Azərbaycan Prezidenti İlham Əliyev
Qəbələdə ATƏT-in
üzvü olan ölkələrin səfirlərini qəbul
etmişdir
Xəbər
verdiyimiz kimi, sentyabrın 10-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Qəbələdə
ATƏT-in üzvü olan ölkələrin səfirlərini
qəbul etmişdir.
Prezident İlham
ƏLİYEV diplomatları salamlayaraq dedi:
- Hörmətli səfirlər, xoş gəlmisiniz!
İlk növbədə, Qəbələyə
gəldiyinizə görə sizə təşəkkürümü
bildirirəm. Bilirəm, çox məşğulsunuz, bu
gün və sabah Bakıda çoxlu görüşləriniz
vardır. Ümid edirəm ki, görüşləriniz
uğurlu olacaqdır. Çox vaxt Azərbaycanla bağlı
kütləvi informasiya vasitələrindən xəbər
tutduğunuz vəziyyəti öz gözlərinizlə
görəcəksiniz. Bu, insanlarla görüşmək,
ölkənin inkişafını, əldə olunan nailiyyətləri
görmək üçün yaxşı fürsətdir.
Keçən il biz müstəqilliyimizin
20 illiyini qeyd etdik. Bu müddət ərzində Azərbaycan
bütün sahələrdə nəzərəçarpacaq
irəliləyiş əldə edib. Ötən il Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi
beynəlxalq ictimaiyyətin bizə verdiyi dəstəyin bariz
nümunəsi idi. Bu 20 il ərzində biz
özümüzü yaxşı tərəfdən göstərməyə
nail olmuşuq, dünyaya öz səsimizi çatdıra
bilmişik. 155 ölkənin bizə verdiyi dəstək
gördüyümüz işlərin nəticəsi idi.
Biz Azərbaycanda siyasi və iqtisadi
islahatlar siyasətini yürüdürük. Bunları paralel
şəkildə həyata keçirməyə
çalışırıq. Bu sahədə inkişafa nail
olmuşuq. On ildən çoxdur ki, Azərbaycan Avropa
Şurasının üzvüdür. Biz üzərimizə
siyasi transformasiyaya dair bir sıra öhdəliklər
götürmüşük. Keçmişə, hər
şeyin nədən başladığına nəzər saldıqda
görürük ki, heç bir siyasi sistem, bazar
iqtisadiyyatı mövcud deyildi. 1991-ci ilədək biz Sovet
İttifaqının bir hissəsi idik. Bunun necə sistem
olduğu sizə məlumdur. İndi ölkədə siyasi təsisatlar,
demokratik azadlıqlar, ifadə azadlığı, sərbəst
toplaşma azadlığı, mətbuat azadlığı
mövcuddur. Düşünürəm ki, bu,
xalqımızın inkişafı üçün
mühüm rol oynayıb. Bizdə azad internet vardır və
ölkə əhalisinin 60 faizi internet istifadəçisidir.
Bütün kəndlər genişzolaqlı internet xətti ilə
təmin edilmişdir. Bu proqram ən geci ilyarım ərzində
tamamlanacaqdır.
Biz iqtisadi sahədə əhəmiyyətli
dəyişikliklərə nail olmuşuq. Ölkə
iqtisadiyyatında özəl sektorun payı 60 faizdən
çoxdur. Bir neçə il dünyanın ən sürətlə
inkişaf edən ölkəsi olmuşuq. Bu da bizə son 9 il ərzində
ümumi daxili məhsulu 3 dəfə artırmağa, yoxsulluq
səviyyəsini 49 faizdən 7 faizə endirməyə imkan
yaradıb. İşsizlik səviyyəsi 5,4 faizə
düşüb. Doqquz milyondan çox əhalisi olan ölkədə
1 milyon iş yeri açmağa müvəffəq olmuşuq.
Biz, həmçinin iqtisadiyyatı şaxələndirə
bilmişik.
