İztirablar
çəkmiş ailənin fədakar üzvləri
İlk azərbaycanlı
qadın biologiya elmləri doktoru
Validə xanım Tutayuqun adı elmi ictimaiyyətə yaxşı bəllidir.
Ötən əsrin ortalarında bu
xanımın fəaliyyəti nəinki Azərbaycanda, yurdumuzdan kənarda da məşhurlaşmışdı.
Görkəmli alim dəfələrlə
beynəlxalq elmi konfrans
və konqreslərdə məruzə ilə
çıxış etmişdi. Dünya
şöhrətli Validə Tutayuqun həyat
və elmi fəaliyyətini
araşdıranda maraqlı faktlarla üzləşdik.
Onun məxsus olduğu
nəslin Azərbaycan tarixində, pedaqogikasında, səhiyyəsində
böyük xidmətləri olduğu aydınlaşdı.
...Onlar ailədə beş uşaq idilər: bir qardaş, dörd bacı.
Ataları Xaspolad Tutayuq
Şuşanın məşhur və nüfuzlu
şəxsiyyətlərindən biri olub. 1892-ci ildə Peterburq
Universitetinin təbiət-riyaziyyat
fakültəsini bitirərək bioloq
ixtisasına yiyələnib. Bir müddət
Rusiyanın müxtəlif şəhərlərində
çalışıb. Sonradan xəstələnib.
Həkimlər ona dağlıq yerdə
yaşamağı məsləhət görüblər. Bu səbəbdən də XX əsrin əvvəllərində
Şuşaya qayıdan Xaspolad
Tutayuq ömürlük
burada qalmalı olub. Uzun illər həm Şuşada,
həm də müxtəlif vaxtlarda Gorusda və Qazaxda meşəbəyi
işləyib. Görünür ki, ali təhsilli bir şəxsin meşəbəyi işləməsi
sadə məsələ deyildi. O zaman bu vəzifənin
yüksək statusu və nüfuzu
vardı. Validə xanımın ana tərəfi
məşhur Qacarlar və Mirzəyevlər
nəslindən idi. Südabə
xanımla Xaspolad Tutayuq
adları tariximizə həmişəlik yazılan beş övlad
böyütdülər.
Ailənin ilki Murad olub.
O, 1920-ci ildə Şuşa Realnı Məktəbini
bitirdikdən sonra şəhərdəki ibtidai təhsil ocaqlarında hesab
və rus dili müəllimi
işləmişdir. Sonradan Azərbaycan Ali Pedaqoji İnstitutunun
fizika-riyaziyyat şöbəsində təhsil
alan Murad Tutayuq təyinatla Naxçıvan Müəllimlər
Seminariyasına göndərilmişdir. Uzun
müddət Naxçıvan şəhərində müəllim
işləyən Murad Tutayuq
qabaqcıl maarif xadimi,
Naxçıvanın əməkdar müəllimi kimi fəxri adlara layiq görülmüşdür.
Murad 1931-ci ildə Şuşada
yay istirahətində olarkən antisovet fəaliyyətinə görə həbs
edilib. Lakin
günahı sübut
olunmadığından müvəqqəti azadlığa buraxılıb.
Bir daha repressiyanın
caynaqlarına ilişməmək üçün
Murad Şahbuza gedib. O, kənd Şahbuzda
fizika müəllimi işləyib. Az keçməmiş onu
Naxçıvan Dövlət İkillik
Müəllimlər İnstitutuna dəvət
ediblər. O, burada müəllim, tədris
işləri üzrə direktor müavini olmuşdur. Sonra Azərbaycan Elmlər Akademiyasının
Naxçıvanda yaradılan elmi
bazasının direktoru təyin edilib. Demək olar ki, ömrünün sonuna kimi
Naxçıvanda yaşayıb və burada
da vəfat edib. Dövrün ziddiyyətlərinə bax ki, repressiyadan
canını zorla xilas
edən Murad Tutayuq sonralar Lenin,
"Qırmızı Əmək Bayrağı" ordenləri
və bir neçə medalla
təltif edilmişdir. Naxçıvan pedaqoji tarixinin unudulmaz simalarından biri olan Murad Tutayuqu
şəxsən tanıyanlar, ondan dərs
alanlar bu gün də onu ehtiram və hörmətlə yad
edərək son dərəcə mədəni,
mehriban, savadlı və geniş
dünyagörüşə malik şəxs
kimi xatırlayırlar.
