Təkcə ağac əkmək azdır...

 

 Yaşıllaşdırma işlərində kütləvilik qəbul edilən milli proqramlardan, dövlət başçısının sərəncamlarından və bu göstərişlərin yuxarıdan aşağıya icrasından asılıdır. Ona görə də böyük şəhərlərdə, rayon mərkəzlərində, iri qəsəbələrdə bu iş daha səmərəli qurulur. Ekoloji bilikləri kifayət qədər olmayan adamlar məsələnin ciddiliyini də başa düşmürlər, bir çox hallarda dövlətin nəcib təşəbbüsünə etinasız yanaşırlar. Şəhərlərdə, rayon mərkəzlərində ağaclar əkilir, parklar, yaşıllıqlar salınır, amma hələ ki, kənd bələdiyyələri bu tədbirlərdə irəlidə gedənlərin sırasında deyillər.

 Müasir ekoloji tələblərə görə ölkə ərazisinin minimum 20-25 faizi meşə ilə örtülməlidir. Quba rayonunda bu rəqəm 27, Azərbaycan üzrə isə 12 faizi ətrafındadır. Bu o deməkdir ki, nazirliyin, Quba meşəçilərinin və hər bir sıravi vətəndaşın qarşısında yalnız bir ümdə vəzifə durur: ümumxalq təşəbbüsü kimi görülən ekoloji tədbirləri meşələrimizin qorunması və bərpası məcrasına yönəltmək!

Meşəyə toxunan olmasa, o özünü tənzimləyir. Dağlara çıxın, meşələrin yaylaqlarla sərhədlərinə baxın, görəcəksiniz ki, meşə 50-100 metr yaylağa tərəf cavan cücərtiləri ilə hərəkət edir. Meşə qırılanda isə təbii ki, bulaq da, çay da quruyacaq!

Gədəbəydə çoxunun unutduğu bir hadisəni xatırlatmaq istəyirik. Orada torpaq sürüşərkən altında bir ev qalmışdı. Bunu hərə bir cürə izah edirdi. Lakin əsl həqiqət ondan ibarət idi ki, torpaq altında qalan evin sahibi yerinin arxasında bir hektar meşəni çəpərləyib qoruyurdu, başqalarını ora buraxmasa da, öz mal-qarasını saxlayırdı. Bu mal-qara da cücərtiləri tapdadığından yeniləri boy vermirdi, köhnə ağaclar da qocalmışdı, əslində kəsilməli idilər. Ağac qocalanda torpağa yük olur, kökləri taqətdən düşür, torpağı əvvəlki kimi saxlaya bilmir. Yağan yağışlardan, qardan şişən torpaq təbii ki, bir gün sürüşüb getməli idi. Belə də oldu!

 

Meşəbəyi meşənin bəyidirmi?

 

 Dövlətin bütün tədbirlərinin fonunda meşələrin qorunmasında müəyyən çətinliklər mövcuddur. Yalnız vacib məqamlara toxunmaqla kifayətlənək. Müasir meşəbəyilər meşələrin qorunmasında müəyyən mənada oğruların qarşısında acizdirlər. Bunu aydınlaşdırmağa çalışanda maraqlı faktlarla rastlaşdıq və çəkdiyimiz əziyyətin hədər getmədiyini başa düşdük. Meşə oğruları ilə müqayisədə meşəbəyilər piyadadır. Yəni meşələrə yaxın bütün kəndlərin hərəsində azından 2-3 adam var ki, meşədən dolanışıqlarını təmin edirlər. Onlar öz aralarında cib telefonları vasitəsi ilə meşəbəyini, onun getdiyi istiqaməti, olduğu yeri gecə-gündüz dəqiq nəzarətdə saxlaya bilirlər. Meşəbəyilər isə tək və nəzarət etdikləri ərazilərin bir neçə kəndin meşələrini əhatə etdiyindən oğruların qarşısında aciz qalırlar. Oğrular mobil telefonlarla öz aralarında əlaqə saxlayır və meşəbəyinin olmadığı istiqamətdən meşəyə hücum edirlər. Adətən meşə oğrularının hamısı at saxlayır və meşə talanlarına at arabası və ya atla gedirlər. Yarım saata bir atın yükünü tutan kimi meşədən çaparaq çıxırlar. Müştəri sarıdan korluq çəkmirlər, meşə idarəsindən və meşəbəyidən kəsimə normadan artıq icazə verilmədiyi üçün odun ala bilməyənlərin əksəriyyəti onların ayağına minnətə gəlir. Meşəbəyilər harın quldur dəstəsi ilə mübarizədə təkdirlər. Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsində oğruların qarşısını almaq üçün gecə reydləri keçirilir, onların keçə bildiyi yollarda yerləri tez-tez dəyişən postlar qurulur. Meşə alverçilərinin təxmini marşrutları daim nəzarətdə saxlanılır. Lakin bütünlükdə meşəbəyilərin sayı oğrulardan qat-qat az olduğundan onlar bu sonsuz savaşda yenə uduzur və üstəlik maaşlarının da bir qismini cərimələrə ödəyirlər.

