Azərbaycanda Naxçıvan Dövlət Universiteti

 

 Azərbaycanın qədim elm, mədəniyyət və ictimai fikir mərkəzlərindən olan Naxçıvanda cəmiyyət həyatının inkişafında, iqtisadi-mədəni yüksəlişdə Naxçıvan Dövlət Universitetinin özünəməxsus yerirolu vardır.

Naxçıvan Dövlət Universiteti 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlamışdır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialına 1967-ci ildə 3 ixtisas üzrə 102 nəfər tələbə qəbul olunmuşdu. Naxçıvan filialında birinci il cəmi 3 nəfər ştatda olan müəllim çalışırdı ki, onlardan da yalnız 2 nəfəri elmlər namizədi idi.

ADPİ-nin Naxçıvan filialının bazasında 12 iyul 1972-ci il tarixdən Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradılmışdır. Azərbaycan SSR Nazirlər Kabinetinin 29 dekabr 1990-cı il tarixli qərarı ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun imkanları daha da genişləndirilərək Naxçıvan Dövlət Universitetinə çevrilmişdir. Müxtəlif illərdə Naxçıvan Dövlət Universitetinə tarix elmləri namizədi, dosent Əli Əliyev, coğrafiya elmləri namizədi, dosent Səfərəli Babayev, texnika elmləri doktoru, professor İsrafil Məmmədov, tarix elmləri doktoru, professor İsak Məmmədov, kimya elmləri doktoru, professor Qasım Hüseynov rəhbərlik etmişlər. Hazırda AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetinin rektorudur.

İndi Naxçıvan Dövlət Universitetində 10 fakültədə 52 ixtisas üzrə 5000 nəfərdən çox tələbə təhsil alır. Universitetdə ali təhsilin bakalavr, magistraturadoktorantura səviyyələri üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Bu ali təhsil ocağında 10 ölkədən: Türkiyədən, Rusiyadan, Almaniyadan, İrandan, Cənubi Koreyadan, Nigeriyadan, Banqladeşdən, İndoneziyadan, İraqdan, Qazaxıstandan, Türkmənistandan 200 nəfərdən çox xarici tələbə təhsilini davam etdirir.

Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olan 376 müəllimdən 2 nəfəri akademik, 4 nəfəri AMEA-nın müxbir üzvü, 31 nəfəri elmlər doktoru, 202 nəfəri fəlsəfə doktorudur. əməkdar elm xadimi, əməkdar müəllim, xalq rəssamı, əməkdar incəsənət xadimi, əməkdar artist fəxri adlarını daşıyan əməkdaşlarımız elmimizə, təhsilimizə və mədəniyyətimizə layiqli töhfələr verirlər.

Naxçıvan Dövlət Universitetinin 108 hektarlıq ərazisində 10 tədris korpusu, Elektron kitabxana, Konservatoriya, universitet klinikası, Olimpiya idman mərkəzi, 2 stadion, Botanika bağı və müasir tipli Tələbə evi yerləşir. Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində müəllimlər və tələbələr üçün 3 mərtəbəli Sosial xidmət mərkəzinin və internet bağlantısı olan universitet qonaq evinin xidmətlərindən istifadə olunur.

