Həyatı odlar
içində keçib
Yusif Vəzir "Əfkari-ümumiyyə"də
yazırdı: "Hankı millət yaşamaq istərsə,
öz dərdini söyləməlidir, səsini
çıxarmalıdır. Səsini çıxarmağı
bilməyən bir millət həmişə əzilər. Səs
vasitəsi də qəzetlər və məcmuələrdir.
Qonşularımızdan bağırmaları ilə məşhur
olanı ermənidir. Bu millət dərdini və tələblərini
bildirməkdə böyük istedad sahibidir. Dünyada elə
bir qəzet yoxdur ki, erməni məsələsini yazmasın.
Bundan başqa özlərinə məxsus bir çox qəzetə
və məcmuələri var. Moskvada rus dilində
"Armyanski vestnik" məcmuəsi verilirdi. Bu məcmuə
başdan-başa erməniliyi təqdir və tərvic etmək
ilə məşğul idi. Məcmuənin fikri ermənini ən
mədəni bir millət şəklində Avropaya tanıtmaq
idi: Odessada dəxi eyni fikirdə bir qəzetə
çıxırdı. Bu gün İstanbulda ermənilərin
fransızca qəzetələri var. Tələblərini
Avropanın qulağına söyləməkdən çəkinmirlər".
Yusif Vəzir 1919-cu ildə yazdığı bu məqalədə
ermənilərin milli məsələ ilə bağlı
doqquz yüz əsər çap etdirdiklərini bildirir və
son abzasda göstərir ki, "bütün müsəlman aləmində
əfkari-ümumiyyənin rəğbətini qazanmaq
üçün az çalışılır. Onun
üçün dərdlərimiz kimsəyə bəlli olmur
və biz ilə maraqlanan az olur... Siyasi adamlar məmləkətdən
xəbərsiz olduqda, biz ermənilərdən də çox
çalışmalıyıq ki, özümüzü
tanıdaq".
Çəmənzəminli
"Ermənistan və biz" məqaləsində ermənilərin
böyük iddiaları barədə söhbət
açır. Məqalədə oxuyuruq: "Böyük Ermənistan"
xəritəsini gördüm. Üç dəniz arasında
təşəkkül edəcək imiş. Ağ, Qara və
Xəzər dənizləri arasında xəritədə Gəncə,
Lənkəran, Salyan, Təbriz, Marağa və başqa şəhərlər
də Ermənistana daxil edilmişdir. Əgər bu xəritə
erməni amalının şəklidirsə, onda erməni məsələsi
yenə bir çox münaqişə və mücadiləyə
səbəb olacaq və həlli yenə kağız üzərində
qalacaqdır". Böyük demokrat romanlarında da erməni
məsələsinə toxunur, xalqımıza, millətimizə
qarşı onların bütün məkrli siyasətlərindən
xəbərdar olmağa, dünya ictimaiyyətinə mənfur
əməllərinin puçluğu və əsassızlığı
barədə düzgün məlumat verməyi zəruri hesab
edirdi.
Yusif Vəzir
harada yaşamasından asılı olmayaraq milli təəssübkeşlik
hisslərindən uzaqlaşmamış, ən çətin, ən
ağır məqamlarda belə öz sözünü elmi dəlillərlə
söyləyə bilmişdir.
Yüksək səviyyədə
oxunan, tarixi romanları ilə tanınan, rəğbətlə
qarşılanan Yusif Vəzirə münasibət 30-cu illərin
ortalarında qəflətən pisləşir. Onu
sıxışdırmağa başlayırlar. O dövrdə
Stalin repressiyası, "xalq düşmənləri"nin
aşkarlanması prosesi bütün Azərbaycan ərazisində
həyata keçirilirdi. Yaradıcılıq təşkilatlarında
da eyni ab-hava davam edir, ittifaq üzvləri bir-birinə
qarşı qaldırılır, iclas və
yığıncaqlarda yaradıcılıq işlərindən
çox siyasi mövqe ortaya qoyulurdu. Azərbaycan ədəbi
mühitində repressiya hərarəti 1937-ci ilin ortalarında
son həddi də adlayırdı. Hamı bir-birinə
düşmən, xain, trotskiçi, zinovyevçi,
pantürkist, əksinqilabçı kimi baxırdı, əsərlərdə
qüsurlar axtarırdılar. Yığıncaqlarda belə
insanlara lənətlər yağdırır, onların həbsini,
məhkum olmalarını tələb edirdilər.
