Türkiyə Respublikasının Gəncədəki
Baş Konsulluğunun
yeni binası istifadəyə verilmişdir
Türkiyə Respublikasının Gəncədəki
Baş Konsulluğunun yeni binası istifadəyə
verilmişdir. AzərTAc xəbər verir ki, sentyabrın 9-da
bu münasibətlə təşkil olunmuş mərasimi
Türkiyə Respublikasının Gəncədəki baş
konsulu Haluk Ağca açıq elan etdikdən sonra hər iki
ölkənin dövlət himnləri səsləndirilmişdir.
Mərasimdə Gəncə Şəhər
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev
çıxış edərək ölkəmizin ikinci mədəniyyət
mərkəzi olan Gəncədə Baş Konsulluğun fəaliyyətə
başlamasını Azərbaycan-Türkiyə
qardaşlığı və dostluğunun möhkəmləndirilməsində
növbəti addım olduğunu vurğulamışdır.
O, Türkiyənin bu yeni konsulluğunun hər iki dövlət
arasında əlaqələrin daha da genişləndirilməsinə
xidmət edəcəyini bildirmişdir. Böyük Mustafa
Kamal Atatürkün "Azərbaycanın sevinci bizim
sevincimiz, kədəri bizim kədərimizdir" sözlərini
diqqətə çatdıran Elmar Vəliyev
çıxışını dünya şöhrətli
siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin
"Biz bir millət, iki dövlətik" müdrik kəlamı
ilə bitirmişdir.
Açılış mərasimində
çıxış edən Türkiyənin Azərbaycandakı
səfiri Hulusi Kılıç demişdir: "Bu gün Azərbaycanın
bütün bölgələri kimi, Gəncə də
çiçəklənmə dövrünü
yaşayır. Bu, bizi bir qardaş ölkə olaraq çox
sevindirir". Azərbaycan ilə Türkiyə arasında əlaqələrin
möhkəm təməl üzərində qurulduğunu
bildirən türkiyəli diplomat onu da əlavə etmişdir
ki, bu əlaqələr dostluq və qardaşlıq prinsipləri
üzərində qurulmuşdur. Türkiyə ilə Azərbaycan
bir candır. Azərbaycanın ayağına dəyən
daş Türkiyənin ürəyinə dəyən
daşdır. Ona görə də Türkiyə hər zaman
Azərbaycanın yanındadır. Azərbaycanın ən
ağrılı problemi olan Dağlıq Qarabağ
münaqişəsinin həllində Türkiyə bundan sonra
da qardaş ölkənin mövqeyini müdafiə edəcəkdir.
Hulusi Kılıç bildirmişdir ki,
bu gün Gəncədə tarixi bir gün yaşanır.
Türkiyə-Azərbaycan əlaqələrinin genişləndirilməsində
bölgələrin də iştirakı çox önəmlidir.
Türkiyənin Gəncədəki Baş Konsulluğunun fəaliyyəti
respublikanın qərb bölgəsinin 22 şəhər və
rayonunda yeni iqtisadi və mədəni əlaqələrin
qurulmasında mühüm rol oynayacaqdır.
Sonra Türkiyə və Azərbaycan
parlamentləri deputatlarının və iş
adamlarının iştirakı ilə Baş Konsulluğun
yeni binasının rəmzi açılışını
bildirən lent kəsilmiş, iştirakçılar
konsulluğun binasında işçilər üçün
yaradılan şəraitlə tanış olmuşlar.
Açılış mərasimindən
sonra "RAMADA Plaza" hotelində Baş Konsulluğun yeni
binasının açılışı münasibətilə
ziyafət təşkil edilmişdir. Ziyafət zamanı
Türkiyə-Azərbaycan əlaqələrinin genişlənməsindən
bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Azərbaycan.-2012.-
11 sentyabr.- S. 10.