Müstəqil Azərbaycan dövlətinin böyük qayğısı sayəsində Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazası sürətlə inkişaf etdirilərək son illərdə əsaslı şəkildə yenidən qurulmuşdur. Belə ki, Naxçıvan MR Ali Məclisi Sədrinin müəyyən etdiyi proqrama əsasən, universitet üçün 1999-cu ildə 1600 yerlik beşmərtəbəli tədris korpusu, 2002-ci ildə Tibb korpusu və xəstəxana, 2004-cü ildə Elektron kitabxana, 2006-cı ildə sosial idarəetmə-hüquq və iqtisad fakültələri üçün 700 nəfərlik korpus tikilib istifadəyə verilmişdir. 2007-ci ildən Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsinin əsaslı şəkildə yenidən qurulmuş tarixi binası, açıq idman bazası və müasir tipli Olimpiya idman mərkəzi müəllimlərə və tələbələrə uğurla xidmət edir. Həmçinin 2007-ci ildə istifadəyə verilmiş 5 mərtəbəli Konservatoriya binası Müstəqil Dövlətlər Birliyi ölkələrində və yaxın xarici dövlətlərdə alternativi olmayan tədris korpusu olmaqdan başqa, həm də mükəmməl mədəniyyət mərkəzidir. 2009-cu ildə tikilən Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi ən müasir informasiya texnologiyaları ilə təchiz olunmuşdur. 2011-ci ildə tələbələrin istifadəsinə verilən Tələbə eviSosial xidmət mərkəzində bütün işlər yeni dövrün tələbləri əsasında qurulmuşdur. Bu tədris ilində professor-müəllim heyətinə və tələbə gəncliyə dövlət qayğısının ifadəsi olan təbiətşünaslıq-kənd təsərrüfatı və pedaqoji fakültələrini əhatə edən 5 mərtəbəli korpus burada tədrisin təşkilini və elmi-tədqiqat işlərini ən müasir tələblər səviyyəsində qurmağa tam təminat verir. Beləliklə, Naxçıvanda 108 hektar ərazini əhatə edən Avropa standartlarına malik müasir tipli Universitet şəhərciyi-kampus formalaşmışdır.

Tədrisin təşkilində beynəlxalq təcrübənin öyrənilməsinə ciddi əhəmiyyət verilən Naxçıvan Dövlət Universitetində tibb fakültəsinin tələbələri illərdən bəridir ki, Türkiyə Cümhuriyyətinin İzmit Kocaeli, Kayseri Ərciyəz, Ərzurum Atatürk, Elazığ Frat, Qars Qafqaz universitetlərinin, İran İslam Respublikasındakı Təbriz Tibb Universitetinin xəstəxanalarında təcrübə keçirlər. Baytarlıq fakültəsinin müəllimləri və tələbələri Türkiyədəki Qars Qafqaz və Ərzurum Atatürk universitetlərinin, İran İslam Respublikasındakı Urmiya Universitetinin baytarlıq ixtisası sahəsindəki geniş imkanlardan səmərəli istifadə edirlər. Memarlıq və mühəndislik fakültəsinin Təbriz şəhərinin maşın-traktor zavodları, memarlıq şəbəkəsi ilə, Bələdiyyə və biologiya ixtisaslarının Mərənd şəhər bələdiyyəsi və balıqçılıq təsərrüfatı idarələri ilə əlaqələri təcrübi biliklərin inkişafına və tədris prosesinin zənginləşməsinə əhəmiyyətli töhfələr verir. Tələbələrimizin Şota Rustaveli adına Batumi Dövlət Universitetinin bazasında botanika, turizmarxeologiya üzrə keçdikləri yay istehsalat təcrübəsi əlaqələrimizin regional müstəvidəki yeni imkanlarına işıq salır. Avstriyanın Qrats Universiteti ilə əldə olunmuş razılığa əsasən, Naxçıvan Dövlət Universitetinin bələdiyyə və turizm ixtisaslarında təhsil alan tələbələri 2013-cü ildən Çtiriya vilayətində təcrübə keçmək imkanı qazanacaqlar.