Beynəlxalq maliyyə institutları bizim
islahatları dəstəkləyir. Davos İqtisadi Forumunun
dünya ölkələrinin rəqabətlilik göstəricisi
siyahısında Azərbaycan 46-cı yerdədir. Bir neçə
ildir ki, biz MDB dövlətləri arasında birinci yerdəyik.
Bu yaxınlarda iqtisadi və maliyyə böhranına
baxmayaraq, "Standard & Poors", "Moody's" və
"Fitch" reytinq agentlikləri Azərbaycanın kredit
reytinqini yüksəldib. İnsanların həyat səviyyəsi
gündən-günə yaxşılaşır. Biz
çoxsaylı sosial-infrastruktur layihələri həyata
keçiririk və iqtisadi transformasiya artıq
reallıqdır. Eyni zamanda, enerji mənbələrindən
asılılığı da aradan qaldırmağa nail
olmuşuq. Biz islahatlara başladığımız dövrdəki
asılılıqdan azad olmağa nail olmuşuq. Hazırda
ümumi daxili məhsulda enerji amilinin çəkisi
aşağı düşməkdədir, qeyri-neft sektorunun
payı artır. Bu ilin ilk 6 ayı ərzində qeyri-enerji
iqtisadiyyatımız 10 faizdən çox artıb. Bu da onu
göstərir ki, iqtisadiyyatın transformasiyası və
şaxələnməsi uğurlu olub.
Enerji layihələrinin həyata keçirilməsinə
başladığımız zaman bəzi insanlar "Holland
sindromu" təhlükəsi ilə üzləşəcəyimizi,
neftin Azərbaycan üçün bəlaya çevriləcəyini
bildirmişdilər. Lakin enerji layihələrindən əldə
olunan maliyyə vəsaitlərinin müdrik idarə
olunması, həmin sərvətin əhali arasında
düşünülmüş şəkildə
bölüşdürülməsi və strateji əhəmiyyətli
layihələrin reallaşması sayəsində enerji amilindən
asılılığı azalda bilmişik. Buna baxmayaraq,
enerji təhlükəsizliyi iqtisadi və siyasi həyatımızın
mühüm bir parçası olaraq qalacaqdır. İndi bizim
enerji mənbələrimizə daha çox tələbat
vardır. Biz dostlarımızla geniş əməkdaşlığa,
dünya enerji bazarının proqnozlaşdırılması,
istehsalçılar arasında ədalətli rəqabət,
istehsalçılar, tranzit ölkələr və
istehlakçılar arasında maraqların balanslaşdırılmasına
istiqamətlənmiş mühüm enerji layihələri həyata
keçiririk. Əminəm ki, əldə etdiyimiz
inkişafı, üzləşdiyimiz çətinlikləri
öz gözlərinizlə görmək üçün bu
gün və sabah belə bir imkanınız olacaqdır.
Təkcə bizim üçün deyil, həm
də bütün dünya üçün əsas
narahatlıq doğuran məsələ Azərbaycan
torpaqlarının Ermənistan tərəfindən
işğalının davam etməsidir. Münaqişə,
onun başlanması səbəblərinin təfərrüatlarına
varmaq istəməzdim. Siz bunu yaxşı bilirsiniz. Lakin bu iki
məsələyə diqqətinizi yönəltmək istərdim.
Azərbaycan erməni təcavüzünün
qurbanıdır. Bu, danılmaz faktdır. Ermənistan Azərbaycanın
beynəlxalq səviyyədə tanınan ərazisinin 20
faizini işğal altında saxlamaqda davam edir.
Bildiyiniz kimi, Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz tərkib hissəsidir. Tarixi nöqteyi-nəzərdən
bu ərazidə azərbaycanlılar məskunlaşıblar.
