Azərbaycan
paralimpiyaçılarının London zəfəri
İdmançılarımız XIV Yay Paralimpiya Oyunlarında yeni rekordlara imza atdılar
Ötən ayın
30-da Böyük Britaniyanın paytaxtı
Londonda start götürmüş Yay Paralimpiya Oyunları srağagün
başa çatdı. Paralimpiada
yarışlarına 166 ölkədən 4200 idmançı
qatılmışdı. Onlar 21 idman növündə 502 dəst medal (cəmi 1552 medal) uğrunda
mübarizə aparırdılar. Azərbaycan
yığması 12 medal ( 4
qızıl, 5 gümüş, 3 bürünc) qazanaraq
iştirakçı ölkələr arasında 27-ci yeri tutdu.
London Paralimpiadası həm Oyunların tarixi, həm də azərbaycanlı
paralimpiyaçıların iştirakı baxımından bir neçə cəhətdən əlamətdar
idi. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki,
Britaniya paytaxtında keçirilmiş
turnir məhdud imkanlı
idmançıların yarışlarına münasibətin
müsbət mənada dəyişdiyinə dəlalət etdi. Təkcə bir
faktı göstərmək kifayətdir ki,
təşkilatçılar Paralimpiada
yarışlarına rekord sayda
- 2,7 milyon bilet
satmışdılar. Yerli televiziya
ilə Oyunlardan reportajlar
ən reytinqli vaxtlarda
gedirdi. Artıq Paralimpiadanın
medalçıları Olimpiadanın qalibləri ilə
yanaşı reklama çəkilirlər...
Başqa bir diqqətəlayiq
məqam qadın paralimpiyaçıların iştirakı ilə
bağlı idi. Budəfəki Paralimpiadada rekord sayda - 1513 qadın idmançı mübarizə
aparmışdır. Bu, 1992-ci il Barselona
Paralimpiadasındakı göstəricidən iki
dəfə çoxdur: o
vaxt Yay Paralimpiya Oyunlarına 700 qadın
qatılmışdı. Son rekord (1383 qadın) isə Pekin
Paralimpiadasında qeydə alınmışdı.
Paralimpiyaçılarımıza
gəlincə, onlar,
olimpiyaçılarımız kimi, get-gedə
daha yaxşı çıxış edir və yeni-yeni milli rekordlar müəyyənləşdirirlər.
Belə bir xoş ənənə
Londonda da davam etdi. Bunun
üçün hər cür
əsas da var idi.
Paralimpiya yığmamız Londona
rekord sayda - 21
idmançı (16 kişi və 5
qadın) ilə getmişdi. Onlar 6 idman növündə
(cüdo, yüngül
atletika, üzgüçülük,
pauerliftinq, atıcılıq və kamandan oxatma)
çıxış edirdilər. Yeri gəlmişkən,
bu göstərici də ölkəmiz üçün rekord idi.
Paralimpiya yığmamızın tərkibində
kifayət qədər təcrübəli idmançılar yer almışdılar. Onlardan ikiqat
paralimpiya çempionu
İlham Zəkiyevi (cüdo),
paralimpiya çempionları Uluxan Musayev və Oleq Panyutini (hər ikisi - yüngül atletika), Paralimpiya
Oyunlarının gümüş
mükafatçıları Tofiq Məmmədov,
Kərim Sərdarov (hər ikisi - cüdo) və Yelena Taranovanı
(atıcılıq), bürünc
mükafatçıları Ramin İbrahimov (cüdo), Rza
Osmanov və Vladimir Zayetsi (hər ikisi - yüngül atletika)
göstərmək olar.
Təmsilçilərimiz
Britaniya paytaxtında bəslənən
ümidləri tamamilə doğrultdular. Onlar vətənə rekord
sayda - 12 medalla
qayıtdılar. Xatırladaq ki, XIV
Paralimpiadayadək idmançılarımız Paralimpiya
Oyunlarında cəmi 15 medal
qazanmışdılar. Azərbaycan təmsilçiləri (2
nəfər) ilk dəfə 1996-cı idə
Atlantada (ABŞ) Oyunlara
qatılsalar da, medal qazana bilməmişdilər.