1937-ci ilin
martında Yazıçılar İttifaqının plenumu
keçirilir. Burada dörd məsələ müzakirəyə
qoyulur: H.Cavidin, M.Müşfiqin, Ə.Cavadın, Y.Vəzirin məsələsi.
Üç gün davam edən plenumda Yusif Vəzirin
"Studentlər" romanı "kontrrevolyusion" mahiyyətli
əsər hesab edilir. Mircəfər Bağırovun sərt
çıxışı, ədibin burjua-millətçi
mövqe tutmaqda təqsirləndirilməsi ona mənəvi cəhətdən
əzab verir, günləri vahimə içində keçir.
Bir müddətdən sonra Yusif Vəzir işdən
çıxarılır. Eyni zamanda dərs dediyi ali təhsil
ocaqlarından uzaqlaşdırılır.
Yazıçılar İttifaqının üzvlüyündən
azad olunur. Ailənin dolanışığı dözülməz
həddə çatır. "Əzizləyə-əzizləyə
qoruyub saxladığı "Molla Nəsrəddin"
jurnalının illik saylarını cildlətdirib
satdırır. Sonra növbə Tolstoyun əsərlərinə
çatır... Bununla nə qədər dolanmaq olardı
ki?!" ("El" jurnalı). İş üçün
hara gedirdisə, qapılar üzünə
bağlanırdı, qəbul etmirdilər.
Yusif Vəzir
1937-ci ilin aprelində tamamladığı "İki od
arasında" romanını işdən
çıxarıldığı üçün çap
etdirə bilmir. Yazıçılar İttifaqından kənarlaşdırılmamışdan
2-3 ay əvvəl "Azərfilm"ə təqdim etdiyi
"Altunsaç" adlı kinossenarisi geniş mütəxəssis
rəyindən keçib bəyənilsə də
kinostudiyanın direktoru Merkel Yusif Vəzirə bildirmişdi
ki, "Studentlər" romanınız tənqid edildiyi
üçün sizinlə müqavilə bağlamaq
mümkün olmayacaq.
1937-ci il iyunun
8-də "Pravda" qəzetində O.Riqlin imzası ilə
"Düşmənlərin hiylələri" adlı məqalə
dərc edilir. Burada Y.V.Çəmənzəminlinin
""Studentlər"i iki yerdə kəskin formada tənqid
edilir: "Ələkbərlinin
(yazıçı, tənqidçi Məmmədkazım Ələkbərli
- İ.Ə.) redaksiyası ilə müsavatçı Yusif Vəzirin
"Studentlər" adlı alçaq, faşist kitabı
buraxılmışdı". Həmin məqalənin digər
yerində oxuyuruq: "Şamilovun (nasir, publisist, tərcüməçi
Seyfulla Şamilov nəzərdə tutulur -İ.Ə.)
redaktorluğu ilə çıxan azərbaycanca "Ədəbiyyat"
qəzetinin son nömrələrindən birində çap
edilən bir məqalədə Yusif Vəzirin kontrrevolyusion
"Studentlər" kitabı "əhəmiyyətli ədəbiyyat
əsəri" kimi qeyd edilmişdir." Təbii ki, bu hadisələr
yazıçıya pis təsir edir. Həyatını
xalqın istiqlaliyyətinə və tərəqqisinə həsr
edən Yusif Vəzir özündə heç bir günah
görmədiyi üçün əvvəlcə
M.C.Bağırova ərizə ilə müraciət edir. Cavab gəlmir.
Sonra İ.Stalinin adına ərizə yazır. Oradan da
heç bir reaksiya verilmir. Çarəsiz qalan ədib
Bakıya qayıdır.
1938-ci ildə "Kommunist" qəzetində
çıxan bir elan Y.Vəzirin diqqətini cəlb edir. Orada
bildirilirdi ki, Özbəkistan SSR-in Urgənc şəhərindəki
Xarəzm Vilayət Pedaqoji İnstitutunda rus dilindən dərs
deməyə müəllim yeri tutmaq üçün
müsabiqə elan olunur. Yusif Vəzir sənədlərini
toplayıb Urgənc şəhərinə göndərir.
Müsabiqədən keçib rektorluqdan dəvət alır.
1938-ci ilin avqustunda Urgəncə yola düşür. O,
Pedaqoji İnstituta baş müəllim və eyni zamanda təhsil
ocağının kitabxanasına müdir təyin olunur.
Bir müddət ona dəymirlər.
1940-cı ildə Çəmənzəminli yenidən yada
düşür.