İnformasiya-kommunikasiya vasitələrindən istifadəyə Naxçıvan Dövlət Universitetində geniş yer verilir. Universitetdə 3 internet mərkəzi, "Qeyrət" nəşriyyatı, Media mərkəzi, televiziya studiyası, "Fikir" informasiya bülleteni, "Yeni fikir" qəzeti var. Naxçıvan Dövlət Universitetində 2010-cu ildən ən yüksək WI-FI simsiz campus internet şəbəkəsindən istifadə olunur. Boloniya prosesi ilə əlaqədar olaraq Təhsil-Qeydiyyat Mərkəzi fəaliyyət göstərməkdədir. Ölkəmizdə 2012-ci ilin may ayından tətbiq olunması nəzərdə tutulan G-4 ən yeni mobil sistem ilk dəfə Naxçıvan Dövlət Universitetində sınaqdan çıxarılmış, xidmət üçün açılmışdır. 2005-ci ildən başlayaraq universitetdə həyata keçirilən "Elektron-Naxçıvan" proqramı Azərbaycan ali təhsil sistemində elektron hərəkatın aparıcı istiqamətlərindən biri kimi qəbul olunur. Xüsusən, bu sahədə Naxçıvan Dövlət Universiteti əməkdaşlarının Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu ilə sıx əməkdaşlığı, birgə fəaliyyəti böyük səmərə verir. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda təşkil olunmuş "Elektron auditoriya" Azərbaycan alimlərinin Naxçıvan Dövlət Universiteti ilə virtual əlaqələrinin yaradılmasında böyük rol oynayır. Artıq ikinci ildir ki, AMEA İnformasiya Texnologiyaları İnstitutundakı "Elektron auditoriya" vasitəsilə Naxçıvan Dövlət Universitetinin və AMEA Naxçıvan Bölməsinin doktorant və dissertantlarına "İnformatika" fənnindən onlayn dərslər keçirilir. Çin Xalq Respublikasının Sias Universiteti, Almaniyanın Leypsik Universiteti, İsveç Texnologiya Universiteti, Portuqaliya Tətbiqi Elmlər Mərkəzi, Rusiya Elmlər Akademiyasının Sibir Bölməsi, Türkiyə Cümhuriyyətinin Ankara, Ərzurum, Kocaeli, Qars universitetləri, Azərbaycan Dillər Universiteti ilə keçirilən videokonfranslaronlayn dərslər həm də Naxçıvan Dövlət Universitetinin virtual məkandakı yerini və imkanlarını təsəvvür etməyə imkan verir. Ölkəmizin və dünyanın müxtəlif ölkələrinin universitetləri ilə keçirilən birgə videokonfranslar və videodərslər tədris sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə şərait yaradır. İnformasiya-kommunikasiya vasitələrindən geniş istifadə ali məktəbdə tədris prosesinin müasirləşdirilməsinə, elmi-tədqiqat işlərinin daha səmərəli təşkilinə, beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə təkan verir.

Naxçıvan Dövlət Universiteti Azərbaycanın əsas elm mərkəzlərindən birinə çevrilmişdir. Ölkə alimlərinin böyük bir qolu Naxçıvan Dövlət Universitetində cəmləşmişdir. Universitetdə Azərbaycan elminin bir neçə nəslini təmsil edən tanınmış alimlər fəaliyyət göstərir. Professor-müəllim heyətinin tərkibindəki Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərindən, elmlər doktorlarından hər biri öz sahəsi üzrə yüksək ixtisaslı mütəxəssislər kimi qəbul olunur. Əməkdaşlarımızın sıralarındakı Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının, Beynəlxalq Turizm Akademiyasının, Türkiyə Tarix, DilKültür Qurumlarının üzvləri olan alimlərimiz ölkəmizi və universitetimizi layiqli şəkildə təmsil edirlər. 1997-ci ildən universitetdə fəaliyyət göstərən Disesrtasiya Şurasında Azərbaycan dili və ədəbiyyatı, Dünya ədəbiyyatı, pedaqogika və sənətşünaslıq üzrə elmi-tədqiqat işləri müdafiə olunur, yeni nəsil elmlər doktorları və fəlsəfə doktorları hazırlanır. Naxçıvan Dövlət Universiteti ədəbiyyatşünaslıq, iqtisadiyyat, informasiya texnologiyaları, torpaqşünaslıq, ekologiyasair sahələr üzrə respublikamızın əsas elm mərkəzlərindən biridir. Universitetdəki "Regionun inkişafı problemləri" elmi-tədqiqat laboratoriyası, "Sahibkarlıq və innovasiya mərkəzi", "Sinxron tərcümə mərkəzi" regionda ali məktəb elminin inkişaf etdirilməsinə münasib imkanlar açır. Ali Attestasiya Komissiyasının reystrinə daxil edilmiş və beynəlxalq indeks almış "Elmi əsərlər" jurnalımız geniş dairədə istinad olunan elmi nəşrlərdən biridir. Alimlərimizin Azərbaycan dilindən başqa, ingilis, rus, fransız, türk , ərəb, fars, Koreya dillərində çap olunan elmi əsərləri beynəlxalq aləmdə müəyyən əks-səda doğurur. Beynəlxalq konfranslarda da universitet alimləri fəal iştirak edirlər. Naxçıvan Dövlət Universiteti də hər il bir neçə beynəlxalq konfransa ev sahibliyi edir.

