Birgə mətbuat konfransı

 

 Sentyabrın 11-də Qəbələdə sənədlərin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olmuşdur.

 

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan əvvəlcə mətbuata bəyanatlarla çıxış etmişlər.

 

 Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

 

 - Hörmətli cənab Baş nazir, əziz qardaşım!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Əziz qardaşım, mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz! Bütün türk qardaşlarımızı salamlayıram.

Biz bu gün Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasını keçirdik. Bildiyiniz kimi, birinci iclas keçən il İzmirdə çox uğurlu keçirilmişdir. Birinci iclasda qəbul edilmiş qərarlar uğurla icra edilir. Biz bu gün, ilk növbədə, görülmüş işlərə qiymət verdik, işləri təhlil etdik və eyni zamanda, gələcək əməkdaşlıq üçün əlavə addımların atılması haqqında fikir mübadiləsi apardıq. Bütövlükdə deyə bilərəm ki, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, bütün sahələri əhatə edir. Bugünkü toplantının gündəliyi də çox genişdir. Biz bir sıra önəmli məsələlər haqqında çox geniş müzakirə aparmışıq və bir daha demək istəyirəm ki, bizim aramızda fikir ayrılığı yoxdur - istər beynəlxalq məsələlərlə bağlı, istər ikitərəfli əlaqələrə dair bizim fikrimiz birdir.

Biz bu gün siyasi vəziyyətlə, dünyada gedən proseslərlə bağlı həm təkbətək görüşdə, həm geniş tərkibdəki görüşdə danışdıq, fikir mübadiləsi apardıq. Bizim ölkələr bütün sahələrdə və bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Bu gün görülmüş işlər haqqında nazirlər bizə məlumat verdilər və gələcəkdə birgə fəaliyyət haqqında yeni təşəbbüslər müzakirə edildi. Biz bütün beynəlxalq təşkilatlarda vahid mövqedən yanaşırıq, bir-birimizi dəstəkləyirik və bu dəstək bizim üçün, bölgə üçün, dünya üçün çox önəmlidir. Bu gün Türkiyə-Azərbaycan əlaqələri nəinki ikitərəfli münasibətlərin inkişafı üçün vacibdir, həmçinin bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün sabitləşdirici rol oynayır. Bizim dünyadakı rolumuz artır və bir-birimizə dəstək verməyimiz ölkələrimizin önəmini daha da artırır.

Beynəlxalq məsələlərə gəldikdə, əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrini və danışıqlarda göstərilən səyləri müzakirə etdik. Danışıqların son durumu haqqında mən əziz qardaşıma məlumat verdim. Bildiyiniz kimi, Azərbaycana qarşı ədalətsizlik və işğal siyasəti hələ də davam edir. Beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən bölgələr iyirmi ildir ki, erməni işğalçıları tərəfindən işğal edilmişdir. Bütün beynəlxalq hüquq normaları, ədalət pozulmuşdur, tarixi ədalət pozulmuşdur. Biz çalışırıq ki, məsələnin sülh yolu ilə həllinə nail olaq. Ancaq Ermənistanın qeyri-konstruktiv və riyakar fəaliyyəti buna imkan vermir. Azərbaycanın mövqeyi birmənalıdır: beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və məsələ yalnız ərazi bütövlüyü prinsipi əsasında öz həllini tapa bilər. Fürsətdən istifadə edərək Türkiyə dövlətinə, hökumətinə bu məsələ ilə bağlı tutduğu mövqeyə görə bir daha Azərbaycan xalqı adından minnətdarlığımı bildirmək istəyirəm.

Bu gün əlbəttə, biz iqtisadi əlaqələrimizin yeni perspektivləri haqqında da danışdıq. Ticarət dövriyyəsi yüksək templərlə artır. Baxmayaraq bizi bu ticarət dövriyyəsinin həcmi hələ ki, qane etmir, ancaq dinamika çox müsbətdir. Əgər biz bu templəri saxlaya və artıra bilsək, yaxın gələcəkdə ticarət dövriyyəmiz daha da böyük rəqəmlərlə ölçüləcəkdir.

Enerji sahəsindəki əməkdaşlıq ənənəvi xarakter daşıyır. Deyə bilərəm ki, iqtisadi sahədə enerji sektorundakı əməkdaşlıq həmişə olduğu kimi prioritet məna daşıyır. İzmirdə keçirilən iclasdan sonra önəmli hadisələr baş vermişdir. Biz TANAP layihəsinə imza atdıq. Artıq TANAP layihəsi dünyada böyük səs salmışdır və dünyada enerji siyasətinin yenidən formalaşması istiqamətində atılan mühüm addımdır. Beynəlxalq aləmdə TANAP layihəsinə olan diqqət onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə olduğu kimi, lazım olan vaxtda birgə təşəbbüs göstərərək, bütün məsuliyyəti öz üzərinə götürərək bu böyük layihəyə start verdi. Ümid edirəm ki, danışdığımız kimi, yaxın 5 ildə biz TANAP layihəsinin icrasına nail olacağıq və beləliklə, Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olacaqdır və eyni zamanda, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcəkdir.

Digər mühüm layihə nəqliyyat sektoru ilə bağlıdır. Bu layihə də artıq böyük layihələr arasında özünə yer tapa bilmişdir - Bakı-Tbilisi-Qars dəmir yolu. Bu gün nazirlər məlumat verdilər və biz gələcək layihələr haqqında danışdıq. Bu layihə bizim birgə təşəbbüsümüzdür. Ancaq bu gün yenə də onu görürük ki, başqa ölkələr, tərəfdaş olan ölkələr bu layihəyə maraq göstərir və bu layihəyə qoşulmaq istəyirlər. Biz bunu alqışlayırıq. Türkiyəni Azərbaycan və Gürcüstanla, həmçinin Gürcüstanı Azərbaycanla birləşdirən bu layihə artıq beynəlxalq müstəviyə çıxmışdır.

Hərbi-texniki əməkdaşlıq məsələləri də müzakirə edildi. Bu sahədəki əməkdaşlıq qardaşlıq, dostluq prinsiplərinə əsaslanır və birgə təşəbbüslər irəli sürülmüşdür. Deyə bilərəm ki, bu sahədə son illər ərzində böyük tərəqqi müşahidə olunur.

Rabitə, informasiya texnologiyaları məsələləri müzakirə edildi, yəni, bu gün elə bil ki, iki ölkənin Nazirlər kabinetləri bir araya gəlmişdir. Hər halda Azərbaycana gəldikdə, Nazirlər Kabinetinin üçdəbir hissəsi bu gün bu toplantıda iştirak edir və bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, doğrudan da ikitərəfli gündəlik kifayət qədər genişdir, mənalıdır, səmimidir və müsbətdir.

Mən çox şadam ki, biz bütün məsələləri dostluq, qardaşlıq şəraitində müzakirə edirik. Bir daha demək istəyirəm ki,  münasibətlərimizin təməlində iki xalqın bir-birinə olan duyğularıdır, iki dövlətin bir-birinə olan dəstəyidir. Bu dəstək vardır. Bir daha demək istəyirəm ki, bu dəstək regional məsələlərdə də müsbət rol oynayır.

Əziz qardaşım, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Sizə cansağlığı, uğurlar arzulayıram. Əminəm ki, bu gün imzaladığımız sənədlər də növbəti toplantıya qədər reallığa çevriləcəkdir.

 

 

Azərbaycan.-2012.- 12 sentyabr.- S.2.