Üstəlik də, 1937-1938-ci illərdə
Azərbaycanın repressiyaya məruz qalmış bir sıra
elm və mədəniyyət xadimlərinin verdikləri ifadələrdə
Yusif Vəzirin adı çəkilir. 1940-cı il yanvarın
25-də bu ifadələr əsasında Vəzirov Yusif Mirbaba
oğlunun həbs olunması haqqında qərar
çıxarılır.
Qərarda deyilirdi: "1929-cu ildə
Bakıda "müsavatçılarla milli təmayülçülərin
antisovet bloku" yaradılmışdı. Yusif Vəzirov bu
antisovet blokun rəhbər heyətinə məxsus idi.
İstanbulda müsavat hökumətinin konsulu olan Yusif Vəzirov
ingilis-fransız və Türkiyə kəşfiyyatçıları
ilə əlaqə saxlamışdır. Yusif Vəzirov öz
həmfikirləri arasında müntəzəm olaraq əksinqilabi
görüşləri təbliğ etmişdir. 1931-ci ildə
Yusif Vəzirov Azərbaycanın əksinqilabi millətçi
təşkilatına cəlb olunmuşdur".
Həbs haqqında qərardan sonra -
yanvarın 27-də onu Urgəncdə tutub Bakıya gətirirlər.
Fevralın 13-də Vəzirovun
istintaqına başlanır. Birinci istintaq zamanı 1937-ci ilədək
olan tərcümeyi-halı vərəqlənir.
Növbəti günlərdə -
fevralın 14 və 15-də aparılan istintaqlarda Yusif Vəzir
1917-ci ildə Kiyevdə oxuyarkən Müsavat partiyasına
daxil olduğunu və Müsavatın Kiyevdəki təşkilatının
rəhbəri seçildiyini söyləyir. Həmin təşkilata
o zaman daxil olmuş azərbaycanlı tələbələrin
adları çəkilir. İstanbulda səlahiyyətli nümayəndə
vəzifəsinə 1919-cu ilin yayında hökumət
başçısı Nəsib bəy Yusifbəyov tərəfindən
təklif edildiyini isə fevralın 16-da danışır.
Eyni zamanda daxili işlər nazirinin müavini Rüstəmbəyov,
yol-nəqliyyat naziri Məlikaslanov və xarici işlər
naziri Cəfərovla şəxsi tanışlığı
barədə də həmin gün ifadə verir.
Fevralın 24-də Vəzirov bildirir ki,
1922-ci ildə İstanbulda "Azərbaycan ədəbiyyatına
bir nəzər" və "Azərbaycanın
tarixi-coğrafi və iqtisadi icmalı" əsərlərini
yazıb. Parisdə isə Azərbaycan səfirliyinin buraxdığı
"Paris xəbərləri"nin əməkdaşı
olub.
Vəzirovun istintaqının gedişini
qoruyub saxlayan arxiv sənədləri göstərir ki, ona
verilən suallar çox adi və primitiv xarakter
daşıyırdı. Yəni müttəhimi ittiham etmək
üçün nə isə yazmaq lazım gəldiyinə
görə o, bu qədər mənasız sorğu-suala
tutulub.
Fevralın 25-də verilən suallara cavab
olaraq Çəmənzəminli bildirir ki, özünün
"Bolşevik təhlükəsi" və "Studentlər"
əsərlərini millətçi ruhda yazılmış
mütərəddid əsərlər hesab edir. Lakin o, əksinqilabi
millətçi təşkilata məxsus olduğunu qəti
şəkildə inkar edir. Müstəntiq "Etiraf elə!"
qışqırdıqca Yusif Vəzirin başına sanki hər
dəfə ağır zərbə endirirdilər.
Fevralın 27-də Çəmənzəminlidən
soruşurlar: "Sizi Müsavata kim cəlb etmişdir?"
Cavab verir ki, 1917-ci ildə Kiyevdə tələbələrin
türk federalist "Müsavat" komitəsi
yaradılmış və o, həmin komitənin sədri
olmuşdur.
Yusif Vəzirin ittiham edilməsi barədə
1940-cı il fevralın 26-da qərar
çıxarılmışdır. Səbəb kimi onun
1919-cu ildə Müsavat hökumətinin konsulu vəzifəsində
işləyərkən ingilis-fransız və Türkiyə təşkilatları
ilə əlaqədə olması kimi saxta dəlillər
göstərilmişdir. Bundan başqa guya Çəmənzəminli
qatı müsavatçı kimi qeyri-leqal müsavat təşkilatının
rəhbər özəyinə məxsus olub. 1927-ci ildə
müsavatçılarla milli təmayülçülərin
yaratdıqları antisovet bloka keçib. Öz həmfikirləri
arasında mütəmadi şəkildə əksinqilabi
görüşləri təbliğ edib. 1931-ci ildə Azərbaycan
əksinqilabi millətçi təşkilatının tərkibinə
daxil olub. Ona görə də Azərbaycan SSR CM-nin 72-73-cü
maddələrində nəzərdə tutulmuş cinayətlər
üzrə ittiham edilib (Z.Bünyadov, "Qırmızı
terror").