İlk medal dörd il sonra
- Sidneydə keçirilmiş XI Yay Paralimpiya Oyunlarında əldə
edildi. O vaxt Paralimpiadada 7 idmançı ilə təmsil olunmuşduq. Yeganə medalı (gümüş) atıcı Yelena
Taranova qazandı. 2004-cü il Afina Paralimpiadasında iştirak edən 11 idmançımız 4 medala (2 qızıl, 1 gümüş.
1 bürünc) sahib oldu. Bu artıq milli paralimpiya hərəkatında
dönüş idi.
Sonrakı Paralimpiadaya - Pekin-2008-ə 18 təmsilçimiz
yollanmışdı. Qazanılan medalların sayı isə
10 oldu: 2 qızıl, 3 gümüş,
5 bürünc.
Paralimpiyaçıların və medalların sayında
müsbət dinamika XIV Oyunlarda
da davam etdi.
London Paralimpiadasında
cüdoçularımızın uğurunu
xüsusi qeyd etmək
lazımdır. Onlardan Ramin
İbrahimov və Afaq
Sultanova qızıl, İlham
Zəkiyev isə bürünc medal qazandılar. Cüdo
üzrə yığmamız 3 medalla komanda hesabında üçüncü
yeri tutdu.
Digər təmsilçimiz
- üzgüçü Natali
Pronina haqqında isə ayrıca
danışmaq lazımdır. O, Paralimpiada-2012-də nə
az-nə çox - 5 medal
qazandı! Natali əvvəlcə 50 metr məsafəyə
sərbəst, 200 metr məsafəyə kompleks, 100 metr məsafəyə
sərbəst, arxası üstə 100 metr
məsafəyə üzgüçülükdə gümüş medallara sahib çıxdı, 400 metr
məsafəyə sərbəst üzgüçülükdə
isə beşinci yerlə kifayətləndi.
Axırda isə idmançımız 100 metr
məsafəyə brass üsulu
ilə üzgüçülükdə qüvvəsini
sınadı. Təsnifat mərhələsini uğurla
(1:20.09 dəqiqə) başa vuran Natali bir
daha finala yüksəldi.
Onun həlledici mərhələdə
çıxışı isə sözün
həqiqi mənasında parlaq oldu. Təmsilçimiz 1:16.17 dəqiqəlik
göstərici ilə dünya rekordu müəyyənləşdirdi və nəhayət,
paralimpiya qızılını qazandı.
Yeri gəlmişkən, Azərbaycan üzgüçüsü ilk
dəfə idi ki, Paralimpiadada medal əldə
edirdi. Özü də
birdən-birə beş medal!
Natali həm də bir
Paralimpiadada ən çox
medal qazanan, üstəlik,
dünya rekordu vuran idmançı kimi Azərbaycan
paralimpiya tarixinə düşdü.
Başqa bir əlamətdar
hadisə Afina Paralimpiadasının qalibi Oleq Panyutinin
(üç təkanla tullanma)
çıxışı ilə bağlıdır. O, səkkiz
il sonra Londonda "qızıl" uğurunu
təkrarladı və ikiqat paralimpiya çempionu oldu. Oleq həm də Elçin Muradov, Rza Osmanov və Vladimir Zayetslə birlikdə estafetdə (4x100)
yığmamızın aktivinə bürünc
medal əlavə etdi.
Vladimir Zayets üç təkanla tullanmada
gümüş medal
qazandı. Eləcə də atletimiz Hüseyn Hüseynov uzunluğa tullanmada bürünc medalın sahibi
oldu.
Beləcə
idmançılarımız milli paralimpiya tarixinə qələbələrlə
dolu yeni səhifə
yazdılar. Bu uğurun
altında imzası olanlar hər cür təqdirə layiqdirlər.
Allahverdi
MEHDİYEV
Azərbaycan.-2012.-
11 sentyabr.- S. 12.