Təkcə ağac əkmək azdır...

 

 Biz, görəsən,  meşənin bəşəriyyət üçün  qədər zəruri və müqəddəs olduğunu dərk edirikmi? Şərqdə qədimdən ona Yaradanın bəxş etdiyi əvəzsiz nemət kimi yanaşaraq peyğəmbər ətəyi də deyərdilər. Hələ 2006-cı ilin sonuna  kimi Azərbaycan Respublikası ətraf mühitin mühafizəsi sahəsində 15 beynəlxalq konvensiyanı ratifikasiya etmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühit ilə bağlı 20-dən çox normativ-hüquqi akt beynəlxalq tələblərə uyğun hazırlanaraq müvafiq orqanlarla razılaşdırılmışdır.

Artıq neçə ildir ki, ardıcıl olaraq  Nazirlər Kabinetinin ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclaslarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev girişyekun nitqlərində ölkədəki  ekoloji vəziyyətə aydınlıq gətirir, hər ilin "Ekologiya ili" kimi keçirilməsinin vacibliyini vurğulayır. "Ekoloji tədbirlər ancaq ağac əkməklə bitmir, məhdudlaşmır".

Dövlət başçısının bir cümləsini əsas meyar kimi götürməkdə məqsədimiz həm bölgələrdən birində meşələrin bugünkü vəziyyətinə analitik yanaşmaq, həm də müxtəlif təfəkkür və düşüncə tərzinə sahib olan insanların meşələrə münasibətini araşdırmaqdır. 

 

 Planetin ağciyəri

 

 BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Komissiyasının hesabatına görə, Yer kürəsində meşələrin ümumi sahəsi 3442 milyon hektardır ki, bu da quru sahəsinin 27%-ni təşkil edir. Dünyanın 4 dövləti (Rusiya - 21%, Braziliya - 16%, Kanada - 7%, ABŞ - 6%) meşə örtüyünün 52%-nə malikdir. Ekoloqlar, alimlər həyəcan təbili vururlar ki, meşələr sürətlə qırılır. Bütünlükdə bitki örtüyünün seyrəlməsi ilə bağlı təhlükəli reallıqlardan biri də odur ki, qəbul etdiyimiz kalorinin 80 faizini məhdud genetik bazası olan 12 bitki növündən alırıq. Yəni, meşələr qırıldıqca bitki növləri tükənir, qida rasionumuz kasıblaşır. Bu da öz növbəsində insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

Planetimizdə ehtimal olunan ən böyük təbii fəlakətlər meşələrin kütləvi qırılması ilə bağlıdır. Etiraf edək ki, artıq bəşəriyyət bu problemin bütün kəskin məqamları ilə qarşılaşmaqdadır. Ekologiyanın qorunması üçün sərf olunmalı maliyyə vəsaitinin həcmi ən qüdrətli dövlətin də büdcəsini dağıda bilər. Meşələrin qorunması üçün bütün ölkələrin və xalqların onilliklər ərzində birgə və gərgin çalışması lazımdır. Bu baxımdan Azərbaycan Prezidentinin "ağac əkməklə ekoloji tədbirlər bitmir"  fikri xüsusi məna kəsb edir. Praqmatik təfəkkürə və müasir sivilizasiyanın problemlərinə dərindən bələd olan dövlət başçısı qlobal ekoloji düşüncənin, insanların yaşıllıqlara və meşələrə münasibətinin kökündən dəyişməsinin vacibliyini məhz bu cümlə ilə vurğulayıb.