Hüquqi baxımdan Dağlıq Qarabağ Azərbaycanın
bir hissəsidir. Sovet vaxtı Dağlıq Qarabağ muxtar
vilayət olub, hətta muxtar respublika belə olmayıb, o, Ermənistanla
inzibati sərhədlərə belə malik deyil. Beləliklə,
Dağlıq Qarabağ Azərbaycanın ərazisi daxilində
yerləşir və münaqişə başladıqda orada
yaşayan insanların etnik tərkibi 75-25 faiz nisbətində
idi. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan
qovulublar. Ermənistan 7 ətraf rayonda etnik təmizləmə
siyasəti aparıb. Halbuki orada heç bir zaman erməni əhalisi
yaşamayıb. Nəticədə bizim Dağlıq
Qarabağın ətrafındakı rayonlardan 750 mindən
çox, Qarabağın özündən 40 min, Ermənistandan
qovulan 200 mindən çox qaçqın və
köçkün soydaşımız var. Bu rəqəmlər
aydın məsələdir ki, münaqişənin
başlandığı, etnik təmizləmə
aparıldığı dövrə aiddir. Keçən
dövr ərzində məcburi köçkün ailələrdə
demoqrafik artım baş verdiyinə görə bu rəqəmlər
də artmaqdadır.
Dağlıq Qarabağın ətraf
rayonları dağıdılıb. ATƏT iki missiya göndərib.
Birincisi faktaraşdırıcı, ikincisi isə qiymətləndirmə
missiyalarıdır. Onlar hər şeyin
dağıdıldığını təsdiq ediblər.
Bizim şəhərlər kimsənin yaşamadığı
kabus şəhərlərinə çevrilibdir. Bütün
infrastruktur darmadağın edilib, bütün qəbiristanlıqlar,
məscidlər və tikililər yerlə-yeksan olunub. Bu, Ermənistan
tərəfindən, gəlmələr tərəfindən
törədilib. Bu, münaqişənin real mənzərəsidir.
Beynəlxalq ictimaiyyət məsələnin
həllində fəal iştirak edir. Bizim məsələni həll
etmək üçün hərtərəfli hüquqi
bazamız vardır. BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsi vardır.
Onların heç biri yerinə yetirilməyib. ATƏT-in qərarları,
Lissabon sammiti və digər qərarlar, hamımız
bunları xatırlayırıq. Avropa Şurası, Avropa
Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı
və digər beynəlxalq təsisatlarda, NATO-nun Çikaqoda
keçirilmiş sammitində də bu məsələyə
baxılıb. Münaqişənin həlli beynəlxalq
hüquq normaları və Helsinki Yekun Aktına əsaslanmalıdır.
Ermənistan prezidentinin, mənim və Rusiya Prezidenti Dmitri
Medvedevin tərəfindən imzalanmış Mayndorf bəyannaməsində
də göstərilir ki, münaqişə beynəlxalq təşkilatların
qərarları və qətnamələri əsasında həllini
tapmalıdır. Bu qərar və qətnamələr birmənalıdır.
Məsələnin həlli ilə
bağlı Helsinki Yekun Aktına da istinad edilir. Helsinki Yekun
Aktında ərazi bütövlüyü və öz müqəddəratını
təyin etmə prinsipi arasında balans açıq-aydın
göstərilir. İnsanların öz müqəddəratını
təyin etmək hüququ ərazi bütövlüyü
prinsipinə xələl gətirməməlidir. Üstəlik,
ermənilər artıq bir dəfə öz müqəddəratlarını
təyin ediblər, Ermənistan dövlətini yaradıblar və
bu dövlət tarixən azərbaycanlılar tərəfindən
məskunlaşmış ərazidə yerləşir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti
yaradılandan bir gün sonra İrəvan şəhərinin
Ermənistan dövləti üçün paytaxt şəhəri
olmasına razılıq vermişdi. Çoxları bundan xəbərsizdir,
lakin bu, həqiqətdir. Biz daha bir erməni dövlətinin
Azərbaycan ərazisində yaradılmasına icazə verməyəcəyik.
Bu, qeyri-mümkündür. Ermənistan anlamalıdır ki,
onların maksimalist yanaşması, Dağlıq Qarabağ
üçün müstəqillik tələb etmələri
mümkünsüzdür. Bunu heç kim dəstəkləməyəcəkdir.
