Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana
işgüzar səfəri
Sonra Prezident
İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan
jurnalistlərin suallarını cavablandırdılar
Türkiyənin NTV kanalının
müxbiri: Cənab Baş nazir, Sultanqazidə yeni bir terror
aktı törədildi. Bunu necə qiymətləndirirsiniz?
Sizə verilən son məlumatları ictimaiyyətlə
bölüşə bilərsinizmi? Bir sualım da var. Suriyada
seçkilərin keçirilməsi qərara alındı. Bəşər
Əsəd bildirmişdir ki, seçkilərdə uduzsam bu dəfə
hakimiyyətdən gedəcəyəm. Onun bu fikrini necə
qiymətləndirirsiniz?
Türkiyənin Baş naziri Rəcəb
Tayyib ƏRDOĞAN: Əvvəlcə, Sultanqazidəki terror
aktı ilə əlaqədar. Təbii ki, verilən məlumatlar
əsasında məsuliyyəti öz üzərinə
götürən qrupu hazırda bilirik. Bu barədə xəbəri
sizlər də almısınız. Bu, polis şöbəsinə
edilən bir hücumdur. Bir şəhidimiz vardır. Bununla bərabər,
dörd polisimiz yaralıdır. Burada iki vətəndaşımız
da yaralı vəziyyətdədir.
Yaralılarımızın vəziyyətlərinin
ağır olmadığı haqqında məlumat aldım.
Onlara Allahdan şəfa arzulayıram, şəhidimizə rəhmət
və yaxınlarına səbir diləyirəm. Bildiyiniz kimi,
hadisə terrorçu-intiharçının bombanı
partlatması nəticəsində baş vermişdir. Cinayəti
törədənin şəxsiyyəti müəyyən
olunmuşdur. Amma onun əlaqələri hazırda
bütün təhlükəsizlik qurumları və polis tərəfindən
araşdırılır.
İkinci sualınıza gəldikdə,
hazırda Suriyada keçiriləcək seçkilərin
inandırıcılığı yoxdur.
İnandırıcılığı olmayan bir zəmində
keçiriləcək seçkilərin nəticəsi də
məlumdur. Hazırda Suriyada vətəndaş müharibəsi
gedir. Belə bir şəraitdə keçiriləcək
seçkinin nəticəsi artıq indidən məlumdur.
Bundan əvvəlcə də, bilirsiniz, bir seçki
keçirdilər. Suriya xalqının böyük əksəriyyəti
bu seçkilərdə iştirak etmədi. Çünki
sağlam bir təməl mövcud deyildi. Burada sağlam bir təməl
yaradılmadan keçiriləcək seçkilərin
heç bir qiyməti yoxdur. Belə ki, Cenevrədə qəbul
olunan qərarlar vardır. Bu Cenevrə qərarlarına Suriya
rejimi əməl etməmişdir. Əgər buna əməl
etsəydilər, daha artıq məsafə qət edilmiş
olardı. Kofi Annanın istefa verməsinin səbəbi məlumdur.
Hazırda cənab Lahdar Brahimi bu vəzifəni yerinə
yetirir. Ancaq o, vəzifəsinin nə qədər çətin
olduğunu artıq indidən ifadə etmişdir. Belə bir
şəraitdə sağlam bir demokratik təməl yoxdur.
Sağlam təməl olmayınca da buradan çıxacaq nəticələrin
qəbul edilməsi də mümkün deyildir.
Xəzər Televiziyasının
müxbiri Türkay Verdiyeva: Hər vaxtınız xeyir olsun.
Hörmətli cənab Baş nazir, iki ölkə arasında
iqtisadi əməkdaşlıqda, xüsusilə sərmayə
yatırımları mühüm rol oynayır. Bugünkü
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurası çərçivəsində Azərbaycanın
bu istiqamətdə atmış olduğu addımların
qarşılığı olaraq Türkiyənin Azərbaycana
irihəcmli sərmayə yatırımları perspektivinə
necə baxırsınız?
