MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclası başa çatmışdır

 

 Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) Bakıda keçirilən növbəti iclası sentyabrın 8-də başa çatmışdır.

AzərTAc xəbər verir ki, iki gün davam edən iclasda MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri, cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramın həyata keçirilməsinin gedişi, 2014-2018-ci illərdə cinayətkarlıqla mübarizədə birgə tədbirlər üzrə Dövlətlərarası Proqramın və 2014-2018-ci illərdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizədə və narkomaniyaya qarşı fəaliyyətdə MDB-yə üzv dövlətlərin Proqramının layihələrinin işlənib hazırlanması, Birlik dövlətlərinin daxili işlər nazirliklərinin əməkdaşlığının inkişaf Konsepsiyasının layihəsinin hazırlanması, şəxslərin dövlətlərarası axtarışının həyata keçirilməsi qaydalarını müəyyən edən sənəd layihəsinin hazırlanması,  MDB-nin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və cinayətkarlığın digər növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun maliyyə-təsərrüfat fəaliyyətinin aparılması üzrə Təlimatın layihəsi, DİNŞ nəzdində Elmi-Məsləhət Şurasının yaradılması və s.  məsələlər ətrafında geniş müzakirələr aparılmış, müvafiq qərarlar qəbul edilmişdir.

Şuranın sədri, Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iclasda çıxış etmiş, müzakirə olunan məsələlərə münasibətini açıqlamışdır.

Müzakirələr zamanı bir fikir xüsusi vurğulanmışdır ki, beynəlxalq terrorizmlə və mütəşəkkil millətlərarası cinayətkarlıqla mübarizədə müvəffəqiyyət birlikdə, qarşılıqlı anlaşmada və insanların dinc həyatının müdafiəsi üçün birgə fədakar səylərin tarazlığındadır.

Tədbirin iştirakçıları yaradılmış şəraitə və göstərilən qonaqpərvərliyə görə, Azərbaycan dövlətinin başçısına, Hökumətinə və Daxili İşlər Nazirliyinə minnətdarlıq etmişlər.

İclas başa çatdıqdan sonra mətbuat konfransı keçirilmiş, general-polkovnik Ramil Usubov tədbirlə bağlı ətraflı məlumat vermiş, KİV nümayəndələrinin suallarını cavablandırmışdır.

 

 

Azərbaycan.-2012.- 9 sentyabr.- S. 2.