Oğrular meşəyə gecə də, yağışda da, qarda da gedə bilirlər. Əsas minik vasitələri atlardır. Eşşəklə heç bir oğru meşəyə girmir, çünkü uzunqulağın qəfildən həm tərsliyi tutar, həm də gözlənilmədən anqırıb quldurların yerini nişan verər. Ölkədə son illərdə atların sayının statistikada artması da qismən meşə oğrularının uzunqulaqdan daha çox ata üstünlük vermələri ilə bağlıdır.

Yadımıza ötən əsrin 60-70-ci illərindəki meşəbəyilər düşür. Onlar atlı idi. Geyimləri də bir qədər zəhmli idi. Silahlı idilər, bütün kəndlərdə nüfuzları gözlənilərdi. Hörmətli idilər, hamının xeyrinə-şərinə yarayırdılar. Vaxt var idi, kəndlərdə dünyasını dəyişənin dəfni üçün meşədən ağac gətirib yonardılar. Belə işlərə ağsaqqal kimi meşəbəyilərin özləri nəzarət edərdi. Amma indi meşəbəyilər buna etiraz edəndə qeyzlənənlər olsa da, artıq çoxları ağac yerinə beton plitələrdən istifadə edirlər. Toylarda meşəbəyilər öz havalarında birinci çıxardılar oynamağa.

 Müasir meşəbəyilər artıq meşə idarəsinin yox, meşə mühafizəsi və bərpası idarəsinin işçiləridir, vəzifələri isə meşənin qanuni qırılmasına yox, qorunmasına və bərpasına nəzarət etməkdir. Artıq onlar nəinki evlərini qızdırmaq istəyənlərin, hətta ölüsünə palıddan bir metrlik baş daşı yonmaq istəyənin də işinə yaramırlar. Dövlətin təfəkkürü dəyişib, tələbləri sərtləşib, lakin yenə də meşələri ötən əsrin arşını ilə ölçənlərə rast gəlmək olur. Anlamaq istəmirlər ki, meşə də bulaq kimi itə bilər, yox olar, tükənər. Belələri üçün meşə oğruları meşəbəyilərdən min dəfə yaxşı, faydalıdırlar. Ona görə də meşəbəyilər əvvəlki nüfuzlarını itiriblər və onlardan əvvəlki kimi çəkinən də yoxdur. Bütün bunlar mürəkkəb psixoloji proseslərdir. Və ən vacibi onu qeyd edək ki, Quba rayonunda aparılan qazlaşdırma evləri qızdırmazdan öncə oğrulara qənim kəsildi.

 

 Balta səsi necə kəsildi

 

Ölkənin şimal bölgəsində meşələrin qırılmasının qarşısı bir neçə istiqamətdə alındı və bunların hər birinin ayrı-ayrılıqda müsbət bir təcrübə kimi nəzərdən keçirilməsi vacibdir.