Bu yaxınlarda Dağlıq Qarabağda keçirilən
qondarma "seçkilər" beynəlxalq ictimaiyyət tərəfindən
tanınmayıb, Dağlıq Qarabağı heç kim
tanımır. Azərbaycan Dağlıq Qarabağı
heç vaxt tanımayacaqdır. Buna görə də Ermənistanın
irəliləyiş əldə etmək üçün ən
yaxşı variantı 2009-cu ilin sonunda ATƏT-in Minsk qrupunun
təqdim etdiyi təkliflərə qayıtmaqdır. Azərbaycan
bunları dəstəkləyir. Siz bu təkliflərin nədən
ibarət olduğunu bilirsiniz: işğal olunmuş bütün
ərazilər Azərbaycana qaytarılmalı, qaçqın
və məcburi köçkünlər öz torpaqlarına
qayıtmalı, təhlükəsizlik təmin edilməlidir.
Yalnız bundan sonra Ermənistan ilə əlaqələr təmin
olunacaq, Dağlıq Qarabağın gələcək statusu hər
iki tərəf hazır olduqda müəyyənləşdiriləcəkdir.
Ermənistanın rədd etdiyi formulanı
biz qəbul etmişik. Bundan sonra danışıqlar prosesi bir
ildən çoxdur ki, durğunluq mərhələsinə
daxil olub. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin
prezidentlərinin, xüsusən də onların status-kvonun qəbuledilməz
olması barədə bəyanatı bizi çox
ruhlandırdı. Biz bu bəyanatı tamamilə dəstəkləyirik.
Lakin Ermənistan status-kvonu saxlamağa çalışır
və danışıqlar masasında oturmaq istəmir.
Onların bütün təxribatçı əməlləri
və bəyanatları bir məqsəd güdür, bu da münaqişənin
həllinin uzadılmasıdır. Onlar bir şeyi başa
düşməlidirlər ki, status-kvonu bu neçə illər
ərzində saxladıqları kimi davam etdirə bilməyəcəklər.
Qüvvələr və güc balansı dəyişir, Azərbaycan
20 il bundan əvvəlki ölkə deyildir. Azərbaycan
özünü qorumaq iqtidarında olan ölkədir. Ermənistan
üçün ən yaxşı çıxış yolu
onun gələcəyinin regionun inkişafından asılı
olduğunu anlamasıdır. Qonşular birgə
yaşamağa öyrənməli və işğala son
qoymalıdırlar. Hər şey işğalla əlaqəlidir.
Bəzən Ermənistan liderləri deyirlər ki, Azərbaycan
bu ölkə ilə bütün əlaqələrə son
qoyub. Axı, siz torpaqlarımızı işğal edən
ölkə ilə əməkdaşlığımızı
necə gözləyə bilərsiniz?! Siz, öz ölkələrinizin
bütün tarixi abidələrini darmadağın etmiş, ərazilərinizi
işğal etmiş və bu işğalı davam etdirmək
niyyətində olan işğalçı bir ölkə ilə
əməkdaşlığı necə təsəvvür edə
bilərsiniz? Bu, mümkün deyildir. İşğala son
qoyulmalıdır. Ərazilərin işğaldan azad
olunması prosesi mümkün qədər tez
başlamalıdır. İşğaldan azad olunma prosesi
başlayan kimi, biz münasibətlərin
normallaşdırılması, gərginliyin kəskin dərəcədə
azaldılması istiqamətində mühüm addımlar
atmaq məsələsini nəzərdən keçirməyə
hazırıq. Amma əvvəlcə bu proses
başlanmalıdır. Sözdən əmələ keçmək
lazımdır. Bu, bütün ölkələrin, eləcə
də bizim, əminəm ki, Ermənistanın da
marağındadır. Bütün insanlar sülh və əmin-amanlıq
şəraitində yaşamalı və beynəlxalq hüquq
mümkün qədər tez bərpa edilməlidir.
