Lənkəranda Türkiyə
Respublikasının fəxri konsulluğu fəaliyyətə
başlamışdır
Sentyabrın 8-də Lənkəran
şəhərində Türkiyə Respublikasının fəxri
konsulluğunun açılışı
olmuşdur.
Fəxri konsulluq cənub bölgəsinin 7 rayonunun əhalisinə hüquqi
və konsulluq xidməti göstərəcəkdir.
AzərTAc
xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə
Türkiyə Böyük Millət Məclisinin
üzvləri Ahmet Arslan
və Adnan Yılmaz, qardaş
ölkənin Azərbaycandakı səfiri Hülusi
Kılıc, Qafqaz Müsəlmanları
İdarəsinin sədri şeyxülislam
Allahşükür Paşazadə, sənaye və energetika naziri Natiq Əliyev, polis general-mayoru Həzi Aslanov,
Milli Məclisin deputatı Cavanşir
Paşazadə, "Palmali" Şirkətlər
Qrupunun prezidenti Mübariz Mənsimov iştirak
etmişlər.
Azərbaycanın
və Türkiyənin dövlət himnləri səslənmişdir.
Mərasimdə
çıxış edən şəhər icra
hakimiyyətinin başçısı Taleh
Qaraşov qonaqları Azərbaycanın
dilbər guşələrindən biri olan Lənkəran torpağında salamlayaraq bildirmişdir ki, bu gün
Azərbaycanın, o cümlədən cənub
bölgəsinin tarixində əlamətdar bir
gündür, Lənkəran şəhərində
Türkiyə Respublikasının fəxri konsulluğu
fəaliyyətə başlayır.
Türkiyə
Böyük Millət Məclisinin üzvü Ahmet Arslan çıxışında ümummilli lider Heydər Əliyevin
söylədiyi "Biz bir
millət, iki dövlətik" kəlamını
xatırladaraq bunun Türkiyə parlamentində
bir daha şahidi olduğunu, bütün millət vəkillərinin
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü olmaq istədiklərini bildirmişdir.
Qardaş ölkənin millət vəkili Adnan Yılmaz bildirmişdir
ki, Azərbaycanın
müstəqilliyini ilk tanıyan ölkə
məhz Türkiyə olmuşdur.
Mustafa Kamal Atatürkün
"Azərbaycanın sevinci bizim sevincimiz, kədəri
bizim kədərimizdir" sözlərini
yada salan türkiyəli
millət vəkili, Azərbaycanın 20 illik
qısa zamanda dünyanın qüdrətli
dövlətlərindən birinə çevrildiyini
diqqətə çatdırmışdır. O, Azərbaycan və Türkiyə
dostluğuna həsr etdiyi
şeirini oxumuşdur.
Qafqaz Müsəlmanları İdarəsinin
sədri şeyxülislam Allahşükür
Paşazadə çıxışında qeyd
etmişdir ki, Lənkəranda,
mənim üçün doğma
və müqəddəs olan torpaqda Türkiyə Respublikasının fəxri
konsulluğunun açılması çox sevindiricidir. Bu, iki ölkə
arasında dostluğun və
qardaşlığın rəmzidir.
Mərasimdə
çıxış edən Türkiyənin Azərbaycandakı
səfiri Hülusi Kılıc bildirmişdir ki, bu gün Lənkəranın
tarixində çox əlamətdar bir gündür.
"Türkiyə
üçün Azərbaycan
bir candır. Azərbaycanın ayağına
dəyən daş Türkiyənin ürəyinə
dəymiş kimidir",
- deyən diplomat, Azərbaycanda
ermənilər tərəfindən
1918-ci ildə törədilən
soyqırımından söhbət
açmış, ermənilərə
qarşı savaşda
8 minlik Osmanlı ordusunun iştirak etdiyini, Azərbaycanın müxtəlif bölgələrində
türk şəhidlərinin
məzarlarının, Birinci
Dünya müharibəsində
Çanaqqala savaşında
azərbaycanlı qardaşların
şəhid olduğunu
diqqətə çatdırmışdır.
Sonra Lənkəran
şəhərində Türkiyə
Respublikasının fəxri
konsulluğunun rəmzi
açılışını bildirən lent kəsilmişdir.
Qonaqlar fəxri konsulluğun yerləşdiyi
binada işçilər üçün yaradılan şəraitlə
yaxından tanış olmuşlar.
Azərbaycan.-2012.-
9 sentyabr.- S. 2.