Azərbaycanın dinamik inkişafı beynəlxalq hesabatlarda öz əksini tapır

 

Azərbaycan iqtisadiyyatının dayanıqlı və davamlı inkişafını özündə təcəssüm etdirən milli modelin başlıca istiqamətləri ölkə iqtisadiyyatının daha da inkişafı, dünyaya inteqrasiya və Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsidir. Ötən müddət ərzində bu modelin müvəffəqiyyətlə icra olunması nəticəsində Azərbaycanın uğuru davamlı xarakter almış, ölkəmiz nəqliyyat, ərzaq və enerji təhlükəsizliyini təmin edərək öz siyasiiqtisadi müstəqilliyinə nail olmuşdur. Artıq dövlət müstəqilliyinin üçüncü onilliyinə qədəm qoyan respublikamızda sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək əzmkarlıqla və yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası bütün sahələrdə öz nəticələrini göstərir.

Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun, zamanın nəbzini tutmaqla həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq artıq Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub. Bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır.  Respublikamızda neftqeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır.

Ən böyük nailiyyətlərdən biriondan ibarətdir ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. İnkişafın Azərbaycan modeli əsasında Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticəsi olaraq ölkəmiz əsas məqsədlərinə çatıb. Azərbaycanda sərbəst bazar münasibətlərinə və inkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş iqtisadiyyat formalaşıb, dünya təsərrüfat sisteminə inteqrasiya tam təmin olunub. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində əvvəllər qazanılmış uğurlar daha da möhkəmləndirilib, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatları artıb, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. Bütün bunlar isə təbii ki, həm də Azərbaycanın beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edən çox mühüm amillərdir.

Azərbaycanın iqtisadi sahədə nümayiş etdirdiyi belə inkişaf dinamikası dünya miqyasında da yaxından izlənməkdə, ölkəmizin bu sahədə qazandığı təcrübə, əsasını qoyduğu sürətli tərəqqi modelinin xüsusiyyətləri diqqətlə öyrənilməkdədir. Təsadüfi deyil ki, qlobal maliyyə böhranının yaratdığı fəsadlara qarşı dayanıqlıq həddini araşdıran dünyanın bir çox aparıcı mərkəzləri indi Azərbaycana daha çox maraq göstərməkdə, onun inkişaf dinamikasını tədqiq etməkdədirlər. Dünyanın nüfuzlu beynəlxalq qurumları daim öz hesabatlarında Azərbaycan iqtisadiyyatının dinamik inkişaf tempini qoruyub saxlayacağını bəyan edirlər. "Standard and Poor" beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini artırıb, halbuki inkişaf etmiş Avropa ölkələrinin kredit reytinqləri aşağı salınıb. "Moody's" beynəlxalq reytinq agentliyi respublikamızın dünyada potensial investor olmasını öz hesabatında xüsusi qeyd edib. Bu beynəlxalq reytinq agentliyi hesab edir ki, Azərbaycan regionda xalis kreditor mövqeyi çox güclü olan dövlətdir. "Moody's" ölkəmizdəki investisiya mühitini ciddi şəkildə təhlil edərək şəffaf biznes mühitinixarici sərmayədarların fəaliyyəti üçün təmin edilmiş cəlbedici şəraiti  təqdir edir. Agentliyin analitiklərinin fikrincə, Azərbaycanın investisiya imkanları çox cəlbedicidir. Bu, xarici sərmayə qoyuluşlarının artım dinamikası üçün əlverişli imkanlar yaradır. Eyni zamanda, xaricə sərmayə qoyuluşları üçün münasibətləri formalaşdırır.

Bu günlərdə Azərbaycan iqtisadiyyatına dair növbəti xoş xəbərlər Dünya İqtisadi Forumundan gəldi. Belə ki, sentyabrın 5-də Dünya İqtisadi Forumunun 2012-2013-cü illər üzrə "Dünya Rəqabətlilik Hesabatı" rəsmi olaraq beynəlxalq ictimaiyyətə təqdim edilib. Hesabata əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə, 144 dövlət arasında 46-cı yerdə qərarlaşmışdır.

Xatırladaq ki, 2011-2012-ci illər hesabatında ölkəmiz 142 ölkə arasında 55-ci yeri tutmuşdu. Bu göstərici ilə Azərbaycan MDB dövlətləri arasında lider idi. Bu il aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bununla bağlı demişdi: "Azərbaycan beynəlxalq iqtisadi inkişafla bağlı reytinqlərdə həmişə yüksək yerlər tutur. Dünya İqtisadi Forumu, Davos İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı MDB məkanında birinci yerə layiq görür".

Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir zamanda Azərbaycanın 9 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və Azərbaycanın beynəlxalq nüfuzunun artmasının nümunəsidir.

Bu il Azərbaycan MDB ölkələri arasında yenə də liderdir. Azərbaycanın inkişaf sürəti, dinamikası, möhkəm iqtisadiyyatı MDB məkanında ən rəqabətqabiliyyətli dövlət elan edilməsinə səbəb olmuşdur. Reytinq cədvəlində Qazaxıstan 51-ci, Rusiya 67-ci, Gürcüstan 77-ci, Ermənistan 82-ci  pillələrdə qərarlaşmışlar.

Azərbaycanın belə yüksək göstəriciyə nail olmasını şərtləndirən amillərdən başlıcası ölkəmizdə mövcud olan güclü makroiqtisadi sabitlik və bu sahədə daim aparılan islahatlardır. Bu cür hesabatlar isə Azərbaycanın inkişaf dinamikasının beynəlxalq aləmdə də yaxından izləndiyini, təqdir olunduğunu və ölkəmizin, həqiqətən də, iqtisadi tərəqqi sahəsində özünəməxsus nümunənin əsasını qoyduğunu nümayiş etdirməkdədir.

 

 

Azərbaycan.-2012.- 9 sentyabr.- S. 1.