Avropalı deputatların Ramil Səfərovun Azərbaycana qaytarılması ilə bağlı Ermənistanın mövqeyinə etirazları davam edir

 

 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və münasibətlərin normallaşdırılması bütün regionda müsbət iqtisadi və ictimai stimul yaradacaqdır.Avropa Azərbaycan Cəmiyyətindən AzərTAc-a bildirmişlər ki, bu sözləri Almaniyanın hakim Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı (CDU/CSU) parlament (Bundestaq) fraksiyasının xarici siyasət üzrə işçi qrupunun sədri Florian Hahn Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə bağlı Ermənistan hökumətinin aqressiv mövqeyinə münasibət bildirərkən söyləmişdir.

F.Hahn demişdir: "Bu yaxınlarda Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı parlament fraksiyası 1992-ci ildən Dağlıq Qarabağ və onun ətrafındakı digər Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasının 20 illiyi ilə əlaqədar qəbul etdiyi sənəddə vurğulanırdı ki, tərəflər münaqişənin aradan qaldırılmasının indiyədək olan formasını ətraflı götür-qoy etsin və münaqişənin həlli prosesinə yeni təkan versin. Buna görə də Ermənistanın rəsmi hakimiyyət dairələrinin Ramil Səfərovun Macarıstan tərəfindən Azərbaycana qaytarılmasına reaksiyaları daha artıq narahatlıq yaradır. Qanuniliyinə heç bir şübhə olmayan bu ekstradisiyadan Ermənistan bizim Avropa tərəfdaşımız olan Macarıstana qarşı istifadə edir. Ermənistan tərəfindən Macarıstan hökumətinin beynəlxalq hüququn normalarına əsaslanan qanuni hərəkətinə qarşı reaksiyalarının davam etməsi Cənubi Qafqazda atəşkəsə daha ağır zərbə vura və onun pozulmasına gətirib çıxara bilər".

F.Hahn qeyd etmişdir ki, Almaniya bundan sonra da ATƏT-dəki, NATO-dakı və BMT-dəki dostları ilə birlikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə daha dərindən diqqət yetirəcəkdir".

 

 

Azərbaycan.-2012.- 12 sentyabr.- S.8.