Yeni miniatür
kitab
Azərbaycanın oftalmologiya elmini bütün dünyada
tanıdan, intellekti, tibbi
və pedaqoji fəaliyyəti yüksək
mənəvi keyfiyyətləri, yaratdığı fundamental əsərləri ilə məşhur
olan akademik, tibb elmləri doktoru, professor Zərifə Əliyeva əsl
ziyalı, aydın, işıqlı, nurlu
bir şəxsiyyət idi.
Bu nəcib insan
haqqında çox sözlər deyilib, çox yazılar
qələmə alınıb.
Həm həkim,
alim, ictimai xadim, həm də ana,
gözəl ömür-gün
yoldaşı kimi. Bu
günlərdə respublika "Kitab" Cəmiyyətinin xəttilə
görkəmli alimin zəngin və mənalı
həyat yoluna həsr edilmiş
yeni miniatür kitab işıq üzü
görmüşdür. Kitabın müəllifi
yazıçı-publisist, Milli Məclisin
deputatı Hüseynbala Mirələmovdur.
"İNDİQO" nəşriyyatında
buraxılmış 45x50 mm formatlı
"Akademik Zərifə Əliyeva"
adlı nəşr supercildi, səliqəli
və nəfis poliqrafik tərtibatı ilə
oxucuların diqqətini cəlb edir. 368 səhifəlik
miniatür kitabda böyük şəxsiyyətin həyatının
ən əlamətdar, yaddaqalan anları,
hadisələri aydın, səlis, publisistik
dildə, maraqlı üslubda oxuculara təqdim olunur. Burada Zərifə
Əliyevanın yaşadığı ömrün
hər dövrü, fəaliyyətinin əhatə
dairəsi, elmi axtarışları,
qazandığı uğurlar,
qayğıları, insanlara xeyirxah münasibəti, hər kəsə xüsusi diqqəti, bir
sözlə, fədakarlıqla dolu hər
günü, anı öz
əksini tapıb.
Yaxınlarının,
doğmalarının, həmkarlarının, onu
tanıyanların xatirələri əsasında
yazılmış əsərin ilk bölümü "Əbədiyyət
dastanı" adlanır. Bu xatirələrin içində hər ilin öz sözü,
sevinci var. İlk sətirlərdən istedadlı tibb alimi Zərifə Əliyeva
ilə görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin - bu iki böyük
şəxsiyyətin əfsanəvi məhəbbətə
çevrilən qarşılıqlı sevgisi,
səmimi münasibəti, bir-birlərinə olan hörmət və ehtiramları
yazının ana xəttini təşkil edir.
Miniatür nəşrdə Zərifə Əliyevanın
yeniyetməlik, gənclik, tələbəlik illəri,
müharibə dövründə respublikada
yaradılmış hospitallarda rəfiqələri
ilə birlikdə yaralı döyüşçülərə
yardımı, başqalarının dərdinə, kədərinə
acımaq, köməyinə çatmaq kimi alicənab hissləri qələmə
alınmışdır. Atası - dövrün böyük
ziyalısı, dövlət xadimi Əziz
Əliyev, müəllimi professor Umnisə
Musabəyova ilə bağlı xatirələr, Zərifə
xanımın peşəkar göz həkimi
kimi formalaşmasında onların verdiyi məsləhətlər, həkim-xəstə
münasibətlərində həssaslıq, səmimiyyət,
açıqlıq, aydınlıq, ən gərgin dəqiqələrdə
ona bəslənilən ümid,
inam maraqlı epizodlarla
publisistik dildə öz
əksini tapmışdır. Zərifə Əliyeva müasir dünyada həkim
etikasından bəhs edən "Yüksək əqidə"
adlı əsərində özünün
insan kredosu ilə bütövlük təşkil edən sənətinin
sirlərini açır: "Vicdan bizim əsas hakimimizdir.
Çətin dəqiqələrdə də, xoşbəxt saatlarda da onunla
baş-başa qalanda o, soruşur: Ağ xalat geyməyə
haqqın varmı? Sənin əllərin xəstəlikdən
əziyyət çəkənə yalnız biliyini
deyil, həm də qəlbinin həyəcanını,
ürəyinin yanğısını çatdıra bildimi?.. Yaxşı həkim həmişə
xəstə ilə birlikdə həyəcan keçirir,
xəstənin ağrısını şəxsi
ağrısı hesab edir.
Əgər sağlamlığını itirən şəxs
yenidən ona qovuşursa,
demək, həkim də yenidən həyata qayıdır, doğulur. Bizim sənətimizin
mənəvi təməli də elə bundadır. Həkim
peşəsi mücahidlikdir. O, əsl fədakarlıq,
geniş ürək və təmiz niyyət
tələb edir". Mükəmməl psixoloq olan Zərifə
xanım başa düşürdü
ki, xəstə ilə etibarlı
ünsiyyət həkimin ən yaxşı köməkçisidir.
