Masallıda keçirilən Beynəlxalq Folklor Festivalı mədəniyyət tariximizdə mühüm hadisə idi

 

 Beynəlxalq Folklor Festivalının başlandığı gün Masallı şəhərinin küçə və meydanlarına axışanların ovqatını üzlərindən oxumaq olurdu. İnsanların çöhrəsində işıq, simasında bayram əhval-ruhiyyəsi vardı. Şəhərdən, qəsəbə və kəndlərdən gələnlərin yolu Heydər Əliyev parkının ətrafında birləşirdi. Masallının səhəri musiqi ilə açılırdı. İnsanların axınını, toplaşanları musiqi müşayiət edirdi.

Azərbaycanın folklor paytaxtı Masallı gələn qonaqlara geniş qucaq açmışdı. Payız fəslində havanın hərarəti də ümumi ovqatla həmahəng idi. Saat 11-dir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatları, dövlət rəsmiləri, qonaqlar ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyur, ehtiram ifadə edirlər.

Parkın darvazası qarşısında tribuna qurulmuş, yerə xalı-xalça sərilmişdi. Bayraq Meydanında toplaşmış qonaqlar dəstələrlə tribuna önündən keçir, sənətkarlıq nümayiş etdirirlər. Ayrı-ayrı ölkələrdən gələn folklor sənətçilərinin ifaları, ilk tanışlıq buradan başlanır.

İlk olaraq meydandan Azərbaycan bayrağı ilə keçən folklor kollektivinin rəqs kompozisiyası alqışlarla qarşılanır. İkinci olaraq Naxçıvanın rəqs kollektivi yallı ilə tamaşaçıların diqqətini cəlb edir. Üçüncü, dördüncü Masallının veteran və gənclərdən ibarət "Halay" kollektivləri keçir.

Ay lolo, gəlin halay düzülsün... sədalarına qoşulub oxuyan kim, rəqs edən kim?! Hər ürəkdə, hər dodaqda bir nəğmə dinir. Bütün şəhər bu ovqatda köklənib. Parkın yaxınlığındakı ümumi yaşayış binalarının pəncərələrindən, məhəccərlərindən baxanlar, səkilərdə keçilməz cərgə yaradanlar bu tədbirə qoşulub mahnılara nəqarət tuturlar.

Neçə illərdir ki, "Halay" mədəniyyətimizin zəngin incilərini, ürəyə yatan, ovqat xoşluğu ifadə edən xalq folklorumuzu dünyanın ayrı-ayrı ölkələrinə aparırdı, milli dəyərlərimizi təbliğ etdikcə, başqa xalqlarla mədəniyyət əlaqələri, canlı bağlılıq yaradırdı. İndi onlarca ölkənin folklor təbliğatçıları, mənəvi dəyər daşıyanları rayonumuza gəlib... Meydanda Rusiya Federasiyası Dağıstan Respublikasının nümayəndələrinin təqdim etdikləri şux, qıvraq, sənətkarlıq baxımından bitkin rəqslər tamaşaçıların diqqətini cəlb edir. Onların yerini İran İslam Respublikasının nümayəndələri tutur. Mizrab telə dəydikcə aşıq mahnıları qanad açıb ətrafa səpələnir. El sənətkarlarının saz-söz ustalığı, ürəkləri oxşayan məharətləri alqışlanır. Kabardin-Balkar (Rusiya Federasiyası) folklor kollektivinin təqdim etdiyi rəqslər də bəyənilir, alqışlanır. Latviyanın folklor kollektivinin buynuz formalı çalğı aləti xalqın qonaqpərvərlik rəmzi kimi nümayiş etdirilir... Qardaş Türkiyə folklorçuları bitkin bir rəqs kompozisiyası nümayiş etdirirlər. Sevgi, məhəbbət, qəhrəmanlıq süjetində birləşən kompozisiyadakı nəğmələr, rəqslər bizə yaxın olduğundan daha çox alqışlanır. İlk təqdimat Masallının gənclərdən ibarət rəqs kollektivinin gözəllik, cəsurluq, qəhrəmanlıq  ifadə edən rəqsi ilə yekunlaşır.

Nizami parkının qarşısına kimi təbil, zurna səsləri ifaçıları müşayiət edir. Səkilərdə düzülmüş Masallı tamaşaçıları sənətçiləri alqışlayır, onlara gül dəstələri verir, xoş məramlarını bildirirlər. Bu, masallılıların  qonaqpərvərliyinin, sənəti yüksək qiymətləndirmələrinin görüntüsüdür. Şəhərin Nizami parkında sənətlər bir növ çulğaşır. Zurnaçılar, nağaraçılar burada meydanı qızışdırırlar. Folklor kollektivləri, tamaşaçılar qol-qola girib rəqs edirlər.

