Azərbaycan iqtisadi möcüzələr ölkəsidir

 

Azərbaycanın dinamik inkişafı, rəqabətədavamlı iqtisadiyyatını təmin edən islahatlar nüfuzlu iqtisadi qurumlar və reytinq agentlikləri tərəfindən də yüksək dəyərləndirilir. Belə ki Dünya İqtisadi Forumunun 2012-2013-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı"nda Azərbaycan rəqabətlilik reytinqinə görə 144 dövlət arasında 46-cı yerdə qərarlaşıb. 2011-2012-ci il hesabatında isə ölkəmiz 142 ölkə arasında 55-ci yeri tutmuşdu. Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir zamanda Azərbaycanın 9 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi dəyərləndirilir.

 

 Uğurlarımız ölkəmizin qarşısında yeni üfüqlər açır

 

 Dövləti dünyada tanıdan, yerini və rolunu möhkəmləndirən düşünülmüş siyasətə əsaslanan seçdiyi yoldur. Yenicə müstəqillik qazanmış hər bir dövlətin qarşısında müxtəlif istiqamətli yollar dayanır. Bu yolun düzgün müəyyənləşdirilməsi isə ölkəyə rəhbərlik edən şəxsin idarəçilik qabiliyyətindən, siyasi təcrübəsindən, biliyindən asılıdır. Azərbaycan müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu ucbatından xaos, anarxiya, iqtisadi tənəzzül dövrünü yaşasa da, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin düzgün seçdiyi yolla irəliləməyə başladı. İqtisadiyyatı hər bir ölkənin təməl daşı kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev yeni uğurlu neft strategiyasını həyata keçirməyə başladı, bununla da, gələcək iqtisadi-siyasi inkişafın təməlini qoydu. Azərbaycanın bu gün dünyada sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi, yeni iqtisadi və sosial çağırışların müzakirə olunduğu demokratik məkan kimi tanınması və nüfuz qazanması düzgün müəyyənləşdirilən və gələcəyə hesablanmış siyasətin nəticəsidir.

20 illik müstəqillik tarixinə malik olan Azərbaycanın uğurlarını təhlil etdikdə bu reallıq özünü qabarıq şəkildə büruzə verir ki, kompleks həyata keçirilən inkişaf bütün sahələri əhatə edib. Bu da ondan irəli gəlir ki, ayrı-ayrı sahələr üzrə müvafiq dövrləri əhatə edən dövlət proqramları hazırlanır, qarşıda duran vəzifələr və həlli yolları müəyyənləşdirilir, icrası ilə bağlı müvafiq qurumlara konkret tapşırıqlar verilir. Bir proqramın nəzərdə tutulan vaxtda yüksək səviyyədə icrası növbəti illər üçün yeni sənədin hazırlanmasına yol açır ki, bu da ölkənin hərtərəfli inkişafının sürətləndirilməsində başlıca amillərdəndir.

Təkcə cari ilin ötən dövrünün statistikasına diqqət yetirsək, 2012-ci ili hansı uğurlarla başa vuracağımız barədə aydın təsəvvür yaranır. Dövlət başçısı İlham Əliyevin müsahibələrinin birində söylədiyi "Əgər gələcəyi düşünməsən, bu günün problemlərini həll etmək çox çətin olacaqdır. Bizim bu gün həll etdiyimiz problemlər gələcəyə yönəlibdir. Dünya tərəqqi edir. Biz də ona çatmalıyıq" fikirləri bir daha bu gerçəkliyi ortaya qoyur ki, həyata keçirilən siyasətin əsasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi, dünya iqtisadi sisteminə inteqrasiya, bunların fonunda Azərbaycanın uğurlu gələcəyi dayanır. Bu gerçəklik də inkaredilməzdir ki, gələcəyi proqnozlaşdırmadan, dövrün çağırışlarının öhdəsindən lazımi səviyyədə gəlmədən uğurlu inkişafa nail olmaq qeyri-mümkündür. Bu fikir ötən ilin sonunda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən, 30 ölkədən 60-a yaxın nümayəndənin qatıldığı "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfransda da xüsusi qeyd olunmuşdur ki, hər bir ölkənin öz inkişaf strategiyası mövcuddur. Dövrün çağırışlarına yüksək səviyyədə əməl etmək üçün qarşılıqlı təcrübəyə, fikir mübadiləsinə böyük ehtiyac var. Azərbaycanın müxtəlif mövzuları əhatə edən beynəlxalq tədbirlərə ev sahibliyi etməsi qarşılıqlı əməkdaşlığa verdiyi önəmin təsdiqidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müasirləşmək, yeniləşmək dövlətimizin siyasətinin əsas mənasını, inkişafa aparan yolun baş xəttini təşkil edir.

Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb. Ölkəmiz yerləşdiyi çoğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqət mərkəzində olub və bu gün həmin maraq daha da artıb. Almaniyada nəşr olunan nüfuzlu "Spiegel" jurnalının 2012-ci il avqust nömrəsində dərc olunan "İqtisadi möcüzələr ölkəsi Azərbaycan: Xəzər dənizinin sahilində müasirləşmənin güclü təmsilçisi" sərlövhəli məqalədə yer alan bəzi fikirləri xüsusi qeyd etmək istərdim. Bu baxımdan ki, bu gün reallıqlarının içərisində olduğumuz Azərbaycana dünyanın baxışı ilə ölkə ictimaiyyətinin rəyində bir eynilik vardır. Yəni, uğurlar heç bir təhrifə yol verilmədən şərh olunur, Azərbaycanın inkişaf modeli nümunə göstərilir. Məqalədə deyilir: "Bu, sakitcə baş verən təkamül prosesinə bənzəyir: 20 il bundan əvvəl, Sovet İttifaqı dağılanda və demək olar ki, əksəriyyət üçün naməlum olan bir sıra kiçik respublikalara parçalananda, kimsə uzaq Qafqazda baş verə biləcək dəyişikliyin miqyasını təsəvvür edə bilməzdi."

Bu fikrin ardınca bildirilir ki, o vaxtdan bəri böyük neft və qaz ehtiyatlarına malik olan Azərbaycan özünün ümumi daxili məhsulunun həcmini bir neçə dəfə artırmış və bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına daxildir. Bu fakt da əminliklə vurğulanır ki, digər postsovet ölkələrindən fərqli olaraq Azərbaycan öz inkişafını daha rahat şəkildə həyata keçirmişdir. Ölkə iqtisadiyyatının enerji amilindən asılılığının minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi təqdir olunur, düzgün siyasətin nəticəsi kimi dəyərləndirilir. 2009-cu ildən dünyanı bürüyən və nəticələri bu gün də davam edən iqtisadi və maliyyə böhranı məngənəsində çırpınmaqla borc bataqlığından çıxmağa çalışan Yunanıstan, İtaliya, İsveç... kimi ölkələrlə müqayisədə fərqlənən, böhrandan uğurla çıxan Azərbaycanın nailiyyətlərini şərtləndirən əsas amil də məhz ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasıdır. Son 9 ildə qazandığımız tərəqqi də təsdiqləyir ki, Azərbaycan təkcə özünün zəngin neft və qaz ehtiyatlarına güvənmir, qeyri-neft sektorunun inkişafına əsaslanan ölkənin gələcək inkişaf modelinin gerçəkləşməsi istiqamətində inamla addımlayır. İqtisadiyyatın şaxələndirilməsi, sənayenin liberallaşdırılması istiqamətində atılan addımların nəticəsidir ki, cari ilin ötən dövründə qeyri-neft sektorunda artım 11,3 faiz təşkil etmişdir. ÜDM-də özəl bölmənin payının 85 faiz olması da bu sahəyə diqqətin bariz nümunəsidir. Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amilin rolunu önə çəkən dövlət başçısı İlham Əliyev bildirir: "Biz 20 il ərzində həm siyasi, həm iqtisadi sahədə köklü islahatlar aparmaqla ölkəmizi yeni müstəviyə gətirib çıxarmışıq. Azərbaycan artıq orta gəlirli ölkələr sırasındadır, qarşıya vəzifə qoyulubdur ki, yüksək gəlirli ölkələr sırasında olsun, inkişaf etmiş ölkəyə çevrilsin. Bunun üçün iqtisadi islahatlar davam etdirilməlidir. ...Biz islahatları aparmaqla neft-qaz amilindən iqtisadi asılılığımızı böyük dərəcədə aşağı sala bilmişik və gələcəkdə şaxələndirmə, yerli istehsalın, sağlam rəqabətin gücləndirilməsi, investisiyaların cəlb edilməsi sayəsində, əminəm ki, daha da böyük uğurlara çatacağıq." İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların nəticəsi olaraq, paytaxt və bölgələrdə quruculuq-abadlıq işləri geniş vüsət almış, regionlarımız sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətində olmuşdur. Dövlət başçısı İlham Əliyevin regional inkişaf proqramlarının icrası ilə yaxından tanış olmaq üçün bölgələrə mütəmadi səfərləri, hər səfərin yeni obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalması, ən əsası, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün sərəncam imzalanaraq, Prezidentin Ehtiyat Fondundan müvafiq məbləğin ayrılması və s. kimi addımlar ölkənin hərtərəfli inkişafında bölgələrin malik olduğu ehtiyatlardan istifadənin xüsusi önəm daşıdığını təsdiqləyir. Azərbaycan bu gün Cənubi Qafqaz regionu iqtisadiyyatının 83 faizinə sahibdir.

