Korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilir

 

Bunu dövlət idarəçiliyində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi də təsdiqləyir

 

 Müstəqil Azərbaycanın demokratikləşmə, insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində yüksək nailiyyətlər qazanması bilavasitə mülki cəmiyyət quruculuğuna hesablanmış məhkəmə-hüquq və ədliyyə islahatlarının respublikanın sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olmuşdur. İctimai münasibətlər sisteminin qanunamüvafiq qaydada tənzimlənməsində, insan və vətəndaş hüquq və azadlıqlarının təminatında mühüm rol oynayan məhkəmə hakimiyyətində kompleks islahatların həyata keçirilməsi ulu öndər Heydər Əliyevin daim xüsusi diqqət mərkəzində olmuşdur. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının təmin olunmasının möhkəm təməlini qoymuşdur.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 9 ildə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. İctimai münasibətlər qanunlarla tənzimləndiyindən, cəmiyyət həyatındakı mühüm yeniliklər hüquq sistemində də dəyişikliklər və yeniləşmə tələb edir. Dövlət başçısı bu amili ciddiliklə nəzərə alır, sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq qanunların liberallaşdırılmasını vacib sayır.

Son illər ölkədə məhkəmə-hüquq və ədliyyə sisteminin inkişafı üzrə aparılan islahatlar çərçivəsində ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində, vətəndaşların pozulmuş hüquqlarının bərpasında mühüm əhəmiyyət kəsb edən məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması ardıcıl xarakter daşıyır, bu sahədə mövcud çatışmazlıqların, nöqsanların aradan qaldırılması üzrə təsirli tədbirlər görülür. Xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın 33-cü bəndində məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi üçün məhkəmə qərarlarının icrası ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin aparılması nəzərdə tutulmuşdur.

Ölkə başçısı hüquqa və ədalətə söykənən sivil cəmiyyət quruculuğunu uğurla davam etdirərək korrupsiyaya qarşı mübarizə tədbirlərinin miqyasını daha da genişləndirmişdir. Korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil etməklə bu sahədə ardıcıl və praktiki tədbirlər həyata keçirilir. Regionun aparıcı dövlətinə çevrilmiş Azərbaycanın iqtisadiyyatı ildən-ilə sürətlə inkişaf edir. Məhz Azərbaycanın güclü iqtisadi inkişafından qaynaqlanan amillərlə əlaqədar korrupsiyaya qarşı mübarizə üsullarının da təkmilləşdirilməsi zərurəti yaranmışdır. Ölkə başçısının rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi mübarizə aparılması barədə verdiyi göstərişlərinə, 2011-ci il yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilmiş geniş yığıncaqda müəyyənləşdirilmiş tədbirlərə müvafiq olaraq bu neqativ hala qarşı mübarizə daha da  gücləndirilmişdir. Ölkə başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması üçün 2011-ci ildə bir sıra qanunvericilik işləri və praktiki tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət quruculuğu sahəsində davam etdirdiyi islahatlar prokurorluq orqanları sistemində də işin müasir dövrün tələblərinə uyğun keyfiyyətcə yeni səviyyədə qurulmasını zəruri etmişdir. Ölkə Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı da məhz bu məqsədə yönəlmiş və prokurorluq orqanları sistemində həyata keçirilən islahatların məntiqi davamı olmuşdur. Dövlət proqramı prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsini, kadr potensialının gücləndirilməsini, yeni nəsil prokurorların formalaşdırılmasını və peşəkarlığın artırılmasını, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsini və işçilərin sosial müdafiəsinin yüksəldilməsini bir vəzifə kimi qarşıya qoymuşdur.

Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulmuş, o cümlədən Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" və "Korrupsiya ilə əlaqədar mülki məsuliyyət haqqında", Birləşmiş Millətlər Təşkilatının "Korrupsiyaya qarşı" Konvensiyalarını imzalamaqla ölkəmizdə milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırmışdır.

Korrupsiyaya qarşı mübarizə idarəsi - korrupsiyaya qarşı mübarizə sahəsində BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı mübarizə aparan Ofisi (UNODC), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (IAACA), Beynəlxalq Prokurorlar Assosiasiyası və digər beynəlxalq təşkilatlar, xarici ölkələrin hüquq-mühafizə orqanları və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlar ilə əməkdaşlıq edir. Avropa İttifaqının (Aİ) Şərqi Əməkdaşlıq və Qonşuluq Siyasəti kontekstində həyata keçirilən və Avropa standartlarına uyğun şəkildə təşkilati quruluş prosesinə dəstək vermək məqsədi daşıyan Tvinninq Proqramı çərçivəsində Aİ ekspertləri ilə birgə hazırlanmış və Litva Respublikasının Xüsusi İstintaq Xidməti ilə birgə həyata keçirilən "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəstək" layihəsi 2011-ci ildə uğurla başa çatdırılmışdır.

Prezident İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib. 2012-2015-ci illəri əhatə edəcək Fəaliyyət planları Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, açıq hökumət prinsiplərinin təşviq edilməsi məqsədini daşıyır.

Ölkəmiz 2011-ci ildə beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biri olmuşdur. Beynəlxalq təşəbbüs kimi fəaliyyətə başlayan Açıq Hökumət Tərəfdaşlığının hədəfi dövlət idarəçiliyində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqini dəstəkləməkdir. Açıq Hökumət Tərəfdaşlığının prinsiplərini rəhbər tutan Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən öz fəaliyyətləri barədə məlumatların ictimaiyyətə daha geniş formada çatdırılması, qərarların qəbulu prosesində vətəndaş cəmiyyətinin rolunun artırılması, elektron xidmətlərin genişləndirilməsi və əhaliyə təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması üçün tədbirlər müəyyən edir.

Hər iki Fəaliyyət Planının layihəsi Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən hazırlanıb.  Prezident Administrasiyasının rəhbəri, komissiyanın sədri, akademik Ramiz Mehdiyev bu barədə bildirib: "2012-ci il 5 sentyabr tarixli sərəncam dövlətin bu sahədə siyasətinin davamlı xarakter daşıdığını göstərir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirir. Fəaliyyət planlarının qəbul edilməsi Azərbaycanın Açıq Hökumət prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Bu islahatların həyata keçirilməsi ölkədə dövlət qurumlarının nüfuzunu daha da artıracaq, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verəcək və vətəndaşların dövlətə etimadını daha da artıracaqdır".

Fəaliyyət planlarının hazırlanmasında dövlət orqanları ilə yanaşı, ictimai dinləmələrdə fəal iştirak etmiş vətəndaş cəmiyyəti institutlarının və beynəlxalq təşkilatların rəy və təklifləri nəzərə alınıb.  Fəaliyyət planlarının icrasına və onların dəyərləndirilməsi prosesinə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi, geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycanda yeni dövrün tələblərinə uyğun davam etdirilən islahatlar respublikada insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə güclü təkan verəcəkdir.

 

 

Azərbaycan.-2012.- 12 sentyabr.- S.5.