Muraddan iki yaş kiçik
bacısı Fatma Tutayuq
isə respublikamızın ilk ali təhsilli qadın pedaqoqlarından biri olub. O, ilk
təhsilini Şuşada almış, elə
pedaqoji fəaliyyətə də doğma şəhərdə
başlamışdır. 1922-ci ildə Şuşa
qəza maarif şöbəsi tərəfindən
Bakıda yeni açılan Azərbaycan Ali Pedaqoji Qızlar İnstitutuna oxumağa
göndərilmişdir. Təhsilini başa
çatdırdıqdan sonra yenidən Şuşaya qayıdaraq vaxtilə işlədiyi
məktəbə müdir təyin edilmişdir. Gənc pedaqoq
1926-cı ildə həyat yoldaşı Haşım Feyzullayevin iş yerinin dəyişilməsi ilə əlaqədar
Salyana köçmüş
və əri ilə birlikdə pambıqçılıq texnikumunda müəllim işləmişdir.
1927-ci ildə
Haşım Feyzullayev Müsavat
təşkilatının üzvü kimi həbs edilib və ona on il
iş kəsiblər. Haşım Feyzullayev Solovki
adalarına sürgün olunmuşdu.
Təzyiqlərə, təqiblərə məruz qalan Fatma Tutayuq
ailəsini zillətdən xilas etmək üçün 1929-cu ildə ərindən boşanmağa məcbur olub.
Buna görə də ərinin
arxasınca Solovkiyə gedərək Haşım Feyzullayevdən
rəsmən ayrılmışdır. Təbii ki, bu ayrılıq
kağız üzərində idi.
Qaniçənləri aldatmaq mümkün deyildi. 1931-ci
ildə Fatma Tutayuq həbs
edilib və bir
müddətdən sonra azadlığa
buraxılıb. Sinəsinə vurulmuş
ağır dərdi unutmasa da, özünü tox tutmağı, təmkinli aparmağı bacaran Fatma Tutayuq
müəllimliyi ilə məşğul olmuşdur.
Tutayuqlar ailəsinin üçüncü
övladı Zinyət xanım Azərbaycanın
tanınmış səhiyyə təşkilatçısı
və əməkdar həkim olub. O, ibtidai təhsilini Şuşada
alıb, Bakı Pedaqoji Texnikumunu
bitirdikdən sonra Ağdam
rayonunun Muradbəyli kənd məktəbində
müəllim kimi fəaliyyətə
başlayıb. Hətta bir müddət bu məktəbin direktoru olub. Sonralar ailə vəziyyəti
ilə əlaqədar Göyçaya köçüb, bir
müddət pambıq tədarükü birliyində
çalışıb. 1932-1933-cü illərdə Quba şəhərindəki bir
nömrəli uşaq evinin
direktoru olub.
Zinyət Tutayuq ali təhsil almaq haqqında fikirləşirdi. O dövrdə
həkimə böyük ehtiyac
vardı. 1935-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun
müalicə-profilaktika fakültəsinə daxil
olub. Təhsili başa
çatdıqdan sonra təyinatla doğma Şuşaya
qayıdıb. O, rayon mərkəzi xəstəxanasında
həkim, səhiyyə şöbəsinin müdiri,
baş həkim işləmişdir. İkinci Dünya
müharibəsi illərində göstərdiyi fədakarlığa
görə medallar, "Səhiyyə əlaçısı"
döş nişanları ilə təltif
edilmişdir. 1980-ci ildə 79
yaşında Şuşada vəfat etmişdir.