Kitabda ən maraqlı "Zərifə
və Heydər" bölməsidir. Burada
iki böyük şəxsiyyətin
ömür yoluna nəzər
salınır, ulü ondər Heydər Əliyevin
etirafları qələmə alınır: "Mən həqiqətən,
onu çox sevirdim. Onun da mənə olan məhəbbətini
hiss edirdim". Vaqif Mustafayevin bu mövzuya həsr etdiyi
"Əsl məhəbbət haqqında" adlı həyəcanlı,
dramatik bir filmdə
söylənən etiraflar, onların məhəbbəti
bu insanların taleyinə düşən
neçə-neçə sınaqlara dözdü,
öz ziyası ilə onların ailə
ocağını şərəfləndirdi. Sevil Əliyevanın anası Zərifə
xanım haqqında söylədiyi fikirlər oxucuları daha maraqlı məqamlarla tanış edir. "Zərifə Əliyeva şəxsiyyətinin
gücü məhz onun
insanların qayğı və iztirablarına, niyyət və
arzularına fədakarcasına xidmətindədir. Zərifə
xanım dövlət və mədəniyyət sahələrində
daha böyük səmərə
verə bilərdi. Lakin taleyin əmri ilə elə bir insana rast
gəldi ki, onun qismətinə
millətin lideri olmaq
missiyası, qüdrətli dövlət qurucusu,
cəmiyyəti dəyişdirən islahatçı olmaq missiyası yazılmışdı. Zərifə
xanım bu adamın sevilən və sevən
həyat yoldaşı olaraq onun görəcəyi işlərin miqyasını
dərk edərək onun arxadaşı
olmağı özünə borc bildi".
Miniatür nəşrdə akademik
Zərifə Əliyevanın həkim, alim,
pedaqoq kimi xarakterini səciyyələndirən
xüsusiyyətlər tibb elmləri doktoru, professorlar
A.N.Dobromıslovun, Z.Skripçenkonun, akademik V.Şmelyovanın, elm
xadimləri N.Şulpinanın, M.M.Krasnovun,
Tamerlan Əliyevin, Cəmil Əliyevin
xatirələrində daha aydın açılıb göstərilmişdir.
Məqalədə oxuyuruq: "Onun sadəliyi təsvirəgəlməzdir. Akademik, əməkdar elm xadimi, müxtəlif mükafatların
laureatı olmasına baxmayaraq, Zərifə
Əziz qızına hər hansı sadə insan
müraciət edə bilərdi və o,
hamıya kömək əlini uzatmağa
çalışırdı".
Kitabda Zərifə Əliyeva haqqında ən
maraqlı və dəyərli fikirlər ümummilli
lider Heydər Əliyev tərəfindən
söylənən xatirələrdir. Bu
xatirələr əsərin "Unudulmaz insan" və "İstedad-tale-ömür"
bölmələrində toplanmışdır. "Mənim
müvəffəqiyyətli xidmətimdə ailəm böyük rol
oynamışdır. Mən ona görə
xoşbəxt idim ki,
mənim Zərifə xanım kimi həyat
yoldaşım vardı və o, mənim
ailəmdə çox gözəl mənəvi
mühit yaratmışdı". Bu sözlər Zərifə Əliyevanın fədakarlıqlarla
dolu ömrünə verilən ən
yüksək qiymət idi.
Əsərdə
anası Zərifə xanım haqqında maraqlı, həlim, duyğulu fikirlər ölkə
başçısı, Prezident İlham Əliyev tərəfindən söylənilir:
"Mənim anamın ailəsi o vaxtkı
cəmiyyətin ən ziyalı hissəsinə mənsub olub... Atasının - Əziz Əliyevin həyatı
Zərifə xanım üçün doğma xalqının tarixinin
ayrılmaz hissəsi idi... O,
eyni zamanda, bütün həyatı boyu
Çexova və Raxmaninova
dərin hörmət bəsləyib. Əgər Çexov ona həkim kimi, insan kimi
cəmiyyətin problemlərini başa
düşməkdə yaxın idisə, Raxmaninovun
musiqisi ona daxili sakitlik verirdi, onu təlaşdan,
qərarsızlıqdan azad edirdi... Bizimlə keçirdiyi
son günlərdə Zərifə
xanım bilirdi ki, ömrü sona
çatır, özü də, bütün həkimlər də bu barədə tam
açıq danışırdılar... Ölüm
fikri onu qorxutmurdu. Onu narahat edən onsuz qalacaq adamlar idi... O, çox gözəl
başa düşürdü
ki, əbədiyyət
qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq
yaxşılıqdır. Onu sakitləşdirən
məhz bu idi.
Mənim anam əsl alim idi. O, tibbin bütün
incəliklərini öyrənməyə səy göstərirdi.
Bununla belə, bizi Azərbaycanın
layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə
vaxt tapırdı. O, həmişə mənim
qəlbimdədir".
Əsəri
yekunlaşdıran bölüm "Son məktub" adlanır. "Məndən ötrü narahat olma, uşaqlara
yaxşı bax. Unutma
ki, mən səni sevirəm...". Bu sözlər "tariximizin
əfsanəvi şəxsiyyətləri arasında layiqli yer tutan,
böyük şərəf və
şöhrət qazanan" Zərifə Əliyevanın
son məktubundan sətirlərdir. Onun yaşadığı ömür
"millət üçün iftixar mənbəyi və nümunə" olmuşdur. Akademik Zərifə
Əliyeva həyatı boyu gözlərə
nur bəxş edərək zülmət
və qaranlıqla mübarizə aparmışdır. Bu istək onun parlaq obrazını qeyri-adi
bir nəcibliyə qovuşdurmuşdur.
100 nüsxə tirajla çap olunmuş miniatür kitabda 42 fotoşəkil yerləşdirilmişdir.
Nəfis tərtibatlı bu nəşr
"H.Halal: hər şey
poliqrafiya üçün"
müəssisəsinin sponsorluğu ilə
çap olunmuşdur.
İradə ƏLİYEVA
Azərbaycan.-2012.-
8 sentyabr.- S. 9.