Naxçıvan Dövlət Universiteti geniş beynəlxalq əlaqələrə malikdir. Universitetin Amerika Birləşmiş Ştatları, İngiltərə, Çin, Yaponiya, Rusiya, Fransa, Almaniya, İspaniya, Cənubi Koreya, Avstriya, Türkiyə, İran, Misir Ərəb Respublikası, Pakistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin ali məktəbləri ilə qarşılıqlı geniş əlaqələri formalaşmışdır. Ümumiyyətlə, universitetdə dünyanın 4 qitəsində yerləşən 73 universitetlə imzalanan əməkdaşlıq müqavilələri dünya elm və təhsilinə inteqrasiya üçün böyük meydan açır.

Naxçıvan Dövlət Universitetinin "Tələbələr Azad Sahibkarlıq fəaliyyətində" komandası Azərbaycan çempionu kimi 2010-cu ildə ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan Respublikasının ali məktəblərini təmsil etmişdir. Komandamız 2011-ci ildə isə Malayziyada dünya birinciliyində iştirak edərək qrup mərhələsindəki müsabiqədə üçüncü yeri tutmuşdur.

Naxçıvan Dövlət Universiteti Avropa Rektorlar Klubunun, Asiya Universitetlər Assosiasiyasının, Qara Dəniz Hövzəsi Universitetlər Birliyinin, Avrasiya İpək yolu Universitetlər Cəmiyyətinin, Beynəlxalq Turizm Akademiyasının və Qafqaz Universitetlər Birliyinin üzvüdür. Beynəlxalq təşkilatlarla əlaqələr Naxçıvan Dövlət Universitetində tədris prosesində və elmi-tədqiqat işlərinin təşkilində, habelə idarəetmədə dünya təcrübəsindən yaradıcı şəkildə faydalanmağa imkan yaradır. Naxçıvan Dövlət Universitetinin rəhbər heyəti və əməkdaşları ali məktəblərin, beynəlxalq cəmiyyətlərin keçirdikləri seminar, konfrans, qurultay və müsabiqələrdə yaxından iştirak edirlər. Qafqaz Universitetlər Birliyini əhatə edən Azərbaycan, Türkiyə, İranGürcüstana aid olan universitetlərindən 18 ali məktəbin tələbələrinin iştirakı ilə 2011-ci ildə keçirdiyimiz Birinci Beynəlxalq Naxçıvan Gənclik Simpoziumu ali təhsil sisteminin yeni epoxadakı tarixi üçün mühüm hadisəyə çevrilmişdir. Birinci Beynəlxalq Gənclik Simpoziumunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun və Türkiyə Cümhuriyyəti Ali Təhsil Şurasının keçmiş sədri, professor-doktor Yusif Ziya Özcanın iştirakı və çıxış etmələri əlaqələrin daha da genişləndirilməsinə hazırkı mərhələdə dövlətlərin ciddi əhəmiyyət verdiklərini nəzərə çarpdırır.