 

 Enerji layihələri: Əməkdaşlıq körpüsü

 

 Dövlət başçısı İlham Əliyevin Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə olduğunu böyük əminliklə qeyd etməsi, sözsüz ki, reallıqlara söykənir. Təşəbbüsləri gerçəkləşdirməklə iqtisadi imkanlarını genişləndirən Azərbaycan yeni-yeni layihələrin gündəmə gətirilməsinə, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün yeni marşrutların müəyyənləşdirilməsinə maraq göstərir. Cari ilin iyun ayında keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubiley sammiti çərçivəsində Azərbaycanla Türkiyə arasında "Trans-Anadolu Təbii Boru Kəməri layihəsinə dair Hökumətlərarası Müqavilə"nin imzalanması da bir daha bu gerçəkliyi ortaya qoydu ki, münasibətlərin möhkəm təməl üzərində qurulması qarşıya qoyulan məqsədlərə nail olmağa əsas verir. TANAP layihəsinin icrası nəticəsində ilk növbədə Türkiyəyə daha böyük həcmdə təbii qazın nəql edilməsinə nail olacağıq. Eyni zamanda, layihənin reallaşması nəticəsində Türkiyə sənayesinə ən çox investisiya yatıran şirkət ARDNŞ, ən böyük ölkə isə Azərbaycan olacaq. Dövlət başçısı İlham Əliyev ARDNŞ-nin fəaliyyətini yüksək dəyərləndirərək bildirir: " Bu gün Azərbaycan Dövlət Neft Şirkəti nəinki regionda, dünya miqyasında çox böyük nüfuza malik olan şirkətdir, beynəlxalq səviyyəli şirkətdir. Məqsədimiz məhz ondan ibarət idi ki, SOCAR - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti beynəlxalq səviyyəyə çıxsın. Biz buna nail ola bilmişik."

"Gələcəkdə bizi daha da böyük layihələr gözləyəcəkdir" söyləyən dövlət başçısı İlham Əliyev bu reallığı da diqqətə çatdırır ki, Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələr dünya enerji xəritəsinə yeni çalarlar gətirir. Bu gün bölgəni birgə həyata keçirilən layihələrsiz təsəvvür etmək qeyri-mümkündür.

Ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artır. Yeni yataqların aşkarlanması, müxtəlif ölkələrlə imzalanan sazişlər, anlaşma memorandumları bunu söyləməyə əsas verir ki, ölkəmiz qarşıdakı illərdə regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolunu daha da artıracaq. "Azərbaycanda aşkar edilmiş neft-qaz yataqları bundan sonra da uzun illər, ən azı, 100 il ölkəmizi təmin edəcək, bizim ixrac imkanlarımızı təmin edəcək, etibarlı tərəfdaş kimi Azərbaycan gələcəkdə də öz müsbət rolunu oynayacaqdır."