Mən bir daha qeyd etmək istəyirəm
ki, Dağlıq Qarabağa müstəqillik verilməsi məsələsi
qətiyyən müzakirə mövzusu ola bilməz. Ermənistan
tərəfi bunu nə qədər tez başa düşsə
və maksimalist, qeyri-realist, qeyri-qanuni yanaşmalardan imtina etsə,
bu, onlar üçün də, sülh prosesi
üçün də bir o qədər faydalı olar. Mən
indi çıxışımı
yekunlaşdırmalıyam, çünki bu münaqişə
ilə bağlı çox danışa bilərəm, amma
söhbətimizi fikir mübadiləsi şəklində davam
etdirməyi daha məqsədəuyğun hesab edirəm. Təşəkkür
edirəm.
* * *
Norveçin ATƏT-dəki nümayəndəsi
Robert KVİL nümayəndə heyətini qəbul etdiyinə
və onlara Azərbaycanın digər bölgələrini də
görmək imkanı yaratdığına görə
Prezident İlham Əliyevə minnətdarlığını
bildirdi.
Səfir qeyd etdi ki, ATƏT-in üzvü
olan ölkələrin səfirlərinin ildə bir dəfə
təşkilatın iştirakçı ölkələrinin
birinə getmək ənənəsini davam etdirərək bu
il Azərbaycana səfər etmək qərara
alınmışdır. Bunun səbəbi isə Azərbaycanın
təşkilatdakı rolu və ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həllinə dair fəaliyyətinə diqqət göstərilməsidir.
"Lakin missiya, eyni zamanda, Sizinlə təhlükəsizlik və
iqtisadiyyatla bağlı məsələlər ətrafında
da fikir mübadiləsi aparmaq niyyətindədir", - deyən
Robert Kvil görüşdə iştirak edən səfirlərdən
Prezident İlham Əliyevə müraciət etmək istəyənlərin
olduğunu bildirdi.
İrlandiyanın ATƏT-dəki nümayəndəsi
Eoin O`LERİ Prezident İlham Əliyevə müraciət edərək
bu səfər zamanı aparılacaq müzakirələrin və
fikir mübadiləsinin çox əhəmiyyətli
olduğunu qeyd etdi.
Sonra Rusiyanın ATƏT-dəki daimi
nümayəndəsi Andrey
KELİN çıxış edərək dedi:
- Çox sağ olun İlham Heydəroğlu!
Mən Azərbaycanda təxminən bir il əvvəl
olmuşam. Çox möhtəşəm dəyişikliklərin
şahidi oldum. Dünən bizim Xəzər sahili boyu bulvarda gəzmək
imkanımız oldu. Bulvarda gəzən çoxlu rusları
gördük. Onlar özlərini çox rahat hiss edirlər.
Bir səfir kimi bunları görmək məni çox məmnun
edir.
Bilirsiniz ki, təmsil etdiyim ölkə
Qafqazda təhlükəsizlik və sabitlik amilinə, o
cümlədən onun qorunub saxlanmasına nə qədər
böyük önəm verir. Biz Minsk qrupu çərçivəsində
fəaliyyətimizi davam etdirəcəyik və Sizə bu
istiqamətdə dəstəyimizi nümayiş etdirəcəyik.
Eyni zamanda, qeyd etməliyəm ki, biz çox çətin bir
məqamda gəlmişik. Biz iki gün əvvəl İrəvanda
səfərdəydik və prezident Sarkisyanın
açıqlamalarında müəyyən gərginlik sezdik.
Bu, Sizə də məlum olan son hadisələrlə əlaqədardır.
Demək istərdim ki, belə bir məqamda vəziyyəti
normallaşdırmaq üçün xoşməramlı
siyasi jest olduqca əhəmiyyətlidir. Qeyd etmək istədiyim
sonuncu məqam ondan ibarətdir ki, 56 ölkənin iştirak
etdiyi ATƏT-də biz yalnız siyasi məsələlərlə
bağlı deyil, eləcə də terrorizm, narkotik və təhlükəsizliklə
bağlı qarşılıqlı maraq kəsb edən digər
məsələlərin həlli istiqamətində də birgə
fəaliyyət göstəririk. Bu məsələlərdə
vahid mövqedən çıxış etmək olduqca
vacibdir, çünki bunlar hamının faydalana biləcəyi
siyasiləşdirilməmiş konseptual sənədlərdir.