Sıravi oxucu bilməsə də, alimlər, ekoloqlar, dünyanın siyasi və biznes elitası dərk edirlər ki, meşələr ekoloji sistemin normal fəaliyyəti üçün aparıcı qüvvəyə malikdir. Meşələr antropogen tərkibli atmosfer çirklənmələrini udur, torpağı eroziyadan qoruyur, səthi suların normal axınını təmin edir, qrunt sularının səviyyəsinin düşməsinin və çayların, kanalların, su anbarlarının  məcradan çıxmasının qarşısını alır. Elmi baxımdan meşə insanın və bütün canlıların ətraf mühitdə sağlam yaşamını təmin edən Yer biosferinin vacib tərkib hissəsi kimi nəzərdən keçirilir. Meşə oksigen və karbon qazlarının balansını təmin edir. Meşə ekosistemi yağan yağışları və qarları qoruyaraq su rejimini tənzimləyir, buxarlanmanın  qarşısını alır, torpağın tərkibində rütubəti saxlayır, bitki və canlı aləmin üçdəikisini, insanın estetik inkişafına böyük təsir göstərən təbii landşaftı bütünlükdə qoruyur. Meşə varsa, həyat var, meşələr tükənirsə, həyat da tükənir, sivilizasiyanın da aqibəti sona yaxınlaşır. Meşələr haqqında ən azından bunları bilmək vacibdir.

 

Qlobal meşə böhranı

 

Planetimizdə hər beşinci bitki yox olmaq təhlükəsi qarşısındadır. Bu, Yer kürəsinin bitki örtüyünün hər il müəyyən faizinin məhvi deməkdir. Asiya, Afrika və Amerikada tropik meşələr intensiv olaraq qırılır. Əvvəllər Afrikanın 60 %-i meşələrlə örtülmüşdürsə, indi bu rəqəm təxminən 4 dəfə azalıb.

BMT-nin məlumatına görə, hər il Yer kürəsində meşə örtüyü 1 faiz - 25 milyon hektara qədər azalır. Bəzi mənbələrdə isə bu rəqəmin 2 dəfə artıq olduğu bildirilir. Əgər deyilənlərə inansaq, onda 50-100 ilə planetin boz səhraya çevrilmək qorxusu qaçılmazdır. İnkişaf etmiş ölkələrdə meşələrin qırılması müəyyən qədər dayansa da, üçüncü ölkələrdə bu proses hələ səngiməyib. Ayrı-ayrı mənbələrdə  yoxsul ölkələrdə meşələrin yenə də inkişaf etmiş ölkələr tərəfindən müxtəlif təzyiqlər və maliyyə "tələləri" ilə istismar edildiyi göstərilir.

Son illər tüğyan edən qlobal iqtisadi böhranı xatırlasaq, əminliklə deyə bilərik ki, planetin meşələri də ekoloji böhranın zərbələrinə dözmür. Maliyyə və iqtisadi böhranın dalğalarından "gəmi"si ləngərləyən Qərbin çat verən ekoloji qayığı da batmaq təhlükəsi qarşısındadır. Sənayesi inkişaf edən dövlətlərin atmosferə tulladığı zəhərli maddələrin qədərindən artıq kütləsi bu "gəmi"ni öz girdabına çəkərək batırır. Belə ki, Avstraliyada 30, Almaniya, Çexiya, SlovakiyaPolşada isə meşələrin 50%-i sənaye tullantılarından  əziyyət çəkirlər.  Skandinaviya ölkələrində meşələr digər Avropa ölkələrinin havaya atdığı kimyəvi tullantıların yaratdığı turşulu yağışlardan yaxa qurtara bilmir. Kanada meşələri isə ABŞ-dan gələn zəhərli tullantılardan çirklənir. Dünyanın bir çox ölkələrində ağcaqayın meşələrində kimyəvi tullantıların yağışlarla yerə qayıdan çöküntülərindən ağacların 80 faizi məhv olur!

Yer kürəsində meşələrin qırılması onların salınmasından daha sürətlə getdiyindən ağacların istehsal etdiyi oksigen ildən-ilə azalır. İnkişaf etmiş dövlətlərin 3-cü ölkələrin meşə ehtiyatlarını talaması və sənaye tullantıları ilə meşələri və bütünlükdə planeti zəhərləməsi qlobal fəlakətləri yaxınlaşdırır. Aparıcı dövlətlərin ekosistemə vurduğu zərbələr daha ağırdır. Onlar öz təbiətlərini qorusalar da, atmosferə atılan sənaye tullantılarının miqdarına görə birinciliyi əldən vermədikləri üçün dünyada ekoloji balansın  pozulmasını sürətləndirirlər.