Qeyd edək ki, əhəmiyyətinə görə BTC və BTƏ neft-qaz kəmərlərindən geri qalmayan, dünyaya açılan üçüncü qapı kimi dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də Azərbaycan və Türkiyə dövlətinin birgə səyləri nəticəsində gerçəkləşir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yubiley sammitində diqqəti beş il bundan öncə keçirilən qurumun zirvə görüşünə yönəldən Prezident İlham Əliyev bildirmişdir ki, o zaman dəmir yolunun tikintisinə başlayacağımızı bildirmişdik. Bu gün isə işlərin cari ilin sonuna qədər tamamlanacağını və dəmir yolunun istifadəyə veriləcəyini qeyd edirik. Layihənin nəzərdə tutulan vaxtda istifadəyə verilməsi sözsüz ki, ölkəmizin iqtisadi və maliyyə imkanlarının təqdimatında mühüm rol oynayacaq. Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə təmin olunmasının nəticəsidir ki, bu kimi beynəlxalq əhəmiyyətli layihələrin icrası gerçəkləşir. Qeyd edək ki, şəffaflıq meyarları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Dövlət Neft Fondunun vəsaitlərinin həcmi 32 milyard dollardan çoxdur. Dövlət başçısı İlham Əliyev bu uğurlara əsaslanaraq bildirir ki, bu gün Azərbaycan dövləti öz qüvvəsi, maliyyə imkanları hesabına ən mürəkkəb layihələri icra edə və onu məntiqi sonluğa çatdıra bilər.

 

Azərbaycan özünü dünyada sosial və investisiya yönümlü dövlət kimi təsdiq edib

 

 İşsizlik, yoxsulluq problemlərinin həlli dövlətin siyasətində prioritet məsələdir. Son illərdə ölkəmizdə 1 milyondan artıq iş yerinin açılması düşünülmüş siyasətə əsaslanan dövlət proqramlarının uğurlu nəticəsidir. Cari ilin birinci yarısında isə 46 min yeni iş yeri açılıb ki, onlardan təxminən 37 mini daimidir. İşsizliyin səviyyəsi 5,4 faizdir. Yoxsuluğun azaldılmasına xidmət edən dövlət proqramlarının uğurlu icrası statistik rəqəmlərdən də aydın görünür. Yoxsulluğun səviyyəsi 7,6 faizdən aşağıdır. Cari ilin ötən dövründə əhalinin pul gəlirləri təxminən 14,2 faiz artıb. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər davamlılığı ilə diqqət çəkir. Azərbaycanda vətəndaşların əməkhaqlarının artırılmasına davamlı proses kimi diqqət yetirilməsi, beynəlxalq standartlara əsaslanan pensiya-sığorta sisteminin tətbiqi ilə ölkə əhalisinin rifah halı yüksəlib. Dövlət başçısı İlham Əliyevin sərəncamı əsasında cari ilin iyun ayından sovet dövründən qalmış əmanətlərin qaytarılmasına başlanılması da bu diqqətin əsas tərkib hissələrindəndir. Dövlət başçısı bildirir: "Yəni, bu təşəbbüs bir daha bizim niyyətimizi göstərir ki, sosial məsələlərin həlli daim diqqət mərkəzində olmalıdır, bazar iqtisadiyyatı prinsipləri, əlbəttə ki, bizim üçün əsasdır. Ancaq bəzi hallarda bazar iqtisadiyyatı prinsipləri sosial ədalət prinsipləri ilə üst-üstə düşmür. Amma Azərbaycanda hər iki vacib amil daim diqqət mərkəzindədir və görülən tədbirlər bunun məntiqi nəticəsidir." Ünvanlı Sosial Yardım Proqramı icra edilir, 143 min ailə ünvanlı sosial yardım alır və hər bir ailəyə verilən məbləğ 109 manat səviyyəsindədir. Digər sosial proqramlar da uğurla icra edilir. Paytaxt və bölgələrdə yeni məktəblər, xəstəxanalar, idman kompleksləri tikilib, istifadəyə verilib. Bütün bunlar Azərbaycanın hərtərəfli inkişafını təsdiqləyir. Ölkəmizin valyuta ehtiyatları 44 milyard dollardan artıqdır. Son 15 ildən artıq dövr ərzində ölkə iqtisadiyyatına 120 milyard dollardan artıq vəsait qoyulub. İnvestorlar ölkə iqtisadiyyatına qoyduqları vəsaitin təhlükəsizliyinə tam əmindirlər. Artıq bu gün Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, xarici ölkələrə investisiya yatıran dövlət kimi də tanınır. Bu baxımdan son illərdə xarici ölkələrə 6 milyard dollar sərmayə yatırılmışdır.

