdə hansı təhlükələri
doğura bilər?
- Ermənistandakı hazırkı siyasi
böhran parlament seçkilərindən sonra güclənən
xaosun yalnız məntiqi sonudur. Ermənistan əhalisini həyasızcasına
"ikinci növə", kasıblara, gələcəyi
olmayan insanlara çevirirlər. İnsanlarda qanuna, tibbi
yardıma, ləyaqətli işə və maaşa malik olmaq
imkanının olmasına əminlik yoxdur.
Parlament seçkilərinin nəticələri,
eləcə də seçicilərin kütləvi şəkildə
satın alınması Ermənistan əhalisinin vəziyyətinin
nə dərəcədə cansıxıcı olduğunu
nümayiş etdirir. Artıq bu gün əvvəlcədən
demək mümkündür ki, qarşıdan gələn
2013-cü il prezident seçkilərində xalq
narazılığını kütləvi etiraz aksiyaları
ilə ifadə edəcək. Həmin dövr Ermənistanda
sosial gərginliyin ən yüksək səviyyəsi ilə
xarakterizə olunacaq. Bu halda Yerevanın "kukla teatrı
artistləri"nin cavab hərəkətləri effektsiz
qalacaq və ehtimal ki, yalnız vəziyyətin kəskinləşməsinə
şərait yaradacaq.
- Belə olan halda Serj Sarkisyanın xaricdəki
himayədarlarından "səmt küləyi"
axtarması lazım gəlməyəcək ki?
- 2013-cü il prezident seçkiləri ərəfəsində
Serj Sarkisyanın qarşısında həyatının ən
mühüm seçimini etmək duracaq: Ermənistan geosiyasi
vektorunu konkret şəkildə müəyyən etməlidir.
Bundan ölkənin inkişaf modelindən daha çox,
Sarkisyanın öz postunda siyasi cəhətdən sağqalma
dərəcəsi asılı olacaq. Dilemma erməni diasporu tərəfindən
diktə edilən inkişafın istiqaməti ilə bu gün
ön mövqe kimi erməni dövlətçiliyinin
sağqalma dərəcəsini müəyyən edən
istiqamət arasındakı aydın işarədən ibarətdir.
Bundan başqa, 2008-ci ilin iqtisadi
böhranı Ermənistanın nəqliyyat məhdudiyyətləri
ilə şərtlənən geosiyasi vəziyyətinin
bütün zəifliklərini aşkara çıxartdı.
- Lakin Ermənistanda daha vacib faktorlardan biri sabiq prezident
Koçaryan amilidir. Bütün bu fəaliyyətdə Koçaryan və ona yaxın qüvvələr hansı
rol oynaya bilər?
- Qeyd etmək
yerinə düşərdi
ki, mövcud seçkilərin nəticələrini
təkcə daxili qüvvələr deyil, həmçinin mühasirədə
və şəxsən
prezident Sarkisyanla qarşıdurmada olan Koçaryan qrupunun oliqarxları gözləyirlər.
Prezident hakimiyyətini tapdalayan, mülkiyyət, vergi güzəştləri və
digər imtiyazları
ələ keçirməkdə
kart-blanşa malik erməni siyasi prosesinin varlıları aşkar daxili dəstəyə sahibdirlər.
Bu fakt fevral ayındakı prezident seçkiləri də daxil olmaqla, 2013-cü il ərzində
daxili siyasi vəziyyətin gələcəkdə
mürəkkəbləşməsi proqnozunu təsdiqləyir.
- Dağlıq Qarabağ münaqişəsinin
Ermənistandakı vəziyyətə
təsirini də qeyd etmək lazımdır. Azərbaycan torpaqlarının
işğalının davam
etməsi "xərçəng
şişi" kimi Ermənistanı regional layihələrdən
izolyasiya edərək
və atılmış
ölkəyə çevirərək
onun inkişafını
qeyri-mümkün edir.
Mövcud vəziyyətdən çıxış yolunu
nədə görürsünüz?
- Yuxarıda qeyd edilən problemlər bir növ siyasi dalandır və bu problemlər Azərbaycanın işğal
edilmiş ərazilərində
oyuncaq rejimin dəstəklənməsinə dair öhdəliklərlə
mürəkkəbləşir. Offşor zonalarda Yerevandakı "kukla teatrı artistləri" və Xankəndidəki "əlaltılar"ın
hesablarında maddiləşən
erməni vergi ödəyiciləri və
diasporunun pulları yoxluğa gedir.
Nəticə aydındır
- artıq indi Ermənistan düşünməlidir:
ya Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsində güzəşt,
ya da uzun
illər ərzində
iqtisadiyyatın iflasının
"Damokl qılıncı"
və həyat səraitinin aşağı
səviyyədə olması.
Ermənistan vətəndaşları vətəndaşlıq mərdliyi
nümayiş etdirməlidirlər.
Onlar laxlayan sosial-iqtisadi vəziyyət fonunda avtoritar rejimin dəyişdirilməsini tələb
edərək hakimiyyəti
vətəndaşlarla hesablaşmağa
vadar etməlidirlər.
Ölkə əhalisi başa
düşməlidir ki,
Ermənistanın siyasi
rejimi Azərbaycanı
cavab addımlarına
təhrik edərək
onsuz da təhlükəli olan vəziyyəti daha da mürəkkəbləşdirir.
Prezident Serj Sarkisyan dözümsüzlük sözünə
və Azərbaycan vətəndaşlarına qarşı
yönəldilmiş hər
bir təcavüzkar akta görə şəxsən məsuliyyət
daşıyacaq. Özünü mədəni hesab edən millətin siyasi liderinə qısamüddətli siyasi
mənfəətləri naminə
hər hansı radikal elementlərə təhrik etmək yaraşmır. Yolayıranı axtarmaq zəifin taktikasıdır.
Azərbaycan tərəfi həmişə
konstruktiv dialoqa
və münaqişənin sülh yolu ilə nizamlanmasına
çalışıb və Dağlıq Qarabağın
statusunun müəyyənləşdirilməsi üzrə
danışıqları Azərbaycan Respublikasının ərazi
bütövlüyü çərçivəsində davam
etdirmək niyyətindədir. Biz gələcəyə
baxırıq, münaqişələri həll edən zaman
regional əməkdaşlıq həqiqətən də Cənubi
Qafqazın dünya siyasi və iqtisadi xəritəsində
layiqli yer tutmasına kömək edən istinad nöqtəsi
olacaq. Lakin biz hələ də tez-tez problemin həllindən
yayınma taktikasının şahidi olduğumuza görə
rəsmi Yerevana xatırlatmaq istərdim ki, belə dəvəquşu
taktikası aparmağın gələcəyi ola bilməz.
Azərbaycan.-2012.-
8 sentyabr.- S. 6.