 

 Azərbaycan meşələri

 

 Ölkəmizdə son illər meşələrin qorunmasında ciddi dönüş yaranmışdır və demək olar ki, bu istiqamətdə görülən işlər heç də inkişaf etmiş dövlətlərdə reallaşdırılan tədbirlərdən geri qalmır. Respublikanın meşə ilə örtülən ümumi ərazisi 12%  ətrafındadır.  Salınan yeni meşələrin sahəsi hər il 4 min hektar artır.  Təbii qoruqların sahəsi 4,5 faizdən 10,1 faizə kimi artırılıb.  Son 3 ildə 32200 hektar sahədə meşə bərpası  işləri görülüb. Son 15 ildə bir o qədər də meşələrin sahəsi artıb.

Dövlətimizin meşə fondu sovetlər dönəmində 1.213 min hektar ətrafında dəyişməz qalırdı. Bir neçə əsr əvvəl Azərbaycanın ərazilərinin təxminən 35%-i meşələrin payına düşsə də, koloniya siyasəti, əhalinin təbii artımı, İran və Türkiyədən köçürülən 100 minlərlə erməninin ən münbit torpaqlara yerləşdirilməsi, kənd təsərrüfatı üçün meşələrin qırılıb əkin sahələrinə çevrilməsi ölkəmizdə meşə örtüyünün 3 dəfədən çox azalmasına səbəb oldu.

Bu gün ölkəmizin rayon və kəndlərində havaya atılan kimyəvi tullantıların miqdarı da meşələr üçün heç bir təhlükə törətmir. Bu baxımdan ölkəmiz beynəlxalq tələblərə riayət edən dövlətlərin önündə gedir. Planetimizdə isə atmosferə ildə 50 milyard tona yaxın tullantı atılır. Ekosistemin zəhərlənməsində ABŞ liderdir.

"Ekologiya"  sözü "ev haqqında elm" kimi tərcümə edilir. Elə bu sözdən yapışıb Qubaya,  ölkənin yaşıl "ev"inin "mənzil"lərindən birinə yola düşürük.

 

"Yaşıl dəniz"in qayğıları

 

 Quba Meşə Mühafizəsi və Bərpası İstehsalat Birliyinin direktoru Rüstəm Abdullayev ilə danışarkən anladıq ki, sən demə, jurnalistikanın "reket" qanadı meşələri də dinc qoymur, "yem" dalınca qartal kimi qıy vurub dağlara sarı qanadlanırlar. Rüstəm müəllim uzun illər bu sahədə çalışsa da, birinci dəfə meşə ilə dərindən maraqlanan jurnalistlərə rast gəldiyinə sevindiyini gizlətmədi.

"Azərmeşə" İstehsalat Birliyi 1988-ci ildən 2001-ci ilə kimi fəaliyyət göstərib. O illərdə "Azərmeşə"nin  bütün meşə təsərrüfatlarında 1 milyon toxumaca tapmaq mümkün deyildirsə, indi yalnız Quba Meşə Mühafizəsi və Bərpası İstehsalat Birliyində milyondan artıq  toxumaca yetişdirilir. Əgər 10-15 il bundan qabaq şam ağaclarının sayı 200-ə çatmırdısa, indi Qubanın meşə təsərrüfatında bu ağacların sayı 300 mindən artıqdır. Son 10 ildə şitil və toxumaca yetişdirən şitilliklərin də sayı bir neçə dəfə artıb.

Rayonun meşə fondunun ərazisində hər il 110-120 hektara yaxın sahədə yeni mədəni meşə əkilir, 300-350 hektar sahədə isə meşələrin təbii bərpasına yardım  işləri aparılır. Hər il qiymətli ağac növlərindən 6 tona yaxın toxum tədarük edilir.

