İşğalçı ölkə
gec-tez Azərbaycanın siyasəti sayəsində
məğlubiyyətə düçar olacaq
Mübariz
QURBANLI: "Əgər Ermənistan sülh
danışıqlarından imtina edəcəksə, onda
müharibə variantı işə düşəcək və
Azərbaycanın hərbi üstünlüyü
özünü göstərəcək"
Erməni
terror təşkilatlarının, xüsusən də
ASALA-nın Azərbaycanın
xarici ölkələrdəki diplomatik nümayəndələrini
hədəfə götürməklə hədələməsi
və Ermənistan parlamentinin qəbul etdiyi sərsəm bəyanatlar
artıq dünyaya sübut etdi ki, işğalçı
ölkə terrora dövlət səviyyəsində dəstək
verir. Ancaq Ermənistan çox yaxşı bilir ki, istənilən
arzuolunmaz olayın baş verməsi işğalçı
ölkənin özünə ciddi zərbə vuracaq və
dünya birliyinin qınağına çevriləcək. Hətta
işğalçı ölkənin parlamentində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı Minsk qrupu çərçivəsində
aparılan danışıqlardan imtina etməsi ilə əlaqədar
bəyanatın qəbul olunması Azərbaycana mənfi təsir
etməyəcək.
Yeni Azərbaycan Partiyasının icra
katibinin müavini, deputat Mübariz Qurbanlı qəzetimizə müsahibəsində
ASALA-nın təhdidlərinə və Ermənistandakı
olayların pərdəarxasına aydınlıq gətirib.
- Mübariz müəllim, ASALA terror təşkilatının
son zamanlar aktivləşməsi və Azərbaycanın
Macarıstandakı səfirliyinə təhdid dolu məktubların
göndərilməsi ciddi etiraza səbəb olub. Sizcə, Ermənistan
bu hərəkəti ilə terrora dövlət səviyyəsində
dəstək verdiyini bir daha dünyaya bəyan etmədimi?
- "Ermənistanın
azadlığı uğrunda erməni gizli ordusu" - ASALA
1975-ci ildə yaradılıb. Təşkilatın məqsədi
Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın
Naxçıvan və Dağlıq Qarabağ əraziləri
üzərində "böyük Ermənistan"
qurmaqdır. Bu təşkilat əsasən Türkiyə və
Azərbaycan vətəndaşlarına qarşı terror
aktları həyata keçirməsi ilə tanınır.
ABŞ Dövlət Departamentinin sənədlərində bu
qurum terrorçu təşkilat kimi qeydə alınıb.
ASALA ötən əsrin 70-80-ci illərində bir çox
qanlı terror hadisəsinin təşkilatçısı
olub.
Müasir dünyada terrora qarşı
mübarizə bəşəri xarakter daşıyır. Təsadüfi
deyil ki, əksər ölkələr terrorizmə
qarşı mübarizə aparır. Terror bu gün bəşəriyyətin
ən böyük problemi hesab olunur. ASALA bu gün Ermənistan
tərəfindən dövlət səviyyəsində himayə
edilən, işğalçı ölkənin xüsusi xidmət
orqanlarının əli ilə
idarə olunan, maliyyələşdirilən terror təşkilatıdır.
Bu təşkilatın yenidən üzə
çıxması təsadüfi deyil. Bu, bölgədə,
Yaxın Şərqdə gedən hadisələrlə
bağlıdır. Ermənistanın dövlət səviyyəsində
terrora dəstək verməsi heç kəsə gizli deyil.
ASALA yenidən "efirə" çıxdıqdan sonra ilk
bəyanatını Türkiyəyə qarşı verdi.
Növbəti bəyanat isə Ramil Səfərovun Azərbaycana
gətirilməsi və Azərbaycan Prezidenti İlham Əliyevin
onu əfv etməsindən sonra verilib. Bu bəyanatında ASALA
bütövlükdə Azərbaycana qarşı terror əməllərini
fəallaşdıracağını bəyan edib. Bu,
açıq-aşkar Azərbaycana qarşı təhdiddir,
terror vasitəsilə məqsədə çatmaq arzusudur.