Yusif Vəzirov qərarla tanış olur və
vərəqin sonuna öz dəst-xətti ilə belə
yazır: "Mənə verilən iki maddədən ibarət
ittihamlar ağ yalandır. Mən özümü günahkar
hesab etmirəm". Yazdığını imzası ilə təsdiqləyir.
Bununla belə, martın 7-də, 13-də,
17-də və 19-da yenidən istintaqlar keçirilir. Vəzirov
yenə də əksinqilabi fəaliyyətdə olduğunu və
təbliğat apardığını, əksinqilabi təşkilatın
üzvülüyünü qətiyyətlə inkar edir. Lakin
onun işinə əksinqilabi təşkilata məxsusluğu
barədə professor Bəkir Çobanzadənin 1937-ci ildə
verdiyi ifadə tikilmişdi. 1938-ci ildə isə neft
institutunun dosenti N.Şahsuvarov ifadə verərək
demişdi ki, Çəmənzəminli əksinqilabı-millətçi
təşkilatın rəhbər heyətinə daxil olub. Bu
heyətdə ondan başqa daha 10 nəfər var idi. Çəmənzəminli
buraya 1931, yaxud 1932-ci ildə daxil olmuşdu.
Yusif Vəzir bu ittihamların
hamısını rədd edir. Ona olan ittihamlardan biri də
1937-ci ildə Hacıağa Nəzərlinin öz ifadəsində
göstərdikləri idi. İttiham ondan ibarət idi ki, Cəbiyev,
R.Axundov və Ə.Qarayev burjua millətçi-müsavatçı
Əhməd Cavadın, Hüseyn Cavidin və Yusif Vəzirovun
güclü təsiri altında olublar. Üstəlik, elə
1937-ci ildə B.Çobanzadə bir sıra
müsavatçıların adlarını çəkib və
Vəzirovun İngiltərə, Fransa, Türkiyə və
Almaniya təşkilatları ilə olan əlaqələrindən
danışıb. Müttəhim təbii ki, bu ittihamları
da əvvəlkilər kimi rədd edir.
1940-cı il aprelin 3-də Y.Vəzirov
müstəntiqə bu məzmunda bir ərizə yazır:
"Xahiş edirəm, mənim əmanət kitabçamın
həyat yoldaşıma çatdırmasına icazə verəsiniz.
Çünki ailəm iki aydan çoxdur ki, kənardan
heç bir maddi kömək almır".
Çəmənzəminlinin əmək
kitabçasında 4 min manat pul var idi. Bu vəsait müttəhimin
ailəsinə verilir. Yusif Vəzir xoşbəxt ailə
başçısı idi.
O, 1927-ci ildə, 40 yaşında evlənmişdi.
3 övladı vardı - Orxan, Fikrət və qızı
Gülarə.
1940-cı il aprelin 16-da Y.Vəzirovun
işi üzrə ittiham qərarı
çıxarılır. Aprelin 19-da ittihamnamə SSRİ Xalq
Daxili İşlər Komissarlığı yanında
xüsusi müşavirədə baxılmaq üçün
təqdim olunur. İyun ayının 11-də Xüsusi
müşavirə Vəzirov Yusif Mirbaba oğlunu antisovet fəaliyyətinə
görə 1940-cı il yanvarın 27-dən 8 il müddətinə
islah-əmək düşərgəsində həbs cəzasına
məhkum edir.
Qəribədir ki, Vəzirovun istintaq
işinə 13 nəfər "xalq düşməni"nə
verilən hökmlər barədə arayışlar tikilib.
Bir də nədənsə, onun işində fotoşəkli
deyil, yalnız barmaq izləri var idi. Yusif Vəzir altı ay həbsxanada
ailəsi ilə görüş veriləcəyi günü
gözləyirdi. Lakin bu görüş verilmədi, onu həbs
düşərgəsinə göndərdilər. Ən
böyük nigarançılığı
övladlarından və həyat yoldaşı Bilqeyis
xanımdan idi. Bir də əsərlərinin, əlyazmalarının
itib-batacağından, məhv ediləcəyindən qorxurdu.