Bu da bizim üçün çox vacibdir. Təşəkkür
edirəm.
* * *
Prezident İlham
ƏLİYEV:
-Təşəkkür edirəm. Mən
Ermənistanda ölkədaxili gərginliyin artması ilə
bağlı narahatlıqdan başlamaq istərdim. Azərbaycan
beynəlxalq təcrübəyə, fərq etməz,
yazılı və ya şifahi öhdəliklərə zidd
ola biləcək heç bir addım atmayıb. Biz bilirik ki,
Ermənistanda Ramil Səfərovun ekstradisiyası və əfv
olunması ilə bağlı hay-küy yaranıb. Mən
bununla bağlı münasibətimi artıq bildirmişəm.
Bir daha bildirirəm ki, Səfərovun ekstradisiyasından
tutmuş əfvinə qədər hər şey Avropa
Konvensiyasına, o cümlədən Azərbaycan
Konstitusiyasına uyğun həyata keçirilib. O, həbsxanada
təxminən 9 il cəza çəkib. Buna görə də
Ermənistan bu vəziyyətdən sülh
danışıqlarını pozmaq üçün bəhanə
kimi istifadə etməməlidir.
Mən giriş nitqimdə qeyd etdim ki,
2011-ci ilin iyununda Kazanda keçirilən son görüşdən
sonra danışıqlar prosesi durğunluq mərhələsindədir.
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlər
edir, lakin bizim hazırda müzakirələrimizin əsas
mövzusu danışıqlar prosesinin mahiyyətinə deyil,
gərginliyin, potensial təhlükənin azaldılmasına
yönəlib. ATƏT-in Minsk qrupu yaranandan bəri ilk dəfədir
ki, danışıqlar prosesinin dalana dirəndiyinin
şahidiyik. Ötən illərdə danışıqlar
prosesinin bir neçə mərhələsi, bir sıra təkliflər
nəticəsiz olub. Praqa prosesindən başlayıb Madrid
prinsipləri ilə tamamlanan, Azərbaycanın imtina etmədiyi
sonuncu təkliflər paketi bəzi ermənilərin bunun əksini
söyləməsinə baxmayaraq, mən deyərdim ki, həll
üçün bəlkə də son təklif və son imkan
idi. Ermənistan hazırda bu epizoddan bəhanə kimi istifadə
edir. Onlar bacardıqları qədər status-kvonu saxlamaq istəyirlər.
Onlar həmişə məsələnin sülh yolu ilə həllini
istədiklərini bildirirlər. Biz də problemin sülh yolu
ilə həllini istəyirik. İyirmi il ATƏT-in Minsk
qrupunda olmağımız aydın şəkildə göstərir
ki, biz məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq.
Sülh yolu ilə həlldən başqa biz, eyni zamanda,
torpaqlarımızın da azad olunmasını istəyirik. Lakin
Ermənistan yalnız sülh yolu ilə həll istəyir,
onlar yalnız sülh istəyirlər. Biz də sülh istəyirik,
həm də torpaqlarımızı istəyirik. Bu torpaqlar
tarixən, siyasi baxımdan və hüquqi baza nöqteyi-nəzərindən
bizimdir. Buna görə də onlar Ramil Səfərov məsələsini
qabartmağa çalışırlar. Onlar ölkədaxili
lazımsız hay-küy yaradırlar. Mən əfv sərəncamımla
bağlı Ermənistan prezidentinin daxili problemlərini
başa düşürəm. Lakin bu, onun problemidir, bu, regionun
problemi deyildir. Hər bir prezidentin ölkədaxili problemləri
ola bilər. Lakin bu, heç də qeyri-etik davranaraq sülh
prosesini zədələmək üçün səbəb
ola bilməz. Ona görə də onlar bir az təmkinli
olmalı, reallığı olduğu kimi qəbul etməlidirlər.
