Avropalı deputatlar
Ramil Səfərovun Azərbaycana qaytarılması ilə
bağlı Ermənistanın mövqeyinə etirazlarını
bildirirlər
Avropalı
deputatlar Ramil Səfərovun Azərbaycana qaytarılması ilə
əlaqədar Ermənistanın mövqeyinə kəskin
etirazlarını bildirməkdə davam edirlər. Bu dəfə
Almaniya Bundestaqının üzvləri rəsmi Yerevanın bu
məsələ ilə bağlı tutduğu mövqeyi kəskin
pisləmişlər.
Avropa Azərbaycan Cəmiyyətindən
verilən məlumata görə, Almaniya Bundestaqının
deputatı, Xristian Demokrat Partiyasının üzvü Olav Gutting
hesab edir ki, ekstradisiyanın Avropa hüquq müstəvisində
qanuniliyinə heç bir şübhə yoxdur. Deputat Ermənistan
hökumətini, eləcə də erməni diasporunu
Almaniyanın tərəfdaşı olan Macarıstana
qarşı tənqid tonunu azaltmağa səsləmişdir.
Almaniya Bundestaqının üzvü
vurğulamışdır ki, Ermənistan tərəfinin
Macarıstanın beynəlxalq hüququ pozmasına dair
iddialarının sadəcə yanlış və əsassız
olduğu sübut oluna bilər.
1992-ci ilin fevralında yüzlərlə
azərbaycanlının ermənilər tərəfindən qətlə
yetirildiyi Xocalıda törədilən qırğından əvvəl
azərbaycanlıların ermənilərin dinc əhaliyə
ziyan vurmağa qadir olduğuna inanmadığını deyən
hazırkı Ermənistan prezidenti Serj Sarkisyanın son
vaxtlar səsləndirdiyi bəyanatlar
Cənubi Qafqazda sülhə nail olmağa əngəl törədir.
Almaniya Bundestaqının digər
üzvü, hakim Xristian Demokrat İttifaqı/Xristian-Sosial
İttifaqı parlament fraksiyasının xarici siyasət komitəsinin
sözçüsü Filipp Misfelder də məsələyə
münasibət bildirərək demişdir: "Avropa
İttifaqının (Aİ) üzvü kimi Macarıstan Respublikası
Aİ-nin hüquqi dövlət prinsiplərinə
bağlıdır, ona görə də Budapeştin Ramil Səfərovun
Azərbaycana ekstradisiya etməsinin qanunauyğunluğuna
heç bir şübhə yoxdur. Ermənistan hökumətinin
"bizim yaxın tərəfdaşımız olan
Macarıstanın Ramil Səfərovu Azərbaycana ekstradisiya
etməsi Azərbaycan ilə Ermənistan arasında sülh
prosesini təhlükə altına alır" iradı
Macarıstanda mövcud olan Avropa ədliyyə və hüquq
standartlarına uyğun gəlmir.
F.Misfelder hesab edir ki, əslində beynəlxalq
hüquqla tanınmayan "Dağlıq Qarabağ
Respublikası"nda cari il iyulun 19-da keçirilmiş qondarma
"prezident seçkiləri" beynəlxalq birliyin Ermənistan
və Azərbaycan arasında sülhün bərqərar
olması və normal qonşuluq münasibətlərinin
yaradılması istiqamətində səylərinə
ağır zərbə vurmuşdur. Qondarma "prezident
seçkiləri"nin birtərəfli nəticəsi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həlli imkanlarını yenidən çətinləşdirmişdir.
* * *
Avropa Azərbaycan
Cəmiyyətindən verilən digər məlumata görə,
Böyük Britaniya Lordlar Palatasının üzvləri də
Ermənistanın bu məsələ ilə bağlı
mövqeyini kəskin tənqid etmişlər.
Ramil Səfərovun Azərbaycana
ekstradisiyası ilə əlaqədar Ermənistan hökumətinin
aqressiv mövqeyinə münasibət bildirən Böyük Britaniya Parlamentinin
Lordlar Palatasının üzvü Ken Maginnis demişdir:
"Ermənistan ordusunun zabitini qətlə yetirdiyi
üçün həbs olunan və cəzasının səkkiz
ilini çəkən Ramil Səfərovun bu yaxınlarda
azadlığa buraxılması Ermənistanda və erməni
diasporu tərəfindən birmənalı
qarşılanmamışdır. Həssas regionda gərginliyi
artıracaq hər bir şeyə qarşı çıxmaq
lazımdır. Ermənistan hökuməti də qəbul etməlidir
ki, bir vaxtlar azərbaycanlılar və türklər də qətlə
və terrorizmə görə məhkum olunmuş ermənilərin
azadlığa buraxılması və ondan sonra əfv edilməsindən
hiddətlənmişlər. Xatırlasınlar ki, Parisin
aeroportunda "Türk Hava Yolları"na məxsus
şöbəyə hücum nəticəsində türk və
avropalı dinc vətəndaşlar həlak olmuşdur. Lakin
buna baxmayaraq, nə beynəlxalq ictimaiyyət, nə də Qərb
mətbuatı məhkum olunmuş o terroristlərin azad edilməsini
pisləyərək, gərginliyi artırmaq üçün
fürsət axtardı".
K.Maginnis vurğulamışdır ki,
ermənilər türk və azərbaycanlı diplomatların
həyatını təhdid etməkdə davam edirlər.
Böyük Britaniya Parlamentinin Lordlar
Palatasının üzvü Lord Laird da həmkarının
fikri ilə bölüşür. Deputat demişdir: "Erməni
zabitini öldürdüyü üçün cəza çəkən
Ramil Səfərovun səkkiz ildən sonra azadlığa
buraxılması Ermənistanda çox kəskin
qarşılanmışdır. Lakin Ermənistanın
reaksiyasının getdikcə əndazəsini aşma təhlükəsi
vardır. Səfərovun azad olmasına cavab olaraq, onlar
Dağlıq Qarabağ münaqişəsinin yenidən
alovlandırılması, Macarıstan ilə diplomatik
münasibətlərin pozulması və Avropada yaşayan azərbaycanlıların
öldürülməsi ilə hədələyir. Amma nədənsə
Səfərovun doğulduğu Cəbrayıl rayonunun son 20 ildə
erməni işğalı altında olması heç bir yerdə
qeyd olunmur. Bütün regionda sülh Ermənistanın geri
addım ataraq yenidən özünü təmkinli
aparmasından asılıdır."
Lordlar Palatasının digər
üzvü Lord Kilkluni də məsələyə münasibət
bildirərək vurğulamışdır ki, ermənilər
özləri də illər boyu xaricdə terror
hücumları və qətllər törətmiş bir
neçə vətəndaşının azad
olunmasını təmin etmişlər. Ermənistan prezidenti
Serj Sarkisyan sülhə çağırmaqdansa, müharibə
ilə hədələyir. "Dondurulmuş"
münaqişələrin tez bir zamanda necə
alovlandığını görmüşük.
Dağlıq Qarabağın işğalı zamanı
müharibəni dadan Ermənistan prezidenti dərk etməlidir
ki, yenidən açıq düşmənçiliyə
qayıtmaq tərəflərin hər biri üçün dəhşətli
ola bilər.
AzərTAc
Azərbaycan.-2012.-
11 sentyabr.- S. 10.