Ailənin dördüncü övladı - taleyi gətirməmiş, dövrün
repressiyalarına tuş gəlmiş Ənvər
Xaspolad qızı Tutayuq
idi. O, 1910-cu ildə anadan
olub. 1925-ci ildə orta
məktəbi bitirdikdən sonra pedaqoji fəaliyyətə başlayıb. Bir müddət Şuşadakı "Nərimaniyyə"
məktəbində dərs deyib. 1937-ci
ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. Lakin həmin vaxt həyat yoldaşı, Şuşa
Pedaqoji Texnikumunun
müəllimi Əyyub Hacıyev müsavatçı kimi həbs edilib. Onu əksinqilabçılıqda, antisovet təbliğat aparmaqda
təqsirləndiriblər. Ərinin antisovet
təşkilatının üzvü olduğu barədə çıxarılan
hökmə görə Ənvər xanımı da xalq düşməninin
arvadı kimi həbs edərək
Bayıl həbsxanasına göndəriblər. 1938-ci ilin aprelində Ənvər xanıma səkkiz
il iş kəsilib və
cəzasını çəkmək üçün
Mordova Muxtar Sovet Sosialist
Respublikasının Temnikov şəhər
islah-əmək düşərgəsinə göndərilib.
Ənvər Tutayuq tutulan
vaxt hamilə olduğundan
sürgün yerinə çatmazdan
əvvəl - 1938-ci ilin may
ayında Moskva vilayəti Potma
rayonunun Yavaş qəsəbəsindəki
15 nömrəli həbs düşərgəsində
saxlanılıb. Burada onun
oğlu dünyaya gəlib.
Lakin zalımlar iki
aylıq körpəni onun əlindən alaraq uşaq evinə
göndəriblər, özünü də
sürgünə. Başına gələn bu
haqsızlığa və zülmə dözə bilməyən
Ənvər Tutayuqun 28 yaşında
ürəyi partlayıb.
Tutayuqlar ailəsinin sonbeşiyi
Validə xanım isə əvvəldə qeyd
etdiyimiz kimi, biologiya sahəsində ilk
azərbaycanlı qadın alimdir. O,
1914-cü ildə Şuşada anadan olub. Burada
doqquz illik məktəbi
bitirdikdən sonra Gəncə Kənd Təsərrüfatı
İnstitutunun bağçılıq və
bostançılıq fakültəsinə daxil
olub. Onun bu sahəyə maraq
göstərməsi atası Xaspoladdan gəlib.
İnstitutu başa vurduqdan sonra Validə Tutayuq aspiranturaya daxil olmuş və 1935-ci
ildə V.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı
Akademiyasına dəyişilmişdir. Burada
dünya şöhrətli akademik T.M.Jukovskinin rəhbərliyi
altında müxtəlif tədqiqat işləri apararaq dissertasiya
yazmış, bitkilərin xüsusiyyətlərini əsaslı
şəkildə tədqiq etmişdi.
1939-cu ildə dissertasiya müdafiə edərək
biologiya elmləri namizədi alimlik dərəcəsi alan
Validə Tutayuq Azərbaycana
qayıtmışdı. O, bir müddət
Gəncə Kənd Təsərrüfatı İnstitutunda
kafedra müdiri
işləmişdi. 1949-cu ildə Leninqradda
V.L.Komarov adına Botanika
İnstitutunun elmi
şurasında doktorluq dissertasiyası
müdafiə edərək biologiya və
kənd təsərrüfatı sahəsində nəinki Azərbaycanda,
ittifaqda ilk qadın
elmlər doktorlarından və professorlarından biri olmuşdur.
1959-cu ildə
Kanadanın Monreal şəhərində
dünyanın 72 ölkəsindən gəlmiş 6 mindən çox alimin iştirak etdiyi botaniklərin
IX beynəlxalq konqresi keçirilmişdi.