Mən paralellik aparmadan sadəcə, bir
tarixi məqamı xatırlatmaq istərdim. 2001-ci ildə Ermənistan
prezidenti Fransanın Orli hava limanında Türk Hava
Yollarına məxsus zolaqda bir neçə nəfərin, səhv
etmirəmsə 1 amerikalı, 4 fransız, digərləri
türk olmaqla 8 nəfərin ölümü, 50 nəfərin
yaralanması ilə nəticələnən terror aktı törədən
Karapetyan adlı terrorçunu əfv edib. Karapetyan Ermənistan
vətəndaşı deyildi, lakin bir neçə il həbs
cəzası çəkdikdən sonra o Ermənistana
ekstradisiya olundu və Sarkisyanın xələfi və
yaxın tərəfdaşı Koçaryan onu dərhal əfv
etdi. Həmin vaxt biz beynəlxalq təşkilatlardan, siyasətçilərdən
bu məsələ ilə bağlı heç bir
açıqlamanın şahidi olmadıq. Mən 8 nəfərin
qatili, 50 nəfərin yaralanmasına səbəb olan
terrorçu ilə zabitimiz arasında paralellik aparmıram.
Lakin bu, bir həqiqətdir. İndi ermənilərin özlərini
təhqir olunmuş kimi qələmə verməyə
haqları yoxdur. Mənə elə gəlir ki, buna
bütün məqamlardan yanaşdıqda bu, doğru qərar
idi. İndi Ermənistanın özünə ismarıc
göndərilməlidir: bundan danışıqlar prosesini
pozmaq üçün bəhanə kimi istifadə etməyin,
bundan gərginlik yaratmaq üçün istifadə etməyin!
Gərginliyi yaradan Azərbaycan deyil, onlardır. Onlar sakitləşməli,
danışıqlar masasına qayıtmalı və
münaqişənin mümkün qədər tez həlli
yolunu tapmağa çalışmalıdırlar.
* * *
ABŞ-ın ATƏT-dəki nümayəndəsi
İn KELLİ çıxış edərək Minsk qrupunun
həmsədrlərinin fəaliyyətini dəstəklədiyini
və bu fəaliyyətin əhəmiyyətli olduğunu
bildirdi. Qeyd etdi ki, Prezident Obama və dövlət katibi Hillari
Klinton da şəxsən Minsk qrupunun fəaliyyətinə cəlb
olunublar. Səfir, eyni zamanda, Azərbaycan Prezidentinin etimad
yaratmağa yönələn tədbirlərini, humanitar əlaqələri
dəstəkləməsini yüksək qiymətləndirdiyini
vurğuladı.
* * *
Görüşün davamında Avstriya,
Fransa, İsveçrə və Türkiyənin ATƏT-dəki
səfirləri Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq,
ölkəmizin quruma üzv olduğu 20 il ərzində əldə
etdiyi nailiyyətlər, Azərbaycan-ATƏT əməkdaşlığının
bütün aspektləri üzrə qazanılan uğurlar,
respublikamızın yerləşdiyi geostrateji vəziyyət,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin danışıqlar yolu ilə həlli
və bu istiqamətdə səylərin artırılması
ilə bağlı fikirlərini bildirdilər.
Səfirlər, eyni zamanda, təmsil etdikləri
ölkələr ilə Azərbaycan arasında ikitərəfli
münasibətlərin uğurlu inkişafı və bu istiqamətdə
qarşılıqlı sərmayə yatırımı,
müxtəlif layihələrin həyata keçirilməsi,
yüksək səviyyəli səfərlərin
planlaşdırılması və maraq doğuran digər məsələlərlə
bağlı fikir mübadiləsi apardılar.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan $g
2012.- 12 sentyabr.- S. 4.