Əslində, meşəyə mal-qara vurulmursa, meşə özünü bərpa edə bilir. Böyük və Kiçik Qafqazın ətəklərində meşələri mal-qaradan qorumaqla tam yeniləşdirmək mümkündür. Lakin torpaqların özəlləşdirilib xüsusi mülkiyyətə verilməsi nəinki Quba rayonunda, hətta bütün ölkədə örüş sahələrinin kəskin azalmasına  səbəb olub. Kəndli öz torpağının qədrini bilir, meşəni isə özgəninki sayır. Yəni, meşədə mal otarıb inəyinin südünü artıran,  cöngəsini kökəldən kəndli ovcundakı qəpiyinə sevinir, ancaq bu qazancın arxasınca gələn bəlaları görə bilmir. Meşəyə sürülən mal-qara yeni cücərən toxumacaları, şitilləri yeyir, tapdalayır, imkan vermir ki,  meşə dikəlsin, ayağa dursun. Kəndli özü də anlamadan meşəni qırmasa da, ona divan tutur, uşaqlarının, gələcək nəsillərin aqibətinin qara günlərinə rəvac verir. Savadsız, ekoloji problemlərdən xəbərsiz, bir ovuc torpağını qoruyub meşəyə divan tutan  mal-qara sahibləri nə etdiklərini bilmirlər!

Bütün bu çətinliklərə baxmayaraq, Quba meşəçiləri ölkənin yaşıllaşdırılmasında yaxından iştirak edir, rayondan başqa, bütün ölkə üçün toxumaca və şitillər yetişdirirlər. Əsas məqsəd yerli meşələri bərpa etməklə yanaşı, respublikada gedən yaşıllaşdırma işlərində yaxından iştirak etməkdir.

2003-cü ildə Azərbaycan Respublikasında meşələrin artırılmasına və bərpa edilməsinə dair Milli Proqramın qəbul edilməsi bütünlükdə ölkənin ekosisteminin qorunmasında ciddi dönüşə səbəb oldu. Bu proqramın arxasınca müxtəlif illərdə magistral avtomobil yollarının mühafizə zolaqlarının, Bakı şəhərinin yaşıllaşdırılması haqqında sərəncamlar ekologiyanın prioritet istiqamətlərini təyin etməklə yanaşı, Quba rayonunda meşəçiliyin inkişafına təkan verdi. Rayonun meşə təsərrüfatı ölkənin magistral yollarının və Bakı şəhərinin yaşıllaşdırılması ilə bağlı sərəncamların icrasında yaxından iştirak edir. Hazırda Quba-Giləzi, Binə-Zığ və aeroport yollarının, Bayıl yamacının və bütünlükdə Bakı şəhərinin yaşıllaşdırılmasında Quba meşəçilərinin zəhməti böyükdür.

Ekoloji mühitin qorunmasında kadr məsələsi ciddi rol oynayır. Söhbət meşəbəyilərdən gedir. Yalnız Azərbaycan dilində meşə gözətçilərinə "meşəbəyi" kimi ləyaqətli ad qoyulub. Meşə işçiləri hörmətli adamlardan seçilməlidirlər. Məsələn, Oğuzda "kor" Əli adlı meşəbəyi var idi. Elə hörmət sahibi idi ki, 10 gün də meşəyə çıxmasaydı, onun ərazisinə kimsə ayaq basmazdı, girib ağac kəsməzdi. Meşəbəyinin işlədiyi ərazidə nüfuzu nə qədər çoxdursa, meşə də bir o qədər ciddi qorunur. Müasir meşəbəyi həm də ekoloji biliklərə dərindən yiyələnməlidir.   Meşə yalnız torpağı yox, həm də əkin sahələrini qoruyur, məhsuldarlığa birbaşa təsir edir.