Bütün bunlar Azərbaycanın böyük iqtisadi imkanlara malik olduğunu təsdiqləyir.

 

İqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır

 

 Ölkəmizin xarici siyasətdə uğurlarının ümumiləşdirilmiş ifadəsi olaraq deyə bilərik ki, Azərbaycan beynəlxalq aləmin dəyərli üzvü kimi öz sözünü deyir və deyəcəkdir. Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi buna əyani sübutdur. "Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, cari ilin may ayında təşkilata sədrlik etməsi çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. Bu mötəbər təşkilatın ali orqanında ilk dəfə təmsil olunan ölkəmizin səyləri beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsinə, dünyada sülh və ədalətin bərqərar olmasına kömək edəcəkdir" - söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, Azərbaycan dünyada sülhün, sabitliyin, təhlükəsizliyin bərqərar olunmasının və qorunmasının tərəfdarıdır.

Hər bir sahədə böyük uğurları ilə dünyanı heyrətləndirən Azərbaycan tezliklə yeganə problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaqla bu inkişafa daha böyük yol açacaq.

 

İqtisadi tərəqqidə demokratikləşmə prosesinin rolu inkaredilməzdir

 

Siyasi və iqtisadi islahatların vəhdətliyi uğurların davamlılığını şərtləndirən amillərdəndir. Bu gün Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Demokratik təsisatların formalaşdırılması istiqamətində atılan addımları təqdir edən beynəlxalq qurumlar daim bu reallığı təsdiqləyirlər ki, Azərbaycan dövləti dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsində və tətbiqində maraqlıdır. Buna əyani sübut kimi qəbul olunan qanunların mütəmadi təkmilləşdirilməsi, yaxud bununla bağlı yeni sənədlərin qəbul olunması göstərilir. Ölkəmizdə seçkilərin demokratikliyini təmin etmək üçün 2003-cü ildə Avropa Şurası Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə rəyi əsasında qəbul olunan Seçki Məcəlləsinə, vətəndaşların sərbəst toplaşmaq hüququnu təmin edən qanuna, siyasi partiyaların fəaliyyətini tənzimləyən "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi və s. deyilənlərin təsdiqidir. Bu təkmilləşmələr onu göstərir ki, Azərbaycan dövləti hər dövrün tələbinə diqqət yetirir və onların qəbul olunan sənədlərdə əksini tapmasına çalışır. Bu addımlar eyni zamanda, onun təsdiqidir ki, insan hüquq və azadlıqlarının qorunması dövlətin siyasətində prioritet məsələdir. Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" təsdiq edildi. Milli Fəaliyyət Proqramının əsas məqsədi insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətindəki islahatların davamlılığını təmin etməkdir.

 

 Hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək mümkün deyil

 

Ölkə reallıqlarının ictimaiyyətə dolğun şəkildə çatdırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür. Dövlətimizin azad mətbuatın inkişafına yönələn addımları davamlılığı ilə diqqət çəkir. Yaradılan demokratik şəraitin nəticəsidir ki, bu gün hər kəs öz fikrində sərbəstdir, baş verən hadisəyə fərdi yanaşma nümayiş etdirərək, öz mövqeyini ortaya qoyur. Amma yaradılan demokratik şərait ona əsas vermir ki, mətbuatın əsas prinsipləri olan obyektivlik, qərəzsizlik, vətənpərvərlik arxa plana keçsin. Dövlət azad mətbuatın təminatçı funksiyasını yüksək səviyyədə yerinə yetirib, zəruri olan addımları atırsa, mətbuatın da əsas missiyası Azərbaycan dövlətçiliyini qorumaq, müharibə şəraitində yaşayan bir ölkə olaraq həqiqətlərimizin təbliğində fəal iştirak etməkdir. KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist peşəkarlığının artırılması, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar təqdir olunur.

