Şimali Atlantika Alyansı Azərbaycanla
əməkdaşlığa böyük önəm verir
NATO-nun müttəfiqləri
terrorçuluğu bütün formalarda pisləyirlər
Azərbaycan
bir sıra aparıcı beynəlxalq təşkilatlarla
yanaşı, NATO ilə də əməkdaşlığa
xüsusi önəm verir. 1994-cü ildən təşkilatın
"Sülh naminə tərəfdaşlıq"
proqramında yaxından iştirak edən ölkəmiz bunun
sayəsində NATO hərbi strukturları ilə əməkdaşlıq
etmək, birgə təlimlər keçirmək, hərbi
kadrlar hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək
imkanları qazanıb. Bu əməkdaşlıq strateji məzmun
kəsb etməklə regionun mühüm enerji layihələrinin
təhlükəsiz gerçəkləşdirilməsinə
də əsaslı təminat yaradıb. Antiterror
koalisiyasının üzvü olan Azərbaycanın ordu birləşmələri
NATO qoşunlarının tərkibində sülhyaratma
missiyasında da yaxından iştirak etmişlər. Bu o deməkdir
ki, təşkilat münaqişə ocaqlarının
söndürülməsində, mübahisələrin
çözülməsində, bir sözlə, qlobal planda
sülh və sabitliyin təminatında Azərbaycanın
potensialını yüksək qiymətləndirir.
Avratlantik məkana inteqrasiya kursunu əsas
götürən Azərbaycanın NATO ilə uğurlu əməkdaşlığı
hərbi quruculuq məsələlərində də az əhəmiyyət
daşımır. Azərbaycan ordusunda həyata keçirilən
islahatlarda, hərbi hissələrin komplektləşdirilməsində
NATO standartları əsas götürülür. Ölkəmizə
səfər edən NATO rəsmiləri də keçirdikləri
görüşlərdə Azərbaycan ordusunda aparılan
islahatlardan razılıqlarını dəfələrlə bəyan
ediblər. Bu, həm də Azərbaycan-NATO əməkdaşlığının
perspektivləri barədə daha nikbin düşünməyə
əsas verir.
NATO özünün təfərdaş ölkəsi
kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasında,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin mümkün qədər tez həllində
maraqlıdır. Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi məsələsi NATO-nun
2006, 2008-ci illərdə keçirilən zirvə
toplantılarında bir daha ifadə olunmuşdur. Ölkəmizin
ərazi bütövlüyü məsələsi NATO-nun
2009-cu ildə keçirilən zirvə sammitinin yekun bəyanatının
58-ci maddəsində də öz əksini
tapmışdır. Bəyanatda qeyd olunub ki, alyans Azərbaycan,
Gürcüstan, Ermənistan və Moldovanın ərazi
bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməkdə
davam edir, eyni zamanda, regional münaqişələrin sülh
yolu ilə həllini dəstəkləməkdə də davam
edəcək. Bunu Lissabon sammitinin yekunlarına dair qəbul
etdiyi bəyanatı ilə Şimali Alyans bir daha diqqətə
çatdırmış oldu. Ermənistan tərəfi
Strasburq-Kehl sammitində təşkilata üzv ölkələrin
Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməməsi
üçün uğursuz cəhdlər etmişdi.
İşğalçı Ermənistan tərəfinin
bütün cəhdlərinin əbəs olduğu NATO-nun son
zirvə toplantısında bir daha təsdiqləndi. Təşkilatın
yekun bəyannaməsində Azərbaycanın ərazi
bütövlüyü və suverenliyi növbəti dəfə
dəstəklənmişdir.
Azərbaycan-NATO münasibətləri son
illər qarşılıqlı maraqlar əsasında,
uğurla inkişaf edir. Rəsmi Bakı alyansla münasibətlərini
regionun geosiyasi özəlliklərini nəzərə almaqla
inkişaf etdirmək, sülh və təhlükəsizliyin
qorunması üçün hərbi-siyasi sahədə birgə
proqramlar həyata keçirmək niyyətini açıq
bildirib. "SNT" proqramı və "Fərdi Əməkdaşlıq
üzrə Fəaliyyət Proqramı" çərçivəsində
əməkdaşlıq ölkəmizə NATO hərbi
strukturları ilə əməkdaşlıq etmək, birgə
təlimlər keçirmək, hərbi kadrların
hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək
imkanları yaratmışdır. Bu əməkdaşlıq
strateji məzmun kəsb etməklə regionun mühüm
enerji layihələrinin təhlükəsiz gerçəkləşdirilməsinə
də əsaslı təminat kimi nəzərdən
keçirilir.