Baş nazir Rəcəb Tayyib ƏRDOĞAN:
Hazırda onsuz da bu məsələdə olduqca gözəl təşəbbüslər
vardır. Belə təşəbbüslərdə qət
etdiyimiz məsafə bu an etibarilə 10 milyard dollara
çatmışdır, Azərbaycandakı sərmayələr
etibarilə. Hədəf bunu sürətlə 20 milyard dollara
çatdıra bilməkdir. Bu istiqamətdə də işlər
görülür. Təbii ki, burada ayrıca müştərək
görüləcək işlər vardır. Hətta biz daha
da irəliyə gedək deyirik ki, Azərbaycan-Türkiyə
sahibkarlarının, təşəbbüskarlarının
üçüncü ölkələrə də sərmayə
qoymalarının yolunu açaq. Bunu da müvəffəqiyyətlə
davam etdirmək istəyirik.
Anadolu Agentliyinin müxbiri Həsən
Öyməz: Mən cənab Prezidentə bir sual vermək istəyirəm.
İki ölkə arasındakı əməkdaşlığın
getdikcə sürətləndiyi bir mərhələdəyik.
Bu əməkdaşlığı Türkiyə
Respublikası vətəndaşlarına sərhəddə
viza tətbiq olunmasının tamamilə aradan qaldırılması
şəklində zirvəyə çatdırılması
istiqamətində bir fəaliyyətiniz varmı? Sizdən bir
müjdə ala bilərikmi? Bir də TANAP layihəsinin
planlaşdırılan tarixdən daha əvvələ çəkilməsi
mövzusunda bir addımdan söhbət gedirmi? Türkiyədən
çıxış, Avropaya giriş nöqtəsi olaraq iki
müxtəlif alternativ üzərində iş gedirdi. Bu
alternativdə də bir konkretlik varmı?
Azərbaycan Prezidenti İlham ƏLİYEV:
Qeyd etdiyiniz kimi, əlaqələrimiz çoxşaxəlidir.
Bütün sahələri əhatə edir. Biz
çalışırıq ki, bütün sahələrdə
bütün məsələləri həll edək və
zamanında həll edək.
Viza məsələlərinə gəldikdə,
siz yaxşı bilirsiniz ki, bir müddət bundan əvvəl
Türkiyə dövləti bütün türkdilli dövlətlərin
vətəndaşlarına qarşı viza rejimini ləğv
etdi. Beləliklə, bütün türkdilli dövlətlərin
vətəndaşları Türkiyəyə sərbəst gedə
bilərlər və bu qərara görə biz çox minnətdarıq.
O ki qaldı Azərbaycana, bu məsələ bu gün
müzakirə edildi. Qərar qəbul edildi ki, bu məsələyə
biz tədricən nail olaq. Müəyyən kateqoriya insanlar -
iş adamları, elm adamları, tanınmış şəxslər
vardır ki, onların gəliş-gedişi üçün
daha da asan rejim tətbiq oluna bilər. Bütövlükdə
isə bizim müəyyən mexanizmlərimiz, daxili
prosedurlarımız hələ tamamlanmayıb. Bu prosedurlar
tamamlanandan sonra əlbəttə ki, Türkiyə vətəndaşları
da Azərbaycana vizasız gələ bilərlər. Biz bu məsələ
üzərində işləyirik. Bu məsələ
müzakirə edildi. Türkiyə tərəfi bu məsələ
ilə bağlı Azərbaycanın mövqeyini anlayır.
Biz birgə səylərlə məsələnin həlli
yolunda önəmli addımları atacağıq.