 

 Hər xalqı dünya xalqları içərisində tanıdan xüsusiyyətlərdən biri də mədəniyyətdir: 42 ölkə məşəlini Bakıda alovlandırdı

 

"Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir." Ulu öndər Heydər Əliyev eyni zamanda, bildirirdi ki, yüksək mədəniyyətə, zəngin ziyalı potensialına malik xalq həmişə irəli gedəcək, yaşayacaq və inkişaf edəcəkdir. Bu gün böyük inam hissi ilə qeyd edə bilərik ki, Azərbaycan beynəlxalq aləmdə yeri və rolunu möhkəmlədirməklə yanaşı, öz milli-mənəvi dəyərlərini, tarixini, mədəniyyətini və incəsənətini yüksək səviyyədə qoruyan və təbliğ edən ölkələr sırasındadır. Ulu öndər Heydər Əliyevin söylədiyi proqram xarakterli "... Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətlərini göturüb tətbiq edərək heç vaxt dinimizdən, adət-ənənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik" fikri dövlətimizin siyasətində öndə dayanır.

Mədəniyyətimizin inkişafı, mədəni irsimizin qorunması, milli dəyərlərə bağlılığımız və onun təbliği Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin önündə dayanan əsas məsələlərdəndir. Bu istiqamətdə atılan addımlar davamlılığı ilə diqqət çəkir. Mədəniyyət ocaqlarının inşası, bərpası, dünya standartlarına uyğunlaşdırılması deyilənlərin təsdiqidir. Zəngin Azərbaycan musiqisi bu gün özünün yeni dövrünü yaşayır. Mədəniyyətimizin, incəsənətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri zaman-zaman istedadlı insanların mədəniyyətimizdə yeni yollar, cığırlar açması, yeni formalar meydana gətirmələridir.

Azərbaycan bu ilin mayında mötəbər "Eurovision-2012" mahnı yarışmasına ev sahibliyi etdi. 42 ölkənin məşəlinin Bakıda alovlanması bir daha ölkəmizin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Dünyanın nüfuzlu mətbu orqanlarında dərc olunan məqalələrdə də bildirilirdi ki, "Eurovision" müsabiqəsinin keçirilməsi Azərbaycana ölkənin müstəqillik illərində qazandığı tərəqqini dünyaya nümayiş etdirmək imkanı vermişdir. Musiqinin də ölkələr arasında körpü olduğunu nəzərə alsaq, yarışmanın əhəmiyyəti bu baxımdan da aydın olur. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalları, beynəlxalq muğam festivallarının təşkili Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması istiqamətində atılan önəmli addımlardır.

 

 İdman tək fiziki sağlamlıq deyil, həm də böyük siyasətdir

 

 XXX London Yay Olimpiya Oyunları arxada qalsa da, nəticələr hələ də ölkə və dünya mətbuatında müzakirə olunmaqdadır. Azərbaycanın 205 dövlət arasında 30-cu yeri tutması böyük uğur olmaqla yanaşı, ölkəmizin nüfuzunun göstəricisidir. Ölkə idmançıları London Yay Olimpiya Oyunlarında 53 lisenziya ilə 16 idman növündə təmsil olunaraq, 10 medala sahib oldular. Azərbaycanın 20 illik müstəqillik tarixində qatıldığı Olimpiya oyunlarına diqqət yetirsək, qazanılan medalların sayında nəzərə çarpan artım idmanın inkişafına göstərilən diqqətin sistemli xarakter daşıdığını bir daha ortaya qoyur. Atlantada 1, Sidneydə 3, Afinada 5, Pekində 7, London Yay Olimpiya Oyunlarında isə 10 medal (2-si qızıl, 2-si gümüş, 6-sı isə bürünc) qazanan idmançılarımız Azərbaycanın bayrağını yüksəklərə qaldıraraq, bir daha ölkəmizin təqdimatına öz töhfələrini verdilər. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Olimpiya oyunları təkcə idman yarışı deyil, həm də böyük siyasətdir.

