Gəncədə baxış-sərgi keçirildi

 

 Nizami Gəncəvinin yubileyi yaxınlaşdıqca şəhərdə kütləvi tədbirlər daha geniş miqyas alır. "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" dövlət başçısı İlham Əliyevin sərəncamına uyğun olaraq, ölməz şairin yurdunda bir-birindən maraqlı və məzmunlu tədbirlər keçirilir. Şairin məqbərəsi, Nizami küçəsi, onun adı ilə bağlı olan ayrı-ayrı guşələr tamamilə yenidən qurulur, ulu şairin ədəbi irsinin öyrənilməsi və təbliği üçün dövlət səviyyəsində sistemli işlər görülür.

Bəlli olduğu kimi, Gəncədə elmi-tədqiqat Nizami İnstitutu fəaliyyətə başlamış, 6 şöbədən ibarət Nizami Mərkəzi yaradılmışdır. Yubileyin tədbirlər planına uyğun olaraq, professor Xəlil Yusifli tərəfindən "Leyli və Məcnun" poeması əruz vəznində tərcümə edilmiş, Samir Pişnamazzadənin "Nizami Gəncəvi yaradıcılığına əxilik ideologiyasının təsiri" adlı monoqrafiyası, tanınmış alim Əfrasiyab Vəkilovun "Blokadalı Leninqradda Nizami yubileyi" kitabı, Mübariz Yusifovun "Nizamidə azərbaycançılıq" əsəri, habelə, 31 alimin iştirakı ilə hazırlanmış "Gəncə şəhərinin tarixi" kitabı çap edilmişdir.  Avstriya və Böyük Britaniya kitabxanalarında, Saltikov Şedrin adına Rusiya milli kitabxanasında qorunan "Xəmsə" əlyazmalarının surətləri kitab şəklində nəşrə hazırlanmışdır. "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi" adlı kitabın və şairin sözlərinə bəstələnmiş musiqilərdən ibarət kompakt diskin düzəldilməsi başa çatdırılmışdır.

Tarixi yubileyə təkcə ayrı-ayrı müvafiq elmi müəssisələr, idarə və təşkilatlar yox, bütövlükdə qədim Gəncə elliklə hazırlaşır. Bu günlər Mərkəzi meydanda nizamisevərlərin əl işlərindən ibarət baxış-sərgi təşkil olunmuşdur. Elm, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, ayrı-ayrı həvəskarların ulu şairin yubileyinə hazırladıqları ən müxtəlif töhfələr nümayiş etdirilirdi. Bu, qeyri-adi bir baxış-sərgi idi. Geniş meydan əsl Nizami ovsununa düşmüşdü. Hara baxırsan ulu şairin əsərləri, personajları, xalqın ona həsr elədiyi töhfələr, "Xəmsə"nin motivləri əsasında hazırlanmış səhnəciklər nümayiş olunurdu. Əsas məqsəd daha yekun yubiley tədbirlərinə ən maraqlı, ən məzmunlu işləri seçməkdən ibarət idi. Möhtəşəm yubiley tədbirlərinin isə sentyabr ayının 29-da Nizami Gəncəvi məqbərəsinin ziyarəti və orada ədəbi-bədii kompozisiyanın təqdimatı, ulu şairin poemalarına həsr olunmuş rəsm, xalça və tətbiqi sənət əsərlərinin sərgisi ilə başlanması nəzərdə tutulub. Yekun yubiley tədbirləri çərçivəsində əsaslı surətdə yenidən qurulan Gəncənin görməli yerləri, Heydər Əliyev adına meydan, Şah Abbas məscidi, Çökək hamam, Cavad xan türbəsi, Gəncə seyrəngahı, Bayraq meydanı, "Xəmsə" kompleksi ilə tanışlıq, dahi şairin adına yeraltı keçidin açılışı və kitabxananın təməlinin qoyulması, beynəlxalq elmi-praktik konfransın keçirilməsi gözlənilir.

Yubileyə az qalır. Gəncə tarixi günlər yaşayır. Qədim şəhər dünya şöhrətli övladının - ulu Nizaminin ad gününə fərəhlə, iftixarla, layiqli töhfələrlə gəlir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.-2012.- 11 sentyabr.- S. 10.