Qubada hər il istehsal olunan 10 min tonlarla meyvənin təxminən yarısı xarici bazara - Rusiyaya çıxarılır. Alma yeşikdə yola salınardı, yeşik də təbii ki, taxtadan hazırlanırdı. Əgər bir yeşiyə 25 kiloqram alma vurulursa, bir ton üçün 40 yeşik, Rusiya bazarına çıxarılan 50 min tona yaxın alma üçün isə 2 milyon yeşik tələb olunur. İki milyon yeşiyi isə kustar üsulla hazırlamaq üçün daha çox ağac lazım gəlir. Bir kub meşə ağacından gizli sexlərdə primitiv texnologiya ilə 100-dən artıq yeşik hazırlamaq olmurdu. 2 milyon yeşik üçün təxminən 20 min kubmetr ağac lazım gəlir. Bir hektar meşənin məhsuldarlığını 250 kubmetrdən hesablasaq, belə çıxırdı ki, orta hesabla hər il 70-80 hektarlıq meşə Quba almasının güdazına gedirdi. Qubanın 50 min hektardan artıq meşə fondu üçün bu rəqəm ilk baxışda kiçik görünsə də, illər ərzində meşələrə dəyən ziyan ciddi rəqəmlərə çevrilirdi.

Lakin meşə oğruları ağacları ucdantutma qırmadıqları üçün ildə 70-100 hektarlıq meşənin kəsilməsini də təbii ki, görmək, hiss etmək asan deyildi. Qubaya taxta yeşik hazırlamaq üçün Rusiyadan ağac da daşınardı, hazır yeşik taxtaları da gətizdirilərdi. Lakin bu iş də gəlirli olmadığından iş adamlarını cəlb etmədi.

Artıq neçə ildir ki, xaricdən karton taranın idxalı və onun ölkədə istehsalının yoluna qoyulması meşələrin yeşik taxtası üçün qırılmasının qarşısını müəyyən qədər ala bildi. Bunu yoxlamaq çətin deyil. Onu da deyək ki, bu yazı bir neçə günə ərsəyə gəlməyib. Dəfələrlə meşəyə yaxın kəndlərdə olduq. Meşəni qoruyanlarla da, oğrularla da söhbət etdik. 10-15 il bundan qabaq gecə meşəyanı kəndləri başına götürən elektrik mişarının səsini eşitmədik. Amma vaxt var idi ki, bu səsdən beşikdə uşaqlar diksinərdilər. Hər kənddə bir neçə adam kiçik taxta sexi açıb yeşik düzəldərdi. Onların mişarlarının uğultusu da aləmi başına götürərdi. Gündüz isə qeyri-qanuni yeşik istehsalçıları reyd keçirən polis və meşə idarələrinin işçilərinin toruna düşməmək üçün mişarları söndürüb yatardılar.

Azərbaycanda karton taranın istehsalı meşələrin qorunmasında ən vacib rol oynadı. Qubalılar bir ara karton qutulara ehtiyatla yanaşsalar da, sonradan alışdılar. Əslində bu karton qablar Azərbaycanın digər bölgələrində də meşələrə odun dalınca cumanların dalğasını səngitdi.

Quba rayonunda meşələrin qorunmasında bütün kəndlərdə qazlaşdırmanın sürətlə başa çatdırılması önəmli rol oynadı. 20 min evi qazla təmin etməklə 200 min kubmetrə yaxın oduna qənaət etmək mümkündür. Dama-dama göl olar, - deyib atalar. Yenə qələm götürüb hesablayırıq. Bu qədər odunu tədarük etmək üçün təxminən 50 hektara yaxın sahədə meşə qırılmalıdır! Belə çıxır ki, karton taranın istehsalı ilə qazlaşdırmanın başa çatdırılması hər il 150 hektara yaxın meşə fondunu qorumağa imkan verəcək. Bu rəqəmlərə fikir verəndə ölkə miqyasında reallaşdırılan ekoloji layihələrin nə qədər səmərəli olduğunu aydın görmək mümkündür.

Artıq Qubada meşə oğrularının bazarı sözün əsl mənasında ölüb. Ona görə ki, qazlaşma, karton taranın bazara girməsi ilə bağlı meşə oğrularına demək olar ki, heç kimin ehtiyacı yoxdur.

Bir hektar meşə 200 nəfərin buraxdığı karbon qazını udur və təxminən bir o qədər də adam üçün oksigen istehsal edir. Yalnız Quba rayonunda xilas edilən 150 hektar meşə 20-30 min nəfərin oksigen təchizatını qaydasına qoyacaq.