Naxçıvan Dövlət Universitetində TEMPUS proqramı çərçivəsində 1999-2001-ci illərdə Beynəlxalq əlaqələrin təşkilinə dair xüsusi bir layihə həyata keçirilmişdir. Hazırda universitetimiz TEMPUS proqramı üzrə 5 beynəlxalq layihənin iştirakçısıdır. Sahibkarlıq və innovasiya, ingilis dilindən yazılı və şifahi tərcümə, müasir idarəetmə, habelə turizmtibb sahələrini əhatə edən TEMPUS layihələrində Naxçıvan Dövlət Universitetinin təmsil olunması həmin layihələrin əhatə etdiyi Avrasiyanın 24 universiteti ilə qarşılıqlı əməkdaşlığın təmin olunmasına geniş üfüqlər açır. Sahibkarlıq və innovasiya üzrə TEMPUS layihəsinin iştirakçısı olan ölkələrin: Azərbaycan, Almaniya, İspaniya, Portuqaliya və Özbəkistan universitetlərinin iştirakı ilə 2011-ci ilin noyabr ayında Naxçıvan Dövlət Universitetində "İnnovasiyaların tətbiqi: inkişaf və müasirləşmə" mövzusunda beynəlxalq simpoziumun keçirilməsi ali məktəbin artıq geniş imkanlara malik olduğunu nümayiş etdirir. Bundan başqa, Boloniya prosesinə uyğun olaraq 2012-ci ildən etibarən Naxçıvan Dövlət Universitetində Erasmus-MundusMövlana proqramları əsasında da beynəlxalq tələbə mübadiləsi layihələri həyata keçirilməkdədir. Bu tədris ilindən etibarən Türkiyənin Şərqi Anadolu universitetləri və Gürcüstanın Batumi Dövlət Universiteti ilə də tələbə mübadiləsinə başlanılacaqdır. Yaxın gələcəkdə tələbələrimiz Avstriyanın Qrats universitetində və Litva Respublikasının ali məktəblərində də təhsil almaq və təcrübə keçmək imkanı qazana biləcəklər. Bütün bunlar Naxçıvan Dövlət Universitetində Boloniya proseslərinin daha da genişlənməsinə özünün töhfələrini verir. Kredit sisteminin tətbiq olunması, tələbə mobilliyinin təmin edilməsi, yay məktəbinin və kollokviumların təşkili, müstəqil, sərbəst işlərin hazırlanması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər universitet həyatında Boloniya prosesinin inkişaf etdirilməsini şərtləndirir.

Yeni nəsil gəncliyin hərtərəfli inkişafını təmin etmək üçün Naxçıvan Dövlət Universitetində yaradılmış Tələbə Gənclər Təşkilatı, Tələbə elmi cəmiyyəti, YAP Universitet Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, Tələbə turizm assosiasiyası, Tələbə informasiya mərkəzi, Tələbə hüquq maarifləndirmə mərkəzi, Tələbə teatropera studiyaları, xor, vokal və rəqs qrupları, İdman klubu səmərəli fəaliyyət göstərir. Ali təhsil ocağının tələbə təşkilatları universitetdə müasir gəncliyin yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, dünyagörüşünün, təşkilatçılıq qabiliyyətlərinin daha da inkişaf etdirmələrində, asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayırlar. Tələbə təşkilatlarında fəaliyyət müasir gənclik üçün böyük təşkilatçılıq məktəbi funksiyasını da həyata keçirir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1974, 1992 və 1999-cu illərdə 4 dəfə Naxçıvan Dövlət Universitetində olması, burada etdiyi tarixi nitqlər, verdiyi tövsiyələr və tapşırıqlar, göstərdiyi qayğı ölkədə və regionda ali təhsilin və elmin, o cümlədən Naxçıvan Dövlət Universitetinin inkişafında mühüm rol oynamışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin 12 noyabr 1992-ci ildə Naxçıvan MR Ali Məclisinin Sədri kimi Naxçıvan Dövlət Univesitetinin 25 illik yubileyində iştirakı və tarixi nitqi müstəqillik dövrü Azərbaycan ali məktəbinin proqramı idi. 20 il bundan əvvəl deyilmiş aşağıdakı fikirlər bu gün üçünaktualmüasir səslənir:

"İndi Azərbaycan müstəqil bir dövlət kimi dünyanın hər bir ölkəsi ilə müstəqil əlaqə yaratmağabu əlaqələrdən öz ölkəsinin gələcək inkişafı üçün istifadə etməyə malik olan bir dövlətdir. Bu baxımdan, Naxçıvan Dövlət Universiteti indi sərbəst bir ali məktəbdir. Onun Azərbaycanın bütün ali məktəbləri ilə əlaqələri inkişaf etdirməyə daha da əlverişli şərait vareyni zamanda, dünyanın bütün ölkələri ilə, orada olan ali məktəblərlə, elm mərkəzləri ilə, elm ocaqları ilə əlaqə saxlamağa imkanları vardır. Çox yaxşı haldır ki, artıq bu sahədə müəyyən addımlar atılıb... Bu gün Naxçıvan Dövlət Universitetinin bu yubiley mərasimində İran İslam Respublikasının və Türkiyə Cümhuriyyətinin ali məktəblərinin və dövlət adamlarının iştirakı buna sübutdur. Sizi əmin edə bilərəm ki, Naxçıvan MR Ali Məclisi bu sahədə Naxçıvan Dövlət Universitetinin fəaliyyətinə lazımi köməklik edəcək və lazım olan şəraiti yaradacaqdır.

...Artıq bundan sonra sizin hazırlayacağınız ali təhsilli kadrlar gərək daha yüksək kriteriyalara, yüksək tələblərə uyğun olsunlar. İndi artıq siz keçmiş Sovetlər İttifaqının çərçivəsində olan təcrübəni yox, bütün dünya təcrübəsini gərək mənimsəyəsiniz, ondan səmərəli istifadə edəsiniz və ali təhsil işinin təşkilini daha müasir səviyyədə qura biləsiniz".

Ulu öndər Heydər Əliyevin 11 oktyabr 1992-ci il tarixdə Naxçıvan Dövlət Universitetində "Bazar iqtisadiyyatı şəraitində iqtisadi əlaqələrin və sərhədyanı ticarətin təşkili" mövzusunda keçirilmiş beynəlxalq simpoziumdakı zamanı qabaqlayan uzaqgörən nitqi, 11 oktyabr 1997-ci ildə universitetin 1600 yerlik yeni tədris korpusunun açılışı mərasimində iştirakı, tarixi çıxışı, 27 oktyabr 1997-ci ildə ölkə başçısı kimi bu ali məktəbin 30 illik yubileyi münasibətilə kollektivə ünvanladığı təbrik məktubu geniş mənada ölkəmizdə, o cümlədən də Naxçıvan Dövlət Universitetinin həyatında tarixi hadisələrdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Dövlət Universitetində Elektron kitabxananın açılışında iştirakı (12 may 2004-cü il), universitetin 40 illik yubileyinin keçirilməsi haqqındakı 31 mart 2007-ci il tarixli sərəncamı və 17 oktyabr 2007-ci ildə keçirilmiş həmin yubiley mərasimində dərin məzmunlu nitqi ali məktəbin inkişafına dövlət qayğısının müasir mərhələdəki parlaq ifadəsidir. Yubiley mərasimindəki nitqində Prezident İlham Əliyevin aşağıdakı sözləri müstəqillik dövrünün ali təhsil siyasətinin yeni tarixi mərhələdəki gerçəkliklərinin ifadəsidir:

