Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğanın bəyanatı
- Mən də
əziz qardaşıma çox təşəkkür edirəm!
Dəyərli nazir
yoldaşlarımızı, dəyərli
iştirakçıları, dəyərli mətbuat nümayəndələrini
sevgi və hörmətlə salamlayıram.
Həqiqətən bu gün Qəbələdə
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının toplantısının İzmirdən sonra
ikincisini keçirməklə mənalı xoşbəxtlik, məmnunluq
yaşayırıq. Ev sahibliyi məsələsində dəyərli
qardaşıma bütün yoldaşlarım adından ürəkdən
təşəkkürlərimi ifadə edirəm. Bizə həqiqətən
Azərbaycanda tarixi əhəmiyyəti çox-çox
önəmli olan Qəbələ şəhərini
tanıtdırdıqları üçün də ayrıca təşəkkürlərimi
bildirirəm.
Bu gün istər siyasi, istər hərbi,
istər mədəni, istər iqtisadi sahədə həqiqətən
çox önəmli məsələləri müzakirə
etdik. Həm ikitərəfli görüş keçirdik, həm
də nazir yoldaşlarımız öz aralarında
görüşlər keçirdilər. Bildiyiniz kimi, enerji
sahəsində atdığımız çox önəmli
addımlar vardır. Bununla bağlı əlaqədar nazir
yoldaşlarımız yenə də bir-biriləri ilə
görüş keçirdilər.
Eyni zamanda, bizim bu toplantımız iki
ölkə arasında Nazirlər Kabinetinin birgə iclası
kimidir. Nazirlər Kabineti toplantımızı Prezidentimizlə
birlikdə keçirmiş olduq. Təbii ki, indi İzmirdən
sonrakı dövrü dəyərləndirdiyimiz kimi, bundan
sonra da gələcəkdə nələr edə biləcəyimizi,
nə kimi addımlar ata biləcəyimizi müzakirə etdik.
Təbii ki, on il əvvəl bir milyard
dollar olan ikitərəfli xarici ticarət dövriyyəmizin bu
gün 3,5 milyard dollara çatdığını, - ötən
yeddi ayda bu sahədə vəziyyət təxminən 2,6
milyard dollar oldu, - əgər bunu bir az da səylə,
coşqu ilə davam etdirsək, zənnimcə, belə
qısa bir dövr deyək - 2015-ci il üçün
düşündüyümüz beş milyard dollarlıq
xarici ticarət həcmini bu ilin sonunadək reallaşdıra
bilərik. Beş milyard dollarlıq bu ticarət həcmini
reallaşdırmağımız 2015-ci ildə bizə on
milyard dollarlıq bir xarici ticarət dövriyyəsini təmin
edər ki, bundan sonra 2020-ci ildə bunu 20 milyard dollara
çıxararıq. Çünki artıq həqiqətən
böyüyən, inkişaf edən bir Azərbaycan vardır,
artıq böyüyən, inkişaf edən bir Türkiyə
vardır. Bu iki qardaş, dost ölkənin əl-ələ
verməsi və xüsusilə qurucu Prezident mərhum Heydər
Əliyevin ifadə etdiyi kimi, biz "İki dövlət, bir
millət" anlayışı ilə bu prosesə diqqət
yetirdiyimiz müddətdə bunu daha yaxşı bir səviyyəyə
çatdıra bilərik, çatdıracağıq.
Qarşımızda bir maneə yoxdur. Bütün sahələrdə
atacağımız addımlar vardır. Bir az əvvəl
söylədiyim kimi, TANAP layihəsi ilə əlaqədar
imzaları İstanbulda, Dolmabaxçada hörmətli
qardaşımla bərabər atdıq. Bu andan proses
başladı və ən qısa zamanda, inşallah, mexanizmlər
işə düşməyə başlayacaqdır.
Təbii ki, bu layihə artıq tarixə
fərqli bir imza atmaq, fərqli bir möhür vurmaqdır, Azərbaycan
qazının Türkiyəyə və Avropaya
açılması prosesidir. Hər keçən gün
inanıram ki, bu layihə dünyanın marağını bu
nöqtəyə daha çox cəlb edəcəkdir. Bu
mövzuda məsuliyyətimizi dərk edirik. Eyni şəkildə
TASMUS layihəmiz də vardır ki, bu da
müdafiə sənayesi sahəsində elektron rabitə məsələsində
müştərək bir addımın atılmasında
çox böyük əhəmiyyətə malikdir. Bu istiqamətdə
fəaliyyəti əlaqədar nazir yoldaşlarımız
ciddi şəkildə davam etdirirlər.
Əslində, bizim ölkələr
arasındakı ikitərəfli əlaqələr belə
isti ikən, həm də təbii ki, beynəlxalq mənada,
bütün beynəlxalq qurumlardakı həmrəyliyimiz həqiqətən
örnək təşkil edə biləcək bir səviyyədədir.
Hazırda, bildiyiniz kimi, BMT Təhlükəsizlik
Şurasında qeyri-daimi üzv olaraq Azərbaycanın xidmət
etməsi bizlər üçün çox böyük
önəm daşıyır. Arzu edirəm ki, inşallah, Azərbaycanın
BMT Təhlükəsizlik Şurasındakı missiyası
başa çatdıqdan sonra, - 2015-2016-cı illərdə də
Türkiyə bu quruma namizəddir, - təkrar Türkiyənin
orada qeyri-daimi üzv kimi xidmətə başlaması da bizim
bu həmrəyliyimizi artıraraq yolumuza davam etməyimizi təmin
edəcəkdir.
Aramızdakı mədəni əlaqələrimiz
həmrəylik əsasında davam edir. Bununla yanaşı, təşkilatlanma
işində atdığımız addımlar vardır,
bunlar davam edir. Bu həmrəyliyi qətiyyətlə davam
etdirmək məsələsində hər iki tərəfdə
iradə vardır. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi
sürətlə davam edir, bununla bərabər, bu gün bir
çox detallar üzərində ətraflı dayandıq.
Naxçıvan-İğdır arasında dəmir yolu
çəkməklə Türkiyə və Azərbaycanı
dəmir yolu ilə də birbaşa olaraq bir-birinə
bağlamaq imkanını gətirəcək bir fəaliyyətin
də addımlarını, inşallah, sürətlə
atırıq. Hazırda artıq Naxçıvan ilə
İğdır arasındakı əlaqə Türkiyə və
Azərbaycan arasında çox mühüm bir prosesi də
başlatmış vəziyyətdədir.
Mən beləliklə, bu bəyanatımı
uzatmadan, - onsuz da dəyərli qardaşım da lazımi
açıqlamaları etdi, - bildirirəm ki,
bütövlükdə düşüncələrimiz ortaq düşüncələrdir.
Mən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şuramızın bu ikinci toplantısının bu prosesi daha
da sürətləndirdiyini qeyd edir və inşallah,
üçüncüsünü də gələn il yenə
ölkəmizdə keçirəcəyik. Artıq bu
toplantıları paytaxtlarda keçirməkdən çox
müxtəlif vilayətlərimizdə keçirməklə
bu vilayətlərimizin tanınmasına və
tanıdılmasına da fürsət verməsi
baxımından bunlar olduqca gözəl bir
anlayışın təzahürü deməkdir.
Mən çox təşəkkür
edirəm. Ev sahibliyinə görə də bütün
yoldaşlarımın bu məsələdəki hörmətlərini
çatdırmaq istəyirəm.
Azərbaycan.-2012.-
12 sentyabr.- S.2.