Azərbaycan-Türkiyə Yüksək
Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının ikinci iclası
Sentyabrın 11-də Qəbələdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə
Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın
iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının ikinci iclası keçirilmişdir.
Azərbaycan Prezidenti İlham ƏLİYEV
iclasın iştirakçılarını salamlayaraq
dedi:
-Hörmətli
cənab Baş nazir, əziz
qardaşım!
Mən Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana
xoş gəlmisiniz! Azərbaycan-Türkiyə
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının ikinci iclasını biz Azərbaycanda, Qəbələdə keçiririk. Birinci
iclası İzmirdə keçirdik, çox uğurlu keçdi, indi isə burada.
Keçən dövr ərzində əlaqələrimiz
sürətlə inkişaf etmişdir. İzmir
görüşümüzdən sonra çox önəmli hadisələr baş vermişdir. Biz Sizinlə dəfələrlə görüşmüşdük, TANAP layihəsinə
imza atdıq. Bir
sözlə, İzmirdə qəbul olunmuş
qərarlar icra edilir. Bizim strateji müttəfiqliyimiz
inkişaf edir,
güclənir, bütün sahələri
əhatə edir. Bugünkü
toplantının gündəliyi də çox
genişdir və hər iki
tərəfdən bakanlar təmsil olunur, onlar da
öz sözlərini deyəcəklər.
Bakanlarımız da bir-biri
ilə sıx təmasdadır, əlaqədədir, mən
Bakıda onlarla tez-tez
görüşürəm, bizimkilər də sizi
ziyarət edir.
Bir sözlə, iki qardaş
ölkə inamla və uğurla
işbirliyini davam etdirir və bugünkü
toplantı əminəm ki, gələcək
fəaliyyətimiz üçün də
bir yol xəritəsi
olacaqdır. Əminəm ki, bu toplantı da uğurlu olacaq və
ölkələrimizin inkişafı, birliyi
üçün yeni imkanlar yaradılacaqdır.
Bir daha xoş gəlmisiniz, Sizi
ürəkdən salamlayıram!
* * *
Türkiyənin
Baş naziri Rəcəb Tayyib
ƏRDOĞAN dedi:
- Mən də
şəxsən öz adımdan, bütün heyətim adından çox təşəkkür edirəm.
Dəyərli
qardaşım, Prezidentimiz və hörmətli
bakanlar, heyət üzvləri, hər dəfə
Azərbaycana səfər edəndə özümüzü
təbii ki, fərqli bir
ölkədə deyil, evimizdə görürük. Bu
evimizdəki məhəbbət də hər iki
ölkənin, hər iki millətin daha da güclənərək
yoluna davam etməsinə
gətirib çıxarır.
Bundan on il əvvəl bir milyard dollara yaxın ticarət
dövriyyəsi ilə bu yola
çıxmışdıq, amma indi 3,5 milyard dollarlıq səviyyəyə
çatmışıq. Təbii ki, bununla kifayətlənmirik. İnşallah,
bunu sürətlə ən qısa zamanda beş milyard dollara
çatdıracağıq. Bu
yaxınlarda iqtisadiyyat naziri
Zəfər Çağlayan Azərbaycanda
idi, Sizinlə görüşüb.
Bu hədəfi qarşıya qoyduq və Qarışıq Komissiyanın
toplantısı ilə bağlı da bir az əvvəl hörmətli
qardaşımla söhbət apardıq, bunları da müzakirə etdik. Bu ilin sonuna
qədər Qarışıq Komissiyanın
toplantılarını da keçirmək
istəyirik ki, bu işi sürətlə davam
etdirək.
Təbii ki, bizim istər hərbi,
istər siyasi, istər mədəni əməkdaşlığımız
bütün beynəlxalq aləmdə də
çox ciddi bir həmrəylik içərisində davam edir. Bununla
bərabər, enerji sahəsindəki həmrəyliyimiz
bu an artıq zirvəyə
çatdı. Üstəlik TANAP addımı ilə İstanbulda imzalar
atıldı. İndi bundan
sonra da, inşallah, artıq mexanizmləri işə salmağa başlayacağıq. İnşallah,
TANAP sürətlə
Azərbaycan qazını alıb Avropaya
daşımaq imkanını, fürsətini tapacaqdır. Bu da təbii ki, fərqli dəyişikliklərə, fərqli
inkişafa səbəb olacaqdır. Biz bunu bilərək bu addımları atırıq. Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq
Şurasının İzmirdən sonrakı bu
ikinci toplantısının da çox səmərəli
olacağına inanıram. Nazir
yoldaşlarımız artıq öz
aralarında lazımi görüşləri keçirdilər.
Mən bugünkü toplantının
xeyirlərə, bərəkətə səbəb
olmasını diləyirəm.
Mən də təkrar bütün
yoldaşlarım adından Sizlərə salam, sevgi və
hörmətimi çatdırıram.
AzərTAc
Azərbaycan.-2012.-
12 sentyabr.- S.1.