Biz dövlət sözünü adətən yaşadığımız ərazi ilə, ölkəmizlə bağlayırıq. Lakin dövlət sözü Azərbaycan dilinin izahlı lüğətində ikinci bir mənada da - sərvət kimi də işlənilir.

Köhnə kişilər Quba meşələrinin ötən əsrin əvvəlindəki sıxlığından, hündürlüyündən, əfsanəvi əzəmətindən danışırlar. Yaşı əsrlərlə ölçülən palıd, vələs və pip ağacları... Bu meşələrdə insan azardı, geriyə yol tapmazdı. Kol-kosun, yeni cücərən şitillərin, qələmlərin arasından keçib getmək mümkün deyildi. Heç kim meşəyə qənim kəsilməmişdi. Bizi elə tərbiyə edər, elə böyüdərdilər ki, özümüzü təbiətin bir parçası sayardıq, ayırmazdıq özümüzü bu meşələrdən! Ağac bizim üçün adi bir bitki deyildi, taleyimizin, ömrümüzün bir parçası idi. Hər şey canlı və müqəddəs idi. Nənələrimiz bizi öyrədərdi ki, yer yiyəsinin xətrinə toxunmayın, qaynar suyu həyətə atanda mütləq: - "Yer yiyəsi! Çıx get!" - deyin, özü də 3 dəfə. Çaya çimməyə gedən uşaqların hamısı bilirdi ki, kim suyu murdarlasa, anasını sel aparacaq. İçimizdə ətrafımızdakı mühitə təqva dolu bir məhəbbət ucalardı. Sevirdik və qorxurduq! Bu dünyanın gözəlliklərinə qənim kəsilməzdik!

 

 Naxçıvan təcrübəsi

 

Biz Prezidentin ekologiya ilə bağlı yazının başlığına çıxardığımız cümləsinə Naxçıvan Muxtar Respublikasında da şərh aradıq.

Ölkədə meşələrin qorunması istiqamətində ən ciddi və səmərəli iş Naxçıvan Muxtar Respublikasında aparılır. Baxmayaraq ki, 1992-ci illərdə Qarabağ müharibəsinin çətinliklərini yaşayan muxtar respublikada nə qaz var idi, nə də ki, işıq! Meşələrə, meyvə bağlarına sözün əsl mənasında divan tutulurdu! Ən qocaman ağaclar, yeni bəhərə düşən meyvə bağları qırılırdı və yandırılırdı. Blokadaya alınan muxtar respublika bəlkə heç İkinci Dünya müharibəsində  də belə çətinliklərlə üzləşməmişdi! O illərdə elə olub ki, qadınlar qoca tut ağaclarını kəsmək istəyən kişilərin qabağına yaylıq atıblar ki, ağacı kəssəniz uşaqlar yayda acından öləcək. Kişilər də geri çəkiliblər. Blokadada yaşayan Naxçıvan əhalisinin başqa yolu yox idi. Qırırdılar! Hətta ulu öndər Heydər Əliyev də buna mane olmurdu, lakin yazda hamını qışda qırılan hər ağacın yerinə ikisini əkməyə çağırırdı!

Naxçıvan üzrə bölgə müxbirimiz mərhum Məmməd Məmmədov blokada illərində muxtar respublikanın meşə örtüyünün qırılaraq 0,7 faizə düşdüyünü təəssüflə qeyd edərdi. İş o yerə çatdı ki, Naxçıvan Milli Məclisinin Sədri Heydər Əliyev bu məsələyə özü qarışdı. Hətta meşələrdən dolanmaq üçün pul qazananların peyda olduğunu deyərək, qətiyyətlə ağacların qırılmasını pislədi, hamını yaşıllıqları qorumağa çağırdı. Taleyüklü qərarlar qəbul olunsa da, erməni blokadasının və rəsmi Bakının "soyuq davranışı" Naxçıvana baha başa gəldi. Sərt iqlim, blokada və ehtiyac Naxçıvanın onsuz da zəif olan meşə örtüyünü və meyvə bağlarının əksəriyyətini demək olar ki, məhv etdi!