Ancaq bütün beynəlxalq sənədlərdə belə
hallar qəti şəkildə pislənilir. Ona görə də
Azərbaycan tərəfi ASALA-nın simasında Ermənistanın
terror əməliyyatları keçirmək istəyini
dünyaya çatdırır və dünyadan, ATƏT, Avropa
Şurası, BMT və digər təşkilatlardan Ermənistanın
bu niyyətinə qarşı kəskin münasibətlər
gözləyir.
- Bu bəyanatdan iki gün öncə
Ermənistan prezidenti Serj Sarkisyan ölkənin Təhlükəsizlik
Şurasının iclasında açıq-aşkar Azərbaycana
qarşı terrorla bağlı tapşırıqlar verməsi
bu ölkənin mətbuatında dərc edildi və
bütün beynəlxalq təşkilatlar bundan xəbərdar
oldular. Sizcə, bu təhdidlər Azərbaycanı nədənsə
çəkindirəcəkmi və beynəlxalq təşkilatlar
tərəfindən işğalçı ölkəyə təzyiqlər
ola bilərmi?
- Bu ölkənin prezidentinin, həqiqətən,
Azərbaycana qarşı terrorla bağlı
tapşırıqlar verməsi Ermənistanın dövlət
səviyyəsində terrorla məşğul olmasına dair
növbəti fakt kimi qeyd edilə bilər. Bunun Ermənistan
üçün çox pis nəticəsi olacaq. Terrorla
bağlı təhdidlər Azərbaycanı heç nədən
çəkindirməyəcək. Çünki Azərbaycan
Ermənistandan qat-qat güclü dövlətdir. İstər
milli təhlükəsizliyini təmin etmək
baxımından, istər xaricdə yaşayan və fəaliyyət
göstərən vətəndaşlarını qorumaq
baxımından Azərbaycan kifayət qədər gücə
malik olan dövlətdir. Azərbaycan Prezidentinin həyata
keçirdiyi ciddi siyasət, ölkənin daxilindəki birlik,
vətəndaş sülhü, həmrəylik bütün
xalqımızı ASALA və digər terror təşkilatlarına
qarşı birgə mübarizə aparmağa sövq
etmişdir və bu yöndə də Azərbaycan cəmiyyəti
sayıqlığını itirməyib. Hesab edirəm ki, erməni
terror təşkilatı hay-küylü bəyanatlar versə
də, bu bəyanatların arxasında real olaraq Azərbaycana
hansısa bir ziyan vuracağı o qədər də asan məsələ
deyil. Azərbaycan adekvat tədbirlər görəcək və
bu ölkəyə qarşı edilən hər hansı bir
terror əməli layiqli cavabını alacaqdır. Bu, dövlətin
mövqeyidir.
- Belə çıxır ki,
ASALA-nın Azərbaycana qarşı təhdidləri Ermənistanın
özünə qarşı yönələcək və fərarilər
ordusuna çevrilmiş, iqtisadi cəhətdən tənəzzülə
uğramış işğalçı ölkə daha bir
ağır zərbə alacaq...