 

  Açıq səma altında muzey

 

 Açıq səma altında yaradılan muzey də qonaqların marağına səbəb olur. El sənətkarlarının hazırladıqları bir-birindən dəyərli, gözəl, cəlbedici suvenirləri onlar xüsusi maraqla qarşılayırlar. Musiqimizə, rəqs və nəğmələrimizə olan sayğılar indi xalqımızın ululuğunu, qədimliyini əks etdirən məişət əşyalarımıza yönəlib...

Ərkivanlı dulusçu Cəsarət Nuriyevin nümayiş etdirdiyi gil və qumdan hazırlanmış onlarca məişət əşyaları barədə sual-cavab, təəccüb, heyrət insanların marağından yaranıb.  Qonaqlar sandıqçı Şərafət Əzizovu da dövrələmişlər. On növdən çox sandıq nümayiş etdirən Şərafətdən ünvan alır, sandıq sifariş verir, sənətini tərifləyirlər. Boradigahlı sənətkar Taleh Ağayevin düzəltdiyi qılınclar, müxtəlif döymələr, samovarlar, Yaqub Məmmədovun tikdiyi papaqlar oxşar mədəniyyət və məişəti olan festival iştirakçılarının diqqətini daha çox çəkir. Ərkivanlı Əbülfət Nuriyevin suvenirləri kiçik həcmli olduğundan çeşidləri çoxdur. Sərgidə Musakücə həsirçiləri dədə-baba adətlərini, Təhmasib Məcidov çəkdiyi rəsm əsərlərini, Əntiqə Tağıyeva Masallı diyarşünaslıq muzeyinin eksponatlarını nümayiş etdirirlər. Mədəniyyət evinin rəssamı Tofiqin hazırladığı, üzərində "Azərbaycanın folklor paytaxtı, Masallı-2012" yazılmış sandığı onuncu qonaq idi ki, ona bağışlayırdı...

 

 Maraqlı görüşlər, ürək sözləri

 

 Latviyalı müğənni An Mari Azərbaycan tamaşaçılarına "Eurovision-2012" mahnı müsabiqəsinin iştirakçısı kimi yaxşı tanışdır. O, "Sarı gəlin" Azərbaycan xalq mahnısını öz repertuarına daxil edəndən sonra ölkəmizdə daha da məşhurlaşıb.

Onunla qısa müsahibəmiz də bu tanışlıq çərçivəsindən başladı. Muğənnini onun öz dilində salamladıq. Təzə-təzə öyrəndiyi Azərbaycan dilində cavab verdi.

Təbii ki, hələ konsertlər başlamadığından, söhbət Masallı haqqında ilk təəssüratdan gedə bilərdi:

- Füsunkardır! - dedi. - Masallını təbiətin, insanların yaratdığı möcüzə kimi gördüm. Gözəl rayonunuz, möcüzəli yerləriniz, qibtə ediləsi təbiətiniz var. Burada insanlar da oxuyur, meşələr, dağlar, bulaqlar, şəlalələr də... Mən də sizin ücün oxuyacağam. Latış mahnılarını və "Sarı gəlin" Azərbaycan xalq mahnısını!

Dağıstan Mədəniyyət İdarəsinin rəisi Səidə Nəsrəddinovna "Şavla" (Şölə) folklor ansamblına başçılıq edir. Festivala Rəsul Həmzətovun sözlərinə bəstələnmış "Mənim Dağıstanım", "Babayud qızları" mahnısı, xalq rəqsləri ilə gəldiklərini söylədi.

 

 Rəsmi açılış

 

Sentyabrın 7-də axşamüstü festivalın rəsmi açılışı oldu. Azərbaycanın dövlət himni səsləndirildi. Festivalın açılışına xeyir-dua verən, iştirakçıları salamlayan, onlara xoş gəlmisiniz deyən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Azərbaycanın qədim və zəngin folklor irsinə malik olduğunu bildirib dedi ki, bu böyük xəzinəmizin dünyaya tanıdılmasında Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük təşkilatçılıqları var.