Həmin ərəfədə Validə Tutayuqun
"Çoxləçəkli çiçəklərin quruluşu" monoqrafiyası təzəcə
çap edilmişdi. Bu nəşr təkcə keçmiş
sovetlər birliyində deyil, həm də
bir çox xarici ölkələrdə böyük
əks-səda doğurmuşdu. Konqresdə
də bu məsələ gündəmə
gətirilərək Validə Tutayuqun bu sahədəki xidmətləri yüksək
dəyərləndirilmiş və bununla da onun təcrübəsi
dünyanın 20-dən çox ölkəsində
öyrənilməyə başlanılmışdı.
Alimin elmi fəaliyyəti
əsasən iki istiqamətdə inkişaf edirdi. O, həm
bəzək, bağçılıq və
yaşıllaşdırma sahəsində mütəxəssis
idi, həm də respublikanın müxtəlif
rayonlarında bir sıra ekspedisiyalar
həyata keçirərək anatomik tədqiqatlar
aparırdı. Validə Tutayuqun rəhbərliyi
ilə ötən əsrin 70-ci illərində respublika otlaqlarının geobotanik
cəhətdən öyrənilməsi dövlət əhəmiyyətli
iş kimi dəyərləndirilirdi.
Onun rəhbərliyi ilə təşkil olunan ekspedisiyalarda 100-dən
artıq adam iştirak
edirdi.
Validə Tutayuqun təşəbbüsü ilə Ümumittifaq Botanika Cəmiyyətinin
Gəncə şöbəsi yaradılmış və özü də həmin quruma
sədr seçilmişdi. Vətənpərvər
alim bir çox tanınmış mütəxəssislərlə
birlikdə respublikanın
yaşıllaşdırılması layihəsinin
hazırlanmasında fəal iştirak edirdi. O, 1958-ci ildə Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib.
Elmdə göstərdiyi səmərəli xidmətə
görə müxtəlif orden və medallara layiq görülmüşdü. 1974-cü ildə
respublikanın elmi ictimaiyyəti bu məşhur alimin anadan olmasının 60 illiyini
yüksək səviyyədə qeyd etdi. Elə həmin günlərdə Validə
Tutayuq əməkdar elm
xadimi adına layiq görüldü.
Azərbaycanın
florasına aid 130-dan çox
elmi məqalənin, 6 monoqrafiya
və 6 dərsliyin müəllifi idi.
Validə Tutayuqun ali məktəb
və texnikum tələbələri üçün dərslik kimi
istifadə olunan "Bitki
anatomiyası və morfologiyası", "Azərbaycanın
yaşıllaşdırılması", "Bitki teratologiyası" kitablarına təkcə
keçmiş SSRİ-də deyil, dünyada məşhur
olan akademiklərdən T.M.Jukovski
və N.İ.Vavilov yüksək qiymət
verərək onları biologiya elmi sahəsində yeni
nailiyyət adlandırıblar.
Validə Tutayuq elmi sahədə
çalışmaqla, dərin tədqiqatlar aparmaqla
bərabər yeni mütəxəssislərin
də hazırlanmasında fəal iştirak
edirdi. Məhz onun rəhbərliyi
ilə onlarca elmlər doktoru
və namizədi yetişmişdi. Validə
Tutayuqun əməyi müxtəlif orden və medallarla təltif
edilmişdi. Cəmi 66 il
ömür sürən Validə Tutayuqun xatirəsi bu gün də ehtiramla
anılır. Akademik Həsən Əliyev
onun haqqında yazırdı: "Əgər
repressiya zamanı Validə xanımın
ailəsi - bacı-qardaşları haqsızlığa məruz
qalmasaydı, o, bizi
belə tez tərk etməzdi. Validə Tutayuq çox istedadlı
bioloq alim və mən
deyərdim ki, misilsiz
təbiətşünas idi. Heyf ondan..."
Flora XƏLİLZADƏ
Azərbaycan.-2012.-
12 sentyabr.- S. 10.