Beynəlxalq birlik
Azərbaycana qarşı ədalətli mövqe
sərgiləmir
Milli Məclisdə
təmsil olunan siyasi partiyalar Dağlıq Qarabağ məsələsində
eyni mövqe tutublar
Dünən Azərbaycanda səfərdə
olan ATƏT-ə üzv
ölkələrin daimi nümayəndələrindən
ibarət heyətlə Milli Məclisdə
təmsil olunan siyasi
partiyaların təmsilçiləri arasında görüş keçirilib.
Milli Məclis Sədrinin müavini, parlamentdə çoxluq
təşkil edən Yeni Azərbaycan
Partiyası İdarə Heyətinin üzvü
Bahar Muradova qonaqlara Azərbaycanın demokratik
inkişafı, siyasi sistemi,
beynəlxalq əlaqələri barədə ətraflı məlumat
verib. B.Muradova bildirib ki, 1918-ci ildə
Şərqdə ilk Demokratik
Respublika olan Azərbaycanda
qadınlara seçki hüququ
verilib. Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra bu ənənə
davam etdirilib.
Hazırda Milli Məclisin 125
deputatından 20 nəfəri qadındır. Gələcəkdə
bu rəqəmin daha da artacağı istisna edilmir. Parlamentdə 11 siyasi
partiya təmsil olunur.
Müstəqilliyimiz
dövründə Azərbaycan bütün
demokratik təşkilatlar, o
cümlədən ATƏT ilə əməkdaşlığa
böyük önəm verib.
Azərbaycanın ATƏT-lə əməkdaşlığının
20 ili ərzində münasibətlər
yüksələn xətlə inkişaf
etməkdədir. Azərbaycan bu quruma üzv ölkələrlə
həm iqtisadi, siyasi,
həm də humanitar sahə üzrə əməkdaşlığı
yüksək səviyyədə davam etdirir.
Sonra Bahar Muradova vurğulayıb ki,
bu gün Azərbaycan
bölgədə və dünyada öz sözünü deyən
və mötəbər beynəlxalq təşkilatların rəhbər
orqanlarında təmsil olunan bir ölkədir. Ancaq Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
bölgədəki vəziyyəti mürəkkəbləşdirir.
Görüşdə
Milli Məclisdə təmsil olunan siyasi partiyaların təmsilçiləri
Azərbaycanda vətəndaş cəmiyyətinin
inkişafı, Dağlıq Qarabağ
münaqişəsi barədə fikirlərini
bölüşüblər.
Qeyd edilib ki, 20 ildir beynəlxalq birlik Azərbaycan xalqına qarşı ədalətli
mövqe sərgiləmir. Hətta Azərbaycan
torpaqlarının işğalı ATƏT tərəfindən
birmənalı şəkildə işğal
faktı kimi qiymətləndirilməyib.
İndiyə kimi təcavüzkar ölkə
qarşısında heç bir tələb qoyulmayıb. Bu
səbəbdən də Azərbaycan xalqının beynəlxalq
təşkilatlara olan inamı itib. Dağlıq Qarabağ
münaqişəsi həll olunmadan
bölgənin Avropaya inteqrasiyası mümkün deyil.
Ümid Partiyasının sədri İqbal
Ağazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri
Qüdrət Həsənquliyev, Sosial Rifah Partiyasının sədri Xanhüseyn
Kazımlı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Vətəndaş
Həmrəyliyi Partiyasının nümayəndəsi Fəzail İbrahimli və Ana Vətən
Partiyasının sədr müavini Zahid Oruc bu
məsələyə münasibət bildiriblər. Deputatlar qeyd ediblər ki, Ermənistanın
prezidenti Serj Sarkisyan Xocalıda qətliamın törədilməsində
əli olduğunu şəxsən etiraf edib. Əgər
kütləvi insan
qırğınında əli olan bir şəxs prezident ola bilirsə, mübahisə zəminində bir nəfəri öldürmüş
və cəzasının müəyyən hissəsini
çəkmiş bir nəfərin
azadlığa çıxması niyə təəccüb doğurur?
Siyasi partiyaların nümayəndələri
Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə birbaşa məşğul
olan ATƏT-in və digər beynəlxalq
təşkilatların məsələyə ikili
standartlardan yanaşmasından narahat olduqlarını bildiriblər. Qeyd olunub ki, Azərbaycan
torpaqlarını 20 ildən çox işğal altında saxlayan
Ermənistanın hələ də təcavüzkar
adlandırılmaması, BMT Təhlükəsizlik
Şurasının, ATƏT-in, Avropa
Şurasının məlum qərar və qətnamələrinin
kağız üzərində qalması çox
böyük təəssüf doğurur.
Bir fikir xüsusi vurğulanıb ki,
Milli Məclisdə təmsil olunan siyasi partiyaların təmsilçilərinin
hamısı Azərbaycan xalqının milli
maraqlarını qoruyur. Onlar
Dağlıq Qarabağ məsələsində
isə eyni mövqedədirlər.
İrlandiyadan olan səfir Eoin O,Leri deyib
ki, ATƏT-ə üzv
ölkələrin daimi nümayəndələrindən
ibarət bu heyət artıq Ermənistanda da
olub. Səfərin məqsədi Cənubi
Qafqaz ölkələri ilə yaxından
tanış olmaq, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı ətraflı məlumat toplamaq
və problemin həlli yollarını
müzakirə etməkdir.
Sonra ATƏT-ə üzv ölkələrin
daimi nümayəndələrinə Azərbaycanın iqtisadi
sahədəki uğurları, beynəlxalq əlaqələri,
investisiya imkanları, Milli Məclisdə qəbul olunmuş
qanunlar və s. məsələlərlə bağlı ətraflı
məlumat verilib.
Azərbaycan.-2012.-
12 sentyabr.- S.6.