Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən Qəbələ şəhər məscidinin yeni binasında son tamamlama işləri görülür

 

 Sentyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ şəhər məscidinin yeni binasının tikintisinin son tamamlama işləri ilə tanış olmuşdur.

Dövlət başçısı məscidin tikintisinin tam başa çatmasından sonrakı görüntülərini əks etdirən fotostendə baxdı.

Məlumat verildi ki, Qəbələ şəhər məscidinin əvvəlki kiçik binası son dövrdə tamamilə yararsız vəziyyətə düşmüşdü. Məscidin binasının tikintisinə 2011-ci ilin martında başlanılmış, bu məqsədlə 800 kvadratmetr torpaq sahəsi ayrılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məsciddə eyni vaxtda 800-ə yaxın insan ibadət edə biləcəkdir. Məscidin ikimərtəbəli əsas binasının, eləcə giriş pilləkəninin, körpücüyün 21,6 metr hündürlüyündə minarəsinin tikintisi artıq başa çatdırılmışdır. Minarələrin davamlılığını artırmaq məqsədi ilə 10 metr dərinliyində özülbərkitmə işləri aparılmışdır. Hazırda binanın daxilində işlər yekunlaşmaq üzrədir.

Diqqətə çatdırıldı ki, məscidin ərazisindəki məişət binasında da son tamamlama işləri görülür. Burada kitabxana, mərasim zalı, dəstəmaz yerləri digər otaqlar fəaliyyət göstərəcəkdir.

Azərbaycan Prezidenti müvafiq tapşırıq tövsiyələrini verdi.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 11 sentyabr.- S.8.