 Adi bir faktı nəzərdən keçirək: Şəkinin taxılçılıq təsərrüfatlarından hektardan 30-40 sentner taxıl biçilərdi. Keçən əsrin 90-cı illərinin əvvəlində həmin ərazilərdə məhsuldarlıq 10-15 sentnerə düşdü. Hərəsi bunu bir cür izah edirdi - kimi toxumun keyfiyyətsizliyindən gileylənirdi, kimisi də gübrənin azlığından şikayət edirdi. Meşə mütəxəssisləri xatırlayır ki, İkinci Dünya müharibəsindən sonrakı vaxtlarda qoruyucu meşə zolaqları salınmışdı. 90-cı illərdə həmin meşə zolaqları vəhşicəsinə qırıldı. Qrunt sularının səviyyəsi aşağı düşdü və bu da əkinlərin məhsuldarlığına mənfi təsir etdi.

İndi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir çox, o cümlədən həmin ərazilərdə meşələrin bərpa edilməsi yenidən torpağın dirçəlməsinə və məhsuldarlığın artmasına səbəb olacaq. Harada yaşıllıq varsa, orada həyat var, yaşıllıq yoxdursa, həyat da sönür! Bu adi sözlər yox, isbata ehtiyacı olmayan ekoloji aksiomadır!

Meşəbəyilər haqqında deyirlər ki, meşəni qoruyanın ruzusunu da, aqibətini də Tanrı qoruyur. Meşəyə qənim kəsilənə də Yaradanın özü qənim kəsilir. Şərqdə əsrlər boyu meşələr peyğəmbər ətəyi sayılıb. Hətta belə deyirlər ki, yaşıl yarpaqlar qədər Tanrıya həmd edən ikinci varlıq yoxdur. Ağac, doğrudan da, canlıdır, ona mişarla yaxınlaşanda haray salır, qışqırır, yıxılanda da insan kimi gözünün yaşını axıdır, yerə çırpılaraq can verir.

Bu gün Azərbaycan ekologiya ilə bağlı əksər beynəlxalq konvensiyalara qoşulub. Dövlət proqramları, Prezident sərəncamları yaşıllıqların qorunması üçün tutarlı sənədlər və qərarlar toplusudur. Bəs yerlərdə məmurlar səlahiyyətləri çərçivəsində bu qərarların icrasında nə qədər səmimidirlər? Axı bu vəzifə dövlət başçısı tərəfindən onların üzərinə qoyulub. Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən bizə dedilər ki, 2009-cu ildə vətəndaşlar tərəfindən 68 meşə pozuntusu halı qeydə alınıb, 40 protokolda 28 min manat inzibati cərimə tətbiq edilərək məhkəməyə göndərilib. Məhkəmələr bu işə ədalətlə baxsalar da,  məhkəmə icraçıları ödənişlərin təmin edilməsində, yumşaq desək, fəal olmayıblar. Lakin ötən il rayonda qazlaşdırmanın əksər kəndlərdə başa çatdırılması oğurluq hallarının bir neçə dəfə aşağı düşməsinə səbəb olub.

Quba meşələri 5 zonaya bölünüb və hərəsində 10-12 meşəbəyi çalışır. Meşəçilər rəsmi olaraq 200 min göyrüş ağacı yetişdirdiklərini deyirlər.   Bələdiyyələr bu ağacları aparıb sürüşmə zonalarında əkə bilərlər. Onlardan pul istəyən də yoxdur. Meşəçilərin çağırışına bələdiyyələr hələ təkəmseyrək hay  verirlər. Əslində, bütün bələdiyyələrin üzvləri öz kəndlərində meşənin zəif yerini də, meşə oğrularını da beş barmağı kimi tanıyırlar. Təbiətin mühafizəsinə hamının qoşulması vacibdir. Meşə bərpası idarəsinin şitilliklərində palıd əlindən tərpənməyə yer yoxdur.

 

 

(ardı var)

 

Bahadur İMANQULİYEV,

 

Akif ƏLİYEV

 

Azərbaycan.-2012.- 11 sentyabr.- S. 11.