"Mən çox istəyirəm ki, Azərbaycanda çox vətənpərvər, peşəkar, bilikli, savadlı gənc nəsil yetişsin ki, ölkəmizin gələcək inkişafına öz töhfəsini versin. Bunu təmin etmək, buna nail olmaq üçün, əlbəttə ki, Azərbaycanda ali məktəblərdə tədrisin səviyyəsi yüksək olmalıdır. İndi biz bunu görürük, ali məktəblərin həm maddi-texniki bazası möhkəmlənir, həm də tədris proqramları dünya səviyyəsinə uyğunlaşır.

...Naxçıvan Dövlət Universitetininbu işlərdə öz payı, öz əməyi var. Mən şadam ki, universitet çox sürətlə inkişaf edir, burada çox böyük işlər görülür. Universitetin xarici əlaqələri də çox genişdir. Mən bilirəm ki, universitet dünyanın aparıcı ali məktəbləri ilə çox yaxşı işgüzar əlaqələr yarada bilibdir. Burada müxtəlif ölkələrdən tələbələr oxuyurbu da özlüyündə bir göstəricidir. ...Naxçıvan Dövlət Universitetinin nüfuzu dünyada kifayət qədər yüksək səviyyədədir. Burada görüləcək işlər, yeni fakültələrin açılması və gələcək planlar, əlbəttə, imkan verəcək ki, Naxçıvan Dövlət Universiteti nəinki regionda, hətta dünya miqyasında tanınmış ali məktəblərin birinə çevriləcəkdir".

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun çoxcəhətli fəaliyyətində maarifçiliyə, universitet quruculuğuna, xüsusi diqqət yetirilməsi Naxçıvan Dövlət Universitetinin böyük sürətlə inkişaf etdirilməsinin mühüm hərəkətverici qüvvəsini təşkil edir. Bu genişmiqyaslı proqramın əsas istiqamətlərindən birinə çevrilən ali məktəb quruculuğu Naxçıvanda böyük bir universitet şəhərciyinin yaranması ilə nəticələnmişdir. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun ifadə etdiyi aşağıdakı fikirlər çəkilmiş böyük zəhmətin bəhrəsi olan universitetin bugünkü inkişafına verilən qiyməti və bu ali təhsil ocağının gələcəyinə bəslənilən ümidləri dolğun şəkildə mənalandırır: "Naxçıvan Dövlət Universitetində yaxşı baza, nizam-intizam vardır. Universitetdə vətənpərvər, məsuliyyətli müəllimlər dərs deyirlər. Eyni zamanda, bu ali təhsil müəssisəsinin Azərbaycanın muxtar respublikanın gələcəyini öz üzərində hiss edən gəncliyi vardır".

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 12 iyun 2002-ci il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinə yüksək idarəetmə-muxtariyyat statusu verilmişdir. Bu ali təhsil ocağında 1997-ci ildə yaradılmış və indiyədək 153 məşğələsi keçirilmiş "Heydər Əliyev universiteti"nin ardıcıl fəaliyyəti müasir gəncliyin milli dövlətçilik, vətənpərvərlik və siyasi yetkinlik ruhunda formalaşmasına uğurla xidmət edir.

