«Dolu» İsmayıllını silkələdi

 

 Aqil Abbasın eyniadlı romanı əsasında ssenari müəllifi və rejissoru Elxan Cəfərov olan "Dolu" filmi paytaxt Bakının məşhur kinoteatrı olan "Nizami"də üç dəfə  nümayiş etdirildikdən sonra bölgələrdə göstərilməyə başlanıb.

Avqustun 8-də "Dolu" və onun yaradıcı heyəti İsmayıllı əhalisinin qonağı olub. Film bir gün ərzində iki dəfə  (günorta təhsil işçiləri, axşam isə ictimaiyyət nümayəndələri və yerli sakinlər üçün) göstərilib.

"Dolu"nun nümayişindən öncə "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov filmin uğurlu alınmasından danışıb və bildirib ki, Qarabağ döyüşlərini ekranlaşdırmaq xalqımızın vətənpərvərlik əzminin bir daha yüksəldilməsinə böyük töhfədir.

Filmin rejissoru Elxan Cəfərov Bakı və İsmayıllıda tamaşaçıların "Dolu" filminə  böyük maraq göstərdiklərini, alqışlarla qarşıladıqlarını xüsusi qeyd edərək, hər kəsə minnətdarlığını bildirib.

Filmin nümayişindən sonra İsmayıllı Rayon Icra Hakimiyyətinin başçısı Nizami Ələkbərov yaradıcı heyətlə görüşüb. Film barəsində xoş təəssüratlarını bölüşən N.Ələkbərov nümayiş olunan ekran əsərini müasir Azərbaycan kinosunda yeni bir addım  adlandırıb. O, belə filmlərin çəkilişində hər kəsin dəstəyinə ehtiyac olduğunu deyib.

"Dolu"nun ilk olaraq İsmayıllıda nümayişinin səbəbi isə ondan ibarətdir ki, filmin çəkilişlərinin 70 faizi bu bölgədə aparılıb. İsmayıllılar "Dolu"dakı kütləvi səhnələrdə rol alıb, rayon ictimaiyyəti əlindən gələn köməyi əsirgəməyib. Sonda "Dolu"nun yaradıcı heyəti, rayon ictimaiyyəti və qazilər Qarabağ savaşında 175 şəhid verən İsmayıllı rayonunun Şəhidlər xiyabanında olub, Vətən uğrunda canlarından keçənlərin məzarlarını ziyarət ediblər.

 

 

Azərbaycan.-2012.- 12 sentyabr.- S. 10.