"Bəraət almış yazıçı" adlı əsərini
Özbəkistanda tələbəsi ilə birgə
yazmışdı. Həmin əsər Azərbaycana gəlib
çatdı, sonra isə yoxa çıxdı. "İki
od arasında" romanını və başqa əlyazmalarını
qayınanası Kiçikxanım qoruyub saxladı.
1956-cı il fevralın 7-də Azərbaycan
SSR-in baş prokuroru tərəfindən Yusif Mirbaba oğlu Vəzirovun
işi üzrə protest təqdim edildi. Fevralın 28-də
hökm ləğv olundu və ittiham sübuta yetmədiyi
üçün işə xitam verildi. Ölümündən
13 il sonra Yusif Vəzir bəraət aldı.
Y.V.Çəmənzəminli 1943-cü il
yanvarın 3-də 55 yaşında Nijni-Novqorod vilayətinin
Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində
vəfat etdi. O, Betluqa çayının sahilindəki qəbiristanlıqda
dəfn olundu.
Nə qədər qəribə olsa da,
ağır və keşməkeşli taleyi Çəmənzəminlini
ölümündən, hətta bəraət almasından
sonra da izləyib. Çoxillik və çoxşaxəli
yaradıcılığı dövründə yazıçı
bir sıra təxəllüslərdən istifadə etdiyindən
sonralar bu onun üçün müəyyən əngəllər
törədib. Məsələn, "Əli və Nino" əsərini
Qurban Səid imzası ilə yazdığı
üçün bu məsələ son illərə qədər
mübahisə doğururdu.
"Əli və Nino" romanının
müəllifinin Y.V.Çəmənzəminli olduğunu hələ
vaxtilə Üzeyir Hacıbəylinin Fransada yaşayan
qardaşı Ceyhun Hacıbəyli də təsdiq edib.
1973-cü ildən başlayaraq Azərbaycan mətbuatında əsərin
məhz Çəmənzəminliyə məxsusluğu barədə
bir çox çıxışlar olub. Müəllifin
övladları Orxan və Fikrətin apardıqları tədqiqat
romandakı bir çox səhifələrin Yusif Vəzirin
gündəliklərində və dərc edilmiş digər əsərlərində
olduğunu da göstərir. Bu məsələyə 21 iyun
1994-cü il tarixli nömrəsində "Azərbaycan" qəzeti
də müraciət edir. Yazıçı Qılman İlkin
böyük tədqiqat işi apardıqdan sonra "Əli və
Nino" romanının müəllifi Yusif Vəzir Çəmənzəminlidir"
adlı məqaləsini dərc etdirir. Bunun ardınca,
1994-cü il iyulun 26-da yazıçı Süleyman Vəliyev
bu mövzuya həsr olunmuş "Böyük sənətkarın
sirləri..." məqaləsi ilə "Respublika" qəzetində
çıxış edir.
Yazıçılardan Qılman İlkin,
Süleyman Vəliyev, Kamal Talıbzadə, Hüseyn Abbaszadə,
Famil Mehdi 1995-ci ildə Mətbuat və İnformasiya Nazirliyinə
müraciət edirlər ki, roman əsl müəllifinin
adı altında çap olunsun. Lakin texniki səbəblərdən
bunu həyata keçirmək mümkün olmur.
Ədəbiyyat İnstitutunda keçirilən
müzakirələrdən sonra mübahisəyə son qoymaq məqsədilə
Yazıçılar Birliyinin sədri Anarın
başçılığı ilə məsələyə
bir daha baxılır. Yekdilliklə qəbul olunur ki, Qurban Səid
Yusif Vəzir Çəmənzəminlinin təxəllüsüdür.
Xalqını ürəkdən sevən,
onun üçün çalışan, yazıb-yaradan
görkəmli Azərbaycan ziyalıları sırasında
Y.V.Çəmənzəminlinin xüsusi yeri və mövqeyi
var. Çox təəssüflər ki, zəmanəsinin bir
çox şəxsiyyətləri kimi o da nəinki layiqli qiymətini
almamış, hətta sürgünə göndərilmiş,
əslində, məhv edilmişdir. Qoy oxucuların Çəmənzəminlinin
kitablarını vərəqlədikcə onlardan bilik,
dünyagörüşü əxz etməsi unudulmaz
yazıçının mükafatı, ruhunun
rahatlığı olsun.
İradə ƏLİYEVA
Azərbaycan.-2012.-
12 sentyabr.- S. 10.