Naxçıvan Dövlət Universitetində zəngin mədəni mühit formalaşmışdır. Universitet tələbələrinin hazırladıqları "Arşın mal alan" operettası Bakı şəhərindəki Səməd Vurğun adına teatrın səhnəsində, Rusiyanın Novosibirsk şəhərində, Türkiyə Cümhuriyyətinin Ərzurum, Samsun, Qars, Ərdəhan, Trabzon Universitetlərində, Gürcüstan Respublikasının Axaltsıx Universitetində uğurla nümayiş etdirilmişdir. Universitetin Tələbə Teatr Studiyasının 1999-cu ildə hazırladığı Kamal Abdullanın "Beyrəyin taleyi" tamaşası Türkiyənin Bayburt şəhərində keçirilən Dədə Qorqud festivalında mükafata layiq görülmüşdür. Həvəskar aktyor kimi çıxış edən tələbələrimiz Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin "Anamın kitabı" və "Ölülər" tamaşalarını Bakıda və Naxçıvanda uğurla nümayiş etdirmişlər. Böyük türk şairi Nazim Hikmətin "Qəribə adam" əsəri də 2012-ci ildə universitet səhnəsində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Hazırda Tələbə Teatr Studiyası antik dramaturgiyanın zirvəsi sayılan Esxilin "Zəncirlənmiş Prometey" əsərini səhnəyə çıxarmaq üçün yaradıcılıq işləri aparır. Universitetin yallı, vokal və rəqs qrupları, xalq çalğı alətləri və kamera orkestrləri universitetlər arasında yaxşı tanınır. Şən və hazırcavablar klubu tələbə həyatının maraqlı keçməsinə, intellektual düşüncənin inkişafına kömək edir.

Naxçıvan Dövlət Universitetinin müəllimləri və tələbələri arasında təsviri sənət geniş inkişaf etmişdir. Universitetdə çalışan müəllimlərin, istedadlı tələbələrin yaratdıqları rəsm əsərləri Azərbaycanla yanaşı, dünyanın ayrı-ayrı ölkələrində təşkil edilən beynəlxalq sərgilərdə də uğurla nümayiş etdirilir. Naxçıvan Dövlət Universitetinin artıq  özünəməxsus rəssamlıq məktəbi formalaşmışdır. Ali təhsil ocağının futbol komandası ölkəmizin ali məktəblərinin birinciliyində 2008 və 2010-cu illərdə çempionluq qazanaraq Azərbaycan tələbə futbolunu UkraynadaPolşada uğurla təmsil etmişdir. Universitetimizin voleybolçuları 2 dəfə Qafqaz çempionu, badmintonçu qızlarımız isə 4 dəfə Azərbaycan universitetləri arasında çempion olmuşlar.

İndiyədək Naxçıvan Dövlət Universitetinin 30 mindən çox məzunu olmuşdur. Məzunlar arasında ölkə miqyasında özünəməxsus yeri olan yüksək vəzifəli dövlət adamları, deputatlar, ali rütbəli hərbçilər, görkəmli elm xadimləri vardır.

Beynəlxalq əlaqələrin inkişaf etdirilməsində, həmçinin elm və təhsil sahəsində qazandığı nailiyyətlərə görə Naxçıvan Dövlət Universiteti Avropa rektorlar klubu tərəfindən "Minilliyin universiteti" mükafatına layiq görülmüşdür.

Naxçıvan Dövlət Universitetinin 25, 30 və 40 illik yubileyləri dövlət səviyyəsində qeyd olunmuşdur. Universitetin yaradılmasının bu tədris ilində tamam olan 45 illiyiali məktəbin inkişafının yeni bir mərhələsidir, eyni zamanda, professor-müəllim heyətinin, tələbə kollektivinin cəmiyyət qarşısında növbəti hesabatıdır.

Beləliklə, Naxçıvan Dövlət Universiteti möhkəm milli əsaslara malik olan, dövlətçilik təmayüllü və dünyaya inteqrasiya etmiş müasir tipli ali məktəbdir. Dünya birliyində və ölkənin ali təhsil sistemində özünəməxsus yeri olan Naxçıvan Dövlət Universiteti daim yeniləşmək və inkişaf etmək istiqamətində tarixi yolunu dönmədən davam etdirməkdədir.

 

 

İsa HƏBİBBƏYLİ,

Naxçıvan Dövlət Universitetinin

rektoru, akademik, Milli Məclisin

deputatı

 

Azərbaycan.-2012.- 12 sentyabr.- S.7.