NATO-nun Baş katibi Anders Foq Rasmussenin
başçılıq etdiyi nümayəndə heyətinin
bu günlərdə ölkəmizə səfəri də Azərbaycanla
adıçəkilən mötəbər qurumun əməkdaşlığının
uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. A.Rasmussen
ölkə başçısı ilə keçirdiyi
görüş zamanı əlaqələrimizin
hazırkı vəziyyəti və perspektivləri ətrafında
geniş fikir mübadiləsi apardı. Baş katib bir daha bəyan
etdi ki, NATO Azərbaycana strateji baxımdan xüsusi önəm
verir və azərbaycanlı sülhməramlılarının
Əfqanıstanda sülhyaratma tədbirlərində fəal
iştirakı münasibətlərimizə yaxşı
nümunə ola bilər.
Prezident İlham Əliyev NATO-nun Baş
katibi Anders Foq Rasmussen ilə görüşü zamanı Azərbaycanla
NATO arasında əməkdaşlıq əlaqələrinin
müxtəlif sahələrdə uğurla inkişaf etdiyini
bildirdi. NATO iqamətgahında sonuncu səfəri, diplomatik
korpusun nümayəndələri ilə keçirdiyi
görüşləri və Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına sədrlik etdiyi zaman Nyu-Yorka səfərini, eləcə
də alyansın Çikaqo sammitində iştirakını məmnunluqla
xatırladı.
Azərbaycan NATO-nun Əfqanıstandakı
sülhməramlı missiyasında yaxından iştirak edir,
tranzit ölkə kimi Əfqanıstana yüklərin
daşınmasında səmərəli əməkdaşlıq
edir. Prezident İlham Əliyev bildirib: "Biz bir çox məsələlər
üzərində çalışırıq. O məsələlərdən
biri Əfqanıstandakı vəziyyətdir. İlk günlərdən
Azərbaycan sülhməramlı əməliyyatlarda
iştirak edib və beynəlxalq təhlükəsizliyə
yardım qüvvələrinin apardığı əməliyyatlara
töhfə verib. Əfqanıstandakı hərbçilərimizin
sayını 2 dəfə artırmışıq. Biz yerləşdirmə,
tranzit, logistika, o cümlədən hava məkanından istifadə
dəstəyi ilə töhfəmizi də veririk. Bu gün Əfqanıstana
göndərilən qeyri-hərbi yüklərin 30 faizindən
çox hissəsi Azərbaycan ərazisi ilə
daşınır. Biz fəaliyyətimizi davam etdirməyə
hazırıq. 2014-cü ildən sonra da bu işlər davam
etdiriləcəkdir. Biz 2014-cü ildən sonra da proseslərin
inkişafında iştirak etməyə hazırıq. Biz həmçinin
təlim proqramlarında, qeyri-hərbi yardım
proqramlarında iştirak edirik. Biz əfqan milli ordusunun qəyyumluq
fonduna yardım etmişik və əlavə yardımların
göstərilməsi ilə bağlı bəyanat
vermişik. Başqa sözlə desək, bu əməkdaşlıq
çox səmimi və açıqdır və ortaq dəyərlərə
əsaslanır. Biz əlimizdən gələni edəcəyik
ki, əfqan dostlarımız qarşılaşdıqları
çətinlikləri aradan qaldıra bilsinlər".
Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin zabiti Ramil Səfərovun ölkəmizə
ekstradisiya edilməsi Ermənistan rəhbərliyi, eləcə
də onların xaricdəki diaspor təşkilatları və
erməniləri müdafiə edən bəzi qüvvələr
tərəfindən böyük narahatlıqla
qarşılanıb. Ramil Səfərovun əfv olunmasından
sonra Ermənistan Təhlükəsizlik Şurasının
iclasında çıxış edən Serj Sarkisyan ölkəmizin
əleyhinə kəskin bəyanatlar səsləndirib. Bundan
sonra erməni terror təşkilatı "ASALA" ölkəmizin
Macarıstandakı və bir sıra digər ölkələrdəki
səfirliklərinə məktub göndərib. "ASALA"
terror təşkilatından daxil olmuş sənəddə Azərbaycan
diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr,
iş adamları, diaspor təşkilatlarının fəalları
hədəf kimi göstərilir və onların qətlə
yetiriləcəyi bildirilir.