- Bəli, bütün bunlar Ermənistanın
özünə qarşı yönələcək. Bu ölkə
ASALA-nın əli ilə öz mənfur niyyətini həyata
keçirmək istəyir. Zamanında Avropanın
başqa-başqa ölkələrində həbs edilən
ASALA-nın üzvləri azadlığa buraxılmış və
Ermənistanda onlar qəhrəman kimi
qarşılanmış, əfv olunmuş və həmin cinayətkarlar
Dağlıq Qarabağ müharibəsində Azərbaycana
qarşı törədilən faciələrdə iştirak
etmişlər. İndi də bu təşkilatın əli ilə
yeni təhdidlər, bəyanatlar verilir. Ancaq Azərbaycanın
artan nüfuzu, iqtisadi cəhətdən yüksəlişi, Cənubi
Qafqazda lider dövlət olması dünya birliyi tərəfindən
qəbul edilir. İndi Azərbaycan dünyada söz sahibinə
çevrilib. Artıq bütün beynəlxalq təşkilatlar
dünya erməniliyinin törətdiyi vəhşiliklərin
şahididir. Azərbaycanın xarici diplomatiyasının
apardığı təbliğat işləri öz bəhrəsini
verib. Bütün dünya ictimaiyyəti Ermənistanı
işğalçı dövlət kimi qəbul edir. Bu səbəbdən
də hesab edirəm ki, işğalçı ölkənin
bu təhdidləri bumeranq rolunu oynayacaq və Ermənistan
hakimiyyəti layiqli cəzasını alacaqdır.
- Bu günlərdə Ermənistan
parlamentində bir sənəd müzakirəyə
çıxarılıb və əksər deputatlar həmin sənədin
lehinə səs veriblər. Sənəddə göstərilir
ki, bundan sonra Dağlıq Qarabağla bağlı status
danışıqları heç bir halda aparıla bilməz.
"Dağlıq Qarabağ Respublikası" heç bir
status çərçivəsində Azərbaycanın tərkibində
ola bilməz". Sizcə, bu sənədin qəbulu
münasibətlərin gərginləşməsinə səbəb
olmayacaqmı?
- Ermənistan parlamentarilərinin
müzakirəyə çıxardıqları sərsəm sənəddə
bir çox məsələlər öz əksini tapıb.
Erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı aparılan danışıqlardan
çıxmaqla əlaqədar irəli sürdüyü
tezislərə görə demək olar ki, onlar heç bir təzyiqlərə
davam gətirmirlər. Hamı bilir ki, Ermənistan bu
danışıqlarda formal iştirak edir. Ermənistan, əslində,
vassaldır və öz "senyorunun"
tapşırığını yerinə yetirir. Bu ölkənin
danışıqlarda iştirakı, sadəcə,
görüntü xarakteri daşıyır. Erməni tərəfi
bütün danışıqlarda qeyri-konstruktivlik
nümayiş etdirib. Əgər bu ölkə
danışıqlardan çıxacaqsa, buyursun
çıxsın. Azərbaycan bundan heç də narahat
deyil və təşviş keçirmir. Belə olan halda
"B" variantı işə düşəcək. Bu isə
müharibə variantıdır. Müharibə
başlayacağı təqdirdə isə Azərbaycanın hərbi
üstünlüyü özünü göstərəcək.
Ermənistan bizi müharibə ilə "blef" etməsin.
Çünki hərb meydanında bu ölkənin Azərbaycanla
üz-üzə qaldığı anda tam gücsüz vəziyyətdə
olacağı hər kəsə bəllidir. Onun
"senyorunun" isə bu zaman ortaya girməsi qlobal
müharibəyə çevriləcək. Ona görə də
erməni tərəfinin bu "blefi" onun himayəçiləri
tərəfindən də dəf olunacaq. Çünki
müharibə Ermənistana və onun arxasında duran qüvvələrə
ziyan gətirəcək. Müharibə aparmaq Azərbaycanın
haqqıdır. Ölkəmizin torpaqları işğal olunub.
Lakin Azərbaycan sülh danışıqları ilə
torpaqlarını azad etmək istəyir. Azərbaycan Prezidenti
İlham Əliyev xarici siyasətini çox dəqiq, sərrast
və qətiyyətli şəkildə hücum xətti ilə
qurub və bunun nəticəsində biz qonşu ölkələrlə
gedən münasibətlərdə daim haqlı
çıxmışıq. Bu gün də haqlıyıq və
sabah da haqlı olacağıq. Həyat, zaman göstərəcək
ki, Ermənistan gec-tez Azərbaycanın siyasəti sayəsində
məğlubiyyətə düçar olacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2012.-
9 sentyabr.- S. 2.