Diqqəti qədimliyimizə, onun təməli üzərində yüksələn, ondan qaynaqlanan mədəniyyətimizə cəlb edən natiq Azıx mağarasının canlı tarixindən, Qobustan qaya daşlarının ritmlərindən, ana laylaları, ata öyüdlərindən süzülüb gələn folklorumuzun Masallıda da qorunub saxlandığını, inkişaf etdirildiyini vurğuladı. Qonaqlara müraciətən "Xoş gəlmisiniz, göz üstündə yeriniz var" dedi. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədli isə iştirakçıları nazir Əbülfəs Qarayevin adından salamladı. Festivalın məqsədini açıqlayan natiq bunu dünya mədəniyyətlərinin yaxınlaşması üçün vasitə kimi dəyərləndirdi. O, festivalın keçirilməsi üçün yaxşı şərait yaradıldığına görə rayon rəhbərliyinə minnətdarlığını bildirdi.

Aparıcılar konserti açıq elan etdilər. Ekranda Qobustan qayaları görünür. Qaval daşların səsləri eşidilir. Nağaraçılar ansamblı bu səslərin ritmini tutur... Tamaşaçıların ilk alqışı Masallı nağaraçalanlarının ünvanınadır.

Yenə səhnə "Halay"ın ixtiyarına verilir. Əvvəlcə nənə "Halay"çılar tamaşaçıların ovqatının hakimi olurlar. Toylarımızın, şənliklərimizin mənzərəsi göz önündə canlanır.

Dağıstanın folkloru ona görə zəngindir ki, orada onlarca xalq yaşayır. Bu xalqların nümayəndələrinin ifa etdikləri "Mənim Dağıstanım" mahnı rəqsi tamaşaçıların xoşuna gəlir. İran İslam Respublikasının aşıqları isə səhnəyə təzə ruh gətirirlər. Saz, zurna, qaval dillənir. Aşıqlar məclis açıb, saz-söz sənətini nümayiş etdirirlər. Bu avazlar da dinləyicilərə yaxşı tanışdır. Ona görə alqışların ardı-arası kəsilmir. Qafqazda məşhur olan Kabardin-Balkar rəqsləri Masallı səhnəsinə yeni rövnəq gətirir. Quş qanadı kimi çırpınan qollar, rəqqasların cəld, çevik hərəkətləri alqışlarla başa çatır.

Latviya müğənnisi An Marinin çıxışı xüsusi rəğbətlə qarşılanır. Əvvəlcə latış mahnısı oxuyan müğənni Azərbaycan xalqına böyük məhəbbətlə "Sarı gəlin" mahnısını ifa edəcəyini bildirir. Sarı saçlı, sarı paltar, yeganə hörüyü ilə sarı gəlinə bənzəyən latış qızı tamaşaçıları sehirləyir. "Sarı gəlin"in təranələri Masallının gur işıqlanan bəyaz gecəsinə qarışır. Latviyanın dünya şöhrətli "Vilki" qrupu da milli geyimdə, milli musiqi alətlərinin müşayiəti ilə çıxış edib hərarətlə qarşılanır.

Naxçıvan qədim folklora malikdir. Öz zəngin mədəniyyəti ilə  dünyada tanınan bu torpağın nəğmə rəqsləri həmişə sevilib. Bu dəfə Naxçıvan folklor kollektivi tamaşaçılara rəqs mahnılardan ibarət bitkin kompozisiya təqdim edir.

Səhnədə çıxış edən ölkənin - Azərbaycanın  bayrağı konsert boyu ekranda işıqlandırılır. Bu dəfə türk bayrağı ekrana gətirilir. Qardaş Türkiyənin folklor ansamblı səhnəyə dəvət olunur. Salona şirin, lirik musiqi yayılir. Zəngin repertuar zəngin milli geyimlə komponent təşkil edir.

 

* * *

 

Üç gün davam edən Beynəlxalq Folklor Festivalı Masallı Olimpiya İdman Kompleksində yekunlaşdı. Çıxış edənlər isti qarşılanmaya, yüksək qonaqpərvərliyə,  təşkilatçılığa görə bütün masallılılara minnətdarlıqlarını bildirdilər. Ayrı-ayrı kollektiv rəhbərlərinin çıxışlarının leytmotivlərini rayonumuzdan ən xoş təəssüratla ayrılmaları, onlara yüksək qayğı insani hisslər göstərildiyi, sakinlərin sevgi, məhəbbət, hörmət ehtiram ümmanı ilə qarşılaşmaları təşkil edirdi. Qonaqlar Masallıda keçən günləri uzun müddət unutmayacaqlarını bildirdilər. Çıxış edənlər bu fikri dəfələrlə təkrarladılar ki, Masallı istənilən beynəlxalq mədəni tədbirə sahiblik edə bilər.

 

 

Əyyub MEHDİYEV,

Rəsul RZAYEV

Masallı

 

Azərbaycan.-2012.- 11 sentyabr.- S. 10.