Prezident İlham Əliyev və NATO-nun
Baş katibi Anders Foq Rasmussenin birgə mətbuat
konfransında bu məsələlərə də toxunulub.
Dövlət başçısı İlham Əliyev məsələyə
aydınlıq gətirib: "Mən Ramil Səfərovun məsələsi
ilə bağlı danışmaq istərdim. Reaksiyalara cavab
olaraq qeyd edirəm ki, Ramil Səfərovla bağlı qərar
Avropa Konvensiyasına uyğun verilib və Prezidentin sərəncamı
ilə onun əfv edilməsi Azərbaycan Konstitusiyasına
uyğundur. Buna görə ümumi nöqteyi-nəzərdən
vəziyyət tam aydındır. Azərbaycanı
Konvensiyanın pozulmasında günahlandırmağa
çalışanlar ya reallığı bilmir, ya da ictimai rəyi
çaşdırmaq istəyirlər. Onu da qeyd etmək istəyirəm
ki, Ermənistan bundan Azərbaycanla sülh prosesinə xələl
gətirmək üçün fürsət kimi istifadə
etməli deyildir. Azərbaycan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normaları əsasında sülh yolu ilə həllinə
sadiqdir. Minsk qrupunun həmsədr ölkələrinin
prezidentlərinin verdiyi bəyanat bizi çox həvəsləndirdi.
Bu bəyanatda deyilirdi ki, status-kvo qəbuledilməzdir. Bu
status-kvo dəyişilməlidir. Ermənistan status-kvonu qoruyub
saxlamağa çalışır".
Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən
ölkəmiz əleyhinə səslənən bəyanatlar və
erməni terror təşkilatlarının da dərhal məsələyə
reaksiya vermələri rəsmi
Yerevanın terrorizmin ideoloji mərkəzi qismində
çıxış etdiyini bir daha sübuta yetirir. Müasir
dövrdə beynəlxalq terrorizmə qarşı fəal
mübarizə aparan dünya birliyi erməni terroru təhlükəsinə
daha ciddi yanaşmalıdırlar. NATO-nun Baş katibi Anders Foq
Rasmussen "ASALA" terror təşkilatının ölkəmizin
Macarıstandakı və bir sıra digər ölkələrdəki
səfirliklərinə ünvanladığı məktubla
bağlı sualı cavablandırıb: "Təbii ki,
NATO-nun müttəfiqləri terrorçuluğu bütün
formalarda pisləyirlər. Biz bütün məsuliyyətli
siyasi liderlərə müraciət edirik ki, onlar
terrorçuluğun həvəsləndirilməsindən əl
çəksinlər. Yerli, regional vəziyyətə gəldikdə,
gərginliyin azaldılmasına, əməkdaşlığın
və barışığın təşviq edilməsinə
böyük ehtiyac vardır. Mən vəziyyətlə
bağlı çox narahatam. Ümid edirik ki, Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həllini
görəcəyik. NATO Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı mövqeyini təşkilatın Çikaqo
sammitində bildirib. NATO bu münaqişənin həllinin
tapılmasında birbaşa iştirak edən təşkilat
deyildir və Minsk prosesini dəstəkləyir. Buna əsaslanaraq
biz münaqişənin sülh yolu ilə həllini görməyə
ümid edirik".
Ölkəmiz işğalçı Ermənistanla
müharibə vəziyyətindədir. Azərbaycan
torpaqlarının 20 faizi işğal altındadır. Belə
bir vəziyyət isə müdafiə məsələlərinə
diqqətin artırılmasını tələb edir. Prezident
İlham Əliyevin də qeyd etdiyi kimi, bu siyasət davam
etdiriləcək və ölkənin gəlirləri
çoxaldıqca, iqtisadi qüdrəti artdıqca bunun da
miqyası genişlənəcəkdir.
Ölkəmizə səfər edən NATO
rəsmiləri də keçirdikləri görüşlərdə
Azərbaycan ordusunda aparılan islahatlardan
razılıqlarını dəfələrlə bəyan
edirlər. Bu, həm də Azərbaycan-NATO əməkdaşlığının
perspektivləri barədə daha nikbin düşünməyə
əsas verir.
Elnur HACALIYEV
Azərbaycan.-2012.-
12 sentyabr.- S.5.