TANAP layihəsinə gəldikdə, mən
giriş sözümdə qeyd etdim ki, bu, sırf Türkiyə-Azərbaycan
layihəsidir. Uzun illər Azərbaycan qazını Avropaya
çıxarmaq üçün müxtəlif variantlar,
müxtəlif layihələr müzakirə edilmişdir. Təəssüf
ki, onların heç biri reallaşmadı. Belə olan vəziyyətdə
iki qardaş ölkə bütün məsuliyyəti, o
cümlədən maliyyə məsuliyyətini öz üzərinə
götürmüşdür. TANAP-ın
üstünlüyü ondan ibarətdir ki, bu layihəni biz
ikimiz icra edəcəyik. Üçüncü tərəflər
üçün də bu layihə açıqdır. Yerdə
qalan müəyyən faizlər bizim tərəfdaş olan
şirkətlərə verilə bilər. Beləliklə, TANAP layihəsinə
beynəlxalq status da
verilə bilər.
Əsas məsələ
Azərbaycan qazını daha da böyük həcmdə
Türkiyəyə və Türkiyə ərazisindən Avropa məkanına
çatdırmaqdır. Avropa məkanına çatdıqda bu qazın həmin məkana hansı yollarla daxil ediləcəyi
artıq texniki və iqtisadi
məsələdir. Coğrafiya belə
diktə edir ki, bizim qazımız ya
Bolqarıstan, ya Yunanıstan ərazisindən
Avropaya gedəcəkdir. Hazırda SOCAR və
tərəfdaş şirkətlər bütün
variantları nəzərdən keçirirlər. Ən məqbul,
ən təhlükəsiz və iqtisadi cəhətdən
səmərəli varianta üstünlük
veriləcəkdir. Amma onu da qeyd etmək istəyirəm ki,
hazırda Avropa İttifaqında olan ölkələr bir-biri
ilə qaz xətlərini qururlar,
yaradırlar. İstənilən nöqtədən Avropaya Azərbaycan qazı daxil
olduqda geniş Avropa məkanını əhatə edə bilər.
Ümid edirəm ki,
2017-ci ildə bu layihə tamamlana
bilər. Sağ olun.
İctimai Televiziyanın müxbiri
Elçin Mirzəyev: Sualım cənab Ərdoğanadır.
Hörmətli Baş nazir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə
bağı danışıqlar prosesinin getdiyi bir vaxtda
bəzi dairələr bu
danışıqlar prosesinə fikir vermədən
Türkiyə və Ermənistan arasında sərhədin
açılması məsələsini yenidən gündəmə
gətirir. Bu məsələ ilə
bağlı Sizin mövqeyinizi
bilmək istərdik.
Baş nazir Rəcəb
Tayyib ƏRDOĞAN: Mən çox təşəkkür edirəm. Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı, başda
təbii ki, ATƏT-in Minsk
qrupu olmaqla bu məsələnin həlli yolları
tapılmayınca, oradan bir
və ya iki rayonun məsələsi həll etməyincə
bizim belə bir
qapı açmağımız və sairdən söhbət
gedə bilməz. Bu, iqtidarda
olduğumuz müddətdə həmişə
söylədiyimiz sözdür. Belə bir addım ata bilmərik.
Bizim atacağımız bütün
addımların məqsədi budur:
hazırda işğal altındakı torpaqlardan ermənilər
çıxmalıdır. Bu, beynəlxalq
qurumlar tərəfindən də "Bura Azərbaycanındır" deyilməsinə
rəğmən hələ də torpaqların buranın haqq sahiblərinə verilməmiş olması
bizim mövqeyimizi
aydın və dəqiq şəkildə ortaya
qoyur. Bizim mövqeyimiz də burada
Ermənistan ilə bağlı atdığımız qətiyyətli
addım, tutduğumuz mövqe
nədirsə, bundan sonra
da eyni şəkildə
davam edəcəkdir. Bu
prosesdə maraqlı tərəf olaraq biz də hər zaman Azərbaycanın
yanında olmağa davam
edəcəyik.
AzərTAc
Azərbaycan.-2012.-
12 sentyabr.- S.2.