Bu sahənin inkişafının dövlətin siyasətində prioritet olduğunu təsdiqləyən əsas amillərdən biri dövlət başçısı İlham Əliyevin 16 yanvar 2012-ci il tarixli sərəncamı ilə 2012-ci ilin "İdman ili" elan edilməsidir. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Olimpiya oyunlarının "İdman ili"nə təsadüf etməsinin özü də bu sahəyə yönələn diqqətin məntiqi nəticəsi olmaqla gənclərin fiziki sağlamlığına göstərilən qayğının təzahürüdür. Azərbaycan ən möhtəşəm beynəlxalq idman yarışlarına ev sahibliyi etmək və Olimpia oyunlarına ev sahibliyi etmək istəyini bildirməklə də zəngin resurslara malik olduğunu bəyan edir.

 

Məqsəd Azərbaycanı daha güclü, qüdrətli dövlətə çevirməkdir

 

Uğurlarımız növbəti mərhələdə nəzərdə tutulmuş milli hədəflərin reallaşdırılması üçün yeni konsepsiya və strategiyanın hazırlanmasını, fundamental inkişaf istiqamətlərinin müəyyənləşdirilməsini, hadisələrə konseptual yanaşmanı siyasi zərurət kimi qarşıya qoyur. Bu baxımdan dövlət başçısı İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamı mühüm əhəmiyyət kəsb edir. Cari ilin sonunadək hazırlanması nəzərdə tutulan bu mühüm sənəd Azərbaycanda reallaşdırılan quruculuq siyasətinin təməl prinsiplərini, dünyada ölkəmizin yerini və rolunu, dinamik inkişafın prioritetlərini özündə ehtiva edəcək. Konsepsiyanın başlıca məqsədi dünyada baş verən maliyyə-iqtisadi böhran və mürəkkəb qlobal dəyişikliklər fonunda Azərbaycanın milli maraqlarının hərtərəfli qorunmasına nail olmaq, dövlətimizin və xalqımızın etibarlı gələcəyini təmin etməkdir. Dövlət başçısı bildirir: "Bizim ümumi məqsədimiz ondan ibarətdir ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər." 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməsi, qeyri-neft sektorunun hərtərəfli inkişafı sayəsində 3 dəfə artan ümumi daxili məhsulun daha 2 dəfə artırılması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu və s. qarşıya qoyulan hədəflərdir.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar keçirilən "dəyirmi masa"da sənədin əhəmiyyətini geniş təhlil edərək bildirmişdir ki, bu sənəd ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Yeni inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşımızda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışlarının nəzərə alınması ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir, strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır.

Bu gün Azərbaycan İKT-dən istifadə imkanlarına, ən müasir texnologiyaların tətbiqinə görə MDB-də liderdir. Ölkədə genişzolaqlı internetin təşkili ilə insanların azad şəkildə ünsiyyətinin formalaşdırılması üçün imkanlar təkmilləşdirilir. Ən inkişaf etmiş ölkələrdə tətbiq olunmayan 4G xidmətləri respublikamızda tətbiq olunub. Azərbaycanda əhalinin 60 faizdən çoxunun internetdən istifadəsi ölkənin müasirləşməsinin məntiqi ifadəsidir. Respublikada "Elektron hökumət"in yaradılması istiqamətində həyata keçirilən islahatlar bütün xidmət sahələrində proseslərin şəffaflığını təmin etməklə prosedurların sadələşdirilməsini təmin edir.

Atılan addımların əsasında bir məqsəd dayanır: Azərbaycanı daha güclü, qüdrətli dövlətə çevirmək. Prezident İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bəyan etmişdir ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son illərin uğurları bu vədin əməli işə əsaslandığını bir daha təsdiqləyir.

 

 

Vüqar RƏHİMZADƏ,

"İki sahil" qəzetinin baş redaktoru

 

Azərbaycan.-2012.- 9 sentyabr.- S. 3.