Meşələrin Naxçıvanda əvvəlki görkəminə qayıtması üçün uzun illər sərf olundu. Bu gün muxtar respublikanın meşə örtüyü 10 dəfədən çox artaraq 8 faizə çatıb. Cəmi on ilə yaxın müddətdə belə heyrətamiz göstəricilərə nail olmaq üçün Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun böyük zəhməti oldu! Birincisi, bütün kəndlərdə və qəsəbələrdə qazlaşdırma başa çatdırıldı. Elektrik enerjisinin təchizatında fasilələr aradan qaldırıldı. Heç kimin meşəyə ehtiyacı olmadı. Kütləvi iməciliklərin keçirilməsi, məktəblərin, idarə və müəssisələrin yaşıllaşdırma işlərinə cəlb edilməsi davamlı xarakter aldı. Bunu istəməyənlər olsa da, iməciliklərin hər həftə keçirilməsi bir qayda olaraq ənənə halını aldı. Nə dəyişdi? Təbii ki, yaşıllıqlar qısa müddət ərzində 10 dəfədən çox artdı. İməciliklərə çıxanların sayı çoxaldıqca, yaşıllaşdırma tədbirləri kütləviləşdikcə yerli əhalinin də təbiətə münasibəti dəyişdi. 5-10 il bundan qabaq əkilən kolu, ya ağacı kiminsə çıxarıb atdığını görmək olardı. Lakin son zamanlar, adi gül koluna belə kimsə toxunmur, daha doğrusu hamı onun da nazı ilə oynayır, qoruyur. Hamı başa düşür ki, muxtar respublikanın təbiətinin gözəlliyi, artan yaşıllıqları eyni zamanda insanların sağlamlığı üçün vacibdir. İndi Naxçıvanın hər yerində küçələr, xiyabanlar, meşələr sevildiyi qədər də qorunurlar. Çılpaq dağları qucaqlayan yaşıllıqlar, qırılmış bağlardan boy verən meyvə ağacları ilə hamı qürrələnir. Burada meşə qulduru yoxdur, əksinə hamı meşələrin qulluğundadır. Naxçıvan təcrübəsi nəinki bütün Azərbaycan, hətta dünya üçün örnək olası gözəl nümunədir!

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovun dövlət başçısının ekologiya ilə bağlı sərəncam və göstərişlərinin reallaşdırılması istiqamətində gördüyü işlər bəhrəsini verdi. Bu işlərin sırasında ən vacibi odur ki, sıravi adamların, minlərlə kənd sakininin şüurunda dönüş yarandı. Prezidentin "Ekoloji tədbirlər ancaq ağac əkməklə bitmir, məhdudlaşmır" - cümləsi muxtar respublikada ciddi mesaj kimi qəbul olundu. Muxtar respublikanın bütün ictimaiyyəti, kütləvi informasiya vasitələri bu işə ciddi cəlb olundu. Yəni məsələ belə qoyuldu ki, təbiətin qorunması yalnız Prezidenti və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyini düşündürməli deyil. Bu hər bir vətəndaşın yaşından və vəzifəsindən asılı olmayaraq ümdə vəzifəsidir. Yerli televiziya təbiətin qorunması ilə bağlı maarifləndirici verilişlərə üstünlük verdi, bu boşluğun doldurulması üçün mətbuat işçiləri də fəaliyyətində dönüş yaratdılar. Bütün təşkilatlar, idarələr yaşıllaşdırma işinə cəlb edildilər. Tələbələr, şagirdlər, bələdiyyələr bütünlükdə təbiətə münasibətini dəyişdilər. İndi Naxçıvanda heç kim meşəni özgə malı kimi qəbul etmir. Əksinə hamı dərk edir ki, meşə hamının sağlamlığının təminatıdır.

Dövlət başçısı da ekoloji vəziyyətin yaxşılaşdırılmasının Azərbaycanın uğurlu inkişafı üçün, əhalinin sağlamlığı üçün çox böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayır, ölkə əhalisinin də bu təşəbbüslərə qoşularaq ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn dəyərli töhfələrini müsbət qiymətləndirir. O, hər il milyonlarla ağacın əkilməsini sevindirici hal kimi səciyyələndirir, bu prosesin tempi aşağı salmadan davam etdirilməsini zəruri sayır.

 

 

Bahadur İMANQULİYEV,

 

Akif ƏLİYEV

 

Azərbaycan.